Səməd Vurğunun Bakıdakı
Ev-Muzeyində
Ziyarətiniz qəbul olsun!
Günümüzün gəncliyi gündəlik qayğılarla
yüklənən, gerçək
və bəzən də uydurma problemlərin məngənəsində
sıxılan cəmiyyətin
bir hissəsidir. Görünür, elə bu səbəbdən də hazırkı gəncliyin milli-mədəni dəyərlərin, maddi mədəniyyət nümunələrimizin
önəmli bir qisminin toplandığı
muzeylərə münasibəti
də bütövlükdə
cəmiyyətin yanaşmasından
çox da fərqlənmir. Bəlkə
biganəlik, inkarçılıq
baxımından bu münasibət daha da xoşagəlməz və arzuolunmazdır. Gənclərin çoxunda
mədəni sərvətlərimizin
cəmləndiyi muzeylərə
qarşı laqeydlik hiss olunur. Xüsusən
görkəmli şəxsiyyətlərin
ev-muzeylərinin ziyarətçiləri sırasında
gənclər nadir hallarda gözə dəyirlər. Oxucularımızı muzeylərə qiyabi
ziyarətə aparacaq
reportaj-ekskursiya silsiləsi
hazırlamaqla ilk növbədə gənclərdə
maraq oyatmaq, onların diqqətini cəlb etmək niyyətindəyik. Ümidvarıq
ki, bu yazılar
silsiləsi gənclərimizin
bir çoxunda Azərbaycan muzeylərilə
əyani tanış olmaq, maddi-mədəniyyət
abidələrimizin,
dəyərli şəxsiyyətlərimizlə
bağlı xatirə
əşyalarının qorunduğu
və sərgiləndiyi
məkanlarımıza baş
çəkmək istəyi
yaradacaq.
Yerdən qoyulmuş hündür və yaraşıqlı saat. Amma işləmir, dayanıb. Əqrəbləri
19:30-u göstərir. Nə
az-nə çox, düz 53 ildir ki, bu
saat sanki ev sahibinin yasını
saxlayır. Susub saat, sükut içindədi. Hər gələn qonağa, eləcə də bizə bələdçinin
danışdığını – özünün tarixçəsini
dinləyir. Axı onun da işləyən
bir dövrü olub nə vaxtsa.
Bələdçi 1956-cı
il mayın 27-də Azərbaycanın xalq şairi Səməd Vurğun vəfat edən zaman həyat yoldaşı Xavər xanımın bu saatı dayandırdığını
söyləyir. Bu saat Səməd Vurğunun Bakıda Tərlan Əliyarbəyov
küçəsi 4-də
yerləşən Ev-Muzeyindədir. XIX əsrdə inşa edilmiş binanın üçüncü mərtəbəsindəki
bu muzey 1974-cü ildə təşkil olunub və 1975-ci ilin 6 oktyabrında açılıb. Şairin
həyat yoldaşı
Xavər xanım muzeyin açılışından
ömrünün sonuna
qədər buraya rəhbərlik edib. Ondan sonra bu
missiyanı qızı
Aybəniz xanım daşıyıb. İndi
isə muzeyin baş mühafizi Səməd Vurğunun nəvəsi Aygün xanımdır.
Altı otaqdan ibarət muzeydə bələdçimiz Mələk
xanım oldu.
İş otağında yazı masası (bələdçinin dediyinə görə, Səməd Vurğun yazı masasının arxasına ev geyimində oturmazmış. Həmişə rəsmi geyimdə olarmış. Bunu sübut edən fotoşəkil də yazı masasının arxasında divardan asılıb (1954-cü il). Bu masanın üstündə qovluq (1951-ci ildə Bolqarıstanda hədiyyə olunub), yazı ləvazimatı, ailəsinin ən çox sevdiyi rəsmi, bənövşə (şair bənövşəni çox xoşlayırmış, ona şeir də yazıb), Ukrayna şairi Maksim Rılskinin hədiyyəsi olan mücrü, telefon aparatı, iki ədəd papiros qutusu (biri açılmayıb, o biri qutuda iki papiros qalıb) yer alıb. Şairin şəxsi kitabxanasına Azərbaycan yazıçıları ilə yanaşı, dünya klassiklərinin kitabları daxildir. Bu kitablardan bəzilərini müəlliflər şəxsi avtoqrafları ilə şairə hədiyyə ediblər. Onların arasından A.Fadeyev, P.Antokolski, M.Rılski, M.Hüseyn, S.Rəhimov və başqalarının əsərləri yer alıb. Neft buruğu maketini (müəllifi Səməd Quluzadə)Azərbaycan neftçiləri şairə 50 illik yubileyi münasibətilə hədiyyə veriblər. Şkafın üstündəki radioqəbuledicidə (1950-ci illər istehsalıdır) şair ərəb mahnılarını dinləməyi çox sevib. Bələdçinin sözlərinə görə, bir dəfə Səməd Vurğun çox sevdiyi bir ərəb mahnısını dinləyərkən “Yazıq Şərq həmişə ağlayır” kəlmələrini söyləyib. Bu radioqəbuledicidə şair həm də, 50 illik yubileyi günlərində xəstə yatdığı zaman özünün şərəfinə keçirilən mərasimi dinləyib. Otaqda şairin 1953-cü ildə övladlarının xahişi ilə aldığı maqnitofon da var. Bu maqnitofonda o, əsasən xalq və klassik mahnıları dinləməyi çox sevib. Şair şeir deyərkən səsini lentə yazıb və bu lent də muzeydə saxlanılır (ziyarətçilər bu səsyazısını dinləyə bilər). Otağın mərkəzindəki dəyirmi masada şair gələn qonaqlarını qarşılayarmış. Bundan başqa O.Sadıqzadənin yağlı boya ilə çəkdiyi “Səməd Vurğun portreti” (1976) də buradadır. Divarda Ələsgər Ələkbərovun avtoqraflı şəkli asılıb (Avtoqrafın mətni belədir: “Xalqımızın böyük sənətkarı Səməd Vurğun yoldaşa! “Vaqif”in 100-cü dəfə oynanılmağı münasibətilə məndən yadigar. 24.XII.39. Ə.Ələkbərov).
Şairin
1940-cı ilə qədərki
həyat və yaradıcılığını əks etdirən otaq. S.Vurğunun doğulduğu Yuxarı Salahlı kəndində tikdirdiyi evin maketini rəssam
Ə.Mirzəyev işləyib.
Burada Qori Seminariyasında şairin öz müəllimləri – Əli
Hüseynov, Firudin bəy Köçərli,
Yusif Qasımov və digərlərilə
çəkilən şəkilləri,
1920-30-cu illərdə çap
olunan kitablarının
nüsxələri, komsomol
və deputat bileti, Yevgeni Onegini tərcümə etdiyinə görə aldığı Puşkin
medalları, “Komsomol poeması” üçün
təltif edildiyi Ostrovski medalı, “Vaqif” dramının premyerası
zamanı çəkilmiş
fotoları da burada nümayiş olunur. Otaqdakı piano “Rostov-Don” firmasına məxsusdur.
Yataq otağında
hər şey şairin sağlığında
olduğu kimi saxlanılıb.
Səməd Vurğunun 1940-cı ildən
sonrakı həyat və fəaliyyətini əks etdirən otağa daxil oluruq. Səməd Vurğun
və Xavər xanımın Müdafiə
Fonduna keçirdikləri
vəsaitin qəbzi, şairin 1942-ci ildə cəbhədən həyat
yoldaşına yazdığı
məktubun surəti,
“Qafqazın müdafiəsi
uğrunda” medalının
vəsiqəsi buradadır. Vitrində S.Vurğunun “Mənə
belə söyləyirlər”
(1943-cü il), rus dilində “Bu gün və sabah” (1944-cü il) kitabları, əski əlifba ilə çap olunan “Vətən uğrunda” və filosof H.Hüseynovun müharibə
illərində yazdığı
“Vətənpərvər şair
Səməd Vurğun”
adlı nəşrlər,
“Stalin mükafatı laureatı” vəsiqəsi,
deputatlıq sənədi,
döş nişanı
(1946), Elmlər Akademiyasının
həqiqi üzvlük
vəsiqəsi, partiya
biletinin surəti
(1940), ovçuluq bileti,
“Qabaqcıl maarif xadimi” döş nişanı, Moskvada “Malıy Teatr”ın 125 illiyi münasibətilə verilən
nişan (1949) nümayiş
olunur. Diqqəti çəkən milli xalatlar şairin 50 illik yubileyinə Qazaxıstan nümayəndələrinin və
özbək şairi Qafur Qulamın hədiyyələridir, taxtadan
düzəldilmiş içki
qabını isə Ukrayna nümayəndələri
bağışlayıblar. 1953-cü ildə Kiyevdə səfərdə olarkən
aldığı Ukrayna
milli geyimi, 1955-ci ilin oktyabrında Pekində aldığı
üstü lakla işlənmiş bəzək
qutusu və külqabı da diqqəti çəkir. Vitrində şairin şəxsi əşyalar
yerləşir: pulqabı
(Aybəniz xanımın
atasına 50 illik yubiley münasibətilə
hədiyyəsi), 1 cüt
cib dəsmalı, qalstuk, müştük, qayçı, diş fırçası, daraq, qol saatı, papiros qutusu, termos, yazı ləvazimatı dəsti...
Ova gedərkən geydiyi kürk, dostu Konstantin Simonovun hədiyyəsi olan gödəkçə,
ov tüfəngi və aşıq Avakın 1938-ci ildə ona bağışladığı
saz da maraqlı
eksponatlardır.
Bura isə şairin və Xavər xanımın evə gələnləri həmişə gülərüzlə qarşıladıqları qonaq otağıdır. 1944-cü ildə xalq rəssamı Mikayıl Abdullayevin naturadan çəkdiyi portretdə şair Şüvəlandakı bağda təsvir olunub. Əvvəllər Moskvada Puşkin adına Təsviri İncəsənət Muzeyində, sonra Bakıda İncəsənət Muzeyində nümayiş etdirilib. Ev-Muzeyinin açılışı ərəfəsində portret buraya gətirilib. Bundan başqa, divarda rəssam Kamil Xanlarovun “Xavər xanımın portreti” (1989) və ailə üzvlərinin fotoşəkilləri var. Əvvəldə söz açdığımız “sükuta qərq olmuş” saat da buradadır. Otaqdakı royalda bir çox bəstəkarlar – şairin dostları olan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov və başqaları özlərinin bir sıra gözəl əsərlərini ifa ediblər. Şairin dostu Pavel Antokolskinin hədiyyəsi – Çində uzunömürlülük allahı sayılan Şou Sinin fiquru servantın üstündə, gürcü şairi George Leonidzenin hədiyyəsi olan şərab dəsti və Azərbaycan Rəssamlar İttifaqı adından verilmiş, Səttar Bəhlulzadənin “Qudyalçay sahili” (1953) mənzərəsi və Səməd Vurğunun son şəkli sayılan foto da bu otaqdadır.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.-
2009.- 21 noyabr.- S.21.