İnanmaq istəyi

 

Yazıçı-publisist Aqil Abbasın cəmiyyətin ziyalı təbəqəsi tərəfindən rəğbətlə qarşılanan növbəti – “Şair xalqın xalqsız şairləriyazısı, məncə, təkcə düşüncələri bölüşmək məqsədilə yazılmayıb, həm düşündürmək niyyətilə qələmə alınıb. Aqil Abbasınşair xalqadını bir ağır yük kimi çiyinlərinə götürən Azərbaycan toplumuna müraciəti, etirazı, qəzəbi nəhayət, bütün bunların fonunda açıqca hiss olunan sevgisindən bu millətin hər bir nümayəndəsinə pay düşür əslində. Publisist haqlı olaraq qeyd edir ki, “Millət sinifdə qalıb”. Hörmətli yazıçımız boynumuza qamış kimi ölçülən bu lənətəgəlmişşair xalqifadəsinə görə hirsindənmi, əlacsızlıqdanmı, Tixonovungünahını da yumağaməcbur olur. Elmdən, təhsildən uzaqlaşıb, hərənin hardansa bir qələm (oxu- noutbuk) ələ keçirib birucdan maklatura yazmasının doğurduğu qəzəb lap aydındır. Yazı da yalnız Aqil Abbasa məxsus bir coşqu üslubla yazılıb. Bu ərkyana qəzəbin küləyi elə güclüdür ki, əhvali-ruhiyyə kimi oxuyan hər kəsə sirayət edir, zənnimcə. Haqlı qəzəbdir. Amma məncə, burada Tixonovun zərrə qədər günahı yoxdur. Evimiz onda yıxılıb ki, digər xalqlar ağlı kəsəndən elmə qaçanda, kitabı əsas sərvəti biləndə buna adekvat olaraqseyrə balonlarla çıxanda”, “hələ avtomobil minməyənbizlər altdan-yuxarı maddım-maddım baxmışıq. Cəlil Məmmədquluzadənin yazdığı, Aqi Abbasın da xatırlatdığı kimi, getmişik it boğuşdurmağımızın, xoruz döyüşdürməyimizin nəhayət, yazmağımızın dalınca. Evimiz onda yıxıldı ki, Tanrı bizə yalnız danışmaq üçün dil verdi, SÖZ verdi, amma sözlərimizi əmələ çevirməyə, isə əmələ gətirməyə təpər vermədi. Daha doğrusu, nəsə əmələ gətirmək üçün verilən o təpəri yalnız boğazımızın boş yerinə salmaqla kifayətləndik. Aqil Abbas həm tanış, həm sanki yad olmayan elə lazımi mətləblərə toxunub ki, heç olmasa sevinirsən, ürəkdolusu Allaha şükür edirsən ki, həqiqəti təkcə fikirləşməklə yekunlaşmayıb, cəmiyyətə ünvanlamaq istəyən ziyalılarımız hələ var. Xalqını qınamağa da yalnız onu Aqil Abbas kimi sevənlərin ərki çatar. Amma Aqil Abbası da acıqlandıran odur ki, xalq da həmişə xalq olmayıb axı, bəzən həqiqətin harada necə olduğunun fərqinə belə varmayan kütləyə çevrilibonu əzənlərin, millət yox, yalnız kütlə hesab edənlərin təzyiqi nəticəsində. Bu xalqın alqışını da, qarğışını da yönəltməyə həris olanlar xalqı xalqlıqdan çıxarmağa cəhd ediblər. Amma buşair xalqıyaşadan da, millətin soyadına çevrilib həmin xalqsız şairlər olub. Zaman-zaman səsini udmağa məcbur edilən xalq bu zaman öz istedadını, dahisini görməzliyə vurub. Çünki TİRANLAR biliblər ki, bir istedadı mənən öldürməyin ən yaxşı yolu onu görməzlikdən gəlmək, Məmməd Arazın yazdığı, Aqil Abbasın da yerində xatırlatdığıXalqının alqışını əlindən almaqdır”. Bunları Aqil Abbasın sadaladığı dahilərimizin hamısı bilirdi. Hamısı...

 

Ey Füzuli, müttəsil dövran müxalifdir mana,

Qaliba, ərbabi-istedadı dövran istəməz.

 

Bütün yazı boyu Aqil Abbasın gəldiyi tam doğru məntiqi nəticə məlumdur: Biz yalnız yazmaqla məşğuluq, oxumaqla yox. Oxumaqdan qaldığımız üçün, digərlərinin yazdıqlarından xəbərimiz olmadığı üçün biz yalnız onların əvvəllər yazdıqlarını təkrarlamaqla məşğuluq. Fikrət Sadığın hamımıza ünvanladığı mülayim tərzdə dediyiYoruldum deməkdən, oğul, kitab oxu, kitab oxunəsihətindən nəticə çıxarmadığımız üçün Aqil Abbas da haqlı olaraq bunu tarixən öyrəşdiyimiz kimi əmr şəklində deməyə məcburdur. Bu qəzəb, bu umulan yerdən küsmək manerası başadüşüləndir.

AmmaÜmid sonda ölürdeyirlər. Kitabla bağlı dövlətin həyata keçirdiyi tədbirlər, Milli Kitab Mükafatının təsisi, bunlara cəmiyyətin birmənalı olmasa da artan marağı, deyəsən, yavaş-yavaş kitaba qayıdış, yazılanların oxumaq vaxtının yetişdiyinə işarədir, deyəsən. Aqil Abbasın yazısına bədbin notlar pessimist əhval-ruhiyyə hakimdir. Oxuduqca düşünürsən ki, doğrudanmıDünya düzəlmir ki, düzəlmir, baba?!” Amma mənim üçün bu yazıda bir ümid işığı var. Siz fikir versəniz, görəcəksiniz ki, bu işıq o pessimizm zülmətini yarmağa çatacaq qədərdir: “Mənim Ağdamda 10-12 minlik bir kitabxanam vardı. Ya yandı, ya da ermənilər oxuyur. İndi 6-7 minlik bir kitabxanam var. Elə həftə olmaz ki, xeyli kitab almayım. Xanımım soruşur ki, bu qədər kitabı neyləyirsən? Deyirəm, nəvəmə cehiz verəcəm. Gülür! Amma mən doğru deyirəm”. Bu cümlələr onu göstərir ki, Aqil Abbas gec-tez kitabların cehiz veriləcəyi, doğum günü hədiyyəsi olacağı o zamanın yetişəcəyinə (bu müddət lap nəvəsinin dövrünə qədər uzansa belə), bu şair xalqın zamansa şairlərinin xalqına çevriləcəyinə inanır. İradə xanım, lütfən, gülməyin! Siz buna inanın. İnanın ki, bizi inandırasınız.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.20.