“VƏTƏN nədən başlayır?.. ƏLİFBA–nın ilk hərfindən...”

 

Çağdaş rus poeziyasından

 

Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl, ibtidai siniflərdə keçilən, əcayib şəkillər və mətnlərlə dolu “ƏLİFBA” dərsliyi haqqında yazdığım “Qorxulu Əlifba”, daha bir il sonra “Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi” başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara “dərslik” demək mümkün idisə) təhqirlər dolu, əsəbi cavablarıyla “dəf edildi”.

Lakin növbəti dərs mövsümü, uşaqlarımızı illərlə “maarifləndirmiş” bu “kitablar” tədris dövriyyəsindən çıxarıldı.

İbtidai təfəkkürü “Qorxunc Əlifba”yla formalaşmış bəsit düşüncəli vətəndaşlar isə bizimlə qaldı...

İxtisasca bioloq olan və uzun illərdən bəri Kənd Təsərrüfatı nazirliyində məsul vəzifələrdən birində çalışan böyük qardaşım İlyas, təxminən, 80-ci illərin ortalarında mənə belə bir əhvalat danışmışdı ki, qonaq olduğu hansısa məclisdə, Şekspirin “Hamlet” əsərindən söz düşərkən, məclis əhlindən birinin – yüksək rütbəli ədliyyə işçisinin söhbətə qarışaraq: “Hamlet fransız şairi olub, özü də kor.” – deməsindən təəccüblənmiş, müsahibinin səhvini düzəltməyə çalışaraq: “Siz nəyisə qarışdırırsınız, Şekspirin yazdığı Hamlet Danimarka krallığının şahzadəsidir.” –demişdisə də, ədliyyə məmuru əsəbiləşib özündən çıxmış, qəribə bir bədgümanlıqla qardaşıma: “Siz ədəbiyyatçı deyilsiniz, odur ki, bilə bilməzsiniz. Hamlet fransız şairi olub, özü də kor.”deyərək, mübahisəni qapatmışdı.

O vaxtlar ədəbi savadsızlığına bir xeyli gülüşdüyümüz ədliyyə məmurunun bu əlamətdar “çıxışı” yadımdadı ki, onda bizdə həqiqi heyrət doğurmuşdu. Belə bir sanballı vəzifə sahibinin, bu məlum və məşhur ədəbi personajı tanımaması, o illər bizlər üçün həqiqətən, “xoruz səsi eşitməyən” əcaib nonsens idi.

Bu gün isə, elementar ibtidai savadı axsayan elm və təhsil adamlarımızın, kənd təsərrüfatı və səhiyyə işçilərimizin, maarif və mədəniyyət nümayəndələrimizin, jurnalistlərin və yüksək rütbəli məmurların və s.-nin, əslində, gülüş doğurası bu sayaq “deyimlərinə” daha gülməyimiz gəlmir. Gündəlik həyatımıza, efir və danışıq mədəniyyətimizə, kitablarımıza və ədəbi əsərlərimizə, bunlarla bir, bütövlükdə mənəviyyatımıza hopmuş bu cəhalət dalğasının bulanıq sularında boğulub ölməməkdən ötrü bir qədər kənara çəkilmək, hər şeyə yenidən baxmaq, bizləri bu mənəvi iflasa, əqli şikəstliyə sürükləyən amillərin qaynaq və mənbələrini arayıb-axtarmaq ehtiyacı duyduqca, bu gün hər şeyi əldə edə-edə, ən qiymətli sərvətini – Ruhunu itirmək üzrə olan Məmləkətimizin şah damarında – illərdən bəri simasını dəyişdirməyə çalışdığımız Təhsil və Tədris Mədəniyyətimizdə, bu mədəniyyətin özəl mahiyyət daşıyıcısı olan dərsliklərimizdə ilişib qalırıq...

 

Dərsliklər

 

Və Ədəbiyyat

 

Hər il dövlət büdcəsindən ölkə təhsilinin müxtəlif sahələrinə külli miqdarda maddi vəsait ayrılır, bu vəsaitlərin hesabına yeni-yeni məktəb binaları tikilir, bir çox təhsil müəsissələrində təmir və abadlıq işləri aparılır, bədii-estetik səviyyəsi ilə müasir nəşr tələblərinə cavab verməyə cəhd edən dərsliklər buraxılır. Kifayət qədər dövlət vəsaiti və insan zəhməti sərf olunan bu mütərəqqiəhəmiyyətli işlər, ölkənin maarifçilik ənənələrinin uğurlu davamı kimi qiymətləndirilsə də, təhsil və maarifçiliyin mahiyyət daşıyıcısı, ayrı sözlə desək, onun keyfiyyət göstəricisi olan dərslik tərtibi mədəniyyətimizin, illər uzunu davam etməkdə olan fəsadlı durumunu dəyişə bilmir.

Balalarımıza, az qala həkim ressepti ilə yazılmış dərman kimi, gündə-gündə, illərlə “yedirtdiyimiz”, yemək istəməyəndə, ürəkləri bulana-bulana boğazlarına tökdüyümüz dərsliklərimizin, gələcəyimiz üçün hansı təhlükə olduğunu anlamaqdan ötrü cəmiyyətimizin bu günkü mənəvi durumuna – ali savad sahiblərimizin danışıq və davranış mədəniyyətinə, “mütəxəssilərimizin” peşəkarlıq qabiliyyətinə, alim və müəllimlərimizin intellektinə və dünyagörüşünə, mədəni həyatımızda baş verən anomal əcayibliklərə – ədəbi fikir meydanında at oynadan şair-müfəttişlərin, romançı-prokurorların, aqronom-dramaturqların “yazıb-yaratdığı” və bu gün, “milli ədəbiyyatımızın simasını təyin edən əsəsrlər” qismində dərsliklərimizə daxil edilməkdə olan “ədəbi nümunələrə”, efirlərimizə nəzər yetirsək, kifayətdir.

Bütün bu məşəqqətlər, ürəkbulandıran və qanqaraldan mənzərələr bizləri, həlli qaçılmaz olan, mühüm və vacib bir dilemma ilə ilə qarşı-qarşıya qoyur: əgər biz, intellektual və mənəvi kasadlığından, insani və təhsil savadsızlığından, heysiyyətsizliyindən və vətəndaşlıq qabiliyyətsizliyindən, həmin bu keyfiyyətlər üzündən də, ifrat maddiləşməsindən və deqradəsindən əziyyət çəkdiyimiz cəmiyyətimizi mümkün qədər sağlam və mütərəqqi görmək istəyiriksə, ilk növbədə, bizləri uşaq yaşlarımızdan əqli və ruhi cəhətdən formalaşdıran, dünyagörüşümüzü və intellektimizi qurub-yaradan dərsliklərimizə, bu sahənin intellekt və maarifçilik səviyyəsinin yetərliyinə, milli və dövlətəhəmiyyətli məsul məsələ kimi yanaşmalı olduğumuzun ciddiliyini anlamalıyıq.

Bu kontekstdə, Ədəbiyyat fənninin, yeniyetmə yaddaşı məhdud ixtisaslar üzrə savadlandıran coğrafiya və biologiyadan, fizika və həndəsədən, cəbr və astronomiyadan, tarix və kimyadan özəl və fərqli üstünlüyünü – tək bir əqli və intellektual qavrayışın yox, insan atributu üçün həyatəhəmiyyətli olan mənəvi quruculuq qabiliyyətini etirf etməli, maarifin məhz bu sahəsinə daha həssas və ciddi yanaşılmanın fərqində olmalıyıq. Məşhur “Alim olmaq asandır, insan olmaq çətindir.”deyiminin açması da budur.

İlk əvvəl, Ana dili və Ədəbiyyat dərsliklərininin məni – ev, idarə və yaradıcılıq işləriylə kifayət qədər məşğul adamı narahat etməsinin səbəbləri barədə:

Günlərin bir günü mən necəsə, yerli oxucu üçün “hədsiz qəliz”, dünya oxucusu üçün isə, hətta tərcümədə belə, kifayət qədər asan qavranılan əsərlərimin, həmçinin, neçə illərdən bəri bilavasitə tərcüməsi və “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşri ilə məşğul olduğum aparıcı dünya ədəbiyyatı nümunələrinin “çətinliklə dərk edilən” oxu vəsaiti olduğunu hiss edib, bu kütləvi ədəbi qabiliyyətsizliyin nədən və hardan qaynaqlandığını, bir vaxtlar işıqlı maarifçiləri və ədəbiyyatpərvərliyi ilə göz yaşardan milli oxucumuzu bu sayaq fikir və duyğu darısqallığına, qəlb cəhalətinə sürükləyənin nə olduğunu araşdırmağa başlamışdım. Və uzun axtarışlardan sonra bu milli bəlanın, heç bir “məkrli dünya siyasəti”-nin, yaxud, “gizli düşmən qurğusu”-nun, milli düşüncəmizin məhvinə yönəltdiyi dağıdıcı deqradə proqramı olmadığını, bu ürəkağrıdan qəlb azarının, nə qədər qəribə və kədərli də olsa, əassən, bizim öz doğma və əziz məktəblərimizdən – məktəb divarları arasında övladlarımıza mənimsətdiyimiz, uşaq qavrayışı üçün hədsiz mürəkkəb və maraqsız, quru, elmi fikirlər, səhvlər və təkrarlar dolu dərsliklərimizdən – bu sıradan, insanın ağıl və qəlb dünyasına güclü sirayət qabiliyyətinə malik olan Ədəbiyyat və Ana dili kitablarımızdan bəhrələndiyini anlamışdım... Və mənim üçün gözlənilməz olan bu qənaətimdən, məşum 20 yanvar hadisələri zamanı, qəfildən dövlətsiz və ordusuz bir məmləkətin vətəndaşı olduğumu duyub sarsılan tək, sarsılmışdım...

 

RUS DİLİNƏ SEVGİ

 

Bu gün öz prioritetini, sovetlər dönəmində olduğu qaydada qoruyub saxlayan rusdilli məktəblərimizin “xoşagəlməz liderliyinin” səbəbini bilməkdən ötrü, hər iki bölmənin tədrisində istifadə olunan Ədəbiyyat və Ana dili dərsliklərinin (söhbət, Rusiya nəşrlərindən gedir) tərtib səviyyəsinə, bu dərsliklərə salınan ədəbi nümunələrə və mətnlərə nəzər salmaq kifayətdir. Bəlkə bu müqayisə ilə biz, “Azbuka” – nı, S. Puşkin, M. Svetayeva, B.Pasternak, F. Tütçev, S.Yesenin, İ. Bunin, A. Çexov, A. Tolstoy və digər bu kimi ədəbi korifeylərin şer və hekayələri ilə mənimsəyən rus balalarından fərqli olaraq, ədəbiyyatı, uzun illərlə bizim “Qorxulu Əlifba”- yla – bu kitabı “bəzəyən” Qiyas Əcayib, Yəhya Kərimov, İsmayıl Soltan, Emin Mehdiyev, Məstan Günər və sair bu kimi “şair və yazıçıların” “yaradıcılığı” üzrə mənimsəməyə məhküm edilmiş gənc nəslin, bu günkü intellekt və savad səviyyəsindən narazı qalmağa haqqımızın çatmadığını anlayarıq.

Təhsil dövrəyyəsinə, ilbəil cüzi dəyişikliklərlə, yaxud, ümumi səviyyəsinə heç bir “xələl yetirilmədən”, başdansovdu düzəlişlərlə buraxılan bu dərsliklərdə yer almış ədəbi mətnlər və ədəbiyyatlar, bu dərslikləri tərtib edən insanların, Azərbaycanın ədəbiyyatı və dili barədə hansı məlumata malik olduğu barədə ətraflı düşünmək ehtiyacını yaradır. Bu qisimdən gətircəyim misal, bir neçə il bundan əvvəl, dərsliklərlə bağlı araşdırmalarım zamanı əlimə keçmiş – rus bölməsinin ibtidai sinifləri üçün “Azərbaycan dili” dərsliyindən (M.Musayev) götürülüb. Şagirdləri Peyğəmbərimizin şəxsiyyəti ilə tanış edən “Həzrət Məhəmməd Mustafa” mətni bu cümlələrlə başlayırdı:

“Peyğəmbərimiz hər cəhətdən gözəl insan idi. Bədəni xoşətirli və tərtəmiz idi. (?) Ətir səpə-səpə də bədəni və təri ətrafa ən gözəl ətirlərdən də daha yaxşı qoxu saçardı. (?) Onunla görüşən şəxs bütün gün ərzində onun gözəl ətrini duyurdu. Mübarək əlini hansı uşağın başına çəksəydi, həmin uşaq öz gözəl ətri ilə digər uşaqların içində seçilərdi.

Bədəni gül kimi çəhrayıya çalan bəyaz rəngli, nurlu və parlaq, ipəkdən yumşaq, alnı geniş idi.

Söhbət edərkən, sağ əlini sol əlinə yaxınlaşdırır və sağ əlinin baş barmağını sol ovcuna vuraraq danışardı. (bu hərəkəti bir anlıq təsəvvürünüzdə canlandırın – A.Məsud)

Beləcə, yaxın bir ilə qədər həmin rus bölməsinin yuxarı siniflərində keçilən digər “Azərbaycan dili” dərsliyinə, (səhv etmirəmsə, 7 – ci sinif “Azərbaycan dili” dərsliyi) uşaqlar üçün kifayət qədər ibrətamiz şerlər yazmış Seyid Əzimdən daxil edilən “Kak povesili mertvetsa” əsərinin – aşnasıyla sövdələşərək, gecəylə ərini öldürən, onu xəlvət gecəylə torpağa basdırıb o biri gecə isə qəbri qazaraq, ölmüş ərinin barmağından üzüyünü sivirən tamahkar, zinakar qadının fitnələrindən bəhs edən nəzm parçasının, 12 yaşlı yeniyetmələrin nəzərinə hansı məqsədlə çatdırıldığı da öz qaranlıq mahiyyətini açmırdı.

Məsələnin digər qaranlıq tərəfi - dərsliklərdə illər uzunu yer alan bu sayaq halların, sonralar aradan qaldırılsa da, rus bölməsində bu gün də keçilən Azərbaycan dili dərsliklərinin (“Azərbaycan dili” – 8 , Yeni Nəşrlər Evi, 2005; “Azərbaycan dili” – 4 – YNE 2005; “Azərbaycan dili” – 8 –YNE 2009) tərtib taleyinin yenidən həmin bu müəlliflərə – Azərbaycanın dilini və ədəbiyyatını olsun ki, vaxtı ilə müfəssəl şəkildə mənimsəsəmiş “mütəxəssislərə” həvalə edilməsidir.

“Rəvayət”- i, “predanie” əvəzinə, “versiya”, “milli zəmin” – i, “natsionalnaya poçva” əvəzinə, “narodnoe dostoyanie”, “ətalət” – i, “inersiya” əvəzinə, “len”, “sənətkar” – ı, “master” əvəzinə, “deyatel”, “yandırıb-yaxmaq” – ı, (mətn üzrə) “priçinyat bol” əvəzinə, “vosplamenyatsa”, “gəlin-ana” – nı, “molodaya mama” əvəzinə, “nevesta-mat”, “inci saflığı” – nı, “jemçujnaya çistota” əvəzinə, “nejnaya çistota”, “yaylağ” – ı, “daçnoe mesto” (sən demə, Apşeron yaylaq imiş?!.. A.Məsud) və sair və ilaxır kimi təqdim edən, rəvanlığı və sadəliyi ilə dünyanın aydın və mükəmməl dillərdən sayılan azərbaycan dilini “yetik”, “mədfən”, “kahıl”, “müstəcəb” (səh.12), “fəraq”, “müştaq durmaq”, “sərəfraz”, (s.19) “asüftə”, “bica” (s. 25), “səba”, (s.34) “sədparə”, (s.34) “bəççə”, “ün”, (s.72) “sərazad”, (s.85) “faraş”, (s.89) “qutan”, (s.54) “vağ”, “bərzək” (s.54) (“Azərbaycan dili” – 8 , YNE, 2009) və sair bu kimi, fars mənşəli, arxaik ifadələrlə mənsimsədən bu “peşəkarların”, illər uzunu tənqid olunduqca, öz “fəaliyyətlərinə” həmin məcrada davam etmələri təəccüb doğurur.

“Qol saatı nisbətən yaxın vaxtlarda, I dünya müharibəsinin sonunda meydana gəlməyə başlamışdır.” (?) (s.19)

“Vaxtilə Pənah xan Bərdə xanına qonaq gəlir. (s.21)

“Görün o zaman böyük rus yazıçısı L.N.Tolstoy nə yazır.” (s.34)

“Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə avqust ayının 1- i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. (s.12) (sən demə, günü də təsis etmək olarmış... – A.Məsud)

“İlin çərşənbə günləri sabah erkən axar suyun üstünə çıxırlar. (Bu, lap möcüsədi!.. A.Məsud)

Adıçəkilən dərsliklərdə rast gəlinən bu sayaq naqisliklər, əfsuslar olsun ki, tək bir bununla bitmir...

 

 

(Ardı var)

 

A.MƏSUD

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.19.