“Abituriyent” jurnalının internet səhifəsi yaradılıb

 

BAŞ REDAKTOR ƏVƏZİ RABİL NOVRUZOV WWW.ABİTURİENT.AZ SAYTININ ABİTURİYENTLƏRİ MƏLUMATLANDIRMAQ ÜÇÜN EFFEKTLİ VASİTƏ OLACAĞINA İNANIR

 

Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat orqanı olan “Abituriyent” jurnalının internet səhifəsi açılıb. www.abiturient.az internet səhifəsində jurnalın bütün buraxılışları, tədris və metodiki vəsaitlər, nəşrlər barədə müntəzəm, operativ məlumat almaq mümkündür. İstənilən şəxs internetdə jurnalları həm izləyə, həm də öz kompüterində çap edə bilər. Bu dəyişiklik jurnalın bütün buraxılışlarına ictimaiyyətin dərin maraq göstərdiyi nəzərə alınaraq reallaşdırılıb. “Abituriyent” jurnalı ali və orta ixtisas məktəblərinə hazırlaşan abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu yeganə nəşrdir. Baş redaktor əvəzi Rabil Novruzovun sözlərinə görə, “Abituriyent” jurnalında müntəzəm olaraq abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materiallar çap olunur. Jurnal 1995-ci ildə təsis edilib. Fəaliyyət göstərdiyi illər ərzində jurnalın mövzu dairəsi xeyli genişlənib, nəşrlərinin çeşidi artıb, tirajı yüksəlib. Əgər ilk illərdə jurnal ancaq ölkənin iri şəhərlərinə və bölgə mərkəzlərinə göndərilirdisə, indi o, Azərbaycanın bütün rayonlarına çatdırılır: “Redaksiya heyəti jurnalın bütün buraxılışlarına ictimaiyyətin dərin maraq göstərdiyini nəzərə alaraq onun internet səhifəsini yaratmaq qərarına gəldi. Xeyli vaxt idi ki, saytın yüksək səviyyədə hazırlanması istiqamətində ciddi işlər görülürdü. Biz çalışırdıq ki, “Abituriyent” jurnalı kimi sayt da oxucular, xüsusilə də abituriyentlər tərəfindən maraqla qarşılansın. Sayt üzərində aparılan işlər tam yekunlaşıb və o, bir neçə gün bundan əvvəl abituriyentlərin ixtiyarına verilib. Biz inanırıq ki, bu internet saytının yaradılması abituriyentlərə bir az da köməklik edəcək”.

R.Novruzovun dediyinə görə, “Abituriyent”in buraxılışlarında əsasən ali və orta ixtisas təhsili məktəblərinin bakalavr və magistr pillələrinə qəbul qaydaları, qəbul proqramları, ərizə qəbulu, ixtisas seçimi elanları, qabiliyyət imtahanlarının keçirilməsi qaydaları, qəbulun nəticələri, qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları, qəbulun nəticələrinin elmi-statistik təhlili nəşr olunur. Fənlər üzrə qəbul proqramlarının çətin mövzularına dair ekspert şərhləri, məqalələr, fənlər üzrə çətin testlərin izahı və tövsiyələr, dərsliklərdəki səhvlər, onların düzəlişinə aid ekspert fikirləri, fənlər üzrə siniflər üçün test kitabçaları, imtahan fənləri üzrə tapşırıq nümunələri-model testlər çap edilir: “Jurnalda abituriyentlərin qəbul imtahanlarına texnoloji və psixoloji hazırlığına kömək məqsədi daşıyan materiallar da burada verilir. Abituriyentlərin imtahanda davranış qadalarının, imtahan binalarının ünvanları, yerləşdiyi ərazilərin sxem-planları, oraya işləyən nəqliyyat marşrutları haqqında məlumatların yer aldığı vəsaitlər nəşr olunur. Azərbaycan gənclərinin Türkiyə, Rusiya və digər ölkələrin ali məktəblərinə dövlət xəttilə təhsil alması üçün qəbul qaydaları, qəbul elanları təqdim edilir. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula aid materiallar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr “Abituriyent” jurnalının xüsusi buraxılışlarında əksini tapır. Jurnalın xüsusi buraxılışlarının birində isə imtahan balları elan edildikdən sonra ali məktəblərin hər bir qrupuna daxil olan ixtisaslar üzrə təhsil formaları, qəbul planları, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı, onların imtahanda topladığı balların paylanmasına dair məlumatlar verilir. Bu da abituriyentlərə ixtisas seçimində düzgün istiqamət götürməyə, ağıllı seçim etməyə yardımçı olur”.

R.Novruzov deyir ki, hər il TQDK-nın sədri M.Abbaszadənin rəhbərliyi ilə ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun həm ölkə səviyyəsində, həm də bölgələr, məktəblər üzrə nəticələrinin elmi-statistik təhlili aparılır. Bu araşdırmada abituriyentlərin fənlər üzrə nəticələri, müxtəlif ixtisas qruplarına meyl və maraqları, ali məktəblərə qəbulolma göstəriciləri, yüksək və zəif göstəricili rayonlar, məktəblər, ixtisas qrupları üzrə müsabiqə vəziyyəti, ali məktəblərin reytinqi faktiki materiallar əsasında təhlil edilir. Təhsil sahəsindəki vəziyyətin yaxşılaşdırılmasına dair təklif və tövsiyələr irəli sürülür. Bütün bu materiallar isə “Abituriyent”in 12-ci sayında dərc olunur: “Tələbə qəbulunun ümumi elmi-statistik təhlilinin bir hissəsi də qəbul imtahanlarının nəticələrinin gender aspektləridir. Bu araşdırmada oğlan və qız abituriyentlərin ixtisas seçimində ifadə olunan istəklərindəki ümumi və fərqli cəhətlər, onların topladıqları balların paylanması histoqramlarının müqayisəsi, həmçinin test tapşırıqlarına cavabları, ali məktəblərə qəbulolma göstəricilərinin müqayisəli təhlili verilir. Bu araşdırma on ildən çoxdur ki, hər il aparılır və nəticələri xüsusi vəsaitlərdə çap olunur”.

Rabil Novruzov bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ənənəvi olaraq ali məktəblərə 600-dən yuxarı balla qəbul olan gənclərin ictimaiyyətə tanıdılması, təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. “Abituriyent” jurnalının xüsusi bir sayı da bütünlüklə onlara həsr edilir. Burada yüksək nəticə göstərən hər bir gəncin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb haqqında məlumatlar dərc olunur. Onların imtahanların məzmunu, gedişi və təşkili barədə rəy və təklifləri, gələcək abituriyentlərə tövsiyələri təqdim edilir.

R.Novruzov bildirir ki, TQDK-nın rəhbərliyi jurnalın redaksiya heyəti qarşısında onun daha da təkmilləşdirilməsi vəzifəsini qoyub. Hazırda bu istiqamətdə ciddi iş aparılır. İnternet vasitəsilə redaksiyada bir neçə vəzifəyə işə qəbul üçün müsabiqə elan edilib. Jurnalda bir sıra yeni rubrikaların açılması nəzərdə tutulub. Məsələn, övladları qəbul imtahanlarına hazırlaşan valideynlər üçün “Mütəxəssis məsləhətləri” adlı rubrikanın açılması planlaşdırılır. Bununla yanaşı “Abituriyent”də “Qəbul imtahanları: orta məktəblə ali məktəb arasında körpü”, “Şəbəkə: şagird-abituriyent-tələbə”, “Görkəmli elm xadimlərinin həyatından...”, “Müasir elm və texnologiya”, “Yeni təhsil qanunu və mütəxəssis hazırlığı”, “TQDK-nın regional bölmələrində” adlı rubrikalar açılacaq. Jurnalda həmçinin elm, təhsil, bilik və maarif haqqında “Müdrik deyimlər” və təhsil prosesində İKT-dən istifadənin məqsədləri, yolları və əhəmiyyəti haqqında mütəxəssis qeydlərinin verildiyi “Təhsil və İKT” adlı rubrikalar da yer alacaq. Jurnalda açılması nəzərdə tutulan “Örnək” rubrikasında isə yaradıcılıq yolu gənclər üçün örnək ola bilən tanınmış elm, təhsil, mədəniyyət xadimləri ilə söhbətlər veriləcək: “Bütün bunlarla yanaşı biz jurnalda qəbul kampaniyası ilə bağlı ictimaiyyəti maraqlandıran məsələlərin geniş şərhinin verildiyi rubrika da acmaq fikrindəyik. Eyni zamanda jurnalda bilavasitə vətəndaş müraciətləri əsasında hazırlanan informatik və maarifləndirici materialların dərci, biliyin qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin işıqlandırılması, dünya təcrübəsində qəbul olunan dəyərli dərslik, dərs vəsaiti və elmi-metodiki araşdırmaların tərcümə edilərək çap olunması nəzərdə tutulub. Qəbul prosesində şəffaflığın təmin edilməsi sahəsində TQDK-nın fəaliyyətinin işıqlandırılması, Nazirlər Kabinetinin 2008-ci ildə təsdiq etdiyi ali məktəb ixtisaslarının mahiyyəti, təyinatı və bu ixtisaslar üzrə iş sahələri və yerləri barədə materialların toplanıb çap edilməsi, orta ixtisas təhsili məktəblərinin ixtisaslarının mahiyyəti haqqında açıqlamaların hazırlanıb nəşr olunması da planlaşdırılıb. R.Novruzov qeyd edir ki, “Abituriyent”də qəbul kampaniyası haqqında ictimai rəyin öyrənilməsi məqsədilə vətəndaşlar arasında anket sorğusunun keçirilməsi və onun nəticələri əsasında analitik materialların çap edilməsi nəzərdə tutulub. Bununla yanaşı “Abituriyent” jurnalını necə görmək istərdiniz?” mövzusunda yuxarı sinif şagirdləri, abituriyentlər arasında anket sorğusu keçiriləcək və nəticələr barədə jurnalda ətraflı məlumat veriləcək: “Jurnalda peşəkar mütəxəssislərin qəbul kampaniyasının müxtəlif məsələləri haqqında abituriyentlərə tövsiyələri, İKT-ni mənimsəməyin yolları haqqında mütəxəssis izahatı, TQDK-nın rəhbərliyinin müsahibələri, məqalələri, ön sözləri, çıxışları və məruzələri, işgüzar görüşləri, xarici səfərləri haqqında materiallar, Komissiyada nümunəvi nəzarətçi müəllimlərlə təşkil edilən görüşlər, mükafatlandırılan nəzarətçilər haqqında materiallar yer alacaq”.

R.Novruzovun sözlərinə əsasən, “Abituriyent”in redaksiyası Azərbaycan, rus və ingilis dillərində “Test üsulu ilə milli qiymətləndirmə sistemi dünən, bu gun sabah” adlı məcmuə hazırlamaq təşəbbüsü ilə çıxış edəcək. Redaksiya şagirdlərin, abituriyentlərin və bakalavrların qəbula repetitor xidmətindən istifadə etmədən müstəqil sürətdə hazırlaşması üçün imtahan fənləri üzrə dərs vəsaitləri və test toplularının nəşrini də davam etdirəcək. Magistraturaya qəbula hazırlaşan bakalavrlara elmi-metodiki kömək məqsədilə “Məntiq”, “İnformatika” və “Xarici dillər” üzrə test toplularının və metodiki vəsaitlərin, bir neçə il əvvəl çap edilmiş “Bələdçi” məcmuəsinin qəbul qaydalarındakı dəyişiklik, yeniliklər əsasında yeni təkmilləşdirilmiş nəşrinin hazırlanması nəzərdə tutulub: “Bununla yanaşı biz “Ali təhsil ocaqlarımız” adlı məcmuənin yeni, təkmilləşdirilmiş nəşrini də hazırlamaq niyyətindəyik. Bu, abituriyentlərin və valideynlərin ali məktəblərimiz haqqında mükəmməl bilik, informasiyaya yiyələnməsi üçün məlumat kitabçası tipli məcmuə olmalıdır”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.14.