Sabir adının şərəfli daşıyıcısı

 

Müstəqil Azərbaycan Respublikası müasir dünyanın, o cümlədən də özəlliklə Yaxın Şərqin zəngin təhsil şəbəkəsinə malik ölkələrindən biridir. Burada orta və ali məktəblərin, orta ixtisas təhsili verən texnikum və kolleclərin çox böyük bir şəbəkəsi səmərəli fəaliyyət göstərir. Lakin onların arasında BDU ali məktəblərimizin flaqmanı olaraq tanındığı kimi, M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci də orta ixtisas təhsilimizin öndəgedəni hesab olunur. Məşhur Qori Seminariyasının ölkəmizdə qanuni mənəvi varisi olub, hələ 1918-ci ildə məşhur ədəbiyyatşünas alim və böyük müəllim F.Köçərlinin təsis etdiyi Qazax Müəllimlər Seminariyasından sonra Azərbaycanın bir nömrəli orta ixtisas təhsili ocağı məhz Sabir adına Dövlət Pedaqoji Kollecidir. Buradaca deyim ki, bu təhsil ocağının məhz Sabirin adı ilə şərəfləndirilməsini mən çox əlamətdar bir hadisə hesab edirəm. Bəli, Sabir XX əsrin ilk onilliyi ilə çevrələnən çox qısa bir müddətdə öz istedadı ilə parlayıb bütün Şərqin poeziya aləmini lərzəyə gətirən böyük xalq şairimiz kimi məşhurdur. Lakin o, həm də əla bir xalq müəllimi idi.

Çox maraqlıdır. Mollaxana dərsindən və S.Ə.Şirvaninin üsuli-cədid məktəbindən sonra heç bir müntəzəm ixtisas təhsili görməyən, amma müəllim olmağa böyük daxili-mənəvi ethtiyac duyan və çox bir sıra maneələrdən, rəsmi orqanlarla dönə-dönə yazışmalardan sonra Sabir 1908-ci ildə ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ qazanmış və əvvəlcə Şamaxıda, sonra isə Bakının Balaxanı kənd məktəbində dərs deməyə başlamışdı. Beləliklə də yaradıcılığı, cəmiyyətə təmənnasız xidmət amalı bütün millətimiz üçün bir universitet olan Sabir müəllim olmağı özü üçün böyük şərəf saymış, adını daşıyan kolleclə birlikdə Azərbaycanın təhsil tarixinə də əbədilik qovuşmuşdur. Məlumat üçün deyim ki, işğalçı general Sisyanovun indiki Azərnəşrin sağ tərəfində qoyulmuş, rus imperiyası süquta uğrayanda dağıdılmış heykəlindən sonra Bakıda ilk heykəl də məhz M.Ə.Sabirin şərəfinə ucaldılmış, paytaxtımızdakı ilk şəhər kütləvi kitabxanasına da Sabirin adı verilmişdir. Mən inanıram ki, bir-birindən o qədər də uzaq olmayan bu üç tarixi obyekt: Sabirin heykəli, Sabir kitabxanası və nəhayət, Sabir kolleci müstəqil Azərbaycanımız durduqca, yəni əbədiyyət qədər yaşayacaqdır!

Çox fərəh doğuran bir məqamdır ki, bu müqəddəs ocaqda dərs deyib öz vüsətli zəkası ilə xalqın gələcəyi olan uşaqların qəlbinə və təfəkkürünə elm və mərifət nuru çiləyən böyük müəllimlər arasında ilk Azərbaycan operası “Leyli və Məcnunla möhtəşəmKoroğlunun, ölməz musiqili komediyaların müəllifi Üzeyir Hacıbəyov, yeddidən yetmişə qədər bütün Azərbaycan övladlarının sevimlisi, müəllimlər müəllimi Abdulla Şaiq, Şekspir vüsətli sənətkar, bizdə mənzum dramın banisi olub onun ən kamil nümunələrini yaratmış repressiya qurbanı Hüseyn Cavid əfəndi, tanınmış ədib və xalq maarifinin yorulmaz təşkilatçısı Sultan Məcid Qənizadə, birinci psixologiya professorumuz Əhməd Kərədi Zəkizadə, vaxtilə şəxsən N.Nərimanovun referenti işləmiş rusisistika professoru Nurməmməd Şahsuvarov bir çox başqaları kimi ömürlərinin sonuna qədər xalqa təmənnasız xidmət edən ziyalılar olmuşdur.

Seminaristlərin yetişməsində şəksiz xidmətlər göstərmiş görkəmli simalarımız arasında Şəfiqə xanım Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, Badsəba xanım Köçərli kimi qızlarımıza həm də ədəb, abır-ismət təlqin edən mənəvi analarımız, ağbirçəklərimiz də olmuşdur.

Kitablardan öyrəndiyim belə əlamətdar bir faktın da üstündən keçə bilmirəm ki, vaxtilə Odessa Universitetinin Tibb fakültəsini, Moskva Dövlət Universitetinin Hüquq fakültəsini birinci dərəcəli diplomla bitirdiyinə baxmayaraq heç bir xəstə qəbul etməyib, heç bir məhkəmə prosesində hətta vəkil kimi də iştirak etməyən Azad Əmirov ömrünün ən təravətli illərini bizim Pedaqoji Kollecdə (onun birbaşa sələfi olan darülmüəllimində) dərs deməyə həsr etmişdir.

Bir türk şairi yaxşı deyib:

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin bilinər rütbeyi-əqli əsərindən.

 

(Yəni insanın fəaliyyətinin meyarı, göstəricisi – onun işi, əməlləridir. Boş sözdən kar aşmaz. Hər kəsin ağlının dərəcəsi onun əsərindən məlum olar).

Bizim təhsil ocağının müəllimlərinin canlı əsərləri isə onların yetişdirdiyi və maarifimiz üçün cannisar olan minlərlə peşəkar xalq müəllimləridir. Bu məzunlar kəhkəşanında görün Azərbaycanın elm, maarif və mədəniyyəti tarixində hər birinin özünə məxsus bir aləmi olan necə ulduzlar parıldayır: məşhur bəstəkarlardan, xalq artisti, ilk Azərbaycan baletinin müəllifi professor Əfrasiyab Bədəlbəyli, xalq artisti, professor Səid Rüstəmov, Azərbaycan musiqisini dünyada tanıdan əvəzsiz dirijor, xalq artisti, əzəmətli “Rast” simfonik poemasının müəllifi Niyazi, xalq rəssamı Salam Salamzadə, zəmanəsində ölkəmizdə tayı-bərabəri olmayan komediyanəvis Sabit Rəhman, Azərbaycan folklorunun kamil tədqiqatçısı kimi bu gün də əlçatmaz olan professor Məmmədhüseyn Təhmasib, yüksək ixtisaslı mühazirələri, bu sahədə ilk sanballı dərslikləri və gözəl tərcümələri ilə antik ədəbiyyatın pəncərəsini Azərbaycan oxucularının üzünə açan professor Əli Sultanlı, tarix elmimizin sütunlarından akademik Əlisöhbət Sumbatzadə, parlaq istedadlı nakam şairimiz Mikayıl Müşfiq, Azərbaycan və özbək xalqlarının qüdrətli sənətkarı Məqsud Şeyxzadə, ölkəmizdə əruzşünaslıq elminin banisi və ən məşhur nümayəndəsi professor Əkrəm Cəfər, Azərbaycanın ilk biologiya elmləri doktoru, professor Mirəli Axundov, ədəbiyyatşünaslıq elminin cəfakeşi, öz alim ömrünü Sabir irsinin tədqiqatına həsr etmiş Akademiyamızın müxbir üzvü, professor Abbas Zamanov və onlarla, yüzlərlə başqaları... Onların arasında bütün Azərbaycan uşaqlarının mənəvi anası, Xalq şairi Mirvarid Dilbazi, bir-birindən gözəl tarixi romanların müəllifi, professor Əzizə Cəfərzadə, “Ey həyat, sən nə qəribəsən”, “Tələbə”, “Sağlığında qiymət verin insanlara” qəbilindən olan çox populyar şeirlərilə sağlığında klassikləşən xalq şairi Cabir Novruz kimi iftixar mənbəyimiz olan böyük yaradıcı simaların şərəfli adları var.

Bu görkəmli azərbaycanlıların demək olar ki, hamısı nəcib ailə tərbiyəsi görmüş, ibtidai, natamam orta təhsil almışdılar, bu arasıkəsilməz təhsil və tərbiyə sisteminin davamı kimi bizim kollecdən sonra müxtəlif ixtisaslar üzrə ali məktəb bitirmişdilər. Demək istədiyim odur ki, adı çəkilən və çəkilməyən 25.000-dən artıq məzun müxtəlif vaxtlarda Sabir məktəbində bir orta ixtisas təhsil ocağında verilməsi mümkün olan ən yüksək səviyyədə təlim və tərbiyə almış, mükəmməl ixtisas vərdişləri qazanmaqla yanaşı, həm də vətənpərvər Azərbaycan ziyalıları kimi yetişmişlər.

 Bu günlər 90 illik yubiley təntənələrini yaşadığımız və on minlərlə məzunu olan bu kollec çağdaş Azərbaycanda xalq təhsili sahəsində böyük ənənələrə, tarixi xidmətlərə imza atmış qocaman bir məktəb olmaqla qalmır. Hazırda 3.000-ə yaxın tələbəsi olan Sabir kolleci abad, geniş və işıqlı dərs otaqları, müasir cihaz avadanlıqla təmin edilmiş tədris laboratoriyaları və çeşidli idman qurğularına malik mötəbər təhsil ocağıdır. Burada dərs deyən 250 müəllim arasında bu gün 11 elmlər namizədi, bir elmlər doktoru, professor var. Burada təkcə tələbələrə yox, pedaqoji kollektivə qarşı da qayğıkeşliklə yanaşı həm də yüksək tələbkarlıq hökm sürür. Elə bunu demək kifayətdir ki, müəllimlərdən 12 nəfəri dərs deməklə yanaşı aspirantura və dissertantura yolu ilə təhsillərini davam etdirir, elmin müxtəlif sahələri üzrə namizədlik əsərləri üzərində çalışırlar.

Müəllimlər bu sahədə kollecin direktorundan nümunə götürürlər.

Artıq 20 il olur ki, Nurlana xanım gözəl ənənələrə malik bu müəllimlər ocağına rəhbərlik edir. İstər müəllim, istərsə də tələbə sabirçilər üçün bu, qanuni bir iftixar mənbəyidir. Təəssüf ki, mən, az-az təsadüflər istisna olmaqla, bu kollecin müəllimlərilə işgüzar əlaqələrdə ola bilmirəm, onların dərslərinə girməmişəm. Buna mənim heç səlahiyyətim də çatmır. Amma kollec direktorunun həyatındakı ən mühüm sınaq dərsində iştirak etmişəm, onun Elmlər Akkademiyasında doktorluq dissertasiyası müdafiəsinin keçirildiyi İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşam. Doktorantın bu şurada öz əsərini müdafiə edərkən göstərdiyi elmi hünər, yalnız konkret bir mərhələnin ədəbi prosesinə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatı tarixinə dərindən bələd olması, nəzəri problemlər sahəsindəki səriştəsi, rəsmi opponentlərin rəylərinə və Elmi Şura üzvlərinin çoxsaylı suallarına cavab verərkən nümayiş etdirdiyi elmi erudisiya çox yaxşı yadımdadır. Nəhayət, mən onun ən qiymətli əsərlərindən bir qisminin toplanmış olduğu “Müstəqillik ərəfəsinin mədəni, inqilabi dəyərləri” adlı sanballı kitabının redaktoru kimi də Nurlana xanımın elmi-tədqiqat imkanlarına yaxşı bələdəm. Heç də təsadüfi deyil ki, öz əsas işi ilə yanaşı o, 90 illiyini yenicə qeyd etdiyimiz Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru vəzifəsində də çalışır.

Nurlana xanım həm də yorulmaz ictimai xadimdir. Ümummilli liderimiz Heydər Əliyevin hamımız üçün müqəddəs olan adı, əməlləri ilə tarixə düşən və möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədr olduğu YAP-ın Siyasi Şurasının üzvü kimi uğurla davam edən fəaliyyəti, partiyanın Qadınlar Şurasının sədri olaraq seçildiyi və artıq işgüzarlıqla icra etdiyi çox məsul vəzifə professorun səmərəli ictimai fəaliyyətinin ən bariz məqamlarındandır.

Onun iş üsulunun mahiyyətini aydın təsəvvür etmək üçün özünün bir etirafını yada salmaq istərdim. Direktor bu fikirdədir ki, intizam – işə məsuliyyətlə yanaşmaqdır, vəzifə borcunu yerinə yetirmək üçün can yandırmaqdır. Bu, heç də həmişə əmrlə, göstərişlə olmur. İntizam hər bir rəhbər işçinin, ictimai xadimin öz vicdanının səsi ilə, onun dəruni tələbi ilə şərtlənir. Hansı səviyyədə çalışdığından asılı olmayaraq, vəzifə sahibi öz işinə vicdanının səsilə girişib ürək yandıranda ətrafındakılar da ondan nümunə götürür və bir sıra hallarda onlara direktiv göstərişlər verilməsinə ehtiyac da qalmır...

Hörmətli dostlar!

Elmin, ədəbiyyatın, incəsənətin bu və ya digər aktual problemlərilə bağlı müzakirələrin, görkəmli adamlarla görüşlərin, mühüm yubiley tədbirlərinin planlaşdırılıb keçirilməsi sahəsində kollecin zəngin təcrübəsi var.

Akademik Məmməd Arif Dadaşzadənin bir xatiratında hələ 1923-cü ildə Bakı darulmüəlliminində C.Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşasının mühakiməsindən söhbət gedir. Əlbəttə, “mühakimə” bir termin kimi vulqar sosiologizmin təzahürüdür, indiki baxımdan bir qədər iddialı səslənir və anaxronizm təsiri bağışlayır. Amma terminin adından asılı olmayaraq bizi maraqlandıran – Sabir Məktəbinin sələfi olan darülmüəllimatın divarları arasında o zamanın ən görkəmli ədəbiyyat və incəsənət hadisələrinin müzakirələrinin keçirilməsi faktının özüdür.

Mən müdiriyyətin dəvətilə hərdən orada keçirilən bəzi ictimai tədbirlərdə, yubiley yığıncaqlarında oluram, həmin tədbirlərin necə diqqət və həssaslıqla, hansı qayğıkeşliklə hazırlanıb keçirildiyini görürəm. Möhtərəm prezdentimiz cənab İlham Əliyevin sərəncamına əsasən bu ilin baharında ölkəmizdə məşhur xalq yazıçısı, ədəbiyyat tənqidçisi Mehdi Hüseynin 100 illik yubileyi keçirildi. Bir çox idarə və müəssisələrdə təhsil və mədəniyyət ocaqlarında gözəl yubiley tədbirləri baş tutdu. Onların ən yaxşılarından biri, bəlkə də birincisi Sabir kollecində oldu. Bu münasibətlə məktəb başdan-başa gül-çiçəyə qərq olmuşdu. Bütün yerləri tutulmuş salonda özəlliklə son cərgələrin ətrafında və qapıların qabağında ayaqüstə duranları da xatırlayıram.

Tədbirdə çıxış edənlər arasında AMEA-nın iki həqiqi üzvü, bir neçə görkəmli ədib, professor və müəllim vardı. Sabirçilər ədəbiyyat tənqidçisi M.Hüseynin o qədər də çox olmayan ailə üzvləri ilə də ünsiyyətdə oldular. Tədbir çox yüksək səviyyədə, tələbələrin fəallığı şəraitində keçdi, bu qəbildən olan digər tədbirlər kimi səmərəli və yaddaqalan oldu. Kollecdə keçirilən “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə, Füzulinin 500 illiyinə, Sabirin, H.Cavidin, S.Vurğunun əziz xatirələrinə həsr olunmuş geniş proqramlı tədbirlər, müzakirələr, kitab təqdimatları və digər tədbirlər kimi.

Sabir kollecinin beynəlxalq əlaqələri də ürək açandır. Onun əməkdaşları indi yalnız Türkiyə, İran, Misir, Əlcəzair, Pakistan kimi Şərq, müsəlman ölkələrinin deyil, ABŞ, İngiltərə və Almaniya kimi klassik Qərb ölkələrinin də pedaqoji kollecləri və digər uyarlı təhsil ocaqları ilə dostluq və yaradıcılıq əlaqələri saxlayır, onlarla təcrübə mübadiləsi aparır, müstəqil Azərbaycanın orta ixtisas təhsili sahəsindəki uğurlarını xarici ölkələrdə təbliğ edirlər.

Bir halda ki, kollecin beynəlxalq əlaqələrindən danışdım, onu da qeyd edim ki, Dağıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən gəlib Bakıda Darülmüəllimini bitirmiş yüzlərlə pedaqoqun öz ölkələrində xalq maarifinin çiçəklənməsi üçün sərf etdiyi böyük yaradıcılıq əməyi də təqdirəlyiqdir və elə bilirəm ki, kollecin mükəmməl tarixi yazılarkən nəzərə alınıb qiymətləndiriləcəkdir.

Mən öz sözümü Nurlana xanımın bir kitabında nəşr olunmuş bu arzusunu səsləndirməklə bitirmək istəyirəm. Həmin arzu belədir:

Kaş məktəbimizdə vaxtilə dərs demiş dahi bəstəkarımız Üzeyir Hacıbəyov, ömrünü gənc nəslin təhsil və tərbiyəsi yolunda şam kimi əritmiş Abdulla Şaiq sağ olaydılar, Sabir məktəbinin yubiley təntənəsində fəxri yerlərdə əyləşib vaxtilə çalışmış olduqları məktəbin bugünkü uğurlarını görəydilər. Qoyub getdikləri işıqlı ənənələri yaşatdığımız üçün yəqin ki, onlar bizi təqdir edərdilər...

Bu arzu 10 il bundan öncə yazılmış bir yubiley məqaləsində öz əksini tapmışdır. Mən inanıram ki, Nurlana xanımın arzusu 2019-cu ildə də öz aktuallığını itirməyəcək və biz Sabir kollecinin 100 illik yubileyində də bu böyük həqiqətin şahidləri olacağıq! İnşaallah!

 

 

BƏKİR NƏBİYEV,

Akademik

 

525-ci qəzet.- 2009.- 24 noyabr.- S.4.