Milli Kitab Mükafatının Quba səfəri
Milli Kitab Mükafatının bölgələrdə təbliği, şübhəsiz, önəmli məsələdir. Əvvəla, ona görə ki, bu, illərdir bölgədə və paytaxtda yaşayan yazarlarımız arasında sanki qırılmış bağları bərpa etmək yolunda az iş deyil (ilk baxışdan adama elə gələ bilər ki, bunun məsələyə o qədər də aidiyyəti yoxdur, hətta bu, MKM-in məqsədləri sırasında yer almır, amma istənilən müsabiqə həm də fərdi təcrübələri mərkəzləşdirir, onları bir araya gətirir və bu ümumi materiallar arasından seçir, beləliklə, müxtəlif yerlərdən toplanmış materiallar “ələndikdən” sonra ən yaxşıları seçilir və müsabiqənin əhatə etdiyi ərazidə, bütünlüklə təbliğ olunur – deməli, bağlılıq var), yəni hər iki qütbdə ədəbi proses barədə biliklər yenilənir, saf-çürük edilir. İkincisi, konkret hadisənin özü – MKM təşkilatçılarının paytaxtdan bölgələrə getməsi kitaba diqqəti artır, onları küll halında mədəni mərkəzlərə cəm edir – kitabxanalara, mədəniyyət evlərinə gətirir. Üçüncüsü, əyalətdəki yazar bu addımı həm də onun özünə olan diqqətin, önəmin nişanəsi kimi qəbul edirlər – bu onlara müsabiqədə iştirak etməyə – yəni təkcə yazmağa yox, həm də yazdığını utanmadan tirajlamağa, müsabiqədə iştirak edəcək digər müəlliflər və əsərlərlə maraqlanmağa sövq edir. Başqa sözlə, ədəbi mənada fəallığa çağırır – bu təkcə müsabiqə təşkilatçıları üçün deyil, ümumilikdə Azərbaycan ədəbiyyatı üçün vacibdir. Müqəddimə üçün bu qədər yetər, düşünürəm...
Milli Kitab Mükafatı layihəsi çərçivəsində
bir qrup jurnalistin də Qubaya səfər edəcəyini eşidəndə
sevindim. Çünki ara-sıra
əyalətə yolum
düşsə də,
bu səfərlər bir qayda olaraq
şəxsi xarakter daşıyır, iş adamı oldun, belədi də – qohumlarla görüşməyə
güclə vaxt tapırıq. Yeni layihə isə rayonlardakı ədəbi
proses barədə məlumat almağa, “kim kimi oxuyur”
sualına aydınlıq
gətirmək üçün
ən yaxşı vasitədir. Sonuncu sualla bağlı onu da deyim
ki, gənc yazarlar arasında belə bir fikir
hakimdir – bizdə ancaq yazarlar kitab oxuyur, o
da həmişə yox...
50 ÜSTƏGƏL...
Amma Qubaya səfər əsnasında – elə Nəqliyyat Nazirliyinin qarşısında bizi gözləyən mikroavtobusa
toplanan zaman maraqlı bir detal ortaya çıxdı.
Səfərdə təşkilatçı
Nigar Köçərlidən,
Münsiflər Heyətinin
üzvü Rəşad
Məciddən və jurnalistlərdən başqa,
aramızda layihə barədə Facebookdan xəbər tutan bir xanım da vardı və
bu xanım MKM-in bölgələrdə
necə qarşılandığı
ilə ciddidən-ciddiyə maraqlanırdı.
Bunu eşidəndə sevincimi ilk növbədə arxa oturacaqlarda möhkəmlənmiş həmkarlarım
Ülviyyə Heydərova
və Fərid Hüseynlə bölüşdüm...
Avtobus yola düşən kimi yadırğaya bilmədiyim peşə xəstəliyi özünü
göstərir, Nigar xanımdan müsabiqəyə
neçə müəllifin
qoşulduğunu soruşuram
və cavab (təxminən 50-dən çox)
məni qane edir. Sonra təşkilatçı ilə Münsiflər Heyətinin üzvü arasında işgüzar söhbətlərə qulaq
asıram. Nigar MKM-lə bağlı yayılmaqda olan şayiələrdən, müxtəlif
qəzetlərdə çıxan
məqalələrdən danışır.
Qulaq verirəm, arada qeydlər götürürəm, hərçənd,
bilirəm ki, bu qeydlərin sonrakı prosesdə mənə heç bir dəxli olmayacaq. Bu da
peşə vərdişidir
– qeyd aparmaq, sadəcə, özünü
daha əmin hiss etməyə yarayır, vəssəlam.
Yol uzunu müsabiqənin şərtlərini bir daha dəqiqləşdiririk, Aynur və Əhmədlə jurnalistikadan, Ülviyyə və Fəridlə ədəbiyyatdan danışırıq, arada qeybət elementləri də olur, təbii – yol uzundu, neyləyəsən...
Qubanın mərkəzi kitabxanasının
həyətində bizi
Yazıçılar Birliyinin
bölgə üzrə
rəhbəri şair
Ramiz Qusarçaylı
qarşılayır. Hava sinoptiklərin vəd etdikləri qədər soyuq olmasa da, dəhlizdəcə
üşüyürük. Amma tədbirin keçiriləcəyi otaq,
doğrudan da, istidir. R.Qusarçaylı
qubalılara MKM barədə
məlumat verir, Bakıdan gələnlərə
Qubada 12 ildir fəaliyyət göstərən
və özünün
rəhbəri olduğu
“Ay işığı”
ədəbi məclisindən
danışır. Fürsət
tapıb zaldakı kontingentə nəzər salıram: burada ən müxtəlif nəsillərin nümayəndələrinə
rast gəlmək olar – məktəblilərdən
tutmuş ağsaqqallaradək...
BƏLKƏ BUNDAN SONRA NASİRLƏR ARTA...
Bizim gözləmədiymiz halda, Rəşad Məcid çıxışına
şeirlə başlayır
və sonra addımını izah edir. Sən demə, MKM yalnız
nəsr əsərləri
üçün nəzərdə
tutulduğundan natiq şairlərin könlünü
almaq istəyirmiş.
Nigar xanım müsabiqənin məqsədlərinə aydınlıq
gətirir. Elə zaldaca
məlum olur ki, müsabiqəyə qatılmaq istəyənlər
var. Xaçmazda fəaliyyət
göstərən “Ulduzlar”
ədəbi məclisinin
fəallarından olan
Mehralı Quliyev kitabını Nigar xanıma təqdim edir. Təşkilatçı onu da qeyd edir ki,
əyalətdəki yazarlar
kompüter və
internet problemi olduğundan,
onlar mətnlərini kağız və ya kitab halında
da poçtla Təşkilat Komitəsinə
göndərə bilərlər.
Sonra Quba və Xaçmazdan olan şairlər vətənpərvərlik və məhəbbət mövzusunda şeir oxuyurlar. Tədbirsonrası söhbət zamanı R.Qusarçaylı ilə həmin şeirləri müzakirə edirik. YB-nin bölgə rəhbəri MKM-in Quba səfərindən sonra bölgədə nasirlərin sayının artacağına ümid etdiyini söyləyir.
“ƏMMA”SIZ ƏMMA...
Qubadan çıxıb, Xaçmaza RTV televiziyasının binasına yollanırıq – regional televiziya ilə yayımlanan “Əmma” adlanan tok-şounun qonağı oluruq. İntəhası, aparıcı Teymur Əliyevin etiraf elədiyi kimi, hərçənd, “Əmma” problemləri qabartmağa, onlara diqqət çəkməyə hesablanıb və hətta məmurlara qarşı belə çox zaman sərt mövqe sərgiləyir, bu dəfə mövzuya “əmma” qoymaq çətin olacaq. Çünki müzakirə predmeti – kitaba veriləcək mükafatla bağlıdır. Yeri gəlmişkən, “Əmma”da Quba və Xaçmazdan olan yazarlar da iştirak edirdilər və verilişin gedişində onların xüsusi fəallıq göstərmələri artıq MKM-in Quba səfərinin uğurlu keçdiyindən xəbər verir.
RƏBİQƏ
525-ci qəzet.- 2009.- 24 noyabr.- S.7.