Yurd nisgilli
şeirlər toplusu
“Adiloğlu” nəşriyyatında
Əbülfət Hoçazlının
“Salam, Zəngəzurda qalan
dağlarım” adlı
şeir kitabı işıq üzü görüb. Kitabın önsöz
müəllifi və redaktoru Nazim Əhmədlidir. Önsözdə
Ə.Hoçazlının vətəndaş şair
olduğu xüsusi qeyd edilib: “Ürəkdən,
candan vətən üçün, el üçün yanan şair xalqını düşünür, vətənpərvərlik
ruhu onu rahat buraxmır. Vətən,
onun gözəlliyi, insanlara qarşı sevgi, mübarizlik, kövrəklik onun yaradıcılığında qabarıq şəkildə
özünü göstərir”.
Kitabda müəllifin
oxucuya ünvanladığı
ürək sözləri
də yer alıb. Həyat və yaradıcılığı
haqqında məlumat verən Ə.Hoçazlı
bu kitabın hansı zərurətdən
meydana çıxdığını
açıqlayıb: “Doğma yerlərin arzusu ilə səhərlər köçkün
kimi məskunlaşdığımız
dörd divar arasından çıxıb,
işə-gücə
gedib, axşamlar da yorğun ayaqlarımla qayğılı,
fikirli, dərdli, qüssəli yenə o dörd divar
arasına dönür,
ötən günlərdə qalan Laçınlı
xatirələrimlə yenidən
qucaqlaşıram və
beləcə ömür-gün
keçir. Laçınımın
həsrəti ilə yaşaya-yaşaya bu şeirləri kitab halında dərc etdirməyi özümə
borc bildim”.
Kitabda müəllifin
müxtəlif mövzularda
qoşmaları oxuculara
təqdim olunub.
SARA
525-ci qəzet.- 2009.- 20 noyabr.- S.7.