Yazıçılar Birliyində İlyas
Tapdıqın 75 yaşı
qeyd olunub
Tanınmış şair İlyas
Tapdıqın 75 illik
yubileyi keçirilib.
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) mətbuat
katibi Ədalət Əsgəroğlunun verdiyi
məlumata görə,
tədbirdə o və qurumun şeir şöbəsinin
sədri Çingiz Əlioğlu İlyas Tapdıqı birliyin rəhbərliyi və üzvləri adından təbrik ediblər. Yazıçı-dramaturq
Elçin Hüseynbəyli,
şairlər Ramiz Heydər, Fikrət Sadıq, Abbas Abdulla, Ənvər Əhməd, Ramiq Muxtar, Musa Ələkbərli
və başqaları
İlyas Tapdığın
yaradıcılığından, insani keyfiyyətlərindən
söz açıblar.
Bildirilib
ki, İlyas Tapdıq doğulduğu Gədəbəy rayonunun Əliismayıllı kəndinin
təbiətini, insanların
bənzərsizliyini ədəbiyyata
gətirən şairdir.
Öz yaradıcılığında
bu gözəlliyi məharətlə əks
etdirib. İlyas Tapdıqın şeirlərində
Azərbaycanın gözəl
təbiəti, qədirbilən
insanları vəsf edilib, onu təbiət
şairi kimi tanıdıb.
Çıxış edənlər yubilyarın
poeziyaya 1953-cü ildə
“Azərbaycan” jurnalında
dərc olunmuş “Bakının gecəsi” şeiri ilə gəldiyini və bu günədək 40-dan çox şeir və poema kitabının
nəşr edildiyini bildiriblər. İ.Tapdıqın indiyədək
müasir şairlərin
700-dən çox kitabının redaktoru olması, gənc şairlərin yaradıcılığına
qayğı ilə yanaşması da tədbirdə dilə gətirilib. Vurğulanıb ki, yubilyar rus, bolqar, polyak,
türkmən və digər 20-dək ölkənin şairlərinin
əsərlərini dilimizə
tərcümə edib,
özünün bədii
irsi də ölkəmizdən kənarda
nəşr olunub. Çıxışlarda İ.Tapdıqın
uşaqlar üçün
də gözəl şeirlər, poemalar yazdığı xüsusi vurğulanıb.
Sonda İ.Tapdıq tədbirin təşkilatçılarına və mərasimə qatılanlara minnətdarlığını
bildirib, yeni şeirlərini oxuyub.
SARA
525-ci qəzet.- 2009.- 20 noyabr.- S.7.