“Sənət şəxsi
ambisiyalardan yüksəkdə
tutulmalıdır”
XOREOQRAF ŞƏHRİYAR CƏFƏROV: “İNANIRAM Kİ, YARADICILIĞIN QƏRƏZLİ MÜNASİBƏTƏ QURBAN GETMƏSİNƏ İMKAN VERİLMƏYƏCƏK”
Azərbaycan rəqs sənəti öz qədimliyi və zəngin tarixi ilə seçilir. İndiyədək bu sənətin bir çox ustadları öz istedadları, peşəkar ifaları ilə milli rəqsimizi inkişaf etdirərək mənəvi
sərvətimizi dünyaya
çatdırıblar. Bir
çox gənc ifaçılar da bu gün ustadlarının
yolu ilə getməyə səy göstərirlər. Məşhur
rəqs ustası,
SSRİ Xalq Artisti Mahmud Esembayevin yetirməsi, istedadlı balet ifaçısı Şəhriyar Cəfərov
da öz istedadı ilə rəqs sənətimizə
töhfələrini verməyə
çalışır.
1994-cü ildə Dövlət Opera və Balet Teatrına
təyinat alan
Ş.Cəfərov burada
xalq artisti Rəfiqə Axundovanın
təşəbbüsü ilə bir çox
tamaşalarda solo rəqslər
ifa edib. P.İ.Çaykovskinin “Qu
gölü”, F.Əmirovun
“Min bir gecə”, “Əlibaba və qırx quldur”, Ə.Bədəlbəylinin
“Qız qalası” baletində, M.Maqomayevin “Şah İsmayıl” operasında maraqlı obrazlar canlandırıb.
1996-cı ildən
1999-cu ilədək Dövlət
Musiqili Komediya Teatrının balet truppasında müəllim
kimi çalışıb,
teatrın səhnəsində
göstərilən bir
sıra tamaşaların
quruluşuna zəhmət
sərf edib. Ş.Cəfərov 2000-02-ci illərdə
İstanbul Opera və Balet Teatrında
işləyib. Həmin dövrdə
“Xürrəm Sultan”,
“Çanaqqala”, “Məhəbbət
əfsanəsi”, “Fındıqqıran”
kimi baletlərdə çıxış ifa edib. 2002-ci ildə ikinci ali təhsil
almaq məqsədilə
Bakıya qayıdan
Ş.Cəfərov arzusunu
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin xoreoqrafiya
fakültəsində
gerçəkləşdirib. 2006-ci ildə Ş.Cəfərov
diplom işini 20 Yanvar hadisələrinə
həsr edərək,
“İlham və Fərizə” faciəvi baletini ortaya qoyub. Gənc rəqqasın xarici səhnələrdəki uğurları
da davam edir. 2003-cü ildə Qırğızıstanda keçirilən
“İssıkkul-2003” beynəlxalq
rəqs müsabiqəsində
birincilik qazanıb. Bu ilin mayında
Türkiyənin Antalya
şəhərində keçirilən
II Beynəlxalq Rəqs
Müsabiqəsində modern
rəqs nominasiyası
üzrə qalib olub.
Ş.Cəfərov əməkdaşımızla
söhbətində son uğurundan
danışıb və
yaradıcılığıyla bağlı bir sıra mübahisəli məqamlardan bəhs edib: “Türkiyənin
Antalya şəhərində bu il ikinci
dəfə keçirilən
Beynəlxalq Rəqs Müsabiqəsində özümün
quruluş verdiyim “İlan” rəqsinə görə modern rəqs nominasiyasında birinci yerə layiq görüldüm. Bu müsabiqəyə Almaniya,
Macarıstan, İtaliya,
Polşa, Yunanıstan,
Çin, Hindistan, Rumıniya, Bolqarıstan, Çexiya, Qazaxıstan, Ukrayna və bir sıra digər
ölkələrdən peşəkar
rəqqaslar qatılmışdılar.
Rəqqasların ifasını
Çexiya, Polşa, Almaniya, Türkiyə və Rumıniyadan dəvət olunmuş professional xoreoqraflar dəyərləndirdilər”.
Ş.Cəfərov sözügedən müsabiqə haqqında
internet vasitəsilə məlumat
əldə etdiyini və öz vəsaiti hesabına həmin yarışmaya qatıldığını bildirib.
Gənc rəqqasın
sözlərinə görə,
müsabiqədə həmçinin
bədnam qonşularımız
ermənilərin öz
adına çıxdığı
“Şalaxo” rəqsini qala-konsertdə ifa etmək üçün münsiflər
heyətindən icazə
almağa nail olub: “Türkiyədən döndükdən sonra televiziyalarımız, mətbuat
mənim bu uğurumu işıqlandırdı.
Lakin məni ağrıdan cəhət
budur ki, rəsmi səviyyədə
heç bir məmur bununla maraqlanmadı”. Ş.Cəfərov
bunun əsas səbəblərindən biri
kimi indiyədək bir neçə dəfə ölkədə
balet ifaçılığının
inkişafdan qalması,
səviyyəsinin aşağı
enməsi barədə
fikirlər söyləməsini
önə çəkib:
“Rəqs sənətimizin
çox zəngin tarixi var. Milli
rəqsdə Əminə
Dilbazi, Əlibaba Abdullayev, Roza Cəlilova, Kamil Dadaşov, Azad Hüseynov, Nisə Rəhimova kimi insanlar iz qoyublar.
Balet sahəsində də çox gözəl sənətkarlarımız
var; Rəfiqə Axundova, Maqsud
Məmmədov, Qəmər
Almaszadə, Leyla Vəkilova... İndiki dövrdə isə, heyiflər olsun ki, bizdə balet ifaçılığı
xeyli zəifləyib. Çünki müəllimlər
gəncdirlər, onların
təkmilləşdirilməsinə, müəyyən müddətə
xarici ölkələrdə
kurslara yollamaq lazımdır. O zaman
milli xoreoqrafiya inkişaf edəcək”.
Ş.Cəfərov balet sahəsində çalışan gənc
kadrların özlərini
realizə edə bilməsi üçün
lazımi imkana yiyələnə bilməməsindən,
təcrübəli və
peşəkarların isə
müxtəlif səbəblər,
hətta intriqalar üzündən fəal yaradıcılıqdan uzaqlaşmasından
şikayətlənib: “Yaxşı
rəqqaslarımızın əksərini itirmişik.
Xarici ölkələrdə
təhsil alıb gələnlər də sonra buradan qaçırlar.
Mən özüm də bir ara
inciyərək, gedib Türkiyədə çalışdım.
Bir faktı qeyd edim: Böyük
bəstəkarımız Arif
Məlikovun “Məhəbbət
əfsanəsi” əsəri
60 teatrda qoyulub. Amma öz ölkəmizdə
bu əsər səhnələşdirilmir, görünür,
burada müəyyən
şəxsi amillər
rol oynayır. Halbuki əsl sənət şəxsi ambisiyalardan yüksəkdə
tutulmalıdır. Əlbəttə,
xaricdən də xoreoqrafların gəlməsi
lazımdır. Ancaq ehtiyac varsa. Amma bizim Rəfiqə Axundova, Maqsud Məmmədov kimi baletmeysterlərimiz dura-dura,
xaricdən baletmeyster dəvət edib onlara pul xərcləməkdənsə,
elə öz təcrübəli kadrlarımıza
diqqət göstərmək,
gənclərin isə
təkmilləşməsinə çalışmaq doğru
olmazmı? Bu gün
Rəfiqə Axundovanın
quruluş verdiyi “Babək”, “Yeddi gözəl”, “Qobustan kölgələri”, “İldırımlı
yollarla” baletləri nümayiş etdirilmir. Əminəm ki, Rəfiqə xanım bu gün də
müasir dövrə
uyğun baletlərə
quruluş verə bilər, lakin ona lazımi şərait yaradılmır.
İstedadlı gənclər
də bu kimi hallara görə
teatrdan uzaqlaşmaq yolunu seçirlər”.
Gənc rəqqas ölkə rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin istedadlı gənclərə şərait yaratmağa çalışmasını alqışlayır. Sənətçi bu qayğının gələcəkdə də davam edəcəyinə inanır: “Lakin ayrı-ayrı məmurlar işlərinə laqeyd yanaşırlar, bu isə sənət aləmində müxtəlif problemlərin, narazılıqların ortaya çıxmasına yol açır. İnanıram ki, dövlətimizin rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyi həmişə olduğu kimi yenə də yaradıcı, istedadlı gəncləri diqqətdə saxlayacaq, sənətin, yaradıcılığın şəxsi ambisiyalara, qərəzli münasibətə qurban getməsinə imkan verməyəcək”.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 20 noyabr.- S.7.