Ölümsüzlüyün mübarək!
Mayası halallıqdan
yoğrulmuşdu. Şeirimizin, sözümüzün
ağır kişilərindən idi Ağa
Laçınlı. Ağır oturub, batman gəlməyi sevərdi.
Sadəlik, səmimiyyət, sözün həqiqi mənasında
təvazökarlıq boyuna biçilmişdi.
Sözünün, sovunun yerini bilməyənlərdən,
boş dağarcıq kimi şişənlərdən, yersiz,
mənasız-mətləbsiz hay-küy qoparanlardan xoşu gəlməzdi.
Doğulub boya-başa çatdığı
dağlar kimi vüqarlı, əzəmətli görkəmi
vardı. Qayğılı
görünər, fikirli gəzərdi. Geniş alnında düyünlənən
qırışlar keçdiyi çətinliklərdən,
keşməkeşli ömür-gün yolundan xəbər
verirdi.
Halallıqla böyütmüşdü övladlarını. Oğlanları qürur mənbəyi idi. Fəxrinin, Oqtayın, Azərin yelinə uçurdu. Təbiətin özü kimi təbii idi. İllərlə yol yoldaşı olmuşduq. Rayonlara gedər, şeir oxuyar, məclislər keçirərdik.
– Ay Musa, rayona, kəndə gələndə özümə dönürəm – deyirdi. – Şəhərdə elə bil adam özü olmur, kimisə yamsılayır, hansısa rolun ifaçısına dönür. Ə, vallah, adam bu qoyunlu-quzulu çöllərdə ölüb qalmaq istəyir.
Bu sözləri elə içdən, elə yanğılı deyirdi ki...
Tanışlığımızın qırx ilə yaxın bir tarixçəsi vardı. Mən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində ikinci kursda oxuyanda Ağa müəllim də dekanlıqda işə düzəldi.
İlk
tanışlığımız dostluğa çevrildi. Mənim
şeir yazdığımdan xəbər tutan Ağa
Laçınlı (həmin vaxtlar artıq iki-üç
kitab müəllifi idi. Şair kimi tanınırdı) bir-iki
şeirimi dinləyəndən sonra:
– Ə, sən əməlli-başlı şairsən, darıxma, vaxt gələcək, çap da olunacaqsan, məni öz qardaşın bil. Nə sözün-sovun olsa
çəkinmə, əlimdən gələn köməyi səndən
əsirgəmərəm – demişdi.
Demişdi və elə həmin
vaxtdan da istəyini, məhəbbətini ürəyimə
köçürmüşdü. Mən Ağaya
arxalanırdım. Ağa çətin günün dostu idi. Mən
“Gənclik” nəşriyyatına redaktor düzələndə
buna ən çox sevinənlərdən biri də dostum
Ağa Laçınlı idi. Mətbuatda çap olunan
şeirlərimi diqqətlə oxuyar, həmişə öz
fikrini bildirərdi.
Aramızda on ildən artıq yaş fərqi olsa da,
məni özünə tay-tuş eləmişdi. Möhkəm zarafatımız
vardı... Mən hərdən ona “Ağa müəllim” deyə
müraciət edəndə “Ə, müəllim özünsən”
deyib onun nəzərində “bu soyuq” rəftara xitam verərdi.
Yaxşı yolluğu vardı. Səfərdə
dostlarına xoş ovqat bəxş edərdi. Sadə idi, səmimi
idi. Rəsmiyyətdən qətiyyən xoşu gəlməzdi.
Bir dəfə, gərək ki, Daşkəsənə
getmişdik. Katib bizi hörmət və ehtiramla
qarşıladı. Raykomda təşkilat şöbəsinin
müdiri işləyən ucaboy, son dərəcə rəsmi
görüntülü bir kişini çağırdı və
bizi təqdim elədi. “Şairlərin görüşlərini
yüksək səviyyədə təşkil edərsən,
özlərini də darıxmağa qoymazsan, indi
qışdır, dağlarımız qarla
örtülüdür, ancaq dağda böyüyən
şairlərimiz üçün bunun elə də fərqi
yoxdur, daha da xoş olar, uşaqlıq illərini təzədən
xatırlayarlar. Həm də görsünlər bu
qarda-çovğunda biz nələr çəkirik”.
Ağa müəllim katibin sözlərini zarafatla cavablandırıb aramızda bir səmimiyyət körpüsü saldı.
– Filankəs
müəllim – dedi – nə çəkdiyinizdən xəbərdarıq.
Əlbəttə, kef çəkirsiniz,
halal xoşunuz olsun, bizim kimi dərd çəkəsi
deyilsiniz ki... Amma bizi elə adama tapşırın ki, bir az
başqa olsun, özümüzü rahat hiss edək.
Katib bu sözdən azca tutulsa da,
bir qəhqəhə çəkdi və dedi ki, Ağa müəllim,
sizi müşayiət edəcək Lətif müəllim elə
siz deyən adamdır, mənim yanımda özünü
boğmağına baxmayın. Bilirəm nə deyirsiniz,
özünü çəkənlərdən, “oxlovudan”lardan
deyil. Əsl həyat adamıdır. Bir də ki, sizi kimə
etibar etmək artıq mənim səlahiyyətimdir.
Daşkəsəndə
dörd gün maraqlı görüşlərimiz keçdi,
hər görüşün sonunda da qonaqlıq,
sağlıqlar, zarafatlar... Lətif
müəllim bizə elə
qaynayıb-qarışmışdı ki... Görüşlərdə
oxuduğumuz şeirlərin bir neçəsini də əzbərləmişdi.
Ancaq ayrılanda məni kənara çəkib dedi:
– Musa müəllim, deyəsən axı siz öz iş yerlərinizi mənə yanlış dediniz. Ağa
müəllim nəşriyyatda işləyir, siz də
universitetdə, eləmi?
Mən Ağa müəllimi çağırdım, Azərbaycan Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müəllimi olduğunu sənədiylə təsdiqlədi. Lətif müəllim Ağa müəllimi təzədən bağrına basdı, onun bu qədər sadə, səmimi, öz diliylə desək, “kəndçi” olduğuna heyrət elədiyini bildirdi. Bu dörd gün Ağa müəllimə öz kəndçiliyini, qoyun-quzu otardığı uşaqlıq illərini qaytarmışdı. Ağa müəllim özünə, yaddaşına qovuşmuşdu Daşkəsənin qarlı dağlarında...
Ağa Laçınlı ilə hər görüşümüzdə o günləri xatırlayır, onunla bağlı gülməli xatirələri çözələyirdim. Bir dəfə belə görüşlərin birində o, çox kədərli və tutqun tərzdə dedi:
– Ə, Musa, bunları yaz də, nə vaxt yazacaqsan, mən öləndən sonra?!
Mən onu bu ovqatdan çıxarmaq üçün bir zarafat elədim... Rəfiq Zəkanın Tələt Əyyubova dediyi sözləri təkrarladım: “Ağa, – dedim, – qorxma sən ölən deyilsən, bəlkə o xatirəni də mənim haqqımda özün yazası oldun”. İndi bu gün o görüşü, o anı xatırlayıb peşmançılıqla kövrəlirəm, ürəyimdən qara qanlar axır, doğrudanmı Ağanı itirmişik?!
Niyə mən özü dediyi o günlərdə bu
xatirələri dilə gətirmədim? Sağlığında yazsaydım,
başqa cür yazacaqdım, dadını-duzunu,
sumağını, istiotunu azaltmadan, əskiltmədən... Nə
bilim vallah, görünür, çox şey adamın
özündən asılı deyil.
...Mən
artıq altı-yeddi ilə yaxın idi ki, “Gənclik” nəşriyyatında
redaktor işləyirdim. Yaşım
otuzu haqlayırdı. Evim yox idi deyə evlənə bilmirdim.
Musabəyov qəsəbəsində Qanlıgölün
sahilində ev tikib məskunlaşan bir qohumum həyətində
mənim üçün də yer ayırmışdı. Bir
“gecəqondu” qaralamaq lazım idi. Lakin bu iş olduqca yasaq idi.
Milis işçiləri aman vermirdilər. Bu işi görməyi,
milislərlə dil tapmağı Ağa müəllim öz
boynuna götürdü.
Bir gün birlikdə müdrik ağsaqqalımız,
Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin
– Əli Qara oğlunun evinə yollandıq. Əli müəllim hər ikimizin dostu
idi. Onu da deyim ki, mən sarıdan bu dostluğun təməlini
də Ağa müəllim qoymuşdu. Mənim
televizorda çıxışımı dinləyən Əli
Qara oğlu şeirlərimdən xoşu gəldiyini Ağaya
danışır, Ağa da o ki var məni tərifləyir və
Əli müəllimə deyir ki, Musa ilə bir gün
yanına gələcəyik. Əli müəllimlə
dostluğumun təməli, bax, beləcə
qoyulmuşdu. Mətləbdən uzaqlaşmayım, Ağa
müəllimlə Əli Vəliyevin evinə gəldik. Ağa müəllim orda işləyən (Musabəyov
qəsəbəsində) rəis müavininin Qubadlıdan
olduğunu və həmin adamın Əli müəllimin
sözündən çıxa bilməyəcəyini
xatırlatdı. Həmişəki kimi Əli müəllimin
söhbəti çox ötkəm və kəsə oldu:
– Ağa Laçınlı, – dedi – bunu mənə deməsən də olardı, elə özün də gedə bilərdin. Hüseyn
Kürdoğlunu da götür, get o rəis müavininin
yanına, de ki, Musa Ələkbərli evlənməlidi.
Yaşı ötür, “Gənclik” nəşriyyatında
arvadların-qızların içindədi. Allah eləməmiş,
əlindən bir xata çıxar, biabır olarıq.
Mən qıpqırmızı
qızardım, pərtlikdən yanaqlarım od tutub
yanırdı. Ağa müəllim qəhqəhə çəkib
gülür, Əli müəllimlə lap tay-tuşu kimi
zarafatlaşırdı.
Səhərisi gün xətrini dünyalarca istədiyimiz
Hüseyn Kürdoğlu, Ağa Laçınlı və mən
rəis müavininin yanında olduq. Məsələ yoluna qoyuldu.
1978-ci ilin noyabr ayında qohumumun mənə
ayırdığı yerdə gecənin birində bir otaq –
gecəqondu yapa bildik və bu gecəqondu mənim və
şair qardaşlarım Bəhlul Ataxallının, Gəray
Göyyurdun gələcək taleyində, demək olar ki, həlledici
rol oynadı. Üçümüz də bu balaca evdən pərvazlanıb
ev-eşik olduq... Gecəqondunun inşa olunduğu o gecə
Ağa müəllimin xahişi ilə filologiya fakültəsinin
axşam şöbəsinin altı-yeddi tələbəsi də
mənim köməkçim oldu.
Ağa ilə bağlı xatirələrim bitib-tükənməzdir, bir yazıya, beş yazıya sığası deyil. Mən bu yazıya nöqtə qoymaq istəyəndə Ağanın o sözləri yenidən qulaqlarımda səsləndi. O sanki indi deyirdi: “Ə, Musa, yazsan bu xatirələri. Bəs nə vaxt yazacaqsan? Bəlkə mənim dirilib qayıtmağımı gözləyirsən?!”
Mənsə ona xəyalən cavab verirəm: – Sən ölməmisən, Ağa Laçınlı, sən yaşayırsan, şeirlərinlə, o təmiz, büllur şəxsiyyətinlə, sonsuz xeyirxahlığınla, dosta-qohuma yanımcıllığınla, duzlu-məzəli zarafatlarınla, ağır-ciddi görkəminlə, hər məni görəndə “hələ mən kəsə deyirəm”, “sözün qısası” deyə uzatdığın söhbətlərinlə... O söhbət söhbət xatirinə olmurdu, o söhbət cani-dildən gəlirdi, ürəyinin tac damarından süzülürdü. Sən doğmalıq mücəssəməsiydin, Ağa Laçınlı...
Yerin behişt, torpağın qu tükündən yumşaq olsun. Səni torpaq dərdi əritdi. Sən Ağa Laçınlı idin, Laçınsızlığa dözə bilməzdin! Anan haqq dünyasına qovuşanda “Anam anasından ayrı yatır” deyib kövrəlməyin bu gün də gözlərimin qabağındadır. Balalarından nigaran getməyin də məni yaman ağrıtdı. Gərək onların toyunu görəydin, gərək nəvələrin başına toplaşaydı, gərək onların sayını itirəydin... Bu “gərək”lərin hamısını sadalasam “sözün qısası”ndan qisas almalıyam. Hələlik, Ağa Laçınlı! Mənim şair qardaşım, mənim kimi səni yaxından tanıyanlar ölümünə heç vaxt inanmayacaqlar. Sən ölüm körpüsünü keçib ölümsüzlüyə qovuşdun, Ağa Laçınlı! Ölümsüzlüyün mübarək, əbədiyyətin uğurlu olsun!
Musa ƏLƏKBƏRLİ
525-ci qəzet.- 2009.- 26 noyabr.- S.7.