Şəklin və yolun şeiri
CƏMAL SÜRƏYA və NURƏNGİZ GÜNÜN ŞEİRLƏRİNİN TƏHLİLİ
A) Şeiri müxtəlif
cür oxumaq olar və elə ortastatistik, vərdişkar oxular
var ki, bunu hamımız daha tez edirik. Oxuyur, ifadə olunan
poetik mətləbi anlayır, mətnəxas avazı, ritmi,
qafiyələri heyranlıqla və yalnız
başımızı tərpətməklə dəyərləndiririk.
Həmin o ortastsatistik dediyimin arasında sənət
adamları, şairlərin özləri də yox deyil. Çünki
onlar belə qanun-qayda, simmetriya, həndəsə kəlmələrini
xoşlamırlar; üslub, nə gözəl,
sarsıldım, səmimiyyət, məna, fəlsəfə
kimi sözləri daha çox sevirlər, hərçənd
birincilər elə ikincilərin elmi nizam-intizamla izah olunan
adlarıdır. İkinci tip adlandırmanı sevənlər
poeziya və ədəbiyyat qurmanlarıdır. Birincilər
ikinciləri anlamır, ikincilər isə təbəssüm
göstərir. Sıravi futbol azarkeşi ilə özü
futbolçu olan futbol azarkeşinin fərqi nə qədərdir?
“Kim iddia edə bilər ki, insan anatomiyasını bilən
kişi, həkim, qadın gözəllniyini həkim olmayan
başqa kişilərdən yaxşı hiss edir. “Məncə tərsi daha az
mübahisə doğurardı.
B) Sənət (= şeir) nə
üçündür? Biz adətən eşitdiyimizi
görmür, gördüyümüzü eşitmir,
eşidib-gördüyümüzü duymur, duyduğumuzu
anlamır, eyni vaxtda yalnız bir nöqtədə ola
bildiyimizdən, olmadığımız sonsuz yerlərlə,
nöqtələrlə elə heç yoxuq kimi
görünürük. Bəlkə də bunu bacarsaydıq təkəbbürümüz
bizi yaradılışın əşrəfi yox, daha
böyük məsrəfkarı, əyyaşı edərdi.
Yaradılışımızda bu nəzərə
alınıbsa istisnalar da olub, bu məsələdə də ədalət
pozulmayıb. Aramızdan elələri çıxıb ki,
ümumun duymadığını duyaraq,
yazmadığını yazaraq bunu hamının malına
çevirib. Alimlər, şairlər, bəstəkarlar, rəssamlar
doğulub (peyğəmbərləri yazmıram-onlar
başqadır). Və bu kəslər, yalnız bir vasitəylə-
kimi sözlə, kimi rənglə, səslə, düstur və
formulla həmin böyük, əsrarəngiz, möhtəşəm,
sirli və harmonik səhnənin yalnız bir üzünü
və yalnız bir vasitəylə, amma çox dolğun
göstərə biliblər: ona görə də sənətlərin
hansı birincidir sualı mənasızdır.Və biz bəzən
aramızdan çıxan həmin böyük həmvətənlərmizin,
dünyadaşlarımızın bizə miras
qoyduqlarını anlamağa, təhlil etməyə qalxarkən
bayaq qeyd elədiyim səthi və vərdişkar meyarlardan
çıxış eləməməliyik. Çünki hər
bir sənət əsəri həm də böyük
yaradılışın zərrəsi və
daşıyıcısıdır.
C) Bir örnəyə diqqət
yetirək. Kitabların anası olan “Quran” da yeddi göy kəlməsi
–7 dəfə, göylərin yaradılması- 7dəfə,
gün-365 dəfə, günlər-30 dəfə, ay-12 dəfə,
cəza-117, bağışlanmaq 2 dəfə artıq- yəni
234 dəfə, kasıblıq-13, zənginlik iki dəfə
artıq-yəni 26, şeytan və mələk- hər biri 88
, cənnət və cəhənnəm- hər biri 77,
qadın və kişi kəlmələri- hər biri 23dəfə
çəkilir. Əlbəttə ki, inananlara bu nə təsadüf,
nə də insan müdaxiləsi ilə qurama təsiri
bağışlamır. Bu böyük
yaradılışın harmoniyasının göstəricisidir.
Bu hansısa sirli və böyük elmin qanunauyğunluqlarıdır.
Yeri gəlmişkən, bu misallarda düşünən
adamlar üçün əlbəttə ki, başqa, bəlkə
daha vacib nəticələrə gəlmək imkanı da
vardır və mən indi teologiya ilə məşğul
olmaq istəmir, örnək verməyə niyə “Quran”la
başladığımı izaha lüzum görmürəm.
Və bizim, şairlərin, ümumiyyətlə bütün
insanların yarada biləcəyi ən yaxşı
seir-doğru və gözəl söz, məhz həmin bulaqdan
su içməliydi, böyük yaradılışın
kiçik yaradılışda əksi mütləq vardır.
Şeirlərdəki təkrarlar yalnız təkrar, qafiyələr
yalnız qafiyə, vurğu isə yalnız vurğu deyil,
onlar növbəti uyğunluğu, ümumi ahəngi hiss etmək,
görmək üçün vasitədir.
Bir örnəyə də baxaq: Puşkin yazdığı 400 000 sözün 1000-nini təxminən 380 000 dəfə təkrarlayıb. Halbuki lüğətində 21 197 söz olub. Böyük rus şairi ilə bağlı başqa bir nəticəyə baxaq. Alimlər hesab edir ki, Puşiknin 21 197 sözü arasından 1000-ni anlamaq artıq onun əsərlərini müəyyən bir səviyyədə qavramağa imkan verir.Yeni dil öyrənənlər üçün bu xüsusən belədir. Halbuki hər hansı bir dildə 600 kəlməni bilmək mətbuatı izləmək, 3000 kəlməni bilmək isə təxminən o dili bilmək sayılır (A.Mirzadjanzade, “Gtödı o qumanitarizaüii obrazovaniə”, səh. 223) . Diqqət yetirin, 400 minlik ümümi söz kütləsinin miqdarını ( 4+0+0+0+0+0=4) təkrarlanan 1000 min sözə (1+0+0+0=1) böləndə, nəticə 380 minlik təkrar dəfəsi (3+8+0+0+0= 11=1+1=2) ilə lüğətdəki 21197 sözün 2+1+1+9+7=20=2+0=2) hasilinə ( və ya cəminə) bərabər olur. Yəni, 4= 2+(x) 2= 4 edir.
Təhlil
Bu dünyada hər şey statika
və dinamika, başqa adla şəkil və yoldur . Hətta
antik dövrə aid filosof və riyaziyyatçılardan biri hərəkət
edən oxun trayektoriyasını bölərək koknret anlar
içində statik nöqtələrdən ibarət
olduğunu söyləmişdi. Doğuluş və
ölüm (əvvəli və sonrası metafizikaya aiddi)
arasında şəkil dəyişərək uzanan yol.
İnsan hətta yuxuda belə yerin hərəkəti nəzərə
alınarsa yol gedir. İnsan hərəkətdəykən belə
özünün bəlli, dəyişməz simasını və
bədənini apararaq şəkildir, statikadır. Bu
misalları çoxaltmadan mətləbə keçirəm.
Bu yazının sonrakı hissəsi içində təhlil
etmək istədiyim şeirlər şəkil və yolla
bağlıdır. Məşhur Türkiyə şairi Cəmal
Sürəyanın “Şəkil” (İstanbul türkcəsiylə
“Fotoğraf”) və məşhur Azərbaycan şairəsi Nurəngiz
Günün “Yol gedirəm” şeirlərini nəzərdə
tuturam. Hərəkətin və statikanın nə qədər
bağlı, iç-içə olduğunu artıq söylədim
deyə hər iki şeirin bu ortaq keyfiyyəti haqda ümumi
fikirlər yetər, detallar haqqında isə yeri gəldikcə
danışmağa cəhd edəcəm. Yalnız üç
şeyi qeyd edim: hər iki şair nəsildaşdılar, eyni
onillikdə C.Sürəya 1931-də, N.Gün isə 1938-ci ildə
anadan olublar; hər iki şeir ailədən danışır
və bir də hər iki şeir 1984-cü ildə
yazılıb...
Cəmal Sürəyanın
“Şəkil” şeirini birgə və bir daha
oxumamışdan əvvəl onun haqqında bəzi şeylərə
diqqət yetirək. Edip Cansevər, İlhan Berk, Turqut Uyar, Ece
Ayhan və Sezayi Karakoç kimi Türkiyə şairləri
yanaşı Cəmal Sürəya da “İkinci Yeni” cərəyanını
yaratdılar və təşkil etdilər. Hətta bu poetik
yolun Cəmal Sürəya ilə bitdiyini də söyləyirlər.
“Qərib”ə, Orxan Vəli şeirinə, eləcə də
onlara qədər mövcud olan “ictimai ağırlıqlı”
poeziyaya qarşı çıxan, bu məqsədlə
formalaşan “İkinci Yeni”çilər üçün dil mənadan
vacib, hiss etdirmək anlatmaqdan öndə idi və bu mənada
onlar sürrealistlərlə qohumdular.Vərdiş olunmuş
dil qəliblərini qırmaq, sözsırasını
dağıtmaq (bax: Cəmal Sürəyanın “Göçebe”,
“Mola”, “Tabanca”, “Üvercinka” və b. şeirlərinə)
onların poetik kredosu idi. Bəzən şeirləri
anlaşılmazlıq həddinə çatır (yeri gəlmişkən,
çağdaş şeirimizdə şairləri “tərəziyə
qoymaq”dan, topdan sıralamaqdan zövq alan Xaqani Hass bu mənada
yəqin ki, 222-ci “ikinci yenidir”), xəyal gücü adətən
reallığı üstələyirdi. Amma mənim şairin
tədqiq eləmək istədiyim şeiri realist poeziya
nümunəsidi.Gəlin şeirin Azərbaycancasını
birlikdə oxuyaq: “Duraqda üç adam/ Kişi qadın və
uşaq/ / Kişinin əlləri ciblərində/ Qadın
uşağın əlindən tutmuş/ / Kişi
hüzünlü/ Hüzünlü nəğmələr
kimi hüzünlü// Qadın gözəl/ Gözəl
anılar kimi gözəl// Uşaq / Gözəl anılar kimi
hüzünlü/ Hüzünlü nəğmələr
kimi gözəl”
Vərdişlə desək “Şəkil”
şeiri sərbəst şeir, yaxud da ki, intizamsız verlibrdi.
Dayanacaqda durmuş, ehtimal etsək avtobusunu gözləyən,
hərəkətə hazırlaşan bir ailə-kişi,
uşaq və qadın təsvir olunub.İstənilən şəkil-statikadır.Hətta
şəkildəki adamlar, bayaq dediyim kimi dayandıqları
Yerlə birgə hərəkət etsələr belə.
Dayanmağın şəkli olan bu şeirin yeganə diriliyi,
hərəkəti şeiri oxuyarkən bizim
gözümüzün soldan sağa və sətirdən sətirə
hərəkətindədir. Ahəngi müəyyənləşdirməyin
yolu şeiri ucadan oxumaqdır deyə bu haqda da
danışmıram. Hüzn və başqa təəssürat
da bəllidi. Bəs nədi bu şeiri qiymətli edən?
Şeir sözlərin təkrarlanan
unikal kombinasiyası əsasında yazılıb. Diqqət
yetirin, müəllif şeirini 4 ikimisralıq, 1
üçmisralıq (poetik cümlə kimi) yazıb. 1-ci
ikimisrada yer və bütün adamlar. 2-ci misrada da yenə həmin
yer və hamı-ailənin bütün üzvləri var.
3-cü ikimisralıq yalnız kişini təsvir edir. 4-cü
isə yalnız qadın haqqındadır, onu təsvir edir. Bəs,
belə deyək 5-ci bənd niyə
üçmisralıqdır? Bəlkə ona görə ki, hər
bir uşaqda həm atasından, həm də anasından nəsə
var? Elədi. Bu təkcə məntiqcə yox, həm də
formal olaraq həll olunub.Uşağın təsvirində
görünən, təlqin olunan “gözəl anılar kimi”
olmaqla anasından və qadına aid bənddən alınan
“hüzün”- əslində atasından və kişiyə
aid bənddən gəlir; atasına aid və kişiylə
bağlı bənddən gələn “hüzünlü nəğmələr
kimi” bənzətməsinin “gözəl”liyi isə bu dəfə
anasına aid, qadınla bağlı hissədən
alınır. Təsvirin tamlığı,
hüznün-kişi başlanğıclı (dini mənada),
gözəlliyin-qadın başlanğıclı (dini və
estetik mənada) olmasıyla səhnənin məntiqi sərrastlığı
öz yerində, və sanki bir poetik DNK modeli də qurulur.
Şeirdə uşağın cinsi də bilinmir ki, həqiqət
də uşağın cinsi olmur, uşaq safdır və nə
qədər ki, anasının əlindən tutur- məlum
ayırıcı keyfiyyətlərdən məhrumdur. Təkrarlar
ahəng yaradır, ritm yaradır-bu da aydındı.Şeirin
bu xassələrin inkişaf elətdirmək onun
harmoniyasını, məntiqi və formal-metrik
simmetriyasını daha dərindən də tədqiq eləmək
olar, məsələn, Yakobson prinsipinin ziddinə (bəlkə
də ziddinə deyil), 11 sətirlik şeirin tək deyil,
cüt sətrindən keçməklə (5+1+5) onun simmetriya
oxunu da çəkmək olar. Amma şeirdəki təkrarlar
başqa düşüncələrə əsas verir. Bizim
alabəzək, rəngarəng dünyamızda
gözümüzün gördüyü hər şey
yalnız yaxın məsafədən rənglidir. Eləki,
uzaqlaşırsan, hər şey qaraltıya və siluetə
çevrilir. Sonra isə itir.Burda dünyaya hədsiz
bağlanmağın ziyanlı olduğuna bir eyham da var,gec-tez
biz dünyadan uzaqlaşacaq, ordakı təsvirlər ya
uzaqlıqdan, ya gözlərimiz tor gödüyündən
qaraltıya çevriləcək. Bəlkə ona görədir
ki, az danışmaq, az sözlə danışmaq daha maraqlıdı.Bəlkə
ona görədir ki, ilk rəsmini çəkən uşaqlar
onun hansı mürəkkəblə, rənglə çəkdiklərinin
fərqinə varmırlar, bəlkə fitrətlərindəki
hansısa sirli bir güc “çəkəcəyin yalnız
zahirdir, batini onsuz da çəkə bilməzsən” əmrini
verir. Sizi bilmirəm, əziz oxucu, amma mənə ağ-qara rəssam
eskizləri rəngkar tablolarından həmişə
maraqlı, çəkici görünüb. Uşaqlıqda
yediyim sadə pendir-çörək, “ağ-qara dürmək”,
tez-tez getdiyimiz və güclə oturduğumuz zəngin,
çoxundakı nemətlərin tökülüb
qaldığı toy süfrələrindən daha dadlı və
maraqlı görünüb.Zəngin-olmaqda vulqarlıq da var.
Ümumiyyətlə az sözlə,eyni sözlərlə
danışmağın özündə bir az
ağayanalıq,bu mənada ağırlıq, bir az da
uşaqlıq, saflıq var. Cəmal Sürəya da eskiz
çəkir, uşaqlar kimi cizgi rəsmləri çəkir.Ailə
eyni taleni paylaşmaq deməkdi, yəni həm də eyni
sözləri də, günləri də. Cəmal Sürəya
həm də bunu edir. Mən sizə “Şəkil” şeirindəki
sözlərin, lügəti vahidlərin təkrar əmsallarını
göstərəcəm, gəlin baxaq: Kişi, Qadın və
Uşaq kəlmələrinin hər biri şeirdə 3 dəfə
çəkilir; Hüzün və Gözəl sözlərinin
hər biri-5 dəfə; Anılar, Nəgmələr, Əl kəlmələrinin
hər biri- 2 dəfə; Kimi sözü- 4 dəfə; qalan
bütün sözlər (Adam, Tutmuş, Cib, Üç və
Duraq) hər biri – 1 dəfə olmaqla istifadə olunur. Bu kəlmələrin
təkrar əmsallarını hər birimiz cüzi fərqlərlə
də olsa amma eyni cürə şərh edə bilərik deyə
buna lüzum görmürəm. Amma lüğəti vahidləri
poetik sıradakı yerinə uyğun ardıcıllıqla X
oxunda, təkrar əmsalını isə Y oxunda ifadə edərək
alınan qrafikə diqqət yetirək (bax: şəkil 1-ə).
Görürsüz, iki yanaşı və eyni boyda
böyük təpəcik (bunu kişi və qadın olaraq təsəvvür
eləmək bir elə çətin deyil), az aralıda isə
iki yanaşı kiçik təpəcik (bunu isə uşaq və
anasının əlindən yapışsın deyə
uşağın başı boyu qaldırdığı totuq əlləri
də hesab etmək olar. əlbəttə bəzi
qüsurlarla. 2-ci şəklə baxın, təsadüfən
çəkilib, əgər ordakı uşaq əllərini
qaldırmış olsaydı, səhnə vizual olaraq bitkinləşərdi.
Balaca Sonaya şeiri oxuyub tapşırıq verdim ki, şeirdən
anladığını çəksin və o iki şəkil
çəkdi. Mən onlardan birini (bax: 3-cü şəkil) təklif
edib, təhlili saxlayıram.
Bu yaxınlarda 7-ci onilliyin əllərini
əlindən buraxıb, 80-ə, 90-a yol alan, XX əsr ,
xüsusən son çərək Azərbaycan
poeziyasının ən güclü, üstəgəl zərif
poetik səsi Nurəngiz Günün “Yol gedirəm “şeirinin
təhlilinə keçməmişdən əvvəl şairənin
bütün yaradıcılığından
qırmızı xətt kimi keçən, amma haqqında
yazılan yazılarda gözdən qaçan yalnız bir
xüsusiyyəti qeyd edəcəm:
– Sirr deyil ki, biz yazmağı
danışmaqdan öyrənmişik, hamımızın ilk
müəllimimiz nitqdir. Uzun müddət nitqin təkcə
sıradan bir insan və şair kimi deyil, həm də peşəkar,
nümunəvi və canlı ruporu olan Nurəngiz Gün məhz
çalışdığı sahədə öyrəndiklərini,
tətbiq etdiklərini poeziyasına çox ahəngdar tərzdə
gətirə bildi. Sözü şeir, poeziya edən
danışanın ona münasibətidi. Nurəngiz Gün bu
münasibətlərin əlaçı məzunuydu. O adi xəbəri
öz hadisəsi, öz hadisəsini adi xəbər kimi
danışmağı öyrənmişdi;
– Milli, ictimai mövzularda, icma
ağırlıqlı səmimi şeir yazmaq çətindir-bunu
hamı bilir, çünki şair həmişə solist,
şeir həmişə solodur. Onun poeziyasınının
ikinci, yalnız özünəxas özəlliyi də buydu
ki, həmin ictimai mövzular belə özünü müəllifin
yaradıcılığında şəxsi tərcümeyi-halı
kimi (“Torpaq yuxularım”) biruzə verirdi.Bəzən sırf
avtobioqrafik məqamlar da unikal plakat təəssüratı
yaradırdı ki, bu artıq müsbət əks reaksiya demək
idi;
– Nurəngiz Günün
lüğət ehtiyatında bihudə,qəvi (+ehtiyat),
çifayidə (çefayda), tabım-tavanım, eyzən,girinc,
fəna, güzar, şaqraq,şilə,xürrəm, vicvicə
və b. çoxlu itirilmiş və itirilməkdə olan
arxaizmlər, keçmə sözlər var ki, bu məndə
müəllifin həmin sözlərdən daha çox, o
sözləri öyrəndiyi, oxuduğu, eşitdiyi
itirilmiş gözəl (!) zamana olan xiffəti kimi
göründü.İnsan ömrü yalnız keçmiş
zamandadır.Bunu anlayırsa, anladığını,üslub
halına gətirirsə o daha çox
insan(=şair,yazıçı) olaraq qala bilir. Bu da Nurəngiz
Gün poeziyasının özü qədər gözəl
üzü kimi göründü mənə;
Metrik baxımdan sərbəst
şeirin elə Cəmal Sürəya kimi müxtəlif
versiyalarında yazan Nurəngiz Gün ondan (=sürrealizmdən)
fərqli olaraq əksər poetik nümunələriylə
realistdir, hətta realizmi qrotesk (“Yaddaş
yapışqanı”) edir. Amma bəzən yeni bayatılar
yaradır, əski folklor metrikasında, xalq nəğmələri
üstündə (“Bakı-Təbriz bayatıları”, “Ay
lolo”) improvizələr edir. Bunlar bəlkə də müqayisə
zəminində demək istədiklərimdi ki, uzatmayacam.
Cəmal Sürəya şəklin
şeirini yazırsa, Nurəngiz Gün yolun şeirini
yazır. Qəribədir, birinci şeirdə təsvir olunan
ailə dayancaqda durub hərəkətə
hazırlaşırsa, ikinci şeir ailənin hərəkətdə
olub dayanmağı haqqındadır. Gəlin, “Yol gedirəm”
şeirini oxuyaq: “Dodaqlarımda təbəssüm,/Bəbəklərimdə
ümid və qürur,/ İçimdə ağlamaq
ehtiyacı.../ Yol gedirəm, yorulanadək.// Saçlarımda
rüzgarım, / Ruhumda ana laylası,/ Başımda məğlub
eşqim,/ Yol gedirəm, sinəm qaralanadək.// Ovcumda sirr,/
Barmaqlarımda qabar, / Ürəyimdir... varım-yoxum/ Yol gedirəm,
saplağından qırılana-dək. / Önümdə
silsilə dağlar,/Sərt qayalar, soyuq dəniz,/ Qərib
canla, bu tək cana, qürub çağı/ Yol gedirəm,
öləziyib saralanadək.// Arxamda sarp enişlər,/
Çiynimdə Günəş tayası,/ Ağuşumda Jaləm
və titrəyişim.../ Yol gedirəm, yol olanadək.”
Məzmunun,
emosionallığın, ifadə gücünün ümumi təhlilinə
ehtiyac yoxdu, şeiri oxuyub anlamayan, mütəssir olmayan
inanmıram ki, tapılsın. Mən bu şeiri dəfələrlə
oxumuşam. Amma ilk oxudaca gün bəlli şeylərdən
başqa daha nələrinsə olduğunu intuitiv hiss eləyəndə
uzun müddət özümə yer tapa bilmədim. Bu şeir
o qədər səmimi, o qədər güclü və o qədər
doğru idi ki,bütün bunlar özünü başqa
cürə də biruzə verməliydi. Necə?
İntizamsız metrikayla (verlibrlə)
yazılmış bu beş bəndlik və hər bəndi
dörd misradan ibarət olan şeirin bəndlər son
misralarını ard-arda oxuyaq: “...Yol gedirəm, yorulanadək
>>Yol gedirəm, sinəm qaralanadək >> Yol gedirəm,
saplağından qırılanadək>> Yol gedirəm,
öləziyib saralanadək >> Yol gedirəm, yol olanadək
“- hər şey həyatdakı kimi doğrudur,
dürüstdür. İnsan əvvəl yorulurur,
yorulmağın kulminasiyası sinəsi qaralmaqdı, burda
yarpaq metaforası işə düşür və sonrası
saplağından ayrılan yarpaq olmaqdı ( valideynlərini.
yaxınlarını- əvvəlini itirməkdi), sonadək
saralmaq, öləzimək, xəzan olmaq və nəhayət
torpağa qarışmaqla torpağın,yolun özü
olmaqdı ki, sonuncu həm insan həyatının,həm də
poetik prosesə sonradan qoşulan yarpağın da aqibətidir;
sonuncu sətirlə müəllif çox uğurlu ümumiləşmə
aparır. Üstəgəl “yarpaq” metaforası, fikirləşirəm
ki, təsadüfi və sıradan bir şey deyil.
Çünki fəlsəfi təlimlərdə və ədəbiyyatda
Ağac (həyat ağacı,şəcərə,davam və
sairə) və Çay, biri həyatı, digəri hərəkəti
ifadə edən əbədi obrazlardır.
İndi gəlin, bəndlərin
son sətirlərini çıxmaqla şeirin mətndaxili
trayektoriyasına baxaq. Şeir müəllifdən (yaxud onun
alter eqosundan), özü də dodaqdan çıxış
almaqla hərəkətə başlayır. Ümumiyyətlə
bütün şeirlər görünən tərəfiylə
dodaqdan başlayır deyə bu başlanğıc həm də
iki dəfə uğurludu. Sonra aşağıdan yuxarı,
yaxud irəliyə hərəkət baş verir- bəbəklər
görünür, daha sonra “içimdə ağlamaq
ehtiyacı” deyə geriyə – bu dəfə-insanın
içinə hərəkət, dönüş olur. Gəlin
birinci bəndlə bağlı ümumiləşmə aparaq:
dodaq> bəbək> içdəki ağlamaq ehtiyacı =
nöqtə, irəli, geri. İkinci bəndə baxaq və dəfə
hərəkəti ilk bənddə dayanan hərəkət
nöqtəsindən davam edək: içəridən >
saça > ruha və başdakı məğlub eşqə=
nöqtə, irəli, geri. Yenə də hərəkət
eyni cürə baş verir. Üçüncü bəndə
də əvvəlki yerdən baxaq: içəridəki məğlub
eşq > ovuc > barmaq> ürək= nöqtə, irəli,
irəli, geri. Burda irəliyə gediş iki dəfə
çoxdur, döyüntü, çırpınış
artır. Dördüncü və beşinci bəndlərə
birlikdə və yenə də eyni qaydayla baxaq, çünki
bu bəndlərdə artıq hərəkət insan bədənindən
xaricə, fona,peyzaja, relyefə çıxıb qayıdaraq
baş verir: ürək > ön-dağlar > arxa-sarp
enişlər > qərib can, Jalə və titrəyiş=
nöqtə,irəli, geri, nöqtə. Sizi bilmirəm, amma mən
indi, elə bu əqlinəticələri ümumiləşdirərkən,
bir az da cərrah işi görərkən, “Yol gedirəm”
şeirini ovucumda döyünən,
sıxılıb-açılan, irəli-geri hərəkət
edən iztirab çəkmiş ürək kimi təsəvvür
edirəm.
İndi, gəlin o ürəyin
başqa göstəriciləri ilə tanış olaq.
Bu heca strukturu cədvəlidir (şeirin bəndlər üzrə heca saylarını və onların tək-cüt olmalarını göstərir). Baxın: ilk bənddə 3 cüt, 1 tək hecalı sətirlər vardır ; 2-ci bənddə 3 tək,1 cütdlüür sətirlər (1-ci və 2-ci bəndlər bu mənada bir-biriylə simmetriya təşkil edir); 3-cü bənddə 2 tək, 2 cütlüdür sətirlər (bənd bu mənada yeganədir) ; 4-cü bənddə 3 cüt və 1 təkli, 5-ci bənddə isə 3 təkli və 1 cütlü sətirlər var ki,həmin bəndlər də yenə bir-biriylə simmetrikdir. 1və2-ci bəndlər 3-cü bəndə nəzərən 4 və 5-ci bəndlərlə də öz aralarında simmetriya təşkil edir-lər. Daha bir dəqiqləşdirmə üçün gəlin tək və cüt hecaların sayını toplayaq. Təkdən başlayaq: 9 +7+7+11+7+11+13+11+9= 85 =8+5=13=1+3=4. Bu isə cüt hecalar: 8+10+10+8+4+8+8+12+8= 76=7+6=13=1+3=4. Şərhə ehtiyac yoxdusa da biz başqa bir dəqiqləşdirmə də aparaq. Bu dəfə isə hecaların təklik və cütlük saylarını toplayaq: təkliklər: 1+3+2+1+3=10; cütlüklər: 3+1+2+3+1=10. Cavablar eynidir. Üstəgəl, diqqətlə baxsanız onu da görəcəksiniz ki, təkliklərin toplama sırasının axırdan əvvələ variantı cütlüklərin əvvəldən axıra toplama sırası demək olacaq. Bu isə mənim XX əsr Azərbaycan poeziyasının əvəzolunmaz nümunələrindən hesab etdiyim “Yol gedirəm” şeirinin ola bilsin mexaniki üsulla (əminəm ki, həmin hesablamalar formullarla da mümkündü) təhlili zamanı fiksə etdiyim sonuncu simmetriya idi. Kağızlarımı sahmana salanda rəssam və şair dostum Nazim Şahın arxivimdəki bir eskizini xatırladım. O şəkli də son olaraq yazının bu hissəsinə əlavə etdim .Lütfən, 4-cü şəklə də baxın.
* * *
D) Qara ilə
ağın, xeyir ilə şərin, gecəylə
gündüzün, sükut və ətalət ilə səs-küy
və qaçhaqaçın həmqafiyə olduğu,
bir-birini tamamladığı, simmetriya təşkil etdiyi
dünyada şeir yazmaq əslində elə dünyanın,
yaradılmışın təqlidi demək olur. Və birində mövcud olanlar digərində
mütləq əks olunur, biri digərinin xassələrini
daşıyır. Şeir dünyadan törəyirsə, ondan
alınaraq yazılırsa, dünya da şeirdən törəyir,
oxucuları olan insanlarının vasitəsi ilə onun
özü də dəyişir. Bəzən bir şeir və
ya cümlə oxuyursan, ilk oxudaca intuitiv olaraq anlayarsan ki, yox,
burdakı gözəgirən poetik mətləbdən,
şeirə xas ümumi ecazlardan və xüsusiyyətlərdən
başqa daha nələrsə var, təkrar-təkrar
baxırsan, görə bilmirsən, məğlubcasına
axtarışlarına son qoymaq istədiyin məqamda mətn
öz niqabını üzündən götürür. Sən
onu bir ayrı cürə görməyə başlayırsan.
Bunu niyə görmək istəyirsən, bütün
bunların əlaqəsini niyə axtarmaq istəyirsən? Əqli
ehtirasını, anlamaq ehtiyacını bir başqa cürə
söndürmək, bunu başqasıyla da bölüşmək,
eynilikdən, bayağılıqdan qaçmaq, təsvirlə
gördüyün dünyanı sözlə, sözlə
anladığın mətləbləri rəqəmlərlə,
fiziki məsələləri kimyəvi üsullarla, məntiqlə,
fəlsəfə ilə, və beləcə hər şeyi
mövcud, ağla gələn digər şeylərlə ifadə
elmək, təkrar dayanıb, müticəsinə faninin
ağuşuna girmək üçün. Amma sonuncudakı
yorğunluq və mütilik elə təbii baş verir ki, sənin
başqa istəyin qalmır, istəyin qalmırsa, yorğun
olursansa, demək dünyagir olmursan, ruhi rahatlığa,
insanın ömrü boyu qaçdığı, can
atdığı harmoniyaya ən xeyirxah, ziyansız vasitəylə
nail olursan, bunu hal əhli bilir.
Səlim Babullaoğlu
525-ci qəzet.- 2009.- 27 noyabr.- S.28.