Türkdilli ədəbiyyatlar arasında Əhəd Muxtar körpüsü

 

”...Bilmək istəyirdik ki, bizim işlədiyimiz bu ucu-bucağı görünməyən taxıl zəmisi harada qurtarır. Maraq üçün “Qaz-51”ə minib yola çıxdıq. Axşamacan yol getdik, amma zəminin qurtardığı yerə gedib çıxa bilmədik... Fikrimizdən daşındıq. Maşından düşdük. Əhəd də, mən də çox susamışdıq. Üz tutduq ətrafdakı qazmalara sarı. Bir-bir qapıları döyüb “voda” deyirdik, heç kəs anlamırdı. Birdən ağlıma gəldi: “Əşşi, biz niyə rusca soruşmalıyıq ki? Qazax dili də türk dillərindəndir axı...” Bu dəfə “su” istədik. “Ju?” – soruşdular. Və gedib bizə bir parç su gətirdilər. Sən demə, bunlar suya “ju” deyirmişlər...”

Bu, görkəmli alim-pedaqoq, professor Əjdər Ağayevin keçən əsrin 50-ci illərində Azərbaycan Pedaqoji İnstitutunda oxuyarkən ən yaxın tələbə yoldaşı Əhəd Muxtarla bir yerdə Qazaxıstana – xam torpağa getmələrilə bağlı bir neçə il əvvəl danışdığı xatirədir...

Həmin epizod sonralar şair və tərcüməçi kimi geniş tanınan Əhəd Muxtarın başqa türk xalqları, onların dili ilə ilk “əyani tanışlığı” idi. Sonra dəfələrlə Orta Asiyada oldu. Türkmən yazıçısı Təşli Qurbanovun “Sarı gül” povestini Azərbaycan dilinə çevirdi. Özbək, qırğız, qazax, türkmən şairlərinin çox sayda şeir və poemalarını Azərbaycan oxucularına çatdırdı.

Özbək və Azərbaycan dilləri bir-birinə yaxın olsa da, türk dilləri qrupuna daxil bu iki dilin istər lüğət tərkibi, istərsə də yazılışı, tələffüzündə xeyli fərq var. Keçən əsrin 70-80-ci illərdə özbək yazarlarının əsərləri kitab-kitab Azərbaycan türkcəsinə çevriləndə tərcüməçilər, ruscadan, ingiliscədən çevirmələr qədər olmasa da, kifayət qədər zəhmət tələb edən bir işə girişmişdilər. Azərbaycanda və Özbəkistanda iki respublikanın ədəbiyyat və incəsənət günləri keçirilən vaxtlarda bu işin əhəmiyyətli bir hissəsi də şair-tərcüməçi Əhəd Muxtarın üzərinə düşdü. Onun özbək şairlərindən çevirdiyi şeir və poemaların həcmi 11 min misradan artıqdır. Həmin tərcümələrin bir hissəsi ayrıca kitab şəklində çap olundu: Normurad Nərzullayev, “Məhəbbətdən doğulmuşam” (Gənclik, Bakı, 1979); Həmid Alimcan, “Sən doğulan gün” (Yazıçı, 1989).

Özbəkistanın ən tanınan şairlərindən olan Camal Kamalı da Azərbaycan dilinə ən çox Əhəd Muxtar tərcümə edib. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə C.Kamalın 1989-cu ildə Bakıda nəşr olunan “Günəş çeşməsi” adlı kitabına önsözdə yazır: “...Mən C.Kamalın əsərlərini imkan olduqca dilimizə çevirmək və bu əsərlərdən ibarət kitab buraxmaq fikrinə düşdüm. Bu arzunu özbək dilini yaxşı bilən qələm yoldaşlarımdan Xəlil Rza və Əhəd Muxtara bildirdim və biz bu çətin, lakin şərəfli işə başladıq. Bu gün Azərbaycan oxucularına təqdim etdiyimiz bu toplu həmin arzunun nəticəsidir”.

İki il qabaq Ə.Muxtarın 70 illiyi ilə bağlı çapdan çıxan xüsusi nəşrdə (“Oğuz eli” qəzetinin “Yazıçı” buraxılışı) C.Kamalın da mərhum azərbaycanlı qələm dostu və tərcüməçisi haqda bir yarpaq xatirəsi yer almışdı:

“Əhəd haqqında çox isti xatirələrim var. Tanışlığımızın tarixçəsi onun Özbəkistana səfərindən başlanmışdı. Sonralar mən də iki dəfə Bakıda oldum. O da Daşkənddə bizim evdə qonaq oldu. Əhəd çox yaxşı insan, yaxşı şair və mehriban dost idi...

Ümumiyyətlə o vaxtlar Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələr çox sıx idi. Bunun əsas səbəbi o idi ki, Azərbaycan və özbək xalqları eyni kökdəndir. Məsələn, biz də Füzulini öz şairimiz hesab edirik. Muğam oxuyanlar Füzulinin şeirlərindən çox istifadə edirlər. Böyük özbək şairi Maqsud Şeyxzadə isə əslən azərbaycanlıdır. Özbək və Azərbaycan dilləri yaxındır, amma bir dildən digərinə çevirmələr xalqların ünsiyyətini daha da asanlaşdırır”.

Ə.Muxtarın vəfatından sonra onun həm şeirlərinin, həm də tərcümələrinin əlyazmaları ilə dolu qovluqları həyat yoldaşı Fəridə xanım diqqətlə sistemləşdirib, sahmana salıb. Fəridə xanım deyir ki, Ə.Muxtar özbək ədəbiyyatının görkəmli simalarından olan Mir Temir, Şöhrət, Abdulla Aripov, Zülfiyyə, Qafur Qulam, Uyğun, Şükrulladan da xeyli tərcümələr edib. Azərbaycan dilinə çevirmələrdən ibarət 10-a yaxın toplunun tərtibçisi, yaxud redaktoru olub. Ə.Muxtarın türk xalqlarından tərcümələri arasında tatar şairlərindən çevirmələr də var.

Yazıçı-publisist Hacı Ağəddin Mansurzadə öz xatirələrindən ibarət “Özbəkistanda nəyim qaldı” kitabında təxminən 30 il qabaq Ə.Muxtardan aldığı bir müsahibəyə də yer verib. Ə.Muxtar “Bir ildə doqquz kitab” sərlövhəli müsahibədə özbək xalqının Azərbaycan ədəbiyyatına böyük maraq və hörmətindən danışıb:

– Mən Özbəkistanda Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunun olmasını böyük hadisə hesab edirəm. Əgər hər il bu ali məktəbi, orta hesabla, min müəllim bitirirsə, bu o deməkdir ki, özbək torpağının hər bucağında ölməz Nizaminin övladları yaşayır. Onlar ustad şairi öyrənir, onu yetirən xalqı sevir, hər vaxt bu xalqı, bu torpağı hörmətlə yad edirlər. Bu gün həmin institutla bağlı digər bir həmyerlimizin – iki xalqın şairi və iftixarı sayılan Maqsud Şeyxzadənin adını çəkmək istəyirəm. Maqsud Şeyxzadənin adını eşidən və şeirini əzbər bilən adam özbək torpağında istədiyi qapını ərklə aça bilər... Maqsud Şeyxzadə bütün özbəklərin hədsiz dərəcədə hörmət etdiyi böyük sənətkarlardan biridir. Yoxsa özbəklər ona elə-belə “ustad” deməzdilər... Səmərqənddə Nəriman Nərimanovun adını daşıyan küçənin olması da məni hədsiz dərəcədə sevindirir... Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Cabir Novruz sanki Azərbaycan yazıçıları deyil, həm də özbək şairi, özbək nasirləridir. Özbəkistan nəşriyyatları öz yazıçıları ilə yanaşı, adlarını çəkdiyim azərbaycanlı nasir və şairlərin də əsərlərini qayğı ilə çap edirlər. Məncə, bundan yaxşı, bundan böyük məhəbbət və hörmət ola bilməz...

– Eşitdiyimə görə, özbək torpağından Səməd Vurğunun ev-muzeyinə qiymətli bir hədiyyə gətirmisən, bu düzdürmü?

– Bəli gətirmişəm... Dostum Normuradın kabinetində oturub söhbət edirdik. Söhbətin şirin yerində təxminən 40-45 yaşında bir kişi ərklə qapını açıb içəri girdi. Normurad bizi tanış etdi. Sonra məlum oldu ki, Tursunov bəstəkardır. Normuradın dediyinə görə və özü etiraf etdiyi kimi, indiyədək Özbəkistanın adi bəstəkarlarından sayılıb. Səməd Vurğunun “Olsun” rədifli qəzəlinə musiqi bəstələyəndən sonra isə... həm mahnı Özbəkistanı oymaq-oymaq gəzib, həm də bəstəkarın şan-şöhrəti artıb, adı-sanı dildən-dilə düşüb. Həmin mahnının not yazısını bəstəkarın avtoqrafı və xahişi ilə Səməd Vurğunun ev-muzeyinə hədiyyə vermişəm...”

Əhəd Muxtarın öz şeirləri də özbək dilinə çevrilib, Özbəkistanın “Ulduz”, “Gülüstan”, “Sovet Özbəkistanı”, “Buxara həqiqəti” kimi jurnal və qəzetlərində dərc edilib. Onun şeirlərini özbək dilinə Normurad Nərzullayev, Safo Oçil və İxtiyar Rza çevirib.

Əslən azərbaycanlı olan və özbəklərin böyük dəyər verdikləri şair İxtiyar Rza ilə Əhəd Muxtarı sıx dostluq telləri bağlayıb. İxtiyar Rzanın da iki xalq və onların ədəbiyyatları arasında əlaqələrin qurulmasında, Azərbaycan şair və yazıçılarının Özbəkistanda təbliğində böyük xidməti var.

Özbək yazıçıları Azərbaycana gələrək, burada qardaş xalqın ədəbiyyatı ilə tanış olmaqla yanaşı, ölkəmizin təbiətinə, istedadlı insanlarına əsərlər həsr ediblər. Özbəkistanın xalq şairi Normurad Nərzullayev Azərbaycana, Bakıya, “xoşavaz xanəndə Nəzakət Məmmədovaya”, çinarlara şeirlər yazıb. Onun “Bakı yelləri” şeiri Ə.Muxtarın tərcüməsində olduqca mənalı və ahəngdar səslənir:

 

Əs, ey külək, vüqarla üfüqlərə qovuş, çat,

Mehrini şəfəq kimi payla sən dosta, yara.

Başlanıb bizim üçün nəğmə dolu bir həyat,

Qanadına al, apar məni də uzaqlara...

 

Bu gün, türkdilli ölkələrin əlaqələrinin daha da güclənməsinə davamlı cəhdlər göstərildiyi bir dövrdə, heç şübhəsiz, ədəbi əlaqələr, qardaş ədəbiyyatlardan tərcümələr xüsusi əhəmiyyət kəsb edir. Bu yöndə gələcəkdə görülməli olan işlərin artıq möhkəm təməlinin mövcudluğunu inamla söyləmək mümkündür. Və bu təməlin yaradılmasında Azərbaycanın dəyərli şairi, istedadlı və fədakar tərcüməçi Əhəd Muxtarın özünəməxsus rolunun, böyük zəhmətinin olduğu da danılmazdır.

 

 

Seyfəddin HÜSEYNLİ

 

525-ci qəzet.- 2009.- 27 noyabr.- S.25.