Lənkəranda “Milli Kitab” mükafatının təqdimatı
keçirildi
Dünən Lənkəranda “Milli kitab mükafatı” müsabiqəsinin təqdimat
mərasimi olub. Modern.az xəbər verir ki, mərasimdə
Azərbaycan Yazıçılar
Birliyinin (AJB) katibi Rəşad Məcid, “Əli və Nino” Kitab Evinin sahibi
Nigar Köçərli
və AYB-nin cənub bölgəsi üzrə nümayəndəsi
İltifat Saleh iştirak ediblər.
Rəşad Məcid bildirib ki, hazırda ölkədə kitab çapı ilə bağlı vəziyyət ürəkaçan deyil. “Ölkədə kitaba maraq azalıb. Şou-biznes önə çıxıb” – deyən R.Məcid Bakıda və bölgələrdə kitab mağazalarının azlığından gileylənib. Onun sözlərinə görə, “Milli kitab mükafatının” məqsədi kitaba marağı yüksəltməkdir. “Bu mükafat həmçinin ədəbi nəslin şou-biznesə olan bir etirazıdır” – deyə o, bildirib. R.Məcid qeyd edib ki, müsabiqədə heç bir ayrıseçkiliyə yol verilməyəcək: “Postmodernistlər də burada iştirak edə biləcəklər”. Qeyd edək ki, noyabrdan start götürən “Milli kitab mükafatı” müsabiqəsi “Əli və Nino” Kitab Evinin təşəbbüsü ilə elan edilib. Gənclər və İdman Nazirliyi müsabiqəyə rəsmi dəstək verir. Müsabiqədə 1-ci yerə 3000 manat, 2-ci yerə 2000 manat, 3-cü yerə 1000 manat mükafat veriləcək. Nigar Köçərli bildirib ki, təqdim olunan əsərlər içindən 10 əsər seçilib çap ediləcək. Hər il keçiriləcək müsabiqənin mükafat fondu ildən-ilə artırılacaq. Müsabiqəyə yalnız nəsr əsərləri qəbul edilir. Əsərlər 31 dekabr 2009-cu ilə qədər qəbul ediləcək. Qaliblərin adı 2010-cu ilin may ayında elan ediləcək.
525-ci qəzet.-
2009.- 27 noyabr.- S.23.