İki Azərbaycan Ziyalısı: onlardan biri vardır,
biri yox...
Vəli Məmmədov
Biri vardı, biri yoxdu. Azərbaycanda böyük, çox böyük bir Vətəndaş Ziyalı vardı... Onun Yeri hər gün görünür...
1991-ci ilin mart ayı idi. Məni Yardımlı rayonuna ezamiyyətə göndərdilər. Camaatla görüşməli, onlara SSRİ-nin tərkibində qalmağın vacib olduğunu, referendumda buna səs verməli olduğumuzu anlatmalıydım. Mənimlə birgə Mərkəzi Komitənin Plenum üzvü, 26-lar rayon Partiya Komitəsinin birinci katibi (indiki Səbayel rayonu) Vəli Məmmədovu da həmin rayona ezam etmişdilər. Axşam saat 6-7 radələrində Vəli müəllim hökumət telefonu ilə mənə zəng vurdu. Biz bundan əvvəl biri-birimizi tanıyırdıq, amma o qədər də yaxın təmasımız olmamışdı. Onun həlim və mülayim səsini eşitdim. (onun səsini eşidən dünyanın ən yorğun adamı belə dinclik tapa bilərdi). Dedi:
– İnşallah gedirik, maşının var?
– Xeyr, –dedim.
– Onda səhər hara deyirsən maşın göndərim...
– Sizə əziyyət deyilsə.... Mən işə gələcəyəm. Bir qədər tez gələcəyəm...
– Saat səkkiz necədir?
– Yaxşı. Mərkəzi Komitənin qabağında gözləyəcəyəm.
– Sonra da məni evdən götürərsiniz, gedərik...
– Oldu, Vəli müəllim...
Vəli müəllimin sürücüsü deyilən vaxtda gəldi və biz gedib onu da evdən götürdük və yola düzəldik. Mən birinci dəfəydi ki, Vəli müəllimlə yola çıxırdım. Yolboyu onun ədəbiyyat haqqında, tariximiz, mədəniyyətimiz haqqında məntiqli və ağıllı söhbətlərinə qulaq asdım, ürəyimdə düşünürdüm ki, ilahi, bu adam nə qədər məlumatlı və aydın məntiqlidir. Həmin günlər Azərbaycanda ictimai-siyasi gərginlik demək olar ki, pik nöqtəyə gəlib çatmışdı. Qarabağ problemi, xalqımızın başına gətirilən müsibətlər və faciələr hamımızı narahat edirdi. Təbii ki, Vəli müəllimi də çox narahat edirdi və o, bu faciələrdən dərdli-dərdli danışırdı. Qarabağ probleminin süni şəkildə yaradılmasında Moskvanın barmağı olduğunu açıq-aydın deyirdi. Yolda soruşdum ki, bəs nə vaxt bu “problem” həll olunacaq... “Camaat yorulub. Bu işlərin axırı necə olacaq? Hər halda, siz “böyüklərə” daha yaxınsınız...”
O, mənalı gözlərini mənə dikdi, mənim suallarıma belə bir sualla cavab verdi:
– Sən “Mimino” filminə baxmısan?
– Bəli,-dedim.
– Neçə dəfə?
– Azı dörd dəfə...
– De görüm, o kinoda ən təsirli səhnə hansıdır? Sənin yadında qalan ən təsirli bir epizod?
– Çoxdu... Hansını deyim?..
Mən bir neçə səhnəni, epizodu danışdım.. Lakin Vəli müəllim dedi:
– Yox... Ən təsirli səhnə Miminonun aeroportda kafedəki xidmətçi qızla dialoqudur... Mimino gəlib soruşur ki, “kofe skolko stoit?”. Qız cavab verir ki, “dvenadçat...” Mimino deyir ki, a çay? Qız da deyir şest... Sonra Mimino deyir ki, çay dayte... və qıza on qəpik verir. Qız dörd qəpik qalıq qaytaranda Mimino deyir: “zdaçi ne nado...” Qız nə cavab verir, yadındadı: “İ mne ne nado...” Bax bu səhnə, bu xırda epizod millətin, xalqın çest i dostoinstvosudur... Vəli müəllim bu sözləri rus dilində deyirdi: “Çest i dostoinstvo...” yəni xalqın şərəf və ləyaqətidir...
Sonra ikimiz də susduq... O, bununla nə demək istəyirdi? Əvvəlcə elə bildim ki, o, mənim sualımı tamam yadından çıxarıb... Yox, o, bir qədər susduqdan sonra nəhayət dilləndi:
– Nə qədər ki, biz bir xalq və millət olaraq şərəf və ləyaqətimizi qorumağı bacarmayacağıq, Qarabağ da, hələ bir başqa var-dövlətimiz də əldən gedəcək... Bax, sənin sualının cavabı budur!
Mən çox təsirləndim. Yolboyu xeyli danışmadıq. Nəhayət, Yardımlıya çatanda Vəli müəllim dedi:
– Burda bacımgil yaşayır. Mən axşam onlarda qalacağam... Səni də özümlə apara bilərəm...
Mən ona təşəkkür etdim, dedim ki, artıq Sərhəd müəllim (Sərhəd Məmmədov- Yardımlı rayon partiya komitəsinin birinci katibiydi) bizim gəlişimizdən xəbərdardır. O, bizi gözləyir...
– Onda sən get, ona məndən salam söylə, səhər görüşərik... Gedim bacımgildə bir qədər istirahət edim...
Həmin gün mən qonaq evində yerləşdim. Vəli müəllim yatana kimi iki dəfə qonaq evinə zəng vurdu, mənim şəraitimlə maraqlandı.
Növbəti gün səhər saat 10 tamamda rayon fəallarının yığıncağl keçirildi və referendumla bağlı Vəli müəllim çıxış elədi. Gərgin yığıncaq oldu, insanların əksəriyyəti SSRİ-yə səs vermək istəmirdi. Yadımdadı: Vəli müəllim yenə o mülayim və şən səsiylə bildirdi ki, hər kəs ürəyinə görə səs versin. Heç kəsə məcburiyyət yoxdur.
Camaat görüşdən razı qaldı.
Vəli Məmmədov azərbaycanlı idi, azərbaycanlı olduğu üçün vətənpərvər Vətəndaş idi. Azərbaycanlı, Vətənpərvər, Vətəndaş. Doxsanıncı illərin əvvəllərində bu üç sözü özündə ləyaqətlə birləşdirən məmurları barmaqla saymaq olardı. Belə məmurlardan biri də o idi; Qarabağ səmasında müəmmalı vertolyot qəzasında həlak olan Vəli Məmmədov!
...Biri vardı, biri yoxdu. Azərbaycanda böyük, çox böyük bir Vətəndaş Ziyalı vardı... Onun Yeri hər gün görünür.
Rəşad Mahmudov
O var! Və
nə yaxşı o bizim aramızdadır. Rəşad ailənin
Onbirinci Uşağıdır. “Uşaq” və
“İşıq”- iki sözün ikisi də birgə
doğulub;yaşayır, nur saçır, şəfa
payını bizdən əsirgəmir. O da Ziyalıdır, Vətəndaş
olmağın məsuliyyətini yaxşı dərk edir...
Belə
deyirlər ki, tibb üzrə çoxcildli “Qanunlar
Kitabı”nın müəllifi, min ilə yaxın dünya həkimlərinin
həkimi sayılan Əbu Əli İbn Sina 1037-ci ildə Həmədana
yürüş zamanı xəstələnmiş və
çox dərman qəbul etməkdən vəfat etmişdir.
Paradoksa bir bax! Həkimlər həkimi dərman qəbul etməkdən
dünyasını dəyişib!
Bu faktı
ona görə yazmıram ki, xəstələr dərman qəbul
etməsin. Əvvəla, çalışın xəstələnməyəsiniz,
ikincisi, xəstə olsanız, dərmana çox da aludə
olmayın. Deyirlər ki, ölümdən başqa hər
şey insanın öz əlindədir; insan
özü-özünün həkimi ola bilər. Bu həqiqəti
dəfələrlə eşitmişəm, oxumuşam, amma ona
bir o qədər əhəmiyyət verməmişdim. Gənc
dostum Rəşad Mahmudovu tanıyandan sonra, onun tibb və fəlsəfə
haqqında, ümumiyyətlə, ədəbiyyat, cəmiyyət
və təbiət haqqında düşüncələri ilə
tanış olandan sonra məndə belə bir əminlik
yarandı ki, həqiqətən hər kəs istəsə
öz həyatının həkimi ola bilər.
Rəşad
Mahmudov ürək həkimidir. Dünyada həkimlər
çoxdur, lakin Rəşad kimisi yüz ildə bir dəfə
doğulur. Mən bunu qətiyyətlə deyirəm. Rəşad
cavan olsa da, qeyri-adi istedad və duyum sahibidir. Ədəbiyyatı
çox sevir. Dünya ədəbiyyatı haqqında
maraqlı mülahizələri var. Mütaliəsi
genişdir. Hərdən düşünürəm ki, Azərbaycanın
balaca, yaşıl meşəli, dağlı, dənizli cənnətində
– Astarada doğulan Rəşad Mahmudov olmasaydı dünyada nə
baş verərdi görəsən?
Mahmudovlar
ailəsinin onbirinci uşağı hələ ana bətnində
ikən ailənin artıq bığ yeri tərləmiş
qardaşları, kəkilli bacıları üçün
“arzu olunmayan şəxs” idi və təsəvvür edin ki,
bütün bunlara baxmayaraq Şərqiyə Ana Rəşadı
dünya işığına həsrət qoymadı. O, gəldi.
Ona ONBİRİNCİ Uşaq dedilər. Və indi
bacı-qardaşları ona ONBİRİNCİ ALQIŞ deyirlər.
Mən təsəvvür edirəm – ONBİRİNCİ
ALQIŞ gəlməsəydi, yüzlərlə ADAM ölə
bilərdi, yüzlərlə uşağın gələcək
taleyi tükdən asılı qala bilərdi, nəhayət,
bizim Azərbaycan daha bir nəhəng, cəsur, zəkalı,
istedadlı, sağlam düşüncəli
Ziyalısından məhrum ola bilərdi. Sağ ol, Şərqiyə
Ana! Rəşadı Azərbaycana verdiyinə görə ən
böyük Alqış sənə düşür!
Rəşad
Mahmudovun çoxsaylı titullarını sadalamaq istəmirəm;
onun ən böyük titulu məncə həkimliyidir. Rəşad
deyir ki, sağlam olmaq üçün insana çox şey
lazım deyil, heç həkim də lazım deyil; yaşamağa
lazım olan minimum normalara əməl etməlisən: yemək,
içmək, işləmək, gəzmək və yatmaq. Bu
atributların hər birinə sadəcə düzgün riayət
etmək gərəkdir. İlk baxışdan sadə və
anlaşıqlı məsləhətdir, lakin insanların
çoxu buna bilə-bilə əməl etmir. Problemlər də
buna görə baş verir və biz həkimlə dərman
arasında vurnuxuruq.
Rəşad
Neftçilər klinikasında çox adamın ürəyini
qoruyur. Rəşad deyir ki, insan bədəninin Məkkəsi
ürəkdir. Onun içində iynənin ucu boyda bir
işıq var. Bu işıq sənin qibləndir; onu qorumaq,
ona inanmaq, ona qulaq asmaq gərəkdir... Allah sənin Ürəyini qorusun!
Kamran
NƏZİRLİ
525-ci qəzet.- 2009.- 27 noyabr.- S.22.