ONUN yubileyindən sonrakı gün...

 

Əvvəlcə onu deyim ki, “Hər şeydə bir xeyir var” misalına çox inanıram. Həm də inanıram ki, inam çox vacibdir. Özünə inam, gücünə inam, hisslərinə inam... İnandığım bir şey də var – sevgi. İnsan mütləq sevməlidir, ətrafındakı səni sevən və sevməyən insanları, onu bağrına basan bədbəxtlikləri, uğursuzluqları – sənə aid olan hər kəsi, hər şeyi sevməlidir. Hər birini öz çəkisinə, öz ölçüsünə görə...

Onu isə həmişə sevmişəm. Mən Onun, O da mənim bir parçamdır. Bizim oxşar cəhətlərimiz də çoxdur. Məsələn, Onun da adı 8 hərfdən ibarətdir, mənim də. O da gəncdir, mən də. Arada Onun da bəxti gətirmir, mənim də. Mənim də inandığım insanlar Onunkular kimi arada vəfasız çıxırlar. Necə deyərlər, “Alma almaya bənzər, alma bənzər almaya...”

Onun yubiley gününün səhərisi, yəni noyabr ayının 19-da ölkə prezidenti İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak etmək üçün şəhərimizə gəlməli idi. Səhər tezdən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə qaçdım. Hamı yığışandan sonra tədbirə tələsdik. Yenicə tanış olduğum psixoloq xanımla ədəbiyyat, psixologiya və başqa mövzular barədə fikirlərimizi paylaşırdıq. Elə bu vaxt Fəridin sms-i gəldi. Yazmışdı ki, Zəlimxan Yaqub xəstəxanadan çıxıb, evindədir, gedirik onlara. Sevincimin həddi yox idi. Zəng etdim ki, mütləq gələcəm, gözləyin.

Çox keçmədi ki, cənab prezident gəldi və tədbir başladı. Onu ilk dəfə idi ki, həyatda görürdüm. Həm də lap yaxından. Bu tarixi günün şahidlərindən idim. Mərhum prezidentimiz Heydər Əliyevi xatırladım. Onu da yaxından görmüşəm. Onda mən hələ uşaq idim, amma lap yaxşı yadımdadır ki, o bizim hamımızın sevdiyi Heydər babamız idi. Və biz məktəbdə “Onu mən daha yaxından görmüşəm” – deyə öyünürdük. O vaxt hələ “Heydər baba” adlı silsilə şeirlər də yazmışdım. O şeirlər uşaq hisslərinin sadə, saf ifadəsi, uşaq sevgisinin sübutu, təsdiqi idi.

Tədbir uzun sürmədi. Daha bir neçə çıxışdan sonra yekunlaşdı.

Avtobusda idim, Bakıya tələsirdim. Heç bir titulunu, adlarını sadalamadan, sadəcə Zəlimxan Yaqubun, Anar Aminin dili ilə desək, Zəlimxan əminin görüşünə tələsirdim. Elə qəribə olmuşdum ki, özümdən baş aça bilmirdim – sevinirdim, həyəcanlanırdım, qorxurdum, kövrəlirdim – dəhşət idi. Əzizbəyov metrosunda Qismət, Fərid, Kəramətlə görüşdüm. Rəbiqəni soruşdum, dedilər, xəbərimiz yoxdu. Yəqin Anar deyib ona. Tez Rəbiqənin nömrəsini yığdım və pərt halda sağollaşdım. Bu haqda heç bir məlumatı yox idi, gəlməyi də uzun çəkərdi. Uşaqlar günahı Anarın boynuna ataraq özlərinə bəraət qazandırdılar. Çəkmələrim Sumqayıtın və Bakının palçıqlı yollarının təcavüzünə məruz qalmışdı. “Haradan su tapmaq olar” sualı ilə üzümü uşaqlara tutub kömək istədim və Qismət də, sağ olsun, “Onsuz da yenə palçıq olacaq, ora metro işləmir” sözləri ilə “dadıma yetdi”. Metro gözümə səhra kimi göründü, çıxdım su axtarışına. Bir az irəli getmişdim ki, gördüm corab satan bir xala bikef oturub. Salamlaşıb mənə su lazım olduğunu bildirdim. Piştaxtanın altından bir butulka su çıxardıb “Çox axıtma, çaydana tökəjəm” dedi. Çəkmələrimi təmizlədikdən sonra corab satan xalaya dedim ki, Zəlimxan Yaqubla görüşə gedirik. Çəkmələrimin palçıqlı halda onun evinə qədəm basmayacağına görə minnətdaram. Xala çox sevindi, şairə xeyli dua etdi, salam göndərdi. Təşəkkürümü bildirib oradan uzaqlaşdım. (Corab satan xala bağışlasın ki, onun salamını çatdırmadım. Çünki şairlə bircə kəlmə də olsa danışmağa cəsarətim çatmadı...)

Mən də bilirdim ki, metrodan çıxan kimi palçıqlı küçələr bizə yol yoldaşı olacaqdır. Amma bilirsizmi, yadıma Salam Sarvan düşdü – bizim sevimli şairimiz, Bakı Slavyan Universitetindəki Yaradıcılıq fakültəsində bizə dərs demiş, maraqsız dərslərdən qrup halında qaçaraq balaca otağına doluşub başına yığışdığımız söz işığı olan sevimli Salam müəllim, daha doğrusu, onun danışdığı bir epizod. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Salam Sarvanla görüş keçirilmişdi. Elə həmin gün şair danışırdı ki, uşaq idi və məktəbdə bir qız sevirdi. Özünün də bir köhnə ayaqqabısı var idi. Qıza görə hər gün ayaqqablarını yaxşıca təmizləyirdi. O qızı sevdiyini köhnə ayaqqabılarından başqa heç kim bilmədi. Dedi ki, onun ayaqqabılarını silməsi qıza olan sevgisinin ifadəsi idi...

Şair Zəlimxan yemək yeyirdi. Bizi mehribanlıqla qarşıladı. Süfrəyə yaxın əyləşməyimizi israr etdi. Şair həm maraqlı söhbətlər edir, həm iştahla yeyir, həm də bizi iştahla yeməyə həvəsləndirirdi. Biz, demək olar ki, danışmırdıq. Hərdən Anar gah özünü Zəlimxana, gah Zəlimxanı özünə bənzədirdi. Anar olan yerdə həmişə şən əhvalda oluruq. Amma qorxurdum ki, onun burada yerli-yersiz etdiyi zarafatlar Zəlimxan əminin acığına gələr, amma şair, səbrlə qulaq asıb mehribanlıqla gülümsünüb, ehtiyatla Anarın cavabını verirdi ki, xətrinə dəyməsin.

Xeyli xatirələr danışdı. Meşəbəyiyə yazdığı ilk şeirdən tutmuş bu günə qədər olan çox hadisədən söz açdı. Adlarını belə bilmədiyi yeddi gəncə dönə-dönə tapşırdı:

– Baxın ha, amanın günüdü, – dedi, – bir-birinizdən muğayat olun. Bir-birinizin qədrini bilin. Birinizin barmağına tikan batanda elə bilin, ürəyinizə ox batıb. Heç kimin qəlbini qırmayın, heç kimin xətrinə dəyməyin...

Bu sözlər o qədər təsirli idi ki, səhərisi gün “Qurban olasan Zəlimxan əmiyə” deyib, Anar Amin əlini mənə uzadaraq barışıq elan edəcəkdi.

– Mənim haqqımda yeni film çəkilib. Onun qaralamasını gətiriblər. Gəlin ona ilk dəfə elə sizinlə baxaq. Bu da bir tarixdi, – dedi Zəlimxan əmi. Bu həm də bizim üçün şərəf idi.

Hamımız sakitcə, Borçalıdan başlayıb Türk dünyasında bitən filmi nəfəs çəkmədən izlədik. Onun çıxışlarının birində Anar Amin zarafata salıb:

– Əmi, elə bil Anar Amin danışır,- dedi. Mən isə şairin bu dəfə mütləq acığı tutacağını düşündüm. Amma o, yenə də mehribanlıqla:

– Yox, sən o vax Zəlimxan olarsan ki, sazı onun kimi çalasan – dedi və gülümsündü.

Söhbət etdik, şəkil çəkdirdik, şairi xeyli yorduq bir sözlə. Onun xəstə olduğunu unutmuşduq, amma əməliyyatdan çıxan şair, yəqin ki, ağrılarını bizə görə unutmağa çalışırmış. Qapıya kimi bizi ötürdü. İlk dəfə gördüyü bu gənclərin simasında bütün gənc yazarlara salamını çatdırdı, minnətdarlığını bildirdi. O bu görüşdən məmnun qaldığını bildirdi. Bizim üçün isə həmin gün təkrarolunmaz tarix, gözəl xatirə idi. Buna görə Anar Aminə ürəyimdə minnətdarlığımı bildirdim, axı onda biz hələ küsülü idik...

Səhəri gün Azərbaycan Pedaqoji Universitetində Vüsal Nurinin rəhbərlik etdiyi “Turan” Ədəbi Birliyinin təşkilaltçılığı ilə gənc yazarlarla tələbələrin görüşü təşkil olunmuşdu. Ən maraqlı epizodlardan biri o oldu ki, bizi universitetin qapısından içəri keçməyə qoymurdular. Sonra qapıçı dayı biləndə ki, biz gənc yazarlarıq və tələbələrlə görüşə gəlmişik, ayağa qalxdı və bizə ehtiramını bildirdi. Auditoriya çoxdan hazır olmasına baxmayaraq, tədbir gecikirdi. Çox keçmədi ki, telekanallardan birinin əməkdaşı çəkiliş etməyə gəldi və tədbir açıq elan olundu. Amma başa düşmədim ki, o kamera tədbiri çəkməyə gəlmişdi, yoxsa Anar Amini... Müəllimlərdən biri tədbiri açdı və birinci söz Anar Aminə verildi. Danışdı, şeir dedi. Vəssəlam. Bir də gördüm ki, oğlan kamerasını qoltuğuna vurub qapıdan çıxır. Bu da oldu çəkiliş. Hə, bundan sonra bir vurçatlasın oldu ki... Qonaqlar qarışdı tələbəyə, tələbə qarışdı müəllimə. Çıxış çıxış dalınca, şeir şeir dalınca. Arada uşaqlardan birinin çaşması tələbələrin qəzəbinə səbəb oldu, yəni onlar da kitablarını qoltuqlarına vurub qapıya yönəldilər. Kim çaşdı? Yox, demirəm. Nə fərqi var ki, hamının başına gələ biləcək işdi. Amma çox yaxşı tədbir oldu. Auditoriyadan da razı qaldım, çıxışlardan da. Tələbələrin içində istedadlı qələm sahibləri də var idi. Bayaqdan görüşə hansı heyətlə getdiyimizi yazmaq istəyirəm. Biz çox idik. Qorxuram kimi isə yaddan çıxararam, uşaqlar məndən inciyər. Deməli, mənim sağ tərəfimdə Rəbiqə, onun sağında Elnaz, Elnazın da yanında Anar idi. Mənim solumda Fərid, onun solunda Qismət, sonra Aytən əyləşmişdi. Vüsal, Elvin, tədbirə gecikən Nahid də arxa sıraların birində oturmuşdular. Bir də rəhmətlik Fərhad Metenin mənim dəftərimdə oxunmamış qalan şeirləri, Rəbiqənin ürəyində isə onun haqqında deyilməyə vaxt çatmayan sözləri var idi...

Tədbir bitdi və özümüz özümüzlə xatirə şəkili çəkdirdik. Hamımız əla əhvalda düzəldik yola.

Azərbaycan Yazıçılar Birliyindən götürəcəyim məktub Rəşad müəllimi görməyimiz üçün bəhanə oldu. Dəhlizdə gəncləri böyük heyətlə görüb təəccübdən gözləri böyüyən Rəşad müəllimin bizi otağına dəvət etməsilə içəri doluşmağımız bir oldu. Biz – gənc ədiblər, nə dərdimiz olsa, uşaq atasının üstünə qaçan kimi qaçırıq Rəşad Məcidin üstünə...

Birtəhər otağa yerləşdik. Qismət Rəşad müəllimi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi və bununla da onu xeyli işə saldı. Heç birimizin xətrinə dəymədən hamıya kitab hədiyyə etmək məcburiyyətində qaldı. Beləcə, 20 noyabr 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyində, Rəşad Məcidin otağında Gənc Ədiblər Məktəbi üzvlərinin iştirakı ilə onun “Əlvida və salam” kitabının imza günü keçirildi.

Rəşad Məcidin “Oxuyun, yaxşı kitabdı, bir ikisini özüm yazmışam” – zarafatına uşaqlar gülüşdü. Sonra burada bir qədər həqiqət olduğunu qeyd edərək: “Mən bəzən yazıları diktofona deyirəm” – söyləyərək açıqlama verdi. Onu deyə bilərəm ki, kitabı oxuduqdan sonra uzun müddət oradakı yazıların, hadisələrin ovqatında qaldım. Kitabdakı məqalələr o qədər maraqlı, o qədər oxunaqlıdır ki, oxucu yorulmur, bezmir. Mən “525”də çap olunan bir yazımda qeyd etmişdim ki, publisistikanı sevmirəm. Amma mən onu Rəşad Məcidin qələmində sevdim.

Məktub hazır olan kimi Rəşad müəllim onu alıb gözdən keçirtdi və xeyirdua verdi. Uşaqlar da hamılıqla bu xeyir-duaya qoşuldular.

Beləcə, mən bir-birini əvəz edən gözəl, yaddaqalan hadisələrlə zəngin günün ən maraqlı məqamlarını qeydə almağa çalışdım. Hər şeydə bir xeyir var. Önəmlisi olan daxilən zəngin, səmimi, yüksək keyfiyyətlərə malik insanların, gözəl dostların əhatəsində olduğunu hiss etməkdir. Onların sevgisini və sənin də onları sevdiyini duymaq hissi dünyanın ən böyük xəzinəsinə dəyər.

Xəzinəyə dəyən sevgilərdən biri də Ona aiddir. Mən Onu sevirəm. Bakılılar Bakını sevdikləri kimi yox. Tamam fərqli. Adına nə şeir qoşdum, nə tərif dedim. Mən Onu İçərişəhərsiz, Torqovı küçəsiz, MakDonaldsız, adının, özünün Sumqayıt olduğuna görə, özü olduğuna görə, bütün vəzifələrdən üstün, bütün yuxarılardan yüksəkdə olduğuna görə sevdim. Sevirəm Onu abadlaşdıran və bərbad edən insanlarını. Sevirəm onu, adının Sumqayıt olduğuna görə və sevinirəm, nə yaxşı ki, mənim də adım səkkiz hərfdir... Ad günün mübarək, adı səkkiz hərf olan şəhər!

 

 

FEYZİYYƏ

 

525-ci qəzet.- 2009.- 27 noyabr.- S.21.