Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

 (əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, bu məqalədən başlayaraq Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələr, onun təşəkkülü, əməkdaşlıq etdiyimiz ölkələr və təşkilatlar, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqram və layihələr, azərbaycanlı gənclərin xaricdə və əcnəbi tələbələrin ölkəmizdə təhsili, beynəlxalq əməkdaşlığın digər aspektləri barədə fikirlərimi Sizinlə bölüşməyə çalışacağam. Beynəlxalq əlaqələr mövzusuna həsr olunmuş birinci məqalədə daha çox müstəqilliyədək olan dövrdə Azərbaycanın təhsil əlaqələri, ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində əcnəbilərin təhsili və Respublikadan kənarda azərbaycanlıların təhsili məsələlərinə diqqət yetiriləcək.

Qeyd edim ki, Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələr ölkəmizin milli maraqlarına və mənafeyinə müvafiq olaraq qurulmuşdur. Beynəlxalq əməkdaşlıq, əsasən, aşağıdakı istiqamətləri əhatə edir:

–ölkələrarası müqavilələrə əsasən təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi;

–təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq;

–təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müəllimlərin ixtisasının artırılması, stajkeçməsi;

–müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil;

–dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil;

–təsdiq olunmuş Dövlət Proqramına əsasən azərbaycanlı tələbələrin xaricdə təhsili;

–əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsili.

İlk növbədə onu qeyd etmək istərdim ki, təhsil sahəsində səmərəli beynəlxalq əlaqələrin qurulması prinsipial əhəmiyyət daşıyır. Belə ki,

–bu əlaqələr digər ölkələrlə təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına zəmin yaradır;

–dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır;

–beynəlxalq proqram və layihələrin Azərbaycanda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə imkan verir;

–insan potensialının inkişafına, kadrların davamlı təkmilləşdirilməsinə, beynəlxalq təlim təcrübələrinin tətbiqinə geniş imkanlar açır;

–tələbə, müəllim mübadiləsinə şərait yaradır;

–ölkədə təhsilin keyfiyyət səviyyəsinin digər inkişaf etmiş ölkələrlə müqayisəsinə imkan verir;

–Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına uğurlu inteqrasiyasına, rəqabətqabiliyyətli təhsil sisteminin formalaşmasına gətirib çıxarır;

–beynəlxalq aləmdə ölkənin daha yaxşı tanınmasına və müsbət imicinin formalaşmasına kömək edir.

Göründüyü kimi, beynəlxalq əlaqələr inkişaf və rəqabət üçün əlverişli imkanlar yaratmaqla yanaşı, son nəticədə təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi vasitəsilə ölkənin tərəqqisinə gətirib çıxarır. Bu mənada ölkəmizin müxtəlif inkişaf mərhələlərində təhsil sahəsində beynəlxalq əlaqələrə yanaşma da müxtəlif olmuşdur.

Müasir dövrümüzdə beynəlxalq əlaqələrin vacib istiqamətlərindən biri ali məktəblərə əcnəbi tələbələrin cəlbidir. Təsadüfi deyildir ki, universitetlərin reytinqi müəyyənləşdirilərkən əsas göstəricilərdən biri orada təhsil alan əcnəbi tələbələrin sayıdır. Əcnəbi tələbələr əlavə maliyyə mənbəyi olmaqla yanaşı, universitetlərdə mədəniyyətlərin rəngarəngliyi ilə fərqlənən intellektual mühitin yaranmasına kömək edir, bu isə bütün dünyada inkişaf, yaradıcı və yenilikçi fəaliyyətin əsasını təşkil edir. Eyni zamanda bu prosesdə ölkələr arasında əlaqələr, o cümlədən təhsil əlaqələri formalaşır. Təhlil göstərir ki, dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində ön yerləri tutan ali təhsil müəssisələrində tələbələrin böyük əksəriyyətini məhz əcnəbi tələbələr təşkil edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələr, tələbə və müəllim mübadiləsi Sovetlər Birliyi dövründə təşəkkül tapsa da, bu əlaqələrin tarixi XVIII-XIX əsrlərə təsadüf edir. Belə ki, həmin dövrdə xeyli sayda azərbaycanlılar öz təşəbbüsləri ilə Avropanın, Rusiya və digər ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almışdılar. Xüsusi vurğulamaq lazımdır ki, həmin dövrdə xaricdə təhsil almış mütəxəssislər sonradan Azərbaycanda ali təhsilin təşəkkülündə misilsiz xidmətlər göstərmişlər.

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycanda elmin, mədəniyyətin və məktəb təhsilinin inkişafında böyük xidmətləri olan Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat şöbəsinin təbiət şöbəsini əla qiymətlərlə bitirmişdi və ona Universitetin Elmi Şurası tərəfindən əxlaqına və təhsildə uğurlarına görə namizədlik dərəcəsi verilmişdi..

Əlifba islahatı sahəsində böyük xidməti olan Məhəmməd ağa Şahtaxtlı 1879-1880-ci illərdə Almaniyada Şərq tarixinə dair tədqiqatlara başlamış, 1898-1902-ci illərdə Parisdə Fransa kollecində və Ali təcrübə təhsil məktəbində Şərq dillərindən dərs demiş, Sorbonna Universitetində fonetika sahəsində tədqiqat aparmışdır.

XIX əsrin böyük alimi Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu Kazım bəy – Mirzə Kazımbəy 40 ildən çox müddətdə Kazan və Peterburq universitetlərində professor olaraq dərs demiş, əsərləri London və Parisdə çap olunmuşdur. XIX əsrdə Rusiyada şəqşünaslıq elminin inkişafında ciddi rol oynamış Əbu Turab Vəzirov, Mirzə Məhəmməd Şəfi, Sadıx bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Məhəmməd Əliyev, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rizayev, Ruhulla Əli Axundov, Mirzə Cəfər İopçubaşov (London Kral Asiya Cəmiyyətinin üzvü) Rusiyada müəllim və tərcüməçi kimi fəaliyyət göstərmişlər.

1880-1890-cı illərdə Strasburq Universitetində təhsil almış kimya doktoru Mövsüm bəy Xanlarov Bakıda üzvi kimya üzrə tədqiqatlara başlamışdı. 1879-cu ildə onun təşəbbüsü ilə qabaqcıl rus və azərbaycanlı alimləri birləşdirən Rus Texniki Cəmiyyəti Bakı Şöbəsinin yaradılması Azərbaycanda kimya və kimya sənayesinin inkişafına böyük təkan vermişdi.

Təsadüfi deyildir ki, təhsil tariximizdə sistemli şəkildə beynəlxalq əlaqələrin təməli də məhz azərbaycanlıların xaricdə təhsili vasitəsilə qoyulmuş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq azərbaycanlıların dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi təcrübəsindən istifadə olunmuşdur.

Belə ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən 100 nəfər azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə bağlı qərar qəbul edilmiş, onlar üçün yol xərci və təqaüdlər müəyyənləşdirilmişdi. Göndərilən tələbələrin 49-u Almaniya, 27-si Fransa, 4-ü İtaliya, 1-i İngiltərə, 6-sı Türkiyə və digər ölkələrin ali məktəblərinə yola salınmışdı. Rusiyada vətəndaş müharibəsi başladığına görə 13 nəfəri həmin ölkəyə göndərmək mümkün olmamışdı. Parlament komissiyası tərəfindən 31 nəfər də əlavə olaraq seçilmişdi ki, onların da böyük əksəriyyəti öz hesabına, yaxud xeyriyyəçilərin maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin ali məktəblərinə göndərilmişdi. Lakin Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğramış, xalqımız xaricdə təhsil almağa göndərilən bu soydaşlarımızdan yetərincə bəhrələnə bilməmişdir. Belə ki, bolşeviklər hakimiyyəti ələ aldıqdan sonrakı ilk illərdə xaricə göndərilən azərbaycanlı gənclərin təhsili barədə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən “Xaricə oxumağa göndərilən azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında” xüsusi dekret imzalanmış, ilk vaxtlar onların ali təhsili başa vurmalarına şərait yaradılsa da, bu iş sonadək başa çatdırılmamışdı. Bu səbəbdən də onların bəziləri getdikləri ölkələrdə başqa sahələrdə işləməyə başlamış, bəziləri isə öz təhsillərini yarımçıq qoyub vətənə qayıtmışlar. Sonradan onların əksəriyyəti repressiya qurbanı olmuşdur.

Keçmiş Sovetlər Birliyi dövründə Azərbaycanın xarici ölkələrlə birbaşa təhsil əlaqələri yaratması imkanları məhdud idi. Bir qayda olaraq həmin dövrdə əlaqələr ittifaq respublikaları arasında yaradılırdı. Ümumi orta təhsil sahəsində belə əlaqələr daha çox qardaşlaşmış məktəblər, ümumittifaq səviyyəli bilik və idman yarışları, müsabiqələr vasitəsilə təşkil edilirdi. Eyni zamanda şagirdlərin və müəllimlərin ittifaq respublikalarına səfərləri və təcrübə mübadiləsi formalarından da istifadə edilirdi. Belə əlaqələr daha çox ali və orta ixtisas təhsili sahəsini əhatə edirdi.

Azərbaycanının ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. Belə ki, həmin illərdə yaranmış ali təhsil müəssisələri xaricdə təhsil almış azərbaycanlı mütəxəssisləri dəvət etməklə müəllim heyətinin tərkibini keyfiyyətcə yüksəltmişdilər. Eyni zamanda yarandıqları ilk vaxtlardan ali təhsil müəssisələrimiz həm qonşu respublikalar, həm də Asiya, Afrika və ərəb ölkələri üçün kadr hazırlığını həyata keçirmişlər.

1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı Sovet Rusiyasının Xalq Maarif Komissarlığına müraciət edərək Respublikamızda ali təhsilin təşkilinə kömək göstərilməsini xahiş etmişdi. Müraciətə əsasən Azərbaycanın ali məktəblərinə və elmi-tədqiqat müəssisələrinə daimi işləmək üçün Rusiyadan görkəmli alimlər A.A.Qrossheym, V.İ.Razumovski, S.N.Davidenkov, A.D.Qulyayev, L.Q.Qurviç, A.N.Derjavin, K.A.Krassuski. P.Y.Rostovyev. B.İ.Tixomirov, Q.İ.Pisarevski, P.K.Juze, İ.İ.Şirokoqorov, V.P.Tomaşevski, V.V.Bartold, İ.İ.Meşşaninov, N.Y.Marr və başqaları göndərilmişdi, onlar ali təhsil müəssisələrinə tədris-təşkilati işlərdə böyük yardım göstərdilər. Azərbaycanlı alimlərlə yanaşı, həmin alimlərin, eləcə də İstanbul Universitetindən dəvət olunmuş Mehmet Fuad Köprülüzadənin Azərbaycan Dövlət Universitetinin elm və təhsil ocağı kimi inkişafında əvəzsiz xidmətləri olmuşdu.

20-ci illərin ortalarından azərbaycanlı gənclərin ali təhsil almaq üçün Moskva, Leninqrad (Sankt-Peterburq) və Rusiyanın digər iri şəhərlərində yerləşən ali məktəblərə göndərilməsinə başlanmışdı. Təkcə 1925/26-cı tədris ilində Rusiyanın ali məktəblərində 120 azərbaycanlı gənc təhsil alırdı.

1928-ci ildən RSFSR-in ali məktəblərində Azərbaycan üçün kadr hazırlanması sistemli xarakter almışdı. Əgər 1929/30-cu tədris ilində Rusiyada və SSRİ-nin digər respublikalarının ali məktəblərində 249 tələbə təhsil alırdısa, 1930/31-ci tədris ilində onların sayı 492-yə çatmışdı. 1950-ci ildə təkcə Moskva və Leninqradın (Sankt-Peterburq) ali məktəblərində 800-dən artıq azərbaycanlı təhsil alırdı.

1956-cı ildən əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərinə qəbuluna başlanmışdı. Həmin ildə Almaniya və Bolqarıstandan Azərbaycana 40 tələbə göndərilmişdi və onlar ali məktəblərimizdə təhsil alırdılar.

Beynəlxalq əlaqələrdən danışarkən 60-cı illərdən Azərbaycanda təqaüd proqramlarını həyata keçirməyə başlamış Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, DAAD təhsil tariximizdə azərbaycanlıların Almaniya universitetlərində təhsilini təşkil edən ilk beynəlxalq təşkilat olmuş və bugünədək uğurlu əməkdaşlığını davam etdirməkdədir.

Azərbaycanın görkəmli maarif və ictimai xadimi akademik Mehdi Mehdizadə təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafında böyük xidmətlər göstərmişdir. 1961-1964-cü illərdə UNESCO-nun təhsil üzrə komitələrindən birinin üzvü olmuş, Polşa, Hollandiya, Fransa və bir neçə Afrika ölkəsində pedaqoji elmin nailiyyətləri barədə məruzələrlə çıxış etmişdir. 1961-ci ilin mayında Parisdə UNESCO-nun iqamətgahında keçirilən simpoziumda çıxış etmişdir. Eyni zamanda M.Mehdizadə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olmuş, Akademiyanın müxtəlif komissiyalarına rəhbərlik etmişdir.

1970-1980-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı, o cümlədən ölkədən kənarda kadr hazırlığı ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmin dövrdə ölkədən kənarda sistemli şəkildə kadr hazırlığına başlanmışdır. Məhz Heydər Əliyev 1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaratmışdı.

Hörmətli oxucular! O illərdə görülən işlərin millətin mənəvi təkamülündəki rolunu, dövlətçilik baxımından miqyasını, mahiyyətini və perspektivlərini dərk etmək üçün bəzi statistik məlumatları yada salmaq yerinə düşərdi.

1969-70-ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatmış, 1978-ci ildən bu proses daha intensiv xarakter almış, respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunmuşdu.

1969-70-ci tədris ilində ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-80-ci illərdə bu rəqəm 97.6 faizə yüksəlmişdi.

70-ci illərin sonundan başlayaraq hər il 800-900 nəfər, 80-ci illərin əvvəllərindən isə hər il 1000-1400 nəfərədək gənc Azərbaycandan kənara təhsil almağa göndərilirdi. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu bu ənənəyə əsasən həmin illərdə Azərbaycan üçün ümumilikdə 15 mindən artıq mütəxəssis hazırlanmışdı.

O illəri çox yaxşı xatırlayıram. Azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına çox ciddi və məsuliyyətlə yanaşılırdı. Hər il dərs ilinin başlanmasına bir neçə gün qalmış, indiki Heydər Əliyev Sarayında onların yolasalma mərasimi keçirilirdi. Bu tədbirdə o dövrdə ölkəyə rəhbərlik edənlərin hamısı, o cümlədən Heydər Əliyev şəxsən iştirak edirdi. Hər il ali məktəblərə qəbul ərəfəsində xaricdə təhsil üzrə qəbul planı təsdiq olunurdu və ali məktəblərin rektorları bu planın yerinə yetirilməsi üçün məsuliyyət daşıyırdılar. Təhsil almağa gedənlərin xüsusi istedada malik olması və onlar arasında azərbaycanlıların çoxluq təşkil etməsi daim diqqət mərkəzində saxlanılırdı. Bu hadisələri ona görə dəqiqliklə xatırlayıram ki, 1984-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində xaricdə təhsillə bağlı məsələlərə mən rəhbərlik edirdim və bu iş üçün məsuliyyət daşıyırdım.

Sovetlər Birliyi dövründə ölkəmizin ali təhsil müəssisələrində xarici ölkələrdən olan tələbələrin təhsili sahəsində də müsbət təcrübə toplanmışdı. 1970-1980-ci illərdə Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı artmış, onların əhatə etdiyi ixtisasların coğrafiyası genişlənmişdi. Əgər 1961-1970-ci illərdə respublikanın ali məktəblərində 300, 1971-ci ildə 43 ölkədən 943 əcnəbi tələbə oxuyurdusa, 1979-cu ildə bu tələbələrin sayı 70 ölkədən olmaqla 1915 nəfərə çatmışdı.

Düşünürəm ki, ali məktəblərimizdə təhsil alan əcnəbi tələbələrin sayının artmasında 1962-ci ildə Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyində xarici əlaqələr şöbəsinin yaradılmasının, 1971-ci ildə əcnəbi tələbələrlə iş üzrə katibliyin təsis edilməsinin də rolu olmuşdu.

Həmin dövrdə Azərbaycanın ayrı-ayrı ali məktəbləri ilə keçmiş İttifaqın ali məktəbləri arasında tələbə mübadiləsi, professor-müəllim heyətinin ixtisasının artırılması, elmi-pedaqoji kadr hazırlığı sahəsində əhəmiyyətli əməkdaşlıq əlaqələri də yaradılmışdı.

Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində 1943-cü ildə 230 qiyabiçi təhsil alırdı ki, onların arasında Gürcüstan, Ermənistan, Özbəkistan, Türkmənistan və digər sovet respublikalarının nümayəndələri də var idi. 1986-87-ci tədris ilində Universitetdə dünyanın 61 ölkəsindən 500 əcnəbi tələbə təhsil alırdı. Onu da yaxşı xatırlayıram, biz Universitetdə təhsil alarkən burada Çin, Vyetnam və ərəb ölkələrindən çoxsaylı tələbə və aspirantlar təhsil alırdılar.

1970-1990-cı illərdə Universitetin 40-dan artıq müəllimi Asiya və Afrika ölkələrinə pedaqoji işə göndərilmişdi. 30 nəfər müəllim və elmi işçi isə inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da və Yaponiyada uzunmüddətli elmi ezamiyyədə olmuşdular.

Azərbaycan Neft və Kimya İnstitutunda xarici ölkələr üçün mütəxəssis hazırlığına başlanması ilə əlaqədar əcnəbi tələbələrə rus dilini öyrətmək məqsədi ilə 1961/62-ci tədris ilində regionda ilk hazırlıq fakültəsi və ümumi institut fakültəsi yaradılmışdı. Sonradan bu fakültə əcnəbi tələbələrlə iş üzrə dekanlıq adlandırıldı. Fakültənin yarandığı ilk illərdə institutda 300-350 xarici vətəndaş təhsil alırdısa, onların sayı ilbəil artaraq 1980-ci ildə 1200 nəfərə çatmışdı ki, onlardan 600 nəfərdən çoxu əsas ixtisas fakültələrində təhsil alırdılar. Bu illər ərzində hazırlıq fakültəsini Asiya, Afrika və Latın Amerikası ölkələri olmaqla, dünyanın 83 ölkəsindən 5500 nəfər bitirmişdi. İnstitutu bitirən xarici ölkə vətəndaşlarından bir çoxu öz ölkələrinin dövlət və elm xadimləri kimi yetişmişlər. Onlardan Anqolanın prezidenti Joze Eduardo Duş Santuş, Almaniya Demokratik Respublikasının (ADR) Mərkəzi Geologiya İnstitutunun direktoru Tselt Frank, Vyetnam Sosialist Respublikasının Nanoy şəhərindəki Geologiya İnstitutunun idarə rəisi Nquen Zaonu, Əlcəzairin Bumerdes şəhərindəki Milli İnstitutun dekanı Benyəhya Abdullahı, Yəmənin Geologiya Nazirliyində idarə rəisi İsmayıl Əhməd Musanı və başqalarını misal göstərmək olar.

Neft və Kimya İnstitutunda xarici ölkələrdən kadr hazırlanması ilə yanaşı, bu ali məktəb tərəfindən 1983-cü ildə 249, 1984-cü ildə 269, 1985-ci ildə 259 nəfər SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə təhsil almağa göndərilmişdi.

Bu illərdə İnstitutun 178 nəfər əməkdaşı elmi stajirovkalarda, konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak etmək üçün ABŞ, İngiltərə, Fransa, Almaniya Federativ Respublikası, İtaliya, Hollandiya, Finlandiya, Yaponiya, Kanada, Polşa, Macarıstan, Çexoslaviya və Tunisə ezam olunmuşdular.

1970-ci ildə İnstitutdan 108 nəfər əməkdaşı Əlcəzair, Tunis, Həbəşistan, Tanzaniya, Nigeriya, Mali, Qvineya, Əfqanıstan, Pakistan, Hindistan, Livan, Kuba, Şri-lanka, Monqolustan və Yuqoslaviyaya pedaqoji işə göndərilmişdi. İnstitut Əlcəzair Neft, Qaz və Kimya İnstitutuna, Kabul Politexnik İnstitutuna (Əfqanıstan) hamilik etmiş, 70 nəfərədək alim bu ölkələrdə milli kadrların yetişdirilməsində yaxından iştirak etmişdir.

1966-cı ildən İnstitut ADR-in Frayberq Dağ Akademiyası ilə əməkdaşlığa başlamış və bu əməkdaşlıq uzun müddət müvəffəqiyyətlə davam etmişdir. Həmin illərdə Zigen Universiteti ilə başlanmış əməkdaşlıq əlaqələri indiyədək davam etməkdədir.

Neft və Kimya İnstitutu təcrübə mübadiləsi aparmaq, ixtisasartırma və mühazirə oxumaq üçün ABŞ, İngiltərə, ADR, Polşa, Rumıniya, Hindistan və digər ölkələrdən 90-a yaxın mütəxəssis qəbul etmişdi. İnstitut tələbələrinin istehsalat təcrübəsi ADR, Macarıstan və Polşada keçirilirdi.

Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul zamanı tələbə yerlərinin bir hissəsi Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan respublikalarından və Dağıstan MSSR-dən göndərilən azərbaycanlılar üçün ayrılırdı. Beləliklə, Azərbaycan Tibb İnstitutu digər respublikalar üçün də həkimlər hazırlayırdı.

1958-ci ildə Türkmənistan, Tacikistan və Ermənistan Respublikalarının tibb kadrlarına ehtiyacının ödənilməsinə kömək etmək məqsədilə pediatriya, sanitariya-gigiyena, stomatologiya və əczaçılıq fakültələrinə həmin respublikaların sakinləri üçün plandan əlavə tələbələr qəbul edilmişdi.

1960-1969-cu illərdə Azərbaycan Tibb İnstitutunda ümumilikdə 149 nəfər Türkmənistandan, 20 nəfər Tacikistandan, 9 nəfər Yəməndən, 2 nəfər İraqdan təhsil alırdı. 1975-1990-cı illərdə Türkmənistandan olan tələbələrin sayı 130-a çatmışdı. İranlı tələbələrin sayı isə 10 nəfər idi. 1990-cı ildə İnstitutda 7533 tələbə təhsil alırdı ki, onlardan da 206 nəfəri əcnəbi tələbələr idi. 1981-1990-cı illərdə Azərbaycan Tibb İnstitutunu bitirənlər arasında 78 nəfər başqa respublikalardan olmuşdu.

İnstitut tibbi kadrların hazırlanması prosesində xarici təcrübədən də yararlanırdı. Belə ki, 1959-cu ildə 15 nəfər, 1960-cı ildə 14 nəfər əməkdaş SSRİ Tibb Elmləri Akademiyasının doktoranturasına göndərilmişdi.

Azərbaycan Politexnik İnstitutunda xarici ölkələr üçün mütəxəssislərin hazırlanmasının tarixi 1969-cu ildən başlanmışdır. İnstitutda Türkiyə, Pakistan, İran, Əfqanıstan, Misir, Vyetnam, Hindistan, Kuba, Koreya, Suriya, Çili, Ekvador, Bolqarıstan, Efiopiya, Banqladeş, Zambiya, Sudan, Kampuçiya, Monqolustan, Somali, Cənubi Afrika Respublikası və digər dövlətlərdən olan tələbələr təhsil almışlar. 1991-ci ilə qədər burada 20 xarici ölkə üçün 1350 nəfər mühəndis hazırlanmışdır.

Eyni zamanda 80-cı illərdə İnstitutdan SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə tələbələr göndərilirdi. Belə ki, 1983-cü ildə 237, 1984-cü ildə 232, 1985-ci ildə 237 nəfər tələbə SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilmişdi.

1960 –1970-ci illərdə aspirantura xətti ilə İnstitutun onlarla gənc müəllimi SSRİ-nin Moskva, Leninqrad (Sankt-Peterburq) və başqa şəhərlərinə göndərilmişdi. Onlar tanınmış rus alimlərinin rəhbərliyi ilə hazırlıq keçdikdən sonra, elmi və pedaqoji fəaliyyətlərini davam etdirmək üçün yenidən İnstituta qayıtmışdılar.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1982-ci ildə fəaliyyətə başlayan xarici vətəndaşlar üçün hazırlıq şöbəsi yalnız Azərbaycanın deyil, eləcə də başqa respublikaların ali məktəblərində oxumaq üçün tələbə hazırlayırdı. Burada 1991-ci ildə dünyanın 30 ölkəsindən 244 nəfər əcnəbi tələbə təhsil alırdı.

1986 – 1991-ci illərdə tələbələr yalnız respublika daxilində deyil, eyni zamanda Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Minsk və başqa şəhərlərin böyük tikinti təşkilatlarında təcrübə keçirdilər.

İnstitutun 1978-ci ildə yaradılmış aspirantura şöbəsində Suriya, İraq, Misir, Rusiya, Gürcüstan, İordaniya və digər ölkələrdən gənc alimlər hazırlanırdı. Həmin dövrdə İnstitutun çoxsaylı nümayəndələri Sovetlər Birliyinin ən nüfuzlu elm və təhsil ocaqlarında namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş və alimlik dərəcələri almışdılar. Bununla yanaşı, bir sıra gənc alimlər Polşa, Almaniya, Macarıstan, Böyük Britaniya, Yaponiya, Amerika Birləşmiş Ştatları və digər xarici ölkələrdə ixtisaslarını artırmışdılar.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunda 1924/25-ci tədris ilində 12 nəfər Dağıstandan, 9 nəfər Özbəkistandan, 5 nəfər Türkmənistandan, 8 nəfər Krımdan, 3 nəfər Ermənistandan, 1 nəfər isə Gürcüstandan tələbə təhsil alırdı.

Fəaliyyətə başladığı ilk illərdə İnstitutun müəllimləri arasında xaricdə təhsil almış mütəxəssislər də var idi. Belə ki, Almaniyanın Darmştadt Texniki Məktəbini bitirmiş Sadıq Hüseynov, Fransa Rəssamlıq Akademiyasının məzunu Kelxis (rəsm), Paris Universitetini bitirmiş Mirzə Möhsün İbrahimov (fars dili), Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov (direktor müavini), Sankt-Peterburq Universitetinin məzunu Məmməd Əfəndiyev (fizika-riyaziyyat), Odessa Universitetinin məzunları Həmid Şahtaxtinski (psixologiya və ilahiyyat), Mirəsədulla Mirqasımov (anatomiya), Kiyev Universitetinin məzunları Davud Şərifov (antropologiya), Cəlil Məmmədzadə (anatomiya), Kazan Universitetinin məzunları Fətulla Əlizadə (anatomiya), Rəhim bəy Məlikov (fizika), Peterburq Ali Qadınlar Kursunun məzunu Səlimə xanım Osmanzadə (botanika, Azərbaycanın ilk qadın elmlər namizədi, dosent, Əməkdar müəllim), Tiflis Aleksandrovski Müəllimlər İnstitutnun məzunu Abdulla Azadbəyli (psixologiya və məntiq) və digərlərinin ali məktəbin təşəkkülündə böyük xidmətləri olmuşdu.

Azərbaycan Dövlət Konservatoriyasında digər respublikaların nümayəndələri – RSFSR, Gürcüstan, Ukrayna, Orta Asiya respublikalarından, habelə Bolqarıstan, Albaniya, Monqolustan və Suriyadan olan tələbələr də təhsil alırdılar. 50-ci illərdə həmin ali təhsil müəssisəsinin müəllimlərinin bir qrupu təhsillərini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) Konservatoriyalarının aspiranturalarına göndərilmişdilər.

Bunlarla yanaşı Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət İncəsənət İnstitutu, Gəncə Dövlət Pedaqoji İnstitutunda da keçmiş İttifaq respublikaları üçün mütəxəssislər hazırlanır, müəllimlər SSRİ-nin müxtəlif ali məktəblərində ixtisasartırma və təkmilləşdirmə kurslarına göndərilirdilər.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəaliyyət göstərən texnikumlarda digər sovet respublikaları üçün, əsasən, pedaqoji və kənd təsərrüfatı sahələri üzrə kadr hazırlanırdı. 1922/23-cü tədris ilində Azərbaycan Müəllimlər Seminariyasında Türkmənistan, Gürcüstan, Dağıstan və Tatarıstandan ümumilikdə 30 nəfər təhsil almışdı.

Bu təcrübə sonrakı illərdə də davam etdirilmiş, 1925/26-cı tədris ilində Zaqatala, Gəncə və Quba Kənd Təsərrüfatı texnikumlarında Özbəkistan, Türkmənistan və Dağıstan üçün 9 yer ayrılmışdı. Həmin tədris ilində pedaqoji texnikumlarımızda Orta Asiya, Gürcüstan, Ermənistan, Dağıstan MSSR və Qaraçay Çərkəz Muxtar Vilayəti üçün ümumilikdə 27 yer müəyyənləşdirilmişdi. 1927/28-ci tədris ilində Özbəkistan üçün 10 yer ayrılmışdı.

29 mart 1930-cu ildə Azərbaycan Xalq Maarifi Komissarlığının Kollegiyasının qərarı ilə Azərbaycanın orta ixtisas təhsili müəssisələrində digər respublika və vilayətlər üçün 330 yer ayrılmışdı. Qərara uyğun olaraq Dağıstana 172, Türkmənistana 72, Özbəkistana 36, Tacikistana 33, Krım vilayətinə 17 yer ayrılmışdı. 1935/36-cı tədris ilində Azərbaycanın orta ixtisas təhsili müəssisələrində müttəfiq respublikaların 32 nümayəndəsi təhsil alırdı.

Eyni zamanda həmin illərdə azərbaycanlılar da digər respublikaların orta ixtisas təhsili müəssisələrində (Moskva Dövlət Kino Texnikumu, Moskva Sirk Texnikumu, Leninqrad (Sankt-Peterburq) Xoreoqrafiya Texnikumu və sair) təhsil alırdılar.

Bunlarla yanaşı, əlamətdar hal idi ki, 60-80-ci illərdə Azərbaycanın orta ixtisas təhsili müəssisələrində xarici ölkələr üçün mütəxəssislər də hazırlanırdı. 60-cı illərdə respublikanın bəzi texnikumları Asiya, Afrika və Latın Amerikasının bir sıra dövlətləri üçün kadr hazırlığına başladı. 1964-cü ildə Bakı Energetika və Neft texnikumlarına Yəmən, İndoneziya, Əfqanıstan və Kubadan olan ilk əcnəbi tələbələr dəstəsi gəldi. Onlar əsasən elektrik maşınqayırma, neft və qazın texnologiyası, metal emalı dəzgahlarının təmiri və quraşdırılması və sair ixtisaslara yiyələnirdilər. Texnikumlarda 1966-cı ildə 19, 1968-ci ildə 45, 1970-ci ildə 31, 1972-ci ildə 60, 1980-ci ildə 176, 1985/86-cı tədris ilində 248 əcnəbi tələbə təhsil almışdı. 1985/86-cı tədris ilində təkcə Bakı Neft Texnikumunda əcnəbilərin sayı 90, Bakı Maşınqayırma Texnikumunda 92 nəfər olmuşdu. 20 il ərzində (1966-1985-ci illər) respublikanın orta ixtisas təhsili müəssisələrində dünyanın 36 ölkəsi üçün 450-dən çox ixtisaslı mütəxəssis hazırlanmışdı.

1971-1985-ci illərdə Azərbaycanda xarici ölkələr üçün kadr hazırlanmaqla yanaşı, texnikum məzunlarının bir hissəsi işləmək üçün keçmiş ittifaqın ayrı-ayrı respublikalarına göndərilirdi. Belə ki, həmin illərdə Kirovabad (Gəncə) Məktəbəqədər Pedaqoji Texnikumunun 10 məzunu Qazaxıstanın Şevçenko şəhərinə, Sumqayıt və Mingəçevir Politexnik Texnikumlarının məzunlarından bir qrupu Saratov, Ryazan şəhərlərinə işləməyə göndərilmişdi. 1971-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunun məzunlarından 68-i SSRİ Müdafiə Nazirliyinin, 10-u RSFSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin, 8-i İttifaqın digər nazirlik və idarələrinin sərəncamına, 5-i Qazaxıstana göndərilmişdi. Bakı Mədəni-Maarif, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq texnikumlarının məzunları işləmək üçün Gürcüstan, Ermənistan, Türkmənistan və Dağıstana göndəriş almışdılar.

Əgər 1964-cü ildə texnikumların 2369 məzunundan 32 nəfəri Azərbaycandan kənarda işləmək üçün göndəriş almışdısa, 1979-cu ildə 7833 məzundan 429-u keçmiş ittifaqın müxtəlif şəhərlərinə işləməyə göndərilmişdi. 1980-ci ildə respublikadan kənarda işləməyə göndərilən gənc mütəxəssislərin sayı daha da artdı. Bakı Neft Texnikumunun 159, Bakı Energetika Texnikumunun 129, Zaqatala Politexnik Texnikumunun 76 məzunu keçmiş Sovetlər Birliyinin müxtəlif şəhərlərinə göndəriş almışdı.

Əlbəttə, bir məqalə çərçivəsində 70 illik bir dövrün təhsil əlaqələrini əhatəli şəkildə şərh etmək çətindir. Lakin təhlil göstərir ki, həmin dövrdə müttəfiq respublikalar və digər ölkələrlə yaradılmış təhsil əlaqələri müstəqillik dövründə beynəlxalq əlaqələrin qurulmasında etibarlı təcrübə rolunu oynadı. Təsadüfi deyildi ki, ulu öndər Heydər Əliyev bu əlaqələrə müstəsna əhəmiyyət verirdi.

Yaxşı yadımdadır, 1998-ci ildə ölkənin təhsil naziri vəzifəsinə təyin olunduqdan sonra o zaman Ali və Orta İxtisas Təhsili naziri vəzifəsində çalışmış Qurban Əliyevlə görüşdüm. O, qeyd etdi ki, hər il avqust ayının ikinci yarısında Heydər Əliyev məni Moskvaya, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə göndərirdi və deyirdi ki, SSRİ Ali və Orta İxtisas Təhsili naziri Yelyutinlə danışmışam, başqa respublikalardan boş qalan yerləri bizə verəcək, yerlərin sayını mümkün qədər artırmaq lazımdır. Bu vəziyyət mənə yaxşı tanış idi. Çünki mən özüm də bu diqqəti, qayğını şəxsən hiss etmişəm. 1998-ci il martın 25-də məni ölkənin təhsil naziri vəzifəsinə təyin edərkən ümummilli lider Heydər Əliyev təhsilin bütün problemləri ilə yanaşı, xaricdə təhsil məsələləri ilə də maraqlanmışdı.

Həmin görüşdə Heydər Əliyev 1970-1980-ci illərdə Azərbaycandan kənarda onun bilavasitə təşkilatçılığı ilə təhsil alanlar barədə geniş məlumatın hazırlanması və yeni dərs ili ərəfəsində onlarla görüşün təşkil edilməsi tapşırığını vermişdi. 31 avqust 1998-ci ildə Heydər Əliyevin iştirakı ilə indiki Heydər Əliyev Sarayında 1970-1980-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərlə görüş keçirildi. Bu tarixi görüşdə Heydər Əliyev geniş çıxış edərək bir sıra əhəmiyyətli məqamlara toxundu: “Nə üçün bununla çox ciddi məşğul olduq və nə üçün onunla bilavasitə Azərbaycanın birinci rəhbəri məşğul olurdu? Birincisi, ona görə ki, bizə bir çox ixtisaslar üzrə mütəxəssislər lazım idi, onlar Azərbaycanın ali məktəblərində hazırlana bilmirdi. İkincisi, şəxsən mən bu təşəbbüsü göstərərkən Azərbaycan gənclərini öz çərçivəsindən çıxıb dünyaya daha geniş baxış etmək yoluna salmaq istəyirdim. ... O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

 Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat  elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 27 noyabr.- S.10-11.