“VƏTƏN nədən başlayır?.. ƏLİFBA–nın
ilk hərfindən...”
(əvvəli ötən şənbə sayımızda)
Əgər
yadınızdadırsa, bir neçə il bundan əvvəl,
ibtidai siniflərdə keçilən, əcayib şəkillər
və mətnlərlə dolu “ƏLİFBA” dərsliyi
haqqında yazdığım “Qorxulu Əlifba”, daha bir il sonra
“Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi”
başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər
onlara “dərslik” demək mümkün idisə) təhqirlər
dolu, əsəbi cavablarıyla “dəf edildi”.
Lakin növbəti dərs
mövsümü, uşaqlarımızı illərlə
“maarifləndirmiş” bu “kitablar” tədris dövriyyəsindən
çıxarıldı.
İbtidai təfəkkürü
“Qorxunc Əlifba”yla formalaşmış bəsit
düşüncəli vətəndaşlar isə bizimlə
qaldı...
Sadəlik – dahiliyin anasıdır
Lakin, hələ
ki, bu dəfə söhbət, rus bölmələrində
keçilən, ayrıca və ətraflı
araşdırmalara ehtiyaclı olan bu fəsadlı “dərslik
yığımından” yox, bəlamızın daha
köklüsündən – bizim doğma ana dilli məktəblərimizdə
tədris olunan Ədəbiyyat dərsliklərindən –
balalarımızın qəlbini və əqidəsini
cilalamalı olan, müqəddəs məramlı kitablardan gedəcək.
Haqqında söz
açacağım dərsliklər “Qorxulu Əlifba” qədər
faciəvi və qorxunc olmasalar da, bir sıra qüsurlu cəhətləriylə
– ədəbi seçim kasadlığı, mövzu çevrəsinin
məhdudluğu, uşaq qavrayışı üçün
həzmedilməz qəlizliyi, sinifdən-sinfə müşayət
olunan mətn təkrarlığı
və digər bu kimi nöqsanlı tərəfləriylə
nəzər-diqqəti cəlb edir.
Mətləbə keçməzdən,
ilk əvvəl bunu vurulamağı vacib bilirəm ki, bu
gün, ümumən bütün dərsliklərimiz barədə
dönə-dönə deyilən: “Dərsliklərimiz
hədsiz çətin və anlaşılmaz dildə
yazılır...” – fikri, sadəcə, balalarını məktəb
və dərslik əziyyətindən qorumağa
çalışan valideyn şıltaqlığı yox,
dünyanı və özünü həmin bu dərsliklərin
köməyi ilə anlamağa cəhd edən uşaqda və
yeniyetmədə, “məktəb” və “dərslik”
anlayışlarına yarana biləcək xoşagəlməz
müqavimətin qarşısını almaq cəhdidir.
Zorla yedirdilən ən
xeyirli qida bədənə artıq əziyyətdən və
zərərdən savayı heç nə vermədiyi kimi,
burda da lüzumsuz elmilik, yaxud, bəsit uşaq
qavrayışına hesablanmamış elmi-texniki, ədəbi
qəlizlik, qurama diferambalardan, konyuktur əqidəçilikdən
azad uşaq qəlbinə daxil ola bilmir və bu səbəbdən,
dərsliklərdə yer alan tərif və düsturlar, mətn
və tapşırıqlar, eləcə də dəyərli ədəbi
nümunələr, onları cani-dildən mənimsəməyə
çalışan yeniyetmənin əqli və mənəvi
dünyasında, anlaşılmaz qarışıqlıqdan,
“təhsil”, “kitab” və “dərslik”
anlayışlarına, yadlıqdan və anlaqsız xofdan
savayı ayrı bir hiss oyadmır. Nəticədə, öyrənilməsi
mütləq buyurulan elmi və ədəbi mətnlər, o
sıradan, yeniyetmə qəlbin formalaşması
üçün zəruri bilinən ədəbi nümunələr
yaddaşlara həkk olunmur; onlar, sadəcə, əzbərlənir
və unudulur. Bu arzuolunmaz mənzərə özünü, gələcək
nəslimizin ədəbi-mənəvi dünyasını
yetkinləşdirməli, bədii təsəvvürünü
zənginləşdirməli olan Ədəbiyyat dərsliklərində
daha qabarıq biruzə verir.
Vaxtı ilə
öz duyğu və düşüncələrini
yaşadıqları dövr və ərazi tələbi ilə
fars dilində yazmış orta əsr ədiblərimizin
yaradıcılığından dərsliklərə
salınan ədəbi nümunələr, dil və ifadə qəlizliyi
ilə yanaşı, uşaq qavrayışının
imkanlarını nəzərə almayan mövzu uyğunsuzluğu
ilə də diqqət çəkir. Bu kompleks çətinliyin
uşaq təsəvvürünün hansı imkanlarıyla
“ram ediləcəyi” isə, qəribədir ki, dərslik tərtibçilərini
narahat etmir.
Bu sıradan, sadə
uşaq təfəkkürünün asanlıqla qavraya biləcəyi
neçə-neçə aydın məzmunlu şer və
poemalar müəllifi Nizami Gəncəvidən, 5-ci sinif Ədəbiyyat
dərsliyinə (S.Hüseynov, Ə.Quliyev, B.Həsənli)
salınmış, qavranılması yetkin yaşlı,
peşəkar oxucu üçün də bir o qədər asan olmayan, dərin
fəlsəfi “Minacat” şerinə nəzər salaq:
Xudaya! Gilimiz mayələnərkən,
Bir vəsiqə yazdın o
gün bizə sən...
Sənin xidmətində buyurdun
duraq,
Muzdunu verməi vəd etdin ancaq.
Bizə özümüzü
unutmaq üçün,
Kömək et ki, olaq sənin
xidmətçin
İzzət sarayına layiq görünən,
Bir xidməti ummaq olarmı bizdən?
(səh. 72)
Nümunə gətirdiyim
şeiri əzbərləməyə “məhkum edilmiş”10
yaşlı uşağın, bu qəliz sufi fəlsəfəsini
dərk etməkdən ötrü, öz çəlimsiz təfəkkürünün
hansı tərəfini işə salmalı
olacağını, “çulunu” bu mürəkkəb “tədris
məşğələsindən” necə
çıxaracağını düşünəndə, hər
gün səhərin ala-toranında yuxudan oyanıb, kürəyində
kitab-dəftərlər dolu ağır çanta, məktəbə
yollanan balaca bacı-qardışlarımızın halına
acımaya bilmirsən.
“Milli ədəbiyyatımızın
kasadlığından əziyyət çəkən” dərslik
müəlliflərinin növbəti “pedoqoji kəşfi” –
dünya fikir tarixinə neçə-neçə ədəbi
düha bəxş etmiş zəngin şeir xəzinəmizdən
“tapılan” həmin Nizami Gəncəvinin dərsliyə ikinci
dəfə – bu dəfə kitabın axırına yaxın (səh.
205) “Kərpickəsən kişinin dastanı”ı və həmin
əmmaməli şəkli ilə bir, təkrarən
salınmasıdır. Uşaqların nəzərinə,
dərsliyin əvvəlində qəliz “Minacat”la gələn
Nizamini, sonradan onlara, sadə “Kərpickəsən kişinin
dastanı”ıyla təqdim edən kitab müəlliflərinin
bu “novator tərtib siyasətinin” hansı məntiqi əsaslara
söykəndiyini anlamaq çətindir.
Uşaq
qavrayışına, onun maraq dairəsinə
hesablanmamış bu sayaq mətn və ədəbiyyatlara,
orta və yuxarı sinif Ədəbiyyat dərsliklərinin demək
olar, hər birində rast gəlinir. İdeya və məzmun
baxımından, yeniyetmə təfəkkürünün
onsuz da çətinliklə qavradığı, yaxud,
ümumiyyətlə, qavramaq iqtidarında olmadığı
bu qədim
ədəbi nümunələr, sıravi mütaliə vərdişinə
hələ mükəmməl səviyyədə
alışmamış uşaqların onsuz da çətin vəziyyətini
ikinci bir cəhəti ilə – dil və ifadə qəlizliyi,
bunlardan doğan fikir anlaşılmazlığı ilə bir
az da çətinləşdirir.
Qəliz fars ifadələriylə
yazılmış bu əsərlərin, dərslik səhifələrinin
az qala yarısını tutan uzun-uzadı lüğətlərlə
təqdim edilməsi üsulu isə, gənc nəsillə, bu
böyük Ədəbiyyat arasında aşınmaz,
keçilməz Ünsiyyət Səddi yaratmaqla, hər iki tərəfə öz tutarlı
zərbəsini vurur. Dərslik səhifələrində
nizam ardıcıllıqla ver alan bu dolğun lüğətlərin,
şagirdlərin bədii düşüncəsinin
formalaşdırılması prosesində köməkçi
vasitə rolunu oynadığı, yoxsa, bəlkə,
uşaqlara, fars dilinin bu sayaq “poetik üsulla” öyrədilməsi
metoduna işlədiyini ayırd etmək olmur.
Bu sıradan, 8-ci
sinif ədəbiyyat dərsliyinə salınmış ədəbi
nümunələrə – Fizuli yaradıcılığından
seçilmiş ictimai-fəlsəfi məzmunlu “Padşahi
mülk”ə, Nəsimidən seçilmiş
“Mövsimi-Novruzü Neysan”a, Xətayinin “Bahariyyə” sinə,
S.Ə. Şirvanidən, ruhani və təriqət mövzusuna
özəl və mübahisəli yanaşma ilə
yazılmış “Müstəhidin1 təhsildən qayıtması”na,
bir çox aydın və sadə şerlər müəllifi
Sabirdən, azğın və harın həyat aşiqinin
diliylə yazılmış mürəkkəb bədii
üslublu “Bir cibimdə əskinasım” –a və digər bu
kimi ədəbi mətnlərə nəzər yetirək:
Padişahi-mülk dinarü dirəm
rüşvət verib
Fəthi-kişvər qılmağa
eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikiylə
bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
(Fizuli – “Padişahi – mülk” 8-ci
sinif Ədəbiyyat dərsliyi
səh.58)
yaxud,
Əski dünya yengixələt
geydi bu mövsimdə uş
Çöhrəsi dövrü
bu gün nəqşü nigar oldu yenə
Nərgisi gör cam əlində mey sunar ariflərə
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.
(Nəsimi – “Mövsimi-novruzü neysan” həmin dərslik, səh. 39.)
Göründüyü kimi, on dörd, on səkkiz misradan ibarət olan bu şeir nümunələri “rüşvət verib”, “eylər”, “yuz” “alır” və bu kimi, tək-tük azərbaycan sözlərini çıxmaq şərti ilə, bütövlükdə lüğət vasitəsiylə öyrənilməyə ehtiyaclıdır və bu səbəbdən, mənimsənilməsinin, sütül uşaq qavrayışı üçün hansı iztirablar və əziyyətlər bahasına başa gələcəyi aydındır.
Qədim və orta əsr klassiklərimizin orta təhsildən öyrənilməsini vacib bilən və bu qərarlarında tamamilə haqlı olan dərslik tərtibçilərimizin, işi bu səviyyədə qurmaları – məkan və zaman məhkumluğu ilə fars dilində yazılmış və bu səbəbdən, tərcümə ələyindən keçirilməsi mütləq vacib olan ədəbi nümunələrin uşaqlara, qədim, uzaq qərinələrdə yazıldığı şəkildə – az qala, daş kitabələrdə təqdim etməkdən çəkinməmələri, bu dəyərli ədəbiyyatların yeniyetmə yaddaşında, qədimliyi və bu səbəbdən də dərkedilməzliyi ilə, vaxtı ötüb keçmiş, toxunulmaz muzey eksponatları qismində saxlanılması ilə nəticələnir.
Halbuki, bu sayaq “qəliz” ədəbiyyatların orta məktəb tədrisində mənimsədilməsi üçün nümunə ola biləcək 7-ci sinif “Ədəbiyyat” dərsliyindən – (N.Cəfərov, N.Araslı, S.Hüseynov) – bu dərslikdə Xaqani Şirazidən yer almış “Gənclərə nəsihət” şerinin təqdimat mədəniyyətindən yararlanmaq olardı. Dərsliyə, Xaqani Şirvani yaradıcılığından salınmış bu nəzm parçası, ideya və mövzu baxımından, sadə uşaq təfəkkürünün imkanlarını nəzərə almaqla yanaşı, istedadlı şair Ələkbər Ziyatayın uğurlu tərcüməsində, rahat mənimsənilən, yaddaşa asanlıqla oturan şeir nümunəsinə çevrilir. Qədim ədəbiyyatları bu sayaq təqdim edən “hadisəyə” isə, əfsuslar olsun ki, ibtidaidən 11-ci sinifə qədər istifadə olunan ədəbiyyat dərslikləri arasında yalnız bir dəfə rast gəlinir.
Fitnə törətmə, ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.
Fitnəkarlıq edər onu tarimar.
Hiylə – oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli...
***
Ədəbiyyat dərsliklərimizdə yer alan uğursuz mətn seçimi, tək bir, qəliz ifadələrlə zəngin olan klassik poeziya nümunələri ilə bitmir. Bu arzuolunmaz mənzərə özünü, dərsliklərə, yaxın və müasir dövr ədəbiyyatlarından salınmış mətnlərdə də biruzə verir.
Bu sıradan, təkcə 7-ci sinif “Ədəbiyyat” dərsliyinə nəzər salsaq, burda – Əbdürrəhimbəy Haqverdiyev yaradıcılığından yer alan – maraqlı oğru taleyinin incəliklərini ustalıqla təsvir etməklə, yeniyetməyə nə aşılayacağı məlum olmayan “Şeyx Şəban” hekayəsinin, yaxud, bir sıra işıqlı uşaq şerlərinin müəllifi Osman Sarıvəllidən salınmış, ədəbi cəhətdən uğursuz “Gətir, oğlum, gətir” şerinin, yaxud, mərhum yazıçı Fərman Kərimzadənin “Qələbə” romanından seçilmiş, yarımçıqlığı və mövzu uyğunsuzluğu səbəbindən, nədən bəhs edildiyi tam aydındlığı ilə məlum olmayan nəsr parçasının, Yusif Vəzir Çəminzəminlinin, yetkin oxucu təfəkkürünə hesablanmış “Yurd sevgisi” romanından, həmin anlaşılmaz yarımçıqlıqla seçilmiş mətnin və sair bu kimi, yerində işlənməyən ədəbi nümunələrin, bədii təfəkkürü yetkinləşmə prosesində olan orta məktəb şagirdinin mənəvi aləmi üçün hansı əhəmiyyət kəsb etdiyi aydın deyil.
“Kasad” milli ədəbiyyatımız...
Ədəbiyyat dərsliklərimizin digər ümumi qüsuru – bu kitabların, dünya ədəbi fikir məkanına neçə-neçə incilər bəxş etmiş qədim və zəngin ədəbiyyatımızı, orta məktəb tədrisində hədsiz kasad mənzərədə – milli bədiyyatımızı sinifdən-sinfə təkrar-təkrar “təmsil edən” yığcam ədiblər dəstəsiylə təqdim etməsidir.
Milli ədəbiyyatımızın dərsliklər boyu anlaşılmaz bir inadkarlıqla sinifdən-sinfə, təkrar-təkrar – Nizami və Nəsimi ilə, Xaqani və Xətayi ilə (Fizuliyə, 8-ci sinif Ədəbiyyat dərsliyində bir dəfə rast gəlinir) təqdim edilməsi, yaxud, müasir və yeni dövr ədəbiyyatımızın, həmin anlaşılmaz inadkarlıqla eyniadlı mülliəflərlə – əsasən, Səməd Vurğun və Mirzə İbrahimovla, Süleyman Rüstəm və İlyas Əfəndiyevlə, Bəxtiyar Vahabzadə və Fikrət Qocayla təmsil olunması, yumşaq desək, maraq doğurur.
Məsələnin digər qaranlıq tərəfi – “Ədəbiyyatı öyrədən” bu dərsliklərin heç birində (ibtidaidən başlayaraq, 11- ciyə qədər) nədənsə, bircə dəfə də olsun, yer almayan, lakin əslində, dərsliklərin təşkil etməli olduğu ədəbi qaynaqlarımızın – tarixi roman ustası – Məmməd Səid Ordubadinin, yaxud, parlaq maarifçimiz – Nəriman Nərimanovun, neçə-neçə yaddaqalan uşaq hekayələri müəllifi Tağı Şahbazi Simürğün, yaxud, əsərləri asanlıqla mənimsənilə biləcək İsmayıl bəy Qutqaşınlının, Mirzə Şəfi Vazehin, Abasqulu ağa Bakıxanovun, Seyid Hüseynin, yaxud, bircə “Can nənə, bir nağıl de...” şeiri ilə ədəbiyyat dərsliklərinin ibtidaisindən yer almalı olan Əhməd Cəmilin, Azərbaycanın ilk romançılarından olan Əbülhəsənin, Qarabağ dərdimizin qədim tarixini açan “Zəngəzur”un müəllifi Əyyub Abasovun, dilimizə minlərlə yeni sözlər və ifadələr gətirmiş, uşaqlar və yeniyetmələr üçün neçə-neçə dəyərli nağıl və hekayələr yazmış Əli Vəliyevin, ibrətamiz təmsillər müəllifi – Hikmət Ziyanın, Fikrət Sadığın, Azərbaycanın dəyərli qadın yazarı, neçə-neçə tarixi romanlar müəllifi Əzizə xanım Cəfərzadənin, eləcə də, neçə-neçə digər görkəmli ədiblərimizin əvəzinə niyəsə “Uzaq sahillərdə” filminin rejissoru, istedadlı sənətkar Həsən Seyidbəylinin (?) həyat və yaradıcılığının, (5-ci sinif Ədəbiyyat dərsliyi, səh. 183.) yaxud, peşəkar ədəbiyyat çevrəsindən kənarda qələm sınayan, təsadüfi adlara məxsus mətnlərin dərs qismində keçilməsidir. (11-ci sinif Ədəbiyyat dərsliyi)
(Ardı gələn şənbə
sayında)
1.Müstəhid – dini qanunları, ehkamları təfsir və şərh edən baş ruhani
A. MƏSUD
525-ci qəzet.- 2009.- 27 noyabr.- S.19.