El şairi
Həsən Mülkülünün
105 illiyi qeyd olunub
YUBİLEY MƏRASİMİNDƏ ŞAİRİN “BƏLLİ DEYİL YAŞIN, DÜNYA” KİTABI TƏQDİM EDİLİB
Dövlət Musiqili Komediya Teatrında el şairi Həsən Mülkülünün anadan olmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu münasibətlə şairin yeni çıxan “Bəlli deyil yaşın, dünya” adlı kitabı da tədbir iştirakçılarına təqdim olunub. Kitabın önsöz müəllifi millət vəkili Qənirə Paşayeva, redaktoru xalq şairi Zəlimxan Yaqubdur. Kitabda Həsən Mülkülünün yazıb-yaratdığı bir-birindən gözəl şeir nümunələri olan gəraylı, qoşma, təcnis və müxəmməslər, şairə həsr olunan ithaflar yer alıb. Giriş sözü ilə çıxış edən professor Məhərrəm Qasımlı böyük sənətkar haqqında fikirlər söyləyib: “Azərbaycanın dilbər guşələrindən biri olan Tovuzda dünyaya göz açan, nadir sənətkarlardan olan Həsən Mülkülü bir əsrə yaxın ömür sürüb. Yaşadığı dövrdə bütün toylarda istənilən, hər yerdə sevilən şair olub. Unikal yaddaşa sahib olan bu şair şah duruşlu, həlim təbiətli bir şəxs idi. Gənc yaşlarından öz dövrünün aşıqlarının şeirlərini əzbərdən bilirdi. Sözləri sərrast, ölçülü idi. Təqdim olunan “Bəlli deyil yaşın, dünya” kitabı əslində Həsən Mülkülünün poetik qüdrətinin cüzi hissəsidir. Bu şairi digərlərindən fərqləndirən başlıca cəhət dövrünə görə çox yenilikçi olması idi”.
“Həsən Mülkülünün yaşadığı dövr Tovuz aşıq sənətinin qızıl dövrü sayılır. Onunla bir çox məclislərdə görüşmüşük. Aradakı yaş fərqinin kifayət qədər çox olmasına baxmayaraq mənimlə və ümumiyyətlə insanlarla həddindən artıq səmimi və zarafatcıl idi”. Bu fikirləri tədbirdə Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub səsləndirib.
Millət vəkili Qənirə Paşayeva çıxışında saz-söz sənətinə indiki dövrə olan rəğbətdən bəhs edib. O, Həsən Mülkülü haqqında fikirlərini mərasim iştirakçıları ilə bölüşüb: “Məktəb oxumasa da, Həsən Mülkülü böyük yaddaşa, fitri istedad malik idi. İndi belə sənətkarlar barmaqla sayılacaq qədər azdır. O, artıq 15 ildir ki, aramızda yoxdur, buna baxmayaraq onun ruhu bizimlədir və sevinir. Sevinir ki, sənətinin işığına bu qədər insan yığışıb”.
Şair İlyas Tapdıqın sözlərinə görə, məhsuldar yaradıcılığı və ədəbiyyatımıza göstərdiyi xidmətləri H.Mülkülünü unudulmazlıq zirvəsinə çatdırıb.
Mərasimdə xalq artisti Səkinə İsmayılova, muğam ifaçıları Ehtiram Hüseynov, Məhərrəm Həsənov, aşıqlar Mahmud Məhərrəmov, Qələndər Zeynalov və başqalarının ifaları dinlənilib.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 25 noyabr.- S.7.