“Aşıq sənətinin
təbliğində İctimai
Teleradionun böyük
rolu var”
“GÜNÜN SONU”NUN
APARICISI QORXMAZ TOFİQOĞLU: “ÇOX MƏMNUNUQ Kİ, BU
İŞİN MÜƏYYƏN HİSSƏSİ
BİZİM VERİLİŞİN ÜZƏRİNƏ
DÜŞÜR”
Aşıq yaradıcılığı Azərbaycanın tarixən
inkişaf etmiş qədim el sənətlərindən
biridir. Lakin qloballaşan
dünyada bir sıra qeyri-maddi mənəvi irs nümunələrilə yanaşı,
aşıq sənəti
ənənələri də
unudulmaq təhlükəsi
ilə qarşılaşmışdı.
İnsanların zövqlərinin
korşalması, bayağı
musiqilərə meyllənməsi
muğam kimi aşıq sənətinin
də gələcək inkişafını sual altında qoymuşdu. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban Əliyevanın hər iki sənətə
diqqət, qayğı
və həssaslıqla
yanaşması problemin
çözülməsinə böyük təkan verdi. M.Əliyevanın təşəbbüsü və
səyləri nəticəsində
Azərbaycanın aşıq
sənətinin də
YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına
daxil edilməsi bu qayğı və diqqətin bariz təzahürü oldu. Hazırda milli ekran və efirimizdə aşıq sənətinin
təbliği istiqamətində
bir sıra tədbirlər həyata keçirilir. İctimai Televiziya və Radio Yayımları Şirkəti muğam və aşıq sənətinin təbliği
ilə bağlı maraqlı layihələrlə
çıxış edən
öncül qurumlardandır.
İctimai radioda
“Günün sonu” verilişinin ilk saatının bütünlüklə
aşıq sənətinə
həsr olunması da buna sübutdur.
Sözügedən verilişin
tanınmış aparıcılarından
olan Qorxmaz Tofiqoğlu bizimlə söhbətində bu barədə ətraflı
danışdı.
1981-ci ildə Kəlbəcərdə dünyaya
göz açan Q.Tofiqoğlu saz-söz mühitində, aşıqların
formalaşdırdığı ab-havada böyüyüb.
12 yaşından
köçkünlüyün ağrı-acısını
yaşamalı olub. Mənəvi dünyasının
formalaşmağa başladığı
bir vaxta, yeniyetmə dövrünə
təsadüf edən
məlum hadisələr
onun yaddaşında, psixologiyasında dərin izlər buraxıb. Aşıq sənəti, saz səsi onun
üçün həm
mənəvi güc mənbəyi, dayaq nöqtəsi olub, həm də maraq və fəaliyyət
predmetinə çevrilib.
Azərbaycan teleradio
məkanında aşıq
musiqisi ilə bağlı ilk silsilə verilişin aparıcısı
olan həmsöhbətim
aşıq sənətinə
hədsiz bağlılığının
ailə ənənəsindən
irəli gəldiyini bu cür açıqlayır:
“Kiçik yaşlarımdan
ölkənin tanınmış
aşıqlarından olan
atam Aşıq Firidunun ifaları ilə böyümüşəm.
O, sovet dönəmində demək
olar ki, keçmiş SSRİ ölkələrinin
hər birində dövlət əhəmiyyətli
tədbirlə qatılıb,
dəfələrlə bu
tədbirlərdən laureat
olaraq qayıdıb, fəxri fərmanlarla təltif edilib. Babam da aşıq
olub. Görünür,
ailədən gələn
bir ənənəylə
mən də ruhuma, ürəyimə tabe oldum, bu
axara düşdüm”.
İşlədiyi mühitdən
razılığını ifadə edən Q.Tofiqoğlu bu sahəyə gəlişi
barədə deyir: “Mədəniyyət və
İncəsənət Universitetinin
ədəbi yaradıcılıq
və ekran dramaturgiyası fakültəsini
bitirib, 2006-cı ildən
İctimai Televiziya və Radio Yayımları
Şirkətində fəaliyyətə
başlamışam. Mən oraya
işləməyə gedəndə
aşıq musiqisi ilə bağlı veriliş vardı, ancaq yalnız musiqilər səslənirdi.
Şirkətimizin rəhbəri
İsmayıl Ömərov
digər ciddi mədəniyyət sahələri
kimi, aşıq musiqisinə də yüksək dəyər verən insandır. Onun verdiyi tövsiyələr,
irəli sürdüyü
yüksək tələblər
şirkətin, demək
olar ki, bütün verilişlərində
öz əksini tapır, hazırlanan proqramlara məxsusi kolorit gətirir. İlk verilişimiz 2007-ci
ilin 14 iyununda canlı efirə çıxdı. Verilişin
qonağı Aşıq
Qələndər,
mövzumuz isə Koroğlu havaları ilə bağlı idi”.
Q.Tofiqoğlu bildirir
ki, onlar Azərbaycan efir məkanında hər kəsə rəqib kimi yox, həmkar
kimi yanaşırlar:
“Digər televiziya və radiolarda aşıq musiqisi ilə bağlı verilişlər çox deyil. Əlbəttə, istərdim ki, bu qədər geniş meydan verilən estrada musiqisi ilə yanaşı, xalq musiqisinə də layiqincə yer ayrılsın. Xalqımızın
qədim və ənənəvi musiqisini
təbliğ etmək
istiqamətində hamının
birgə fəaliyyəti
vacibdir, biz bu sahədə səylərimizi birləşdirməliyik.
Aşıq musiqisinin təbliğinə digər
kanallar da İctimai Teleradio qədər yer ayırsa, bu sənətin dünyaya tanıdılması yönündə
çox böyük işlər görmək olar”.
Q.Tofiqoğlu qeyd
edir ki, Dərbənddən Türkiyəyəcən,
Cənubi Azərbaycandan
Avropanın müxtəlif
ölkələrinəcən, Rusiyanın müxtəlif
vilayətlərindən Çinəcən
olan böyük bir coğrafiyadan verilişlə bağlı
rəylər, zənglər,
mesajlar gəlir: “Bu,
son dərəcə sevindiricidir
və ilk növbədə
xalqımızın mənəvi
irsinin, aşıq musiqisinin təntənəsidir.
Biz sadəcə
bu işə təkan verənlərik, bunu irəli çıxarmağa cəhd
göstərənlərik. Azərbaycandan kənarda yaşayan, maddi imkansızlıq səbəbindən
verilişə qatıla
bilməyən insanlar
başqa vasitələrlə
bizimlə əlaqə
saxlayırlar”.
Proqramın fəaliyyətə
başladığı gündən
indiyədək 500-dək aşığın
verilişə dəvət
olunduğunu önə
çəkən Q.Tofiqoğlu
onların yalnız
20-30-nun xalqın ürəyində
yer tutan, çox dəyərli sənətkarlar olduğunu
söyləyir: “Keçən
əsrin ortalarından
sonlarına doğru Aşıq Şəmşir,
Aşıq Kamandar, Aşıq Əmrah Gülməmmədov, Aşıq
Hüseyn Saraclı, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Mahmud kimi sənətkarlar vardı,
hər bölgəni ən azı 2-3 görkəmli aşıq
təmsil edirdi. İndi isə, təəssüf ki, həm sənətkar, həm də şəxsiyyət olaraq seçilən aşıqlarımızın
say azdır, hətta barmaqla sayılacaq qədərdir.
Amma biz yenə də onların sırasında hər cəhətdən fərqlənənlərin yaradıcılığını
daima diqqətdə saxlamağa və təbliğ etməyə
çalışırıq”.
Q.Tofiqoğlunun sözlərinə
görə, aparıcısı
olduğu verilişin əsas məqsədlərindən
biri də istedadlı gənc aşıqların üzə
çıxarılması və
tanıdılmasıdır: “Aşıq sənətinin
təbliğində, həmçinin
gənc aşıqların
tanıdılmasında İctimai
Teleradionun böyük
rolu var. Çox məmnunuq ki, bu işin
müəyyən bir hissəsi bizim verilişin üzərinə
düşür. Davamlı
olaraq dinləyici auditoriyası ilə ünsiyyət quraraq, gənc aşıqların
tanınmasına, özlərini
realizə etmələrinə
imkan yaradırıq. Bu baxımdan Mehdi Məsimov, Abdin Musayev, Şöhrət Kərimov,
Elbrus Hüseynov, Ramin Qarayev, Familə İsgəndərova,
Könül Gədəbəyli
kimi gənc sənətkarların insanların
yaddaşına yazılmasında
bizim veriliş xüsusi rol oynayıb”.
Mövzu seçərkən
verilişin digər aparıcısı Şakir
Qurbanovla Azərbaycandakı
aşıq məktəblərini
nəzərə aldıqlarını
bildirən Q.Tofiqoğlu
bu gün Azərbaycanda əsasən
üç – Borçalı,
Göyçə və
Şirvan aşıq məktəbinin mövcudluğunu
vurğulayır: “Elə
dastanlarımız var
ki, onlar konkret olaraq hansısa bir aşıq məktəbi ilə bağlıdır.
Verilişə qonaq çağıranda həmin
aşığın təmsil
etdiyi bölgəni nəzərə alırıq.
Verilişimizdə, aşıq
havaları ilə yanaşı, dastanlarımızın
təbliğinə də
çalışırıq. Bundan başqa, fəaliyyətimizi
həm də ustad aşıqların doğum gününə,
istər yaşayan, istər dünyasını
dəyişən aşıqların
yaratdığı havacatların
təbliğinə, erməni
terroruna, repressiyaya məruz qalmış aşıqlarımız haqqında
həqiqətləri təqdim
etməyə yönəltmişik. Elə
bu günlərdə Aşıq Ədalət Nəsibovun 70 illik yubileyi münasibətilə
hazırladığımız veriliş dinləyicilər
tərəfindən rəğbətlə
qarşılandı”.
Azərbaycanda saz
ifaçılığına, aşıq sənətinə
böyük diqqət
yetirildiyini, qayğı
göstərildiyini deyən
Q.Tofiqoğlu bu cəhətdən aşıqların
üzərinə önəmli
məsuliyyət düşdüyünü
bildirir: “Bu yaxınlarda
Azərbaycan aşıqlarının
Fransada möhtəşəm
çıxışları oldu. Bu aşıq musiqisinin Qərb dünyasına zəfər yürüşü
sayıla bilər. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyilə indi
Azərbaycan mədəniyyətinin,
o cümlədən aşıq sənətinin
təbliği və inkişafı naminə misilsiz layihələr həyata keçirilir.
Respublika Aşıqlar
Birliyi də bu sənətin tərəqqisinə çalışır.
Bu cür yüksək diqqət və qayğı aşıqlarımızın qarşısına
ciddi vəzifələr,
böyük məsuliyyət
qoyur. Bu məsuliyyət aşıqlarımızdan
onlara olan diqqət və etimadı doğrultmağı,
aşıq sənətini
yeni zirvələrə
ucaltmaq üçün
davamlı çalışmağı
tələb edir”.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 25 noyabr.- S.7.