Eşqin sözü
Düşüncələr: sistemli-sistemsiz, məntiqli-absurd,
aydın-bulanıq
Nəvəm Məhəmməd Kamil üçün
Əvvəli ötən şənbə
saylarımızda
Hər yazı bir təcrübədir
- “Gəl təcrübə eylə mən zəifi...”(Füzuli)
Yazıçının
dünya qurumuna etiraz haqqı var. Yazıçının Haqqa,
yaranışa şübhəsi, mühakimə haqqı
şeytani üsyandırmı, ağlın məhkəməsidirmi?
Bu suala da qəti cavab vermək bizim gücümüzdə
deyil.Yazı da şeytana xas müxaliflərin olduğunu təsdiq
edənlər az deyil. Əslində Allaha deyil, Allahın
müdafiə etdiyi və inandığı insana müxalif
olan şeytan qovulmuşlardandır və etirazçı kimi
damğalanmışlardandır. Bu mənada,
yazıçılarda şeytani şübhə, etiraz
iddiasının yox olduğunu iddia etmək çətindir. Fəqət
bütün üsyan, etiraz, mühakimə
yazıçılarını şeytani adlandırmaq da
yanlışdır. Şübhə həqiqətin
açarıdır, - məntiqini qəbul etsək, ədalət,
haqq uğrunda etirazı, üsyanı, inkar etməsək, Nəsimi
etirazının inam haləsi içərisində
olduğunu, Tolstoyun Allah quruculuğunun Allah sevgisinin bir şəkli
olduğunu, Dostoyevskinin sosioloji, psixoloji
arayışlarının ilahi inam və harmoniyaya söykəndiyini,
Qoqolun ömrünün sonlarında dəlilik səviyyəsinə
çatan (bu yerdə dəliliyi faciəvi azadlıq
adlandıranlara haqq qazandırmaq çətindir) protest
böhranlarının mistik inanca kökləndiyini görməmək
mümkün deyil.Hər halda etirazın, təhlilin mühakiməsinin,
hətta inkarın yazıçı haqqı olduğunu qəbul
etməmək imkansızdır.
...Azərbaycanın ən
böyük romanı “Azərbaycan” olacaq. XX əsrin Azərbaycanda
yaranan, görünən ziddiyyətləri, bəlaları,
oyunları, yüksəlişi, enişi, savaşı,
barışı, əzmi, qeyrəti, zəifliyi, zəlilliyi,
bölünmüşlüyü, haqsızlığı,
Mirzə Cəlili, Üzeyir bəyi, Sabiri, Ə.Hüseynzadəsi,
Ə.Ağaoğlusu, Səttərxanı, Xiyabanisi, Məmməd
Əmini, N.Nərimanovu, Mir Cəfəri, Cavidi, S.Vurğunu,
Müşfiqi, R.Rzası, Şəhriyarı, Bəxtiyarı,
Elçibəyi, H.Əliyevi, Q.Qarayevi, X.Məmmədovu... ilə.
Bütün qütbləri, rəngləri, çalarları
ilə. Bu əsrin epiqrafı Mirzə Cəlilin bir ahdan,
nidadan ibarət olan bir cümləsi olacaq: “Ax-x..., yazıq Vətən...”.Bu
roman Əli Bəy Hüseynzadəyə, “Əsrimizin Səyavuşu”
əsərinin yazarı Məmməd Əmin Rəsulzadəyə
həsr olunacaq. Bu roman öz janrının
hüdudlarını genişləndirəcək və
dünyanın Azərbaycan dərdini, Azərbaycanın
işıq, ümid həsrətini ifadə edəcək.Bu
romanı indi yaşayanlardan heç kim yaza bilməz və
yazmayacaq. İndi yaşayanlar, indi yaşayanlar kimi romanın
içində olacaq. Romanın qəhrəmanı Azərbaycan
xalqıdır. Roman min bir tel ilə dünyaya bağlı
olan Vətənin, millətin və əlbəttə ki,
insanın faciəsini dilə gətirəcək. Roman tərəfsiz
olacaq və Allaha söylənmiş etirafdan başqa bir
şey olmayacaq.Roman Azərbaycan türk sözünün
bütün gücü və qüdrəti ilə
yazılacaq. Yazılacaq, yaranacaq və qiyamətə qədər
yaşayacaq. lllYa bu dünyada eşq yalan, hər şey
doğru, yaxud hər şey yalan, eşq doğrudur. Bu
dilemmanı isbat edəcək elm, laboratoriya, araşdırma
yoxdur. Dünyada yer üzünə gəlmiş nə qədər
özünü dərk etmiş insan olubsa, nə qədər
olacaqsa bu sualın cavabı da o qədərdir. Nə
artıq, nə əskik. Mən şəxsən Füzulinin
verdiyi cavabın tərəfindəyəm:“Eşq imiş hər
nə var aləmdəElm bir qeylü qal imiş ancaq...”“Elmsiz
şiir qayətdə bietibar olur” deyən Füzuli elmi də
yalan saymış, əcəba?!Və ya:“Gər dersə
Füzuli ki, gözəllərdə vəfa var, Aldanma ki,
şair sözü, əlbəttə, yalandır..”deyən
Füzuli Qurandan və peyğəmbərimizdən, Hz. Əlidən
sonra elmə ən böyük dəyər verən dahidir -
söz dahisi. Bu dahinin dediyi sözlərin yerini, məqamını,
məqsədini dərindən bilmədən hökm vermək
çətindir. Füzuli üçün də elm
insanın ali qabilliyyəti, Allahın verdiyi fitrətidir.
Müşahidəyə,
təcrübəyə, isbata söykənən elm dünyada
olan hər şey kimi sözün də ayarı, dəyəridir.
Fəqət Allaha bəlli olan sirrin
heç milyonda, milyardda biri də insana bəlli deyil. Elmə qapıları bağlı olan dünya sirləri
Allahın vəhyi ilə nazil olur. Quran kəlamı
bu vəhyin başında gəlir. Və
Quranda ən sıx keçən kəlmə elmdir. Demək ki, elm Allah buyruğudur.
Fəqət bu buyruqdan uca olan gerçəklər var ki, onlardan biri, bəlkə birincisi eşqdir. Eşqin riyaziyyatı, fizikası yoxdur. Amma yerin cazibəsi, Günəşin enerjisi, səyyarələrin düzümü, ulduzların içdən-çöldən bağlılığı Allahın eşqindən başqa nə ola bilər ki?İnsanını görünən-görünməyən dünyasındakı min bir əsrar Allah eşqidir. Başqa heç nə! Və söz sənəti bu ilahi eşqin maddiləşmiş və maddiləşməmiş şəklindən başqa heç nə deyil.Bu “heç nə” sözü mənə Molla Nəsrəddinin məşhur lətifəsini “Di, heç nəyini götür get”i xatırlatdı.Və mən - heç nəyimi götürüb gedirəm.lllZor və güclə rəqiblərini məğlub edəni, ondan zor və gücdə üstün olan məğlub edəcək.İdmanda, siyasətdə, savaşda belədir.Sənətdə zor və güc yoxdur və ya zor və gücün ifadəsi zəiflik, ustalıq, genişlik və dirilikdir. Eşqi böyük, qüdrətli, təkrarsız olanlar qalib gələcək.Amma sənətdə qaliblər və məğlublar doğru, dəqiq anlayışlar deyil.
Zamanla mücadilənin qüdrətlisi, qüdrətsizi olmaz. Bu bir zaman yolçuluğudur. Bu yoldan keçənlər əbədiyyətə qovuşanlardır. lllDahiliyin birinci mərhələsi keçmişdən, yaddaşdan, ictimai və fərdi tarixdən, çevrədən, etiketlərdən, normalardan, rahatlıqdan, dinclikdən, gələcək üçün arayışlardan qopmaq, tamamilə ayrılmaz və bir növ azad olmaqdır. Azadlıq adlandırıla biləcək bu yaşamı, hər şeydən qopmanı insan ağlı, düşüncəsi və təhlili ilə seçmir. Bu seçim təhtəlşüurun, hissaltı, şüuraltı dünyanın seçimidir.
Bəlkə də bu dünya özü seçir. Bu mübhəm prosesdə səbəblə nəticəni məntiqi arayıb tapmaq mümkündür. Bizim yaşadığımız dünyanın ölçüləri, şübhəsiz ki, dəyişir. Fəqət bu ölçülük necə dəyişir, nə çıxır, nə əlavə olunur - bilmirik. Bilə də bilmərik. Hətta o dünyada yaşamaq bizə müəssər olsa belə. Çünki o aləmdə bu aləmin məntiqi ilə düşünmək, təhlil aparmaq imkansızdır. Bütün bunlar birinci mərhələdir.
Dəliliyin ikinci ən ağır və məşəqqətli mərhələsi yaddaşın çox zəif şəkildə bərpa olunması mərhələsidir.İnsan dəhşətli ağrı girdabına yuvarlanmış olur. Bu dəliliyin ölümə aparan son xilas yoludur. lllİnsanın dünyaya gəlməsi neçə min illik məşəqqət və gözəllik dolu bir eşq yoludur.Bu uzaq, uzun yolun ibtidasından ana bətninə uzanan, oradan həyat dediyimiz bu dünyaya gəliş, yaşam bir ritm, ahəng içindədir.
Qalaktikanın, kainatın ritmi içində yaşayan, bir damla su da, rüşeym halında olan körpə də, gün-gün, saat-saat, saniyə-saniyə böyüyən, yaşlanan ana bətnindəki balaca insan da ağlaya-ağlaya dünyaya gəlib bu dünyanın acısına alışa-alışa, günəşi, gecəni, gündüzü, ananı, atanı sevə-sevə böyüyən uşaq da, yeniyetmə, gənc, ərgən, yaşlı, qoca da bu ritmin içindədir. Yerin, göyün, ulduzların, damardakı qanın, ürəyin - hər şeyin ritmi insanın varoluşunun həm səbəbi, həm də nəticəsidir.İnsan həm ritmin yaratdığı, həm də ritmi yaradandır.Söz sənəti bu və ya digər şəkildə bu makro və mikro ritmin ifadəsidir. İnsanın bioloji və sosioloji varlığı, mücadiləsi, sezgiləri, duyğuları, düşüncələri bu görünməz, duyulmaz, bəzən də görünən və duyulan bir ritmin içərisindədir, daha doğrusu, bu ahəngin, harmoniyanın bağrındadır.
Görəsən, söz bu ilahi harmoniyanı Allahın yaratdığı bu əsrarəngiz ahəngi ifadə etmək gücündədirmi?
Hər halda, sənət Homeri ilə, Rablesi, Şekspiri, Nəvaisi, Füzulisi, Folkneri, Borxesi... ilə bu iddiadadır.
Öz iddiası ilə sözün rəqibi olan səs, musiqi, rəng, plastika, əl sənətləri, həm də sözün müttəfiqi, tərəfkeşləridir.
Bethovenin, Baxın, Üzeyir bəyin sözdən aldığı qüdrət də bir gerçəkdir. Bu sonsuz zənginlik və çarəsiz görünən adekvat ifadəetmə baxımından söz ustasının avantajı, əlahiddəliyi varmı?Əlbəttə ki, var.
- Anaxronizm sərbəstliyi;
- Yerdəyişmə, zamandəyişmə azadlığı;
- Həyatda birləşməyənləri birləşdirmək, birləşənləri ayırmaq;
- Fərqində olmaq və ya fərqində olmamaq ixtiyarı;
- Dil, üslub, ifadə, poetika özgürlüyü;
- Hamının azadlığına gülə bilmək, hamının güldüyünə ağlaya bilmək seçimi;
- Yazıçının əlində sözdən başqa heç nə yoxdur. Sözün real və fantastik, bilinməyən imkanlarından, sehrindən, möcüzəsindən hər şəkildə, hər biçimdə, yorumda istifadə edə bilmək ixtiyarı qələm sahibinə məxsusdur.
- Hər cür tənqid, yorum, inkar, təsdiq qarşısında yazarın yaratdığı dünya dayanır. Bu dünya o yorum və tənqidlərə, təsdiq və inkarlara etinasız da ola bilər, onu qəbul edə də bilər;
- Ağacın, suyun, küləyin, göyün, yerin... dilsiz bildiklərimizin dili yazıçıdır;
- Uzaq ellərdən gələn mehin, göylərdən enən yağışın, qarın təkrarsız dilinin tərcüməçisi söz ustasıdır;
Yeni doğulmuş körpənin təbəssümündə, ağlayışında gizli qalan dili, bir qocanın dilsiz-ağızsız ahını, yanağına axan bir damla yaşda gizli qalanı danışdırmaq, sözə çevirmək qisməti də yazıçınındır. Sözsüzlüyün sözü qələm sahibinindir.
- İfadə oluna bilinməyənin ifadəetmə təşnəliyi, yanğısı, yazıçının əbədi dərdi, bitib tükənməyən ehtirasıdır.
- Sözün sərxoşluğu sərxoşluğun ali məqamıdır.Bilən bilir, bilməyənlərə bilənlər desin...lllMən tez-tez sənətlə, yazı ilə bağlı yuxular görürəm. Bu yuxular mənim üçün ciddi əhəmiyyət kəsb edir (nə qədər gülməli görünsə də).Bu yaxınlarda yenə bu yuxulardan birini gördüm. Gördüm ki, hardasa bir məclisdəyəm, cavan vaxtlarımızdı. Məclisdə Vidadi rəhmətlik də var, Mövlud da, xatırlamadığım başqa dostlar da. Hər kəs nə yazdığını, nə yazmaq istədiyini anladır. Mövlud nə isə təzə bir şey yazdığını, mifdən, folklordan, türk tarixindən müasir nəsrə gələn uzun yolda nəsə tapdığını izah etməyə çalışır, amma nədənsə, bacarmır (həyatda da Mövlud danışmağı çox sevmir).
Birdən eyni zamanda Mövludun da, mənim də gözüm Vidadiyə sataşır. Vidadi elə o istehzalı təbəssümüylə, zarafat etdiyi və ya ciddi danışdığı bilinməyən üslubuyla Mövluda nələri isə deyir. Onun dediklərindən mənim anladığım o olur ki, nəsri sadəlikdən, sadədillilikdən çıxarmaq lazımdır. Əhvalat, təhkiyə nəsr deyil, elə hədis kimi bir şeydir. Yazıçının danışdığı assosasiyalar, psixoloji rənglər içində deyilsə, onu hər kəs yaza bilər və o cür bədii əsərin vaxtı çoxdan keçib.Mən Vidadinin anlatdıqlarından yadımda qalanları şüurlu şəkildə bilgilərimlə zənginləşdirməyə çalışdım və aşağıdakı qeydlərimi sizinlə də bölüşməyə qərar verdim.
Nəsr (əslində yazı, onda bəs şeir nədir, bəlkə ona vəhy demək daha doğru olar?!) cümləsi, ayrı-ayrı və bütöv mətni və mətnarası quruluş zənginliyi, məna tutumu ilə çox ölçülüdür. Bu ölçü müəyyən mənada imkan olsa da, zaman ölçülərini daha çox əhatə edir.
Biz romanda ayrı-ayrı bölümlərdə ayrı-ayrı problemlərin (şair və hökmdar, eşq və intiqam, satqınlıq və qəhrəmanlıq...) müxtəlif zamanlara, paylanmasını nəzərdə tutmuruq. Biz bunun cümlə-cümlə, cümləarası-cümləarası, mətn-mətn, mətnarası-mətnarası yerləşməsini, o zaman və məkan baxışı ilə qurğulanmasını nəzərdə tuturuq.Yazıçı kimin üçün yazır?Bu suala qəti cavab vermək çətindir. Cavablar çox, yorumlar fərqlidir.
Yazıçının oxucu üçün yazdığı əksəriyyətin fikridir. Yazıçı-əsər-oxucu üçbucağı, dünya ədəbiyyatının ən məşhur modellərindəndir.Oxucu üçün yaradan yazıçı yaratdığı dünyanı oxucuya tanıdır və onun əlindən tutub bu dünyanı dolaşdırır, onunla qaynayıb qarışır.Allah üçün yaradan yazıçılar dua edirmiş kimi Allahla danışır.
O, yaratdığı dünyanı Allahın dərgahına daşımaq istəyəndir. Bir də özü üçün yaradan yazıçılar var və ya belə yaranmış əsərlər var. Bu əsərlər öz-özünə etirafdır, özünü bütövləşdirmək, öz-özünü təsdiq etməkdir.
Bunu gənclik, yetkinlik, yaşlılıq dövrü ədəbiyyatı deyib şərti şəkildə ayırmaq olar. Həyatı boyu oxucu, Allah, özü üçün yazanlar da az olmayıb.
Bu bölgü yazıçıları deyil, yaranmış yazıları bölmək üçün yararlıdır. Bütövlükdə götürəndə yazmaq, yaratmaq bir vergidir, missiyadır.
Ardı gələn şənbə sayında
Kamil VƏLİ
525-ci qəzet.-
2009.- 3 oktyabr.- S.28.