İşğaldan bir gün əvvəl
Kənd
arvadlarının gördüyü qara-qura yuxular Kəndxudanın
kürkünə birə salmışdı.
Kəndxuda özü də
son vaxtlar qəribə yuxular görürdü; bir
başından möhür, o biri başından cəza vasitəsi
kimi istifadə etdiyi simli qamçısı ilana çevrilib
onun boğazına sarılırdı. Qəribəsi o idi ki,
ilan dil açıb danışır, gördüyü
bütün bivec işləri bir-bir Kəndxudanın
yadına salırdı; dostunun arvadını ərindən
qalma mirasa görə zorla almasını, bu izdivac
üçün kəndin ən yoxsul kişisinin atını
satıb şəhər müftisinə rüşvət verməsini,
öz arvadının bütün bu hoqqalara dözməyib vərəmləməsini,
həmişə “qardaşoğlu” dediyi dostunun oğlu Səlimi
qızı ilə nişanlayıb, dostu öləndən
sonra bu əhdi pozmasını...
Kəndxuda vaxtı ilə
fəxrlə “məni kresloda saxlayan budur, olmasa bir gün də
camaatın öhdəsindən gələ bilmərəm”
deyib göydə şaqqıldatdığı
qamçısını indi hər görəndə əti
çimçəşir, boğazında acı bir şey
düyünlənirdi.
O, incə hörgüləri
gerçəkdən ilan qabığına bənzəyən
simli qamçısını bir müddət əlinə ala
bilmədi. Günlərin birində isə qamçını
kötüyün üstünə qoyub balta ilə
doğradı, yuxusuna girməsin deyə uşağına
murdarlatdı.Bu dəfə qamçı yaralanmış ilan
kimi girdi Kəndxudanın yuxusuna. Yaralarından qan sızan
ilan fışıldayır, dilinin ucundan qətran kimi
süzülən zəhər Kəndxudanın ağzına
tökülürdü. Kəndxuda boğuldu, çeçədi...
Səhər duranda boğazını zəhər kəsirdi.
Güzgüdə dilinə baxdı - zəfəran kimi
sapsarı idi. Divardakı təqvim...
O, çoxdan
unudulmuşdu, xeyli vaxt idi ki, köhnə vərəqlər
cırılmırdı. Kəndxuda günlərin keçməsini
istəmirdi elə bil. Qopub düşən hər səhifənin
onu hələ dərk edə billmədiyi dəhşətli
bir günə daha da yaxınlaşdırdığını
duyurdu sanki.Amma nədənsə bu gün tamam başqa ovqatda
idi Kəndxuda. Elə bil narahatlıqlar sona
çatmış, xəyallar aləmi ona rahatlıq vermişdi.
İndi hər şeyin lap əvvəllki kimi olmasını
istəyirdi. Bunun üçün saat vaxtında işləməli,
təqvim günbəgün cırılmalı idi.
Kəndxuda kabinetində
azca gəzinəndən sonra irəli durdu, təqvimi təzələmək
üçün varaqları bir-bir, iki-bir qoparmağa
başladı.
Qəflətən onu
ildırım vurdu sanki: təqvimin sabahkı səhifəsindən
qan damırdı.lllBaşını əlləri arasında
möhkəm sıxan Kəndxudanı xəyallar aləmindən,
daha dəqiqi, xəyallar əzabından Çoban Səlimin
tütəyinin yanıqlı səsi ayırdı.
Atasını vaxtsız
itirən, nişanlısından ayrılan, anası zorla kəndxudaya
ərə verilən, atadan qalma bütün var-dövləti,
torpaqları əldən çıxan Səlimin başına
hava gəlmişdi. İndi qəpik-quruşa kənd
camaatının qoyun sürüsünü otaran Səlim
qorxudan yox, şüursuzluqdan Kəndxudaya “dədə” deyirdi.
Səlim kəndin sakit və aydın sabahlarında
sürünü dağın döşünə yayıb
tütək çalırdı. Bu tütəyin
yanıqlı səsi hər evdə, hər ocağın
başında eşidilirdi. Eşidilirdi və arvadları
ağladır, kişiləri kədərləndirirdi. Ancaq əlindən
bir iş gəlməyən, gəlsə də ağrımaz
başına dəsmal bağlamaq istəməyən kənd
adamları göz yaşı axıtmaqla, köks ötürməklə
kifayətlənirdilər.Kəndxuda həmişə
Çoban Səlimin tütəyinin səsini eşidəndə
cin vururdu təpəsinə.
Ona görə yox ki,
vicdan əzabı çəkirdi. Ona görə ki, bu səs
Kəndxudanın dostunun ailəsinə elədiklərini
camaatın yadına salır, onun üstünə nifrət
yağışları yağdırırdı. Bəlkə
buna görə dərkolunmaz bir gücün, qara bir qüvvənin
boğanağından çıxa bilmirdi. Vaxtı ilə
işdən qovmaq istədiyi sağıcılardan birinin - kənd
ağsaqqalı İsfəndiyar kişinin qızının
dediyi sözləri yəqin, qəbr evinədək unuda bilməyəcəkdi:
“Dədəm Səlimin
anasını almağına razı olmadı, indi məndən
qisas alırsan!
Qisas alırsan, a
namussuz! Dostunun ailəsinə göz dikən biqeyrət! Ailəsinə
göz dikib cavan balasını bədbəxt eləyən
qudurğan. Səni görüm qanını yalıyasan!
”İsfəndiyar
kişinin qızına heç nə deyə bilməmişdi
Kəndxuda. Bütün günahı Çoban Səlimin
tütəyində görmüşdü. Odurr ki, Səlimi
axşam örüşdən qayıdan vaxtı
atdöşü edib kürəyinə həmən simli
qamçı ilə bir-ikisini çəkdi.
“Oy dədə” - dedi Səlim. Camaat
bilmədi “dədə” deyəndə kimdən imdad umur binəva.
Öz doğma atasındanmı, yoxsa atrıq atası zənn
etdiyi Kəndxudadanmı... Sonra tütəyini
almışdı Səlimin, dizində iki bölüb
atmışdı. Kimsə yerə çömbəlib
hönkür-hönkür ağlayan Səlimi qolundan tutub
qaldırmaq istəyəndə
“Dəymə” -
demişdi İsfəndiyar kişi:
“Fürsətdi, qoy
ürəyini boşaltsın”.
Səlimin tütəyini
susdurmaq elə də asan deyildi.
O, Kəndxudaya “dədə” deyə
bilərdi, ancaq tütəksiz qala bilməzdi.Bu əhvalatdan
sonra Səlimin tütəyinin səsi daha çox təsir
edirdi adamlara. O, kəndin bütün dərdlərinin tərcümanı
idi. Səsi gəldimi, insanlar nəfəsini qısıb qulaq
asırdılar. Artıq kəndin heyvanları da öyrəşmişdi
bu səsə. İnsanlar qarışıq bütün
canlıları qulaqları ilə deyil, bədənləri ilə
eşidirdilər Səlimi. Tütəyin səsi ətinə-qanına
hopurdu bütün canlıların. Hopurdu və onlara ilahi bir
sakitlik gətirirdi.Bu gün Kəndxuda da hiss edirdi bu
rahatlığı. Odur ki, ləzzətlə qulaq
asırdı Səlimə. Hətta arada qəhərləndi də!
Tütək susan kimi ayağa qalxdı, kənd idarəsinin
qarşısına toplaşan adamlara tərəf
qışqırdı:“Səlimi bura gətirin!”
“O günü idarənin
qarşısına toplaşan adamlara nə demisən?”
- Səlimin
bozarmış şalvarına, əzik-üzük pencəyinə,
dağınıq və kirli saçlarına, həyəcandan
böyümüş gözlərinə ötəri nəzər
yetirib soruşdu.Səlim başını aşağı
salıb dinmədi.
“Sənnənəm,
qorxma, danış”.Səlim yenə dinmədi.“Danış,
danış. Pul verəcəm özünə
konfet alasan, danış. Nə
görmüsən o günü. Dedin keçilər nə
edirdi?”.
“...”“Sənnənəm!”
- Kəndxuda əlini balaca yuxarı
qaldırdı. Səlim gözlərini qırpıb boynunu
qısdı -
“Bax döyərəm səni,
danışmasan”
.Səlim yenə dinmədi.Kənd
ağsaqqalı İsfəndiyar kişi qapını
açıb işəri keçdi. Üzünü Kəndxudaya
tutub narazı səslə dilləndi:
“Nə istiyirsən
uşaqdan? Bilmirsən, qaradinməzdi”.Sonra Səlimə yaxınlaşdı,
mehribanlıqla başını tumarlayıb soruşdu:
“Oğlum, dünən
bizə danışdıqlarını yenə söylə,
utanma”
.Səlim təntiyərək
İsfəndiyar kişinin üzünə baxdı. Həyəcandan
az qala gözləri yerindən çıxacaqdı:
“Keçilərin...
hamısı... bala salır, qoçların... buynuzu əyilib
öz gözlərini çıxarır” - dedi və tələsik
otaqdan çıxdı.Kəndxuda dərindən köks
ötürdü:
“Kəndin
başının üstündə qəza var, İsfəndiyar
kişi!”“Bu hardan çıxdı?” - ağsaqqal istehza ilə
soruşdu.
“Qəza var, görəcəksən”
.İsfəndiyar
kişi dinmədi. Ağ saqqalını ovuşdura-ovuşdura
təqvimdən döşəməyə dammış qana
baxdı.lllİdarənin həyətində səs-küy
qopmuşdu. Kəndxuda İsfəndiyar kişi ilə bahəm
həyətə çıxdı: “Nə olub, ay
camaat!”Meşədən gələn bir dəstə adam, az
qala xorla qışqırdılar:“Yaş çökəyin
altından adam səsi gəlir”.“Bu nə deməkdir, adam
danışanda, qışqıranda səsi gələr də”.“Yox
ey, yerin altından...
”Kəndxuda tutuldu.
“Yerin altından?”
- İsfəndiyar kişi təəccüblə
soruşdu.
“Həə...
Yerin altından. İsfəndiyar
dayı, üstümdə andın yoxdu, inanmırsan gedək
özün qulaq as”.
“Bu nə səfehlikdi, məni
dolamısız?”
- İsfəndiyar kişi heyrətdən
donub qalan insanlara, sonra rəngi ağappaq olmuş Kəndxudaya
baxdı, özü də tutuldu. Çiynindəki
çuxanı düzəldə-düzəldə camaatın
qabağına düşdü.
Doğrudan da yerin
altından qarışıq səslər gəlirdi. Onların
hansı dildə danışdığı bəlli deyildi,
amma insan olduqlarına şübhə yox idi. İsfəndiyar
kişi həyəcandan titrəyən kənd sakinlərinə
əli ilə “sakit olun” işarəsi verdi və
qulağını yerə söykəyib dinləməyə
başladı. Bir azdan ayağa qalxdı, hədəqəsindən
çıxan gözlərini Yaş çökəyin nəm
torpağına zillədi, sonra dalı-dalı çəkildi.
Camaat da onun kimi geri çəkilməyə başladı.
İsfəndiyar kişinin dili batmışdı deyəsən.
Kəndxuda onun qoluna girdi, kişiyə su verdilər,
tütün eşdilər. Hannan-hana özünə gəlib
camaata baxdı:“Gələn ölülərimizin səsidi,
onlar nədənsə çox narahatdılar!”.
Bir saat çəkməmiş
meşədəki ağacların qara çiçək
açdığı, bulaqların qan rəngində
axdığı, qayaların döşü ilə gedən
yolların öz-özünə uçub
dağıldığı, kənddə bir qadının
ölü uşaq doğduğu barədə xəbərlər
gəldi. Kəndxuda yerində dayana bilmir idarənin
qarşısında sağa-sola var-gəl edirdi.Həmişə
olduğu kimi çıxış yolunu yenə də İsfəndiyar
kişi tapdı:“Gedək Gərəhməzin yanına!”
Gərəhməz il on
iki ay evdən çölə çıxmırdı. O,
ömrünün 8 ilini türmədə keçirmişdi. Ərini
öldürdüyünə görə... Meşədə
odun qırdıqları yerdə öldürmüşdü ərini.
Arxadan balta ilə başına iki zərbə vurmuşdu. Ərini
öldürdüyünü boynuna almırdı Gərəhməz.
Deyirdi, bir şaxı sürüyüb maşın
ayağına gətirdim, geri qayıdanda ərimin qan
içində çabaladığını gördüm. Qardaşları
evimizdəki vara-dövlətə yiyə durmaq
üçün öldürtdülər onu, işi də mənim
üstümə atdılar.Gərəhməzin guşənişin
olmasının səbəbkarı da ərinin qohumları idi.
Türmədən çıxanda yanına gələn
adamları qovmuşdu qapısından, “Rədd olun, sizin sifətinizi
görmək istəmirəm!” - demişdi.Gərəhməzin
mərhum ərinin çoxlu qızılı-pulu vardı. Mehriban
dolansalar da, övladları olmurdu. Danışırdılar
ki, Gərəhməzi qohumları öyrədib. Deyiblər
uşağın olmur, o var-dövlətdən sənə bir
qəpik də qalmayacaq. Ərini öldür,
qızılları da götür gəl, səni ürəyin
istəyən cavan bir oğlana ərə verək,
övladın da olsun, şad-xürrəm yaşa.İşin
üstü açılmayıb əvvəlcə. Deyilənə
görə mərhumun qardaşları əvvəldən Gərəhməzdən
şübhələnibmişlər. Ona görə gözdən
qoymurmuşlar Gərəhməzi. Dəfndən bir həftə
sonra Gərəhməz anasıgilə getmək
üçün icazə alır. Uzun qış gecəsi
anası ilə ordan-burdan söhbət eləyən Gərəhməz
axır ki, gəlir mətləb üstünə, baş verənləri
olduğu kimi danışır. Hətta qohumlarının onu
aldatmasından gileylənir, ərini öldürdüyünə
peşman olduğunu söyləyir. Deyir ki, yazığa
birinci baltanı vuranda üzüqoylu yıxıldı, amma
tez özünə gəldi, dedi, Gərəhməz, day vurma məni,
öldürmə, onun-bunun sözü ilə özünü
də, məni də məhv eləmə, səni
aldadırlar...
“Amma gözümü qan örtmüşdü,
eşitmədim onun dediklərini, ikinci baltanı da yerdə ikən
vurdum, canını tapşırdı”
- Gərəhməz etiraf
etmişdi.Bütün bu söhbətlərə mərhumun
qardaşı damın bacasından gizlicə qulaq
asırmış...Gərəhməzlə bağlı
başqa əhvalat da danışırdılar kənddə. Guya
türmədə ikən yuxuda ona vergi verilib. Əvvəlcə
qəbul eləməyə gücü
çatmırmış, ona görə ağlını
itirib. Sonradan qəbul
edib. Hətta bir dəfə cinlərin köməyi ilə
türmənin hündür divarından aşıb
qaçmaq istəyirmiş... Güc-bəla ilə saxlaya
biliblər. Gərəhməz evdən bayıra
çıxmadıqca onun barəsində yaranan əfsanələrin
sayı artırdı. Danışırdılar ki, gecələr
cinlərlə söhbət edir, ölən
qohumları evinə qonaq gəlir. Guya Gərəhməz
nəinki cinlərin və ölülərin, heyvanların,
quşların, hətta ağacların dilini bilir, onlarla
danışırdı. Guya gecələr Gərəhməzin
həyətindəki qarağacda ocaq yanır, o ocağın
tüstüsündən iyləyən adam heç zaman
ölmür. Daha bir əhvalat Gərəhməzin
uşaqlığı ilə bağlı idi. Guya uşaq ikən
cinlər dəyişmişdilər onu. Anası
gəlib beşiyin içində gözəl-göyçək
körpəsinin yerində eybəcər bir məxluq görəndə
özündən gedibmiş.Onu da deyirdilər ki, Gərəhməz
gecələr kəndin bütün yerlərini gəzir,
meşəyə gedir, yaylaqlara qalxır. Gecələr kəndin
arasında, örüşdə bir xəyalatın
dolandığını bilirdi hər kəs. Bu xəyalatın
Gərəhməz olduğunu düşünüb sakitləşirdilər...
Bütün kənd Gərəhməzin
qapısına yığışmışdı. Arvadlar
ağlaşır, kişilər boğaz çəkib
yalvarırdılar. Gərəhməz isə həmişəki
kimi evdən bayıra çıxmırdı. Sanki
çöldə bir yığın sərçə
cükküldəşirdi.Çox çək-çevirdən
sonra qərara gəldilər ki, Çoban Səlimi Gərəhməzin
evinə yollasınlar. Çünki burada olmayan yeganə kənd
sakini Səlim idi. Kəndxuda Səlimin dalınca adam göndərdi.Səlim
gələn kimi İsfəndiyar kişinin yanına
qaçdı:“...
Q....q....qorxuram....”
- dodaqları titrədi.İsfəndiyar
kişi:
“Qorxma, oğlum. Bax indi
get gördüklərini Gərəhməz xalana denən. Denən
gəlib bizə kömək eləsin”.Çoban Səlim
adamların sifətinə baxa-baxa Gərəhməzin evinə
tərəf addımladı. Qapını açıb
içəri keçdi. Adamlar yalnız bundan sonra Gərəhməzin
qapısındakı qarağacın budaqlarının
çürüdüyünü gördülər.lllGərəhməz
Çoban Səlimin əlindən tutub bayıra
çıxanda, camaatın arasında dolaşan uğultu kəsildi.
Rəngi meyit rəngini xatırladan, dişləri
tökülmüş, burnu donqarlamış qarını əvvəlcə
heç kim tanımadı. Saçlarını cin
hörmüşdü elə bil. Saman, ot, tikan
parçaları da qarışmış bu düyünlər
yəqin, heç qiyamət günündə də
açılmayacaqdı. Əynindəki köhnə
libasın rəngini ayırd etmək mümkün deyildi. Evindən
və bədənindən gələn ifunət, rütubət
qoxusunu isə bircə yaxınında dayanan Səlim hiss
edirdi. Səsi də tamam dəyişmişdi Gərəhməzin.
“Nə istəyirsiz məndən!?
Quyruğunuz qapı arasında
qalıb deyin yadınıza düşdüm?”.
Duruxdu. Gözlərini
qıyıb diqqətlə camaata baxdı. Deyəsən
heç kimi tanımırdı. Ya da çoxdan bəri
gün üzü görmədiyindən gözləri
qamaşırdı. Xırıltılı səslə:“Dağılacaq
bu kənd! Yernən yeksan olacaq!” Camaat ölü bir sükut
içində “cin dəyişəyinin” nitqinə qulaq
asırdı. “Baxın, a kor olmuşlar” - əlini
çürüyüb tökülməkdə olan qarağaca
uzatdı - “Görün çırağımı necə
söndürdünüz. Siz elədiniz, siz! Sizin aranızda
ala qarğa bala çıxarmaz!”Dodaqları əsdi. Çoban
Səlimin başını tumarlaya-tumarlaya əlavə etdi:“Bu
bədbəxtin meyitini kəndin girəcəyindəki tut
ağacından asılı gördüm. Qarğalar gözlərini
dimdikləyirdi. Məni evimlə birlikdə yandırdılar.
Səni.... hı.... ədalətli kəndxudanı, tikə-tikə
doğradılar”.Kəndxuda gözlərini avamcasına
qırpdı. Gərəhməzin kefi lap kökəldi:“İsfəndiyar
kişinin qızıl qanı ağ saqqalına yaman
yaraşırdı...”
- səsini yüksəltdi
–
“Qadınlar, hamınız əsirsiniz!
Uşaqlar, ölüsünüz!
Körpələr, sizi süngülərdə
oynatdılar!”“Biz səni başa düşmürük, Gərəhməz!
Bizə kömək elə...” - kimsə dilləndi.“Nəyi
başa düşmürsünüz, ay avamlar! Yaş
çökəkdən gələn səsləri eşitmədiniz?”
Adamlar təəccüblə
biri-birinə baxdılar.Gərəhməz
çürümüş budağa bənzəyən əlini
havaya qaldırıb işarə verdi:
“Arxamca gəlin!”
- Və sürətlə getməyə
başladı. Adamlar ha qaçsalar da ona
çata bilmirdilər. Birdən kənd
sakinləri onun addım atmadığını, eləcə
göylə uçduğunu gördülər. Az sonra kənd sakinləri də
Gərəhməzlə birlikdə havada uçurdular.
Yaş çökəyə
necə çatdıqlarını bilmədilər. Gərəhməz
gələn kimi yerin altından eşidilən
qarışıq səslər kəsildi. O, Yaş
çökəkdə xeyli hərlənəndən sonra
böyük bir çevrə cızdı, addımları ilə
ölçüb çevrənin ortasını tapdı. Dilinin
altında nəsə oxuya-oxuya dabanı ilə nəm
torpağı eşib balaca bir oyuq açdı. Sonra həmin
oyuqdan nəsə çıxarırmış kimi əllərini
altdan yuxarı hərəkət etdirməyə
başladı. Əllərinin hər ikisi göy üzünə
doğru açılıb dayananda Gərəhməz
üzünü camaata tutdu:
“Ölüləriniz narahatdır,
sizinlə görüşmək istəyirlər, kimi
çağırım əvvəlcə?”
.Adamlar
çaşıb qaldılar, bir şey söyləyə bilmədilər.“Bəlkə
Səlimin atasını çağırım”
- Gərəhməz eyhamla Kəndxudaya
baxdı. Kəndxuda yerində qurcuxdu. Gərəhməz əlavə
etdi:“
Kimin
ölüsünü çağırım?
İrəli durun!”.
Camaatın arasında
narahat bir uğultu gəzdi, amma heç kim yerindən tərpənmədi...“Nə
gərnəşirsiniz?! Hamının öləndən sonra
yurdunu kor qoyduğu bir-iki qohumu var. Maşallah, bu barədə
səxavətiniz əskik olmayıb. Amma kefinizi pozmayın,
onlar bu ağır günlərdə belə üzünüzə
baxmaq istəmirlər”. Hamı üzünü İsfəndiyar
kişiyə tərəf çevirdi. İsfəndiyar kişi
boğazını arıtlayıb irəli durdu:“Rəhmətlik
Şükür kişini çağır. O, böyük
ağsaqqal olub, gör bizə nə məsləhət
verir”.“Bilirəm” - Gərəhməz dilləndi - “Kəndin ən
hündür damının üstünə
çıxıb, filan qızı filan oğlana verdim söylərdi.
Valideynlər heç nə deməzdilər. Çünki
Şükür kişi heç vaxt layiq olmayanları evləndirməzdi.
Həmin ailələr ən möhkəm ailələr olurdu.
Amma bu ailələrdən siz doğuldunuz! İndi
Şükür kişinin üzünə necə
baxacaqsınız?”
.Gərəhməz qəflətən
əllərini kənara açıb dal-dala
qaça-qaça qışqırdı:“Haddın! Haddın! Haddın! Brrəvın!
Brəvvın! Brrəvın!”
Bayaqkı oyuqdan
uğultuyla torpaq püskürməyə başladı. Torpaq
havada tüstü kimi görünür, yerə qayıdınca,
heykəllərin üstünə tökülürmüş
kimi adam şəkli alırdı. Sanki əvvəldən kəndin
ən dərin dərəsi olan Yaş çökək
gözəgörünməz adamlarla dolu imiş. Gərəhməz
onların üstünə torpaq tökən kimi görünməyə
başladılar.Bu adamlar hamısı çılpaq idi. Üz-gözlərini,
ayıb yerlərini torpaq örtsə də kənd adamları
öz ölülərini tanıdılar. Onlar yerin altında
olduğu kimi qarışıq səslər
çıxarır, narahatlıqla ora-bura
qaçışırdılar. Ölülər
ağzını açdıqca onların dilinin yerində bir
ovuc çürüntü görünürdü. Odur ki,
danışa bilmir, dəhşətli bir hadisənin şahidi
olduqlarını öz hərəkətləri ilə dirilərə
anlatmağa çalışırdılar. Deyəsən
heç qohumlarını da tanımırdı bu adamlar.
Ruhları, yaddaşları yox idi bəlkə də... Tanrıdan
beş-on dəqiqəlik möhlət istəmişdilər,
Tanrı da sadəcə can vermişdi onlara. Ona görə
daha çox heyvan sürüsünə bənzəyirdilər.
Cürbəcür dəhşətli səslər
çıxarıb sağa-sola qaçışan, amma Gərəhməzin
çəkdiyi çevrədən kənara çıxa bilməyən
bu adamlar kəndin ölülərinin hamısı deyildi. Bunu
yerində donub qalmış dirilərin arasından yeganə fərq
edən İsfəndiyar kişi oldu.lll“Bəsdir
gözünüzü döydünüz”
- Gərəhməz idi
-
“Haydı ardımca gəlin,
Ata yeri qayasının başına
çıxmalıyıq”.Adamlar yuxudan ayıldılar elə
bil. Yaş çökəkdə nə çevrə
vardı, nə də onun içində vurnuxan ölülər.
İsfəndiyar kişi təəccüblə
soruşdu:“Şükür kişini görmədik axı!
”Gərəhməz ona
çəpəki bir nəzər saldı:
“Şükür
kişini işıqlı dünyadan
çağıracağıq”.
Ata yeri qayasının üstündən
kəndin bütün torpaqları görünürdü. Yamyaşıl
yamaclar sozalmış, dağlar balacalaşmış, bulaqlar
azalmış, çaylar bulanmışdı. Göydəki
buludların hamısı tünd qara rəngdə idi. Göy
qaş-qabağını sallamışdı.İsfəndiyar
kişi Ata yeri qayasının üstündən kəndin
geniş, bərəkətli torpaqlarına həsrətlə
baxıb dərindən köks
ötürdü:“Babalarımız vaxtı ilə burda
dayanıb kənd torpaqlarını adamlar arasında
bölüşdürmüşdülər, bir nəfər
belə narazı qalmamışdı. Onların ruhu indi bizimlədir, bizə
kömək edəcəklər”.
Gərəhməz Ata yeri
qayasının başındakı balaca düzəngahda
saatlarla sağa-sola qaçdı, qəribə hərəkətlər
edə-edə əcaib dillərdə nəsə oxudu. Ancaq
heç nə alınmadı. Hamı getdikcə daha
böyük maraqla işıqlı dünyadan gələcək
adamı gözləyirdi.Artıq qüruba əyilən
günəş Ata yeri qayasının başına
toplaşan insanların üzünə son dəfə
işıq salırdı. Sanki onları bir-bir bağrına basır, əlacsız-köməksiz
qoyub getmək istəmirdi. Gərəhməz qan-tər
içində düzəngahın kənarındakı ağ
mamırlı daşın üstündə oturdu. Camaatdan
tütün istədi, tüsdülədə-tüsdülədə
gözlərini qıyıb çox uzaqlara baxdı. Onun rəngi
daha da saralmış, ourdları çuxura
düşmüşdü.
Lal-dinməz xeyli oturandan sonra əlini
Çoban Səlimə uzatdı:“Yaxın gəl,
bala”.Çoban Səlim qorxa-qorxa Gərəhməzə
yaxınlaşdı.
“Çıxar tütəyini.
Bu tütək kəndimizin İsrafil suru olacaq. Çal.
Çal görək harayımıza kim gəlir”.Çoban Səlim
tütəyi çalmağa başladı. Tütək
çaldıqca dəliklərindən qan axır, Səlimin
nazik barmaqları qana bulaşırdı. Səlim gözlərini
yumduğundan heç nəyin fərqində deyildi. Az
keçməmiş göydən qayanın tilinə solğun
bir işıq düşdü. Sonra uzun, ağ əba
geyinmiş nurani bir adam pilləkənmiş kimi işığın
üstü ilə aşağı endi. Adamlar onun nurlu sifətinə
diqqətlə baxdılar. Gələn Şükür
kişi idi. Şükür kişi danışmır,
camaata baxıb səssizcə ağlayırdı. Kənd
sakinləri bir müddət çaşqınlıq
içində ona tamaşa etdilər. Sonra körpələrin
ağlaşma səsi gəldi. Ardınca qadınların, daha
sonra kişilərin... Bir-bir Şükür kişinin
yanında zühur edən rəhmətə getmiş kənd
sakinləri də səssiz göz yaşları
axıdırdılar. Bu adamların içində Səlimin
atası da vardı, Gərəhməzin əri də... Ancaq
onlar başlarını qaldırıb dirilər tərəfə
baxmırdılar. Dirilər də ölülərin sifətinə
baxa bilmirdilər. Qəflətən dirilər
Şükür kişinin qarşısında diz
çökdülər. Kiminsə boğuq səsi
eşidildi:“Sənə qurban olum, Şükür kişi, bizə
yol göstər”.
Şükür
kişidən səs-səmir gəlmədi. “Yol göstər
bizə! Yol göstər bizə!”
- yerbəyerdən həyəcanlı
qışqırıqlar eşidildi.Şükür kişi
başını bulaya-bulaya ağlamağına davam etdi. Göz
yaşı axıda-axıda gəldiyi işıq-pilləkənlə
yuxarı qalxdı və gözdən itdi. Onunla gələnlər
də eyni ilə arxasınca getdilər. İşıq
şüasının üstündə bir nəfər
günəş çöhrəli uşaq qaldı. O,
ağlamır, hüznlə gülümsəyirdi.
“Tanıdınızmı?”
- Gərəhməz uşağa
işarə edib soruşdu.Adamlar təəccüblə
udqundular.Gərəhməz üzünü İsfəndiyar
kişiyə tutdu:“Həə... hörmətli ağsaqqal, bax
görək tanıyırsanmı?”İsfəndiyar kişi
gözlərini qıyıb xeyli tamaşa edəndən sonra
qışqırdı:
“Kərəm!”Uşaq
bir az da gülümsədi.
“İndi Kərəmin
kim olduğunu denən, hamı bilsin”.İsfəndiyar kişi
çaşqınlıq içində sözə
başladı:“Müharibənin pis vaxtları idi. Camaat ağac qabığı
yeyirdi. Kərəmin də onda olardı 8-9 yaşı...
Məndən bir-iki
yaş böyük idi. Anası ölmüşdü,
atasını cəbhəyə aparmışdılar. Bir
ayağı şikəst olan əmisinin yanında
qalmışdı üç uşaq - Kərəm, 5-6
yaşında bir bacısı, 4-5 yaşında bir
qardaşı... Əmisinin ac uşaqlara verməyə
heç nəyi yox idi. Üstünə diləyə getməyə
də adam qalmamışdı, hərə öz
başının hayındaydı. Ona görə Kərəmin
əmisi gecələrin birində uşaqları yuxuda qoyub
arvadı ilə bahəm qaçıb getdilər kənddən.
Səhər açılar-açılmaz uşaqlar əl-ələ
verib ağlaşa-titrəşə qapımıza gəldilər,
“Əmimiz hanı” - deyib haray saldılar. Dədəm
əlindəki ağacla bax o haça qayanı göstərib
dedi, əminiz, arvadı ilə birlikdə ordan aşıb
getdilər”
- İsfəndiyar kişi əlini
kənd torpaqlarının uzaq qurtaracağındakı
haça qayaya uzatdı
- “Uşaqların
üçü də əl-ələ verib həmin haça
qayaya tərəf yola düşdülər.
O gündən bəri
bu uşaqları “gördüm” deyən olmadı...
” - İsfəndiyar
kişi duruxdu, birdən Kərəmin qarşısında diz
çöküb başını yerə döyə-döyə
qışqırdı:
“Sizə bir loxma
çörək verən tapılmadı,
Kərəm! Hansı
qurda, hansı quşa yem oldunuz, hansı qayadan uçdunuz,
hansı canavar parçaladı sizi, hansı sel apardı bilən
olmadı, maraqlanan olmadı... İndi özümüz o
günə düşdük! Bütün kənd,
bütün insanlar...
”İsfəndiyar
kişi hönkürdü. Sonra başını zorla
qaldırıb Kərəmin zühur etdiyi tərəfə
baxdı. Havadan bir damcı göz yaşı
asılmışdı.Camaatın ölü sükutunu
Çoban Səlimin qışqırığı pozdu. O tütəyinin də,
barmaqlarının da al qan içində olduğunu indi
görmüşdü. Səlim tütəyini atdı, əllərindəki
qana baxa-baxa geri çəkildi, sonra
qışqıra-qışqıra kəndə tərəf
götürüldü.lllO gecə kənddə Çoban Səlimdən
başqa heç kəsin gözünə yuxu getmədi. Hətta
quşların, həşaratların belə. Külək də
rahatlanmır, ağacları ahəstə
xışıldadıb bir neçə saatdan sonra baş verənlərə
şahid olmaq üçün ayaq saxlayırdı. Səhərə
yaxın ilk atəş səsi eşidildi.Kəndxuda “evimiz
yıxıldı” söylədi. İsfəndiyar kişi
“Allah sən saxla”- deyə titrək səslə dua etdi. Gərəhməz
isə şeytani bir şövqlə parıldayan gözlərini
evinin balaca pəncərəsindən səs gələn tərəfə
zilləyib ürəkdən pıçıldadı:
“Xoş gəldiniz!”
Şərif AĞ.
525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.29-30