Arxada qalmış gələcəyi təsvir edən roman

 

Artıq neçə yüzillərdir ki, Azərbaycan xalqının yaddaşında sufizm səfəvilik onun yaşamına güc verən, onu ilkinliyinə qaytaran, hər zaman tanrı qarşısındakı məsuliyyətini anladan, vətən, övlad, millət xalqa bağlı vəzifələrini öyrədən təfəkkür kompleksi, ictimai-mədəni hərəkat kimi yüksək dəyərləndirilir. Bunların hər ikisi elə milli-tarixi sərvətdir ki, yadların, yadellilərin Azərbaycana gətirdiyi ögey düşüncəyə, qarışıq psixologiyaya, zərərliizmlərə, təcavüzkar istilaçı siyasətə qarşı mübarizədə ən etibarlı dayaq olub, xalq arasındadərvişlik kultunu yaysalar da insanın ilahi ünsiyyətinə haqq qazandırıb, cəmiyyətdə şahların belə baş əydiyiqanun şahdırideyasına, doğruya, ədalətə, insaf vicdan həqiqətlərinə dəstək olub. Bəşərin daimi axtarışı olan bu gerçəklər müxtəlif tarixi mərhələlərdə siyasi səbəblərdən arxa plana keçsə unudulmayıb, öz arxetipini xalq yaddaşının alt qatında yaşadıb ki, gələcək nəsillərə çatdıra bilsin. Bunun bariz nümunəsinə sovet hakimiyyəti, ondan öncəki çarizm dövründə Azərbaycan xalqı rast gəldi taleyin qismətindən yenidən azadlığına nail olaraq ÖZ həqiqətlərinə uyğun yaşamaq imkanlarını qazandı. Özgürlük ÖZ həqiqətlərimizə sahiblik hissinin formalaşmasında tarixi mövzulu əsərlərin, xüsusən epik nümunələrinin, tarixdən bəhs açan romanların əhəmiyyəti böyükdür. Həmin sırada Yunus OğuzunTəhmasib şahromanı bir çox əlamətləri ilə maraq doğurur.

Hər şeydən əvvəl müəllifin tarixə müraciət tərzi diqqəti cəlb edir, onun fərdi ictimai-tarixi marağı sosial-fəlsəfi keyfiyyət kəsb edərək xalqın möhtəşəm obrazının yaranmasına səbəb olur. Yazıçı göstərir ki, Azərbaycanın birliyi və bərabərliyi uğrunda Şah İsmayılın apardığı siyasətin nəticəsi idi ki, Təhmasibin şah seçilməsində, tacqoyma mərasimində” xarici qonaqları ayrıca yerləşdirirdilər. Tayfa başçılarını və onların törəmələrini nüfuzlarına görə sıra ilə düzmüşdülər. Şah taxtına ən yaxın yerdə, birinci sırada nüfuzuna görə Təbrizin ustacalı tayfasının rəhbərləri, vəzir-vəkil və başqaları, daha sonra isə şamlı, avşar, rumlu, zülqədər, qacar, təkəli, türkman, bayat, xarmandalı, qaramanlı, bayburtlu, içpirli, oryad, ravuşlu, asayişoğlu, camış közərli, sarızolaqlı, qarabacaqlı, baharlı, qırxlı, bozcalı, malü fəqili, həmzəli, zolaqlı, mahmudlu, qara çomaqlı, qaraqoyunlu, gözü bayızı, inanlı, kul gileyelçi və digər böyük tayfa nümayəndələri durmuşdular. Bütün bu tayfalar yeni şaha biət etməyə gəlmişdilər”. Bu zənnimcə yazıçının ən böyük uğurudur. O bədii mətndə hadisələrin təfərrüatına gedərək tarix kontekstini ona görə yaradır ki, Azərbaycan xalqının min bir əzaba qatlaşaraq qoruduğu vətənin taleyindən müəyyən fraqmentləri əks etdirsin, dövlət və cəmiyyət quruculuğu yolunda görülən təcrübəni əks etdirsin, xalqın yaradıcı, qurucu simasını göstərə bilsin. Elə buna görədir ki, yazıçı artıq yaşanmış tarixin arxada qalan həqiqətlərini müasir oxucuya çatdırır, onları gələcəyə ünvanlamağı vacib bilir və belə bir inamını gizlətmir ki, zaman dəyişsə, məişət və texnologiyalar yeniləşsə də insanın RUH-unda əzəli və əbədi var olan ilahi enerji onun kimliyini təzahür etdirən gerçəkdir. Ona inanmaq, onun vasitəsi ilə arxada qalanları gələcək həqiqətləri kimi qiymətləndirməyi bacarmaq lazımdır. O zaman Nəsimi, Şah Xətai, Füzuli zirvələrini fəth etmək, iki yüz ilə yaxın bir müddətdə ayrılıq üzündən “qəm üstünə qəm qalayan” (M.Şəhriyar) bir millətin dərdinə şərik olmaq olar.

Yunus Oğuz Azərbaycan tarixinin ən parlaq və maraqlı dövrlərindən birinə, Səfəvilər dövrünə üz tutur, tarixçilər tərəfindən milli intibah səciyyəsi ilə təbliğ olunan həmin illərin (məhz illərin) ictimai-psixoloji mühitini təsvirə üstünlük verir. Bu illər I Şah Təhmasibin hakimiyyəti illəri, ictimai-psixoloji mühitə hakim kəsilən isə Səfəvi xanədanının ilk şahı Şah İsmayıl Xətainin miras qoyduğu zəngin irsidir. Bu irs yalnız bədii-poetik yaradıcılıq deyil, bütöv vətən ideyası ilə yanaşı milli mənəvi dəyərlərin qorunması, yaşanan ömür təcrübəsinin birmənalı şəkildə davam etdirilməsi, yeni nəslin sərvətinə çevrilməsidir. Çünki tarix buna haqq qazandırır. O diqtə edir ki, Xətainin taleyi yalnız bir şahın, sərkərdənin, şairin taleyi deyil, bir həmvətənin, yurddaşın, vətəndaşın taleyidir. Bu səbəbdən də onu mükəmməl öyrənmək, duyğu və düşüncələrinə aşina olmaq lazımdır. Əsərlərindən birində Çaldıran döyüşündən (1524) sonrakı illərin acısını təsvir edən Şah İsmayıl Xətai deyir:Diyari-eşqə sultanəm, dila, mən də zamanımda,Vəzirimdir qəmü qüssə oturmuş iki yanımda.Bəlavü möhnətü dərdü qəm ilə öylə yandım kim, İliklər qarə su oldu, əridi istixvanımda.

Vahid Azərbaycan ideyasının banisi və bu yolda bütün əzablara qatlaşmış şair-hökmdarın insani duyğularına “Şah Təhmasib” romanında yer verilməsi, onun üzərindən mifik-mistik görüntüləri bir tül pərdə kimi götürür, mövcud hadisələrə, faktlara, ədəbi-tarixi qəhrəmanlara münasibətdə reallıq hissini daha da artırır. Bunu Şah İsmayılın Osmanlılar tərəfindən əsir götürülən Taclı xanıma bağlı düşüncələrini, iztirablarını təsvir edən səhifələrdə daha aydın görmək mümkündür. Şair-hökmdarın yaşantılarını təqdim edən yazıçı deyir:

“Sonralar yazdığı bütün qəzəlləri yalnız Taclı xanıma aid idi. Hərdən fikrini dağıtmaq üçün əsgərlərin arasına girib bir ağız muğam oxuyardı. Onda da sanki Taclı xanımın qarşısında durub onun üçün oxuyurdu. Gözlərinin yaşardığını hiss edən kimi müridlərdən hansısa tez irəliyə çıxıb onun çalmasına ilişdirilmiş niqabını üzünə salırdı. Heç təklikdə də Taclı xanım üçün doyunca ağlaya da bilmirdi. Məhərrəmlik təziyyəsi zamanı niqab altından axan göz yaşları həm də Taclı xanım üçün idi. Qoşunun və xalqın onu sarsılmış vəziyyətdə görməsini müridlər də istəmir və buna qəti yol vermirdilər. Şahın sarsılması bütövlükdə ölkənin və xalqın sarsılması demək olardı. Bu döyüş təkcə onun on üç müharibəlik məğlubedilməz mifini sarsıtmamışdı. Azacıq qüdrətləndikdən sonra bu dəfə onun ordusu hücuma keçib osmanlıları darmadağın edə, İstanbulun daşını daş üstündə saxlamaya bilərdi. Buna bir neçə dəfə fürsət də olmuşdu. Amma hətta Sultan Səlimin bütün hərəmxanasını tutub özünə siğə edərdisə də, bütün bunlar daha Taclı xanımın ləkələnmiş namusunu bərpa etməz, ağrı-acısını unutdurmazdı. O hətta sağ idisə də, daha onu özünə arvad da edə bilməzdi. Taclı xanımdan dünyaya övladı da gəlməmişdi ki, onun ətrini övladından alsın. Laləbəyimlə evlənməsinə bir səbəb də elə Taclı xanımın sonsuzluğu idi. Taleyi də sonsuz oldu”.

“Təhmasib şah” romanında diqqəti çəkən bir əsas məqam ondan ibarətdir ki, Azərbaycanın ikiyə bölünməsinə qədərki dövrün - yəni, 1928-ci il Türkmənçay müqaviləsinin imzalanmasından əvvəlki tarixin milli yaddaş bütövlüyü öz möhtəşəmliyi ilə təsvir olunur. Belə ki, indiki mənzərənin əksinə olaraq çoxmillətli İran həyatı və burada hakim olan türk sülalələrinin illərlə formalaşdırdığı ictimai-mədəni mühit, dövlət idarəçiliyi, vətənin birliyi və təhlükəsizliyi ideyası, xüsusən də insanların haqq və ədalət ruhunda yaşamaq iddiası romanın müəllif mövqeyini sərgiləyir. Yazıçının tarixi Azərbaycana müasir münasibəti də bu zaman öz orijinallığı ilə yaddaşa yazılır. Yunus Oğuz ölkə əhalisinin müharibələr şəraitində yaşamasına baxmayaraq “birlik, bərabərlik və qardaşlıq” cəmiyyəti yaradılacağına inamını mətnaltı qatda ifadə etməklə yanaşı, özünün müasirlərindən fərqli və haqlı bir mövqe nümayiş etdirərək bildirir ki, İran və bu gün Cənubi Azərbaycan kimi tanıdılan ərazi tarixən oğuz türklərinin yaşadığı və idarə etdiyi, iqtisadi, mədəni, elmi cəhətdən zənginləşdirdiyi bir ölkədir. Bu ölkə indi yalnız

“İran keşvər-e ma” - deyə qürurlanan farsların deyil, həm də onun uğrunda qan tökən, can verən və səsi eramızdan çox-çox əvvəllərdən gələn bir millətin, oğuz türklərinin vətənidir. Bunun nəticəsidir ki, çağdaş “iranlı” termini ilə tanınan kimsələrlə klassik “iranlı”nın kimliyi barədə “Təhmasib şah” romanından yetkin bilgi almaq, onların yaşam və düşüncə tərzi ilə tanış olmaq mümkündür. Xatırladım ki, türklər və türklük barədə çoxillik və müxtəlif elmi-nəzəri tədqiqatların da müəllifi olan Yunus Oğuzun eynitipli yaradıcılıq mövqeyini onun “Nadir şah” romanında da aydın görmüşük. Həmin münasibət, zənnimcə, siyasi fikir ayrılıqlarına deyil, birləşdiricilik missiyasına xidmət edir, xalqların əzəli və əbədi haqlarının tanınmasını mühüm vəzifə kimi bir daha xatırladır.

Tarixə yalnız bədii planda deyil, həm də tənqidi məntiqlə yanaşan Yunus Oğuz hadisələrin sosial-fəlsəfi mahiyyətinə də maraq göstərir, xalqın keçmişində özünü göstərən tayfalararası qan düşmənçiliyinə, feodal əxlaqına, saray daxili intiriqalara, hakimiyyət uğrunda açıq və gizli mübarizələrə bədii təhlil verir. Yazıçının bu mövqedə dayanması romanın süjetində çoxşaxəlilik yaratmaqla yanaşı, onun kompozisiyasında dramatizm elementlərini gücləndirir, oxucunun sosial-fəlsəfi qənaətlər hasil etməsinə meydan açır. Əsərdəki bir sıra fraqmentlər, o cümlədən Div Sultanla Köpək Sultanın hakimiyyət hərisliyi və bu yolda tale burulğanına düşməsi deyilənlərə parlaq sübutdur. Təhmasibin uşaqlıq illərinə təsadüf edən həmin hadisədən nəticə çıxarmayan, sonralar minbir hiylə ilə hakimiyyəti ələ keçirmək istəyən qardaşı Əlqas Mirzənin taleyi də bu fikri təsdiqləyir.

“Şah Təhmasib” romanında Şah İsmayıl Xətayinin vəsiyyətlərinə istinad bədii ideya kimi ön planda dayanır. Onun ölkədə sülh və asayiş arzuları, osmanlılarla tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq istəyi, xüsusən, Azərbaycan xanlıqları, tayfaları arasındakı ayrılıqları aradan qaldırmaq, vahid və müstəqil dövlət siyasəti rəngarəng bədii lövhələrlə təsvir olunur , şah Təhmasibin səbr və təmkinlə ata-babadan qalma “təriqət və mərifət” adamı olması, onun şəxsiyyət səviyyəsinə yüksəlməsi tarixi hadisələr axarında işıqlandırılır. Romandakı surətlərin demək olar ki, əksəriyyəti real tarixi şəxslərdir. Burada yazıçı təxəyyülünün məhsulu olan bəzi epizodik obrazlarla yanaşı Ağa Dərviş surəti mühüm maraq doğurur.

 O, əsərdə inam, etibar, əqidə daşıyıcısı kimi çıxış etməklə yanaşı, həm də irs-varislik əlaqələrini qoruyan, səfəvi təriqətinə bağlı kamil bir şəxsiyyətdir ki, dərviş libasında olsa da “Şah şahdır” kəlamıyla təriqət başçısının ruhunu özündə daşıyır, sonadək şahına sadiqlik göstərir. Əsərdə Azərbaycanın tarixi-coğrafi mənzərəsi mükəmməl təsvirini tapıb. Müəllifin yalnız iri yaşayış məntəqələri və şəhərləri deyil, həm də ayrı-ayrı mahal, kənd, oba, habelə dərə, dağ, təpə adlarına bağlı assosiativ düşüncələri etnik-mədəni yaddaşın alt qatlarını işıqlandırmağa xidmət göstərir. Burada yalnız tarixi Azərbaycanın toponomik mənzərəsi deyil, eyni zamanda tarixi-coğrafi xəritə ilə yanaşı, xalqın etnogenetik xüsusiyyətləri parlaq ifadəsini tapır.

Xalqın haqq, ədalət, sülh axtarışlarına aydınlıq gətirən müəllif, səfəvilər və osmanlılar arasındakı “qan düşmənçiliyi”nin, ərazi iddialarının, fatehlik “azarının” mənbələrini araşdırır, qanuna istinad edən hökmdar, adil sərkərdə obrazı yaradır və bu keyfiyyətləri Təhmasib şahda birləşdirir. Təhmasib şah hərbi manevrlər zamanı nə qədər amansız olsa, hətta Təbrizin tərk edilməsinə belə razılaşsa da, dövlət və cəmiyyət idarəçiliyində bir o qədər həssas, diqqətli və haqpərəstdir, “doğrunun quludur”. “Şah Təhmasib” romanının səhifələri arasında zəngin tarixi məlumatların, hadisə və şəxslərin olması onun müəllifinin yalnız “filoloji fantaziyalar” deyil, daha çox sənəd, fakt, arxiv materialı və sairə əsaslandığını təsdiqləyir. Yazıçının tarixi informasiya və şəxsiyyətlərə bədii təfəkkürün gücü ilə müasirlik keyfiyyəti verə bilməsi onun istedadının hüdudlarını müəyyənləşdirir və eyni zamanda tarixin yenidən dərkinə imkanlar yaradır. Misal üçün, romanda hadisələrin tərəf-müqabilliyindəki dramatizmə güc verən osmanlı-səfəvi qarşıdurması haqqında müəllifin verdiyi qısa arayış buna nümunədir. Müəllif deyir:

“Sülh barəsində bütün məsələlərdə razılıq əldə edildikdən sonra, Təhmasib şah qərargahı Amasiyada yerləşən sultan həzrətlərinin yanına Qaradağ sufilərinin ağsaqqallarından biri olan Fərruxzad bəyi Səfəvi elçisi olaraq göndərdi. Burada aparılmış danışıqlar əsasında, may ayının 29-u, 1555-ci ildə “Amasiya sülhü” imzalandı... Bu, Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında ilk sülh müqaviləsi idi. Atası Şah İsmayılın dövründən üzü bu yana ötən 54 il ərzində Osmanlı və qızılbaşlar arasında beş dəfə qarşıdurma olmuşdu. Hamısında da osmanlılar hücum etmişdi. Bunlardan biri (1514) Şah İsmayılın, digər dördü isə Təhmasib şahın dövründə baş vermişdi.Müqavilənin şərtlərinə görə Qərbi Gürcüstan vilayətləri İmertiya, Menqreliya, Quriya, habelə Bəsrə, Kərbəla, Bağdad, Kərkük, Mosul, Ərciş və Qars Osmanlı ərazisi hesab edilir. Mesxiya, Kartliya, Kaxetiya, Şirvan, Şəki, Tabasaran, Dərbənd, Van, Tiflis və Azərbaycanın bütün digər torpaqları qızılbaşların qərb və şimal əraziləri hesab edilirdi. Bu müqavilədə göstərilən ərazilər sülh dövrü üçün dəyişilməz hesab olunurdu”.

Bu, yazıçının bədii düşüncəni real tarixi faktlara tabe etməsi deyil, əksinə tarix həqiqətlərindən müasir bədii-estetik qənaət hasil etmək, irs və varis arasında sosial-fəlsəfi mühakimə kodlarının bərpasına cəhd göstərmək bəsirətidir. Tarixin ən gözəl anı bu gündür. Çünki biz onun içindəyik, onunla yaşayırıq. Lakin o sadəcə iyirmi dörd saatın hüdudları, səhər və axşam mənzərələri ilə məhdudlaşmır. Bu gün dünənki həyat təcrübəsi və sabaha bağlı arzuların məcmusunu özündə ehtiva edən tarixdir. Tarixin dünənindəki və sabahındakı günlər də eyni meyarla qiymətləndirilməli, öyrənilməli və nəsillərin ixtiyarına verilməlidir. Bunun isə ən mükəmməl vasitəsi hələlik dünya xalqlarının ziyalılarının, intellektuallarının da təsdiq etdiyi kimi ədəbiyyatdır. O ədəbiyyat ki, yalnız gözlə görünənləri deyil, həm də yaşanılan və düşünülənləri təsvir edir, arxada qalanlarla gələcəkdəkilər arasında mənəviyyat körpüsü rolunu oynayır, zamanın bütövlüyü miqyasındakılara ayna tutur.

“Şah Təhmasib” romanı kimi...

 

 

 Şamil VƏLİYEV,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.24.