Xalq artisti Ceyran Haşımovanın
yubileyi qeyd olunub
M.Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli tarzən, xalq artisti, “Lalə” qızlar ansamblının bədii rəhbəri Ceyran Haşımovanın yubiley gecəsi keçirilib.
Tədbir “Lalə” qızlar ansamblının ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb. Yubiley gecəsində Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva və başqaları xalq artistinin ömür və yaradıcılıq yolunu vərəqləyiblər: “Ceyran Haşımova 1934-cü il martın 8-də Bakıda dünyaya gəlib. 1958-ci ildə Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində “Saz” qrupunun konsertmeysteri olub. Orta təhsilini şəhər 32 nömrəli məktəbdə başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin tar sinfinə qəbul olub. Ceyran Haşımova ömrünün 50 ildən çoxunu milli mədəniyyətimizin inkişafına, eləcə də musiqimizin təbliğinə həsr edib”
Tədbirdə ayrı-ayrı musiqi kollektivləri yubilyarı təbrik edib, tanınmış ifaçılar xalq və bəstəkar mahnılarını səsləndiriblər. Filarmoniyanın foyesində yubilyarın həyat və yaradıcılıq yoluna aid fotoşəkillər sərgilənib.
SARA
525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.23.