Laçın folkloruİlham Qəhrəmanın təqdimatında

 

Çağdaş şeirimizin sayılıb-seçilən isimlərindən olan İlham Qəhrəman o taylı-bu taylı Azərbaycan oxucusuna çox yaxşı tanışdır.

O, “Gülüm yarpıza döndü”, “Ağlama, qu quşu”, “Ey dil”, “Əsir dağlar” kimi şeir kitabları ilə oxucuların sevgisini qazanıb. Çoxəsrlik folklor ənənələri ilə sıx bağlı şair publisistika sahəsində də qələmini sınayıb. O, müxtəlif illərdə sənət səhnəsinin təmsilçiləri olan şair, yazıçı, rəssam, tənqidçi, bəstəkar və jurnalistlərlə etdiyi söhbətləri 2004-cü ildə Bakıda yayımlanan “İlham qapısı” kitabında toplayıb. Çağdaş şeirimizdə istər siyasi, istərsə də sevgi lirikasının ən maraqlı nümunələrini yaradan şair bugünlərdə daha bir kitabı ilə oxucuların görüşünə gəlib. “Laçın folkloru” adlanan yeni kitabında İlham Qəhrəman uşaqlıqdan üzü bu yana eşitdiyi lətifə, bayatı, səvələmə, bəzəmə, tapmaca, əfsanə, söhbət, ağı, deyişmə və sair kimi ağız ədəbiyyatı nümunələrini toplayıb. Regional folklor seriyasından olan kitabın redaktoru, professor Kamil Vəlidir.

O, “Laçın folkloru”na yazdığı “Ay Laçın...” adlı ön sözdə regionlar üzrə folklor toplamalarının çox gərəkli olduğunu qeyd edib. Qaçqın və köçkün bölgələr üzrə həyata keçirilən toplamaların xüsusi əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, bütöv Türk və Azərbaycan folklorunun ayrılmaz hissəsi olan Laçın folkloru həmin bütövü öz spesifikliyi ilə tamamlayır: “Azərbaycanın başıqarlı dağlarından, yalçın qayalarından, min bir dərdə əlac olan sularından, dupduru təmiz insanlarından söhbət gedirsə, ilk adı çəkilən bölgələrdən biri, heç şübhəsiz ki, Laçındır. İndi düşmən caynağında olan, torpağa, təbiətə bağlı insanları pərən-pərən dağılan Laçın, çörəyi çörək, suyu su, adamı adam kimi adam olan Laçın. Şair dostum İlham Qəhrəmandan “Laçın folkloru” kitabının əlyazmasını alıb vərəqləri yarpaq-yarpaq çevirə-çevirə Laçına getdim. Uşaqkən dağlarına yaylağa getdiyim Laçını xəyalımda bərpa etməyə çalışdım. Qırılmış ayna kimi Abşerona, Sumqayıta, Gəncəyə, Ağcabədiyə, Şirvana, Şəkiyə, Qubaya... səpələnmiş laçınlıların dilindən toplanmış lətifələr, gülməcələr, əfsanələr, bayatılar, holavarlar, atalar sözləri, tapmacalar... ürəyimdəki, yaddaşımdakı Laçını yavaş-yavaş bir yerə toplayır, ilk gördüyüm mənzərəni bərpa edirdi”.Professorun sözlərinə görə, müəllifin ürəyi Vətən üçün, söz üçün alışıb yanmasaydı, “Laçın folkloru” kitabı bu qədər səliqə-sahman və mədəniyyətlə araya-ərsəyə gəlməzdi: “Mən İlham Qəhrəmanın başlamış olduğu bu işi bitmiş, sonuclanmış hesab etmirəm. İnanıram ki, İlham dostum yurd-yurd, oymaq-oymaq dağılmış laçınlıları görüncə, xeyir-şər məclisində olunca bu iş özü istəsə də, istəməsə də davam edəcək. Mən bu işin davamı kimi Laçın miflərini, yuxu yozmalarını, xalq təbabətini, ağac, su, ot, çiçək, dağ-daş dilini ifadə edən örnəklərin də toplanmasını gözləyirəm. İnanıram ki, İlham Qəhrəman bu zənginliyə daldıqca daha çox inci toplayacaq və topladığı örnəklərin dil bakirəliyini, gözəlliyini əks edən sözləri, deyimləri seçəcəkdir. Xalq sözünün şəffaflığında, arılığında, duruluğunda yaşanan ülvilik, təmənnasızlıq o dəyərlərdəndir ki, o dəyərlərsiz xalq xalq olmur, millət də millət. Gülməcə, atmaca və lətifələrdəki incə yumor gülüş mədəniyyətimizin ayrılmaz parçasıdır. Məncə, bu gülməcələr özü gələcəkdə artaraq ayrılıqda bir kitab olacaq”.“Adiloğlu” nəşriyyatında min nüsxə ilə nəşr edilən “Laçın folkloru”nun titul vərəqində müəllif kitabı atasının hər onu görəndə “Laçından nə xəbər var?” sualı qarşısındakı sükut dolu həsrət və ağrıya ithaf etdiyini də göstərib. İ.Qəhrəman kitabında ağız ədəbiyyatı nümunələrini toplayan zaman qarşılaşdığı çətinliklərdən də söhbət açıb. O, eyni zamanda “Laçın folkloru” kitabının Laçında olan şifahi xalq ədəbiyyatının hamısını özündə ehtiva etdiyi iddiasında olmadığını da vurğulayıb:

“Əksinə, əminəm ki, dizini qatlayan şəxs belə bir kitabı Laçının istənilən kəndindən yazıb ortaya qoya bilər. Amma necə deyərlər, qoy bu bizim tərəfimizdən bir ənənə olsun. El-oba təəssübü çəkən işıqlı adamlar bu kitaba düşməyən ədəbi nümunələr üçün əlini dizinə vurmasın, əlinə qələm alıb onları yazıya köçürsün. Kitaba salıb gələcək nəsillərə çatdırmaq isə həmişə mümkündür. Ömür vəfa etsə, bu kitabın davamını da yazıb ortalığa çıxarmağa hazıram. Təki mənim əlim çatmayan dəyərli sözləri toplayıb mənə çatdıranlar olsun”.

 Qeyd edək ki, İ.Qəhrəman Laçında eşitdiyi və Azərbaycanın müxtəlif rayonlarına səpələnmiş laçınlıların dilindən qələmə aldığı folklor nümunələrini “Laçın folkloru” adlı kitabında 30-a yaxın bölmədə yerləşdirib. Həmin bölmələrin ən böyüyü “Lətifələr”dir. Burada müəllif laçınlı sakinlərlə əlaqəli olan yüzdən artıq gülməcəni bir yerə cəm eləyib. Həmçinin kitabda “Maraqlı söhbətlər”, “Deyişmələr”, “Sınamalar”, “Əfsanələr”, “Rəvayətlər”, “Bəzəmələr”, “Laçında yurd adları” kimi bölmələr də var. Bu bölmələrdə ahıllarımızın söz boxçasında yığılan və müasir dövrümüzə kimi yaşadılan ədəbiyyat nümunələri ilə tanış olmaq olar. Kitabın sonunda isə müəllif folklor nümunələrini ona danışan laçınlıların doğulub boya-başa çatdıqları yer, eyni zamanda hazırda məskunlaşdığı ünvan barədə məlumat verib.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.22.