Aydın Talıbzadə fəlsəfəsi, Rəşad
Məcid sükutu və Gənc Ədiblər Məktəbinin
növbəti görüşü
barədə
Gənc ədiblərin növbəti görüşü
yenə M.F.Axundov adına Milli
Kitabxanada oldu. Mən isə səbirsizliklə gözlədiyim bu görüşə ardımca
ağladığından tək
qoyub çıxa bilmədiyim qızıma və nəqliyyat sisteminin bərbadlığı
ucbatından yenə gecikdim. Amma “Heç olmamaqdansa
gec olmaq yaxşıdır” deyib qaranəfəs özümü
çatdırdım Milli
Kitabxanaya. İçəri daxil olanda GƏM-in bu dəfəki qonağı A.Talıbzadənin
söhbətinin üstünə
çıxdım.
Deməzdim ki, zalda
anşlaq vardı, amma hər halda gənc ədiblər
(aralarında yaşlılar də gözə dəyirdi) əksər
boş stulları tutub A.Talıbzadənin nitqinə diqqət
kəsilmişdilər. Tanınmış qonağımız
maraqlı mövzulardan danışırdı, maraqlı mətləblərə
toxunurdu. Amma görüşümüzdə özünə
dediyim kimi mətləblərə sadəcə toxunurdu, dərinliklərinə
baş vurmurdu. “Niyə mövzuların üzərindən belə
adlayırsınız” sualımızı cavablandıranda
resept verməyi xoşlamadığını dedi. Bu, onun fəlsəfəsidir.
A.Talıbzadə əsl filosof kimi danışırdı və
sualları da filosofanə cavablandırırdı. O, hər
şeydən danışırdı, bizə də bu fəlsəfi
nitq çox xoş gəlirdi. Lakin nitqin sonunda adama elə gəlirdi
ki, sanki o, heç nədən danışmayıb. Bu məqamı
gənc ədiblərdən şairə Elnarə Şəms
də vurğuladı. Amma məndən fərqli olaraq Elnarə
bir qədər karıxan kimi idi. Buna da səbəb şair
Balayar Sadiqin “Füzulinin əsərlərində dramatizm, hərəkət
varmı?” sualına A.Talıbzadənin cavabı oldu.
A.Talıbzadənin
toxunduğu ən maraqlı mövzulardan biri dramaturgiya
haqqında oldu. Qonağımız haqlı olaraq bu janrı ədəbiyyatın
ən çətin sahəsi adlandırdı: “Baxmayaraq ki, bu
gün dramaturgiya ədəbiyyatın digər sahələrinə
nisbətən daha qazanclıdır, amma bu sahəyə az
müraciət olunur. Çünki dramaturgiya məsuliyyətli
və çətin sahədir. Gərək dram əsəri elə
olsun ki, tamaşaçını özü ilə çəkib
situasiyaların içərisinə apara bilsin,
tamaşaçını intizarda saxlasın. Bunu səhnəyə
gətirmək isə yazıçıdan böyük
ustalıq tələb edir”.
A.Talıbzadənin maraqlı
çıxışında əvvəlcə bir həyəcan
duyulurdu. Amma sonra qonağımızın həyəcanı
yavaş-yavaş keçib-getdi. Yerinə azacıq sezilən əsəb
gərginliyi gəldi. Mənə elə gəldi ki, gənc ədiblərin
suallarından, çıxışlarından və
iradlarından hörmətli qonağımız bir qədər
əsəbləşib. Sonra “525-ci qəzet”in ədəbi
mühitdəki mövqeyindən, dəyərli ədəbi
nümunələrə olan həssaslığından söz
açaraq qəzetin baş redaktoru Rəşad müəllimin
yanında ədəbi meyarlardan danışmağın onun
üçün bir qədər çətin olduğunu deyən
A.Talıbzadə R.Məcidin rəhbərliyi ilə fəaliyyət
göstərən GƏM-in üzvlərindən də bu sərbəstliyi,
müstəqilliyi və fikirlərini açıq ifadə eləməyi
gözləmirdi, deyəsən. Rəşad Məcid
A.Talıbzadənin bu reaksiyasından sonra qonağa tam sərbəstlik
vermək məqsədilə tədbiri tərk etdi. A.Talıbzadənin
azadlıq, dünya, insanın daxili aləmi xarici mühit və
s. ilə bağlı fəlsəfi söhbətləri bitəndə
bizim suallarımız başladı, nə başladı.
Aydın müəllimin
bizim suallarımızdan razı
qalıb-qalmadığını deyə bilmərəm, amma hər
halda bir məqam göz qabağındaydı ki, söhbətimiz
alınmışdı. Sonra A.Talıbzadə tədbiri tərk
etdi və müvəqqəti bizlərdən ayrılmaq məcburiyyətində
qalan Rəşad Məcid yenidən zala daxil oldu.Növbəti
fikirlərimə keçid almazdan əvvəl bir haşiyə
çıxıb bizim yeni gəncliyin GƏM-i haqqında bir
neçə söz demək istərdim. İndiyədək
R.Məcidin təşkilatçılığı və təşəbbüsü
ilə xeyli sayda tanınmış ədəbiyyatçı,
söz adamı GƏM-in qonağı olub. Bütün bu tədbirlərin
hər birində hiss eləmişəm ki, qonaqlarımız
müstəqil duşüncəli, bu, az ya çox dərəcədə
istedadlı gənclərin dünyagörüşünə
hörmətlə yanaşıblar və əslində, belə
yeni, fəal ədəbi gəncliklə
qarşılacaqlarını gözləməyiblər sanki. Bir
ildən artıqdır ki, Mədəniyyət və Turizm
Nazirliyinin Yazıçılar Birliyi ilə birgə
xeyir-duası ilə yola çıxan GƏMimiz hələ ədəbiyyat
okeanının içərilərinə çox irəliləməsə
də, inanırıq ki, buradakı gənclərin
böyük əksəriyyəti gələcəkdə
mütləq o GƏM-i(ni) ustalıqla o dalğaların
qoynundan sağ-salamat keçirəcəklər. Burada əlbəttə,
GƏM-in(in) kapitanı Rəşad Məcidin rolunu xüsusi
qeyd etmək lazımdır. Hərənin ağzından bir
avaz gəldiyi, hər avazın da Quran olmadığı bir
vaxtda hələlik istedadları yonulmamış,
cilalanmamış almaza bənzəyən bu qədər gənci
bir yerə toplamaq əsl Rəşad Məcid səbri və təmkini
istəyir. Zənnimcə, o, zahirən və ruhən gənc
olması ilə yanaşı, həm də müdrik
ağsaqqallara məxsus zabitəsinə rəğmən bu
“şuluq uşaqlar”la sözün əsl mənasında
dostluq etməyi bacarır. Başlıcası odur ki,
Yazıçılar Birliyinin katibi GƏM-dəki gənclərin
hər birinə öz doğması kimi yanaşır;
uğurlarımıza sevinir, səhvlərimizi göstərir
və əsl demokratik ailə başçısı kimi bu səhvlərdən
nəticə çıxarmağı, həqiqətimi
tapmağı öz öhdəmizə buraxır. Bununla da bizə
inandığını göstərir. Bu- gənclik ,
xüsusilə də yaradıcı gənclik
üçün zənnimcə, çox vacib amildir. Söz
yox ki, GƏM-in də bütün qurumlar kimi
çatışmazlıqları, nöqsanları yox deyil. Amma
əsas odur ki, bu nöqsanları görüb aradan
qaldırmağı bacarasan. Bütünlüklə GƏM
böyük bir ailə təsiri bağışlasa da, hər
birimiz ədəbiyyata təbii ki, ayrı-ayrılıqda gəlmək,
imzamızı təsdiqləmək arzusundayıq. Buna kimin nə
dərəcədə nail olacağını isə zaman
göstərəcək. Bu yolda bizə öz dəyərli
vaxtını, məsləhətini və
böyüklüyünü əsirgəməyən Rəşad
Məcidə isə indilikdə hər bir GƏM-çinin bir
təşəkkür borcu var. Mənim bu yazıda onun
haqqında danışmağım isə
yaşadığımız təmənnalı cəmiyyətdə,
salamın belə təmənna güdülərək
alınıb-verildiyi bir zamanda onun bu yaradıcı gənclərə
tam səmimi və təmənnasız şəkildə
kömək göstərməsi səbəbindən
qaynaqlanır.
Rəşad Məcid bizə
nəsə deyirsə, deməli nəsə var. Əgər mətləbdən
xəbər vermisənsə, bircə kəlmə ilə
“normaldı” deyəcək, deməli, ürəyini buz kimi
saxlaya bilərsən. “Təbrik edirəm, yaxşıdır”
ifadəsini eşitdinsə, deməli, quşu gözümdən
vurmusan. Yox, əgər “o nə yazıdır, yazmısan”
tipli cümlələrlə münasibətini bildirirsə,
deməli işlər yaxşı deyil”. Deməli, öz yolunu
tapmalısan və istəsən, o, bu yolu tapmaqda sənə
can-başla yardım göstərəcək. Amma vay o gündən
ki, Rəşad Məcid sadəcə susa. Bilənlər bilir,
bilməyənlər də bilsin ki, Rəşad Məcid
sükutunun böyük anlamı var. Onun susmağı
razılıq əlaməti deyil, böyük narazılıqdır,
məncə. Bəlkə elə Aydın Talıbzadənin
narahatçılığı da bu sükutun təsir
gücündən idi. Rəşad Məcidin mənalı
sükutu daha çox danışır. Üstəgəl bu
sükuta mənalı bir təbəssüm də əlavə
olunursa, deməli o, etirazının zirvə nöqtəsindədir.
Bu sükutu ariflər daha tez duyurlar. Amma GƏM-ə ilk dəfə
təşrif buyuran və dediklərinə görə,
hörmətli xalq şairimiz Zəlimxan Yaqubun verilişlərini,
çıxışlarını tez-tez dinlədiyi hiss olunan
Arzunun bu sükutu hiss eləməyə deyəsən bir az
arifliyi çatmadı. GƏM-də daha çox istedadı və
bundan da artıq təvazökarlığı ilə qəbul
olunan digər yeni üzvlərdən fərqli olaraq Arzu ilk
çıxışından A.Talıbzadə demiş
“demoqogiyası” ilə diqqət mərkəzinə
düşdü. Pafoslu danışığı ilə GƏM-in
köhnə üzvlərinin atmacalarına tuş gələn
Arzu çıxışında “Millət, vətən, xalq,
bəşər” desə də, gəncləri intim hissləri,
sevgiləri, duyğuları, özləri ilə bağlı
yazmaqda “suçlandırsa” da, oxuduğu yeganə şeirində
“Yaşamaq istəyirəm”, “sevgilimə nəğmə oxumaq
istəyirəm” deyib dad çəkdi. Bu dəfəki
görüşümüzdə iştirak edən cənublu
şair qardaşlarımız Sayman Aruz və Məhəmmədriza
Ləvai isə çıxışlarında “Belə
şeirlərlə dünyaya çıxmaq olmaz” dedilər,
“Azərbaycan şeiri çox şaddır, bizim şeirlərimiz
çox qəmgin” dedilər, “Bizim səsimizi
boğduqlarından sətiraltı yazmağa məcburuq” dedilər.
Amma insafən, dillərinə görə dilçəkləri
varmış, çox yaxşı şeirlər dedilər. Onların
üsyankarlıq və abstrakt fikir ifadə edən şeirləri
gənc ədiblər tərəfindən daha hərarətlə
qarşılandı. Rəşad Məcid bu sözlərdən
sonra cənublu qardaşlarımızın sözlərinə
cavab olaraq GƏM-in üzvü, həmişə ən
gözlənilməz ifadələri şeirlərinə gətirən,
cəmiyyət, təbiət və adicə məişəti
insana, konkret olaraq öz üzərinə metonimiya şəklində
transfer edən Anar Amindən şeir deməsini istədi. Hiss
olundu ki, güneyli soydaşlarımız “dodaqları
qırmızı işıq olan və bu səbəbdən
dişləri ağzında tıxac yaradan” Anar Aminin
sözügedən məzmunda şeirini bəyəndilər.Yəqin
ki, həmişə olduğu kimi indi də GƏM-in budəfəki
toplantısından aldığımız müsbət enerji
növbəti görüşümüzə gələn
ayın ilk şənbəsinədək bizə kifayət edəcək.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 6 oktyabr.- S.7.