Əkrəm Əylisli: “Moskva məni bir vaxt görməsəydi,
Bakı heç vaxt görməyəcəkdi
”PATRİARXLA
ÖMRÜMÜZÜN VƏ YAŞADIĞIMIZ İLİN
PAYIZINDA YAĞIŞLA YUDUĞUMUZ DƏRDLƏR “TUTDUĞUM
BÜTÜN ƏDƏBİ POSTLARDA YENİLİKÇİ CAVANLAR
HƏMİŞƏ YANIMDA OLUB”
- Özümlə məndən
cavanlar arasındakı
yaş fərqini heç vaxt hiss etməmişəm. Əksinə, hərdən mənə elə gəlib ki, onlardan daha
çevik hissiyyata, biliyə, təfəkkürə
malikəm. İlk sanballı
vəzifəm “Gənclik”
nəşriyyatının baş
redaktoru vəzifəsiydi.
Öz nəslimdən
olanlar öz yerində, o vaxt mənim ən yaxın adamlarım o dövrün ən işıqlı və ən istedadlı gənc qələm sahibləriydi: Ramiz Rövşən, Mövlud
Süleymanlı, İsa
İsmayılzadə, Ələkbər
Salahzadə, Vidadi Paşayev, Vidadi Məmmədov... Məsələn, Ramiz Rövşən
məndən 8-9 yaş
kiçik idi. Ancaq mən bu fərqi heç
vaxt hiss eləmirdim. Sonra “Azərbaycan” jurnalına baş redaktor təyin olundum. Bu zaman əvvəlki dairə bir az da genişləndi. Aydın Məmmədov, Natiq Səfərov, Seyran Səxavət, Vaqif Yusifli, Vaqif Cəbrayılzadə, Afaq
Məsud, Dilsuz, Eldar Baxış və üstə gəl Ramiz, İsa, Mövlud - bu adamlar “Azərbaycan”
jurnalının ən
fəal müəllifləriydilər
və onların hər birinin bütün redaksiyada bəlkə mənim qədər hörməti,
avtoriteti vardı. İndi mən vəzifədə deyiləm. Ancaq bu günün
gənc ədəbi simalarının böyük
əksəriyyətilə ünsiyyətdə,
indinin özündə
də, mənim heç bir problemim yoxdur. Məsələn, Aqşinlə,
Günellə, Pərvizlə,
Ağayar Şəriflə
söhbət eləyəndə
onlardan yaşlı olmağım heç ağlıma da gəlmir. Nərmin Kamalın, Samir Sarının, Sevinc Pərvanənin yazılarını,
az qala
uşaq kimi, sevinə-sevinə oxuyuram.
Ədəbiyyatımızın köhnə komasına yeni hava gətirən,
nisbətən yaşlı
yazarlarımızdan, məsələn,
Həmid Herisçinin,
Rafiq Tağının,
Salamın, Etimad Başkeçidin, Səməd
Qaraçöpün və
neçə-neçə digər
yazarlarımızın yaradıcılığını
izləyirəm, onların
hər bir uğuruna qəlbən sevinirəm. Səmimiyyətinə inandığım populyar qəzet yazarlarımızın yaradıcılığında
da nəzəri cəlb eləyən irəliləyiş görürəm.
Məsələn, Hacı Zaminin
yazılarındakı istehzalı
yumor dərinləşir,
zənginləşir. Şahvələd Çobanoğlu özünün sağlam
müxalifətçilik platformasını
forma və məzmun cəhətdən gücləndirir,
kamilləşdirir. Ancaq mətbuatda
tez-tez rastlaşdığımız
imzaların arasında
qaşınmayan yerdən
qan çıxarmağın
həvəskarları da
bəs deyincə boldur. Əylisdə belə bir deyim
var: “Qoturum qoymur oturum: qaşıyıram-qanım çıxır,
qaşınmıram-canım çıxır. Mətbuatda öz
qoturunu qaşımaqla
məşğul olanlara
bu sözlər yaman yaraşır.
- Pərvizin “onlar bizə
ölü ədəbiyyat miras qoyublar” deməyində, sizcə,
həqiqət yoxdur? - Var! Amma yaxşı olardı ki, Pərviz
o “ölü ədəbiyyatın” ünvanını da
göstərəydi. Bir var Sovet Ədəbiyyatı, bir də
var sovet dövründə yaranan ədəbiyyat. Üstəlik,
Sovet dövründə yazıb-yaradan
yazıçıların da hamısı sovet
yazıçısı olmayıb. O dövrdə yaranan ədəbiyyatı
bütövlüklə ölü ədəbiyyat hesab edənlər
rusların Qorki, Platonov, Bulqakov, Svetayeva, Axmatova kimi
yazarlarının dünya ədəbiyyatının
qızıl fonduna daxil olan əsərlərini görəsən
hansı qəbiristanlıqda basdırmaq istəyirlər?.. Bu
baxımdan sovet dövründə yazıb-yaradan Azərbaycan
yazıçılarının da hamısı sovet
yazıçısı olmayıb. Cəfər Cabbarlı ən
yaxşı əsərlərini sovet dövründə
yazıb, Mirzə Cəlilin dahiyanə “Dəli
yığıncağı” da Azərbaycanın sovet
dövrü ədəbiyyatının məhsuludur. Ancaq ədəbiyyatımızı
köhnə qəliblərdən çıxarmağı
arzulayanların bu fikri ilə mən də tam şərikəm
ki, bu işdə biz həddən ziyadə ləng tərpənirik.
Sovet dövründə yazıb-yaradan yazıçılardan
kimin kim olduğunu hələ də ayırd edə bilməmişik.
Hətta ədəbiyyatın latın qrafikasında nəşr
edilməsi üçün Prezident tərəfindən
ayrılan vəsaiti də təyinincə xərcləməyi
bacarmadıq. Bu vəsaitin böyük bir məbləği Pərvizin
dediyi o “ölü ədəbiyyatın” yenidən nəşrinə
sərf olundu. Nəticədə həmin ölü ədəbiyyatın
köhnə qəbiristanlığının sahəsi bir az
da böyüdü, genişləndi. Bax, belə məsələlərdə
mənim gənclərlə bir olmağa hədsiz ehtiyacım
var. Ancaq alınmır, mümkün olmur. Qoturunu mətbuatda -
hamının gözü qabağında qaşımaqdan həzz
alanlar özlərinin məndən düşmən obrazı
yaratmaq niyyətlərindən hələ ki, heç cür əl
çəkmək istəmirlər.
- Bəlkə günah
onlarda deyil. Onları bu vəziyyətə salan cəmiyyətdə,
ictimai mühitdədir. - Elədir. Bir çox istedadlı qələm
sahibləri ağır şəraitdə yaşayır. Evləri,
daimi iş yerləri yoxdur. Özlərini oda-közə vurub,
bir tikə çörək qazanırlar. Ancaq insanlarda siyasi
mühitlə, ictimai ədalətsizliklə heç bir əlaqəsi
olmayan sırf insani-psixoloji naqisliklər də olur. Böyük
iddiası kiçik imkanları ilə heç cür
uzlaşmayan insanlar özlərilə cəmiyyət
arasında süni münaqişələr yaratmağı
xoşlayırlar. Özü də belələri əksər
hallarda öz sözünü öz adından demir, mücərrəd
çoxluğun, yəni xalqın adından deyir. Guya xalq
yalnız və yalnız əhalinin narazı təbəqəsindən
ibarətmiş. Əgər həqiqətən belə
olsaydı, onda hakimiyyəti yıxmağa nə vardı ki?...
Deyirəm, nə yaxşı ki, cəmiyyətimizdəki eybəcərliklərə,
hakim dairələrdəki naqis əməllərə görə
səmimi narahatlıq keçirən qələm sahiblərinin
kökü hələ tamam kəsilməyib və bu
adamların bir qismi, bizim dostumuzdur. Onların mətbuatda səsləndirdikləri
ən kəskin fikirlər də əhalinin təkcə
narazı təbəqəsinin deyil, hər bir namuslu azərbaycanlının
qəlbində-şüurunda özünə yer tapır, yuva
salır. Hər kəsin yazdığı söz onun
özünə bənzəyir. Sözün də, insan kimi, həm
quruculuq qabiliyyəti, həm də
dağıdıcılıq xisləti var. Və mənim bu kəlamım
bugünkü söhbətimizdən sənə yadigar
qalsın!..
SÖHBƏTƏ SÖZARDI: “Ustad”
deyə müraciət etdiyim Patriarxın ömrünün və
yaşadığımız ilin payızında söhbətimiz
belə davam edə-edə... bitmək bilmirdi. Mən bu
şansı əldən vermək istəmirdim. Azərbaycana və
Azərbaycan xalqına minnətdarlığımı ən
böyük söz nəhəngləri içində söz
sahibi olan yazıçısına çatdırdım:
sağ olun ki, vaxt ayırdınız,
danışdınız.
Bu təşəkkür
ən azdan ona görəydi ki, Qulu Xəlilli həmişə
deyirdi: Əkrəm Əylisli həyatdan ədəbiyyata gəlib...
Həqiqi ədəbiyyat
elə həyatın özüdür!!!
Mən Əkrəm Əylislini
niyə dünya ədəbiyyatına mənsub sayıram, onu
da deyim: O, dünya ədəbiyyatına onun çoxsaylı
paytaxtlarından birinə “posadka” etməklə gəlib - idman
təyyarəsində Moskvanı fəth etmiş alman Rust kimi:
300 metr aşağıdan! Bu alçaqlıqda radarlar tutmur!
Əkrəm Əylisli də
müstəmləkə bir ölkəni təmsil etdiyindən
“posadka” “aşağıdan” alınıb!
Ona görə də biz onun
yazıçı cəngavərliyinin
böyüklüyünü bilmirik!
O bunu qəhrəmanlıq saymır.
Özü demişkən:
“İngilislər özünə qəhrəman axtaran
xalqı bədbəxt sayırlar!”
Aydın CANIYEV
525-ci qəzet.- 2009.- 6 oktyabr.- S.7.