Qəşəm İlqar RuhdaşSevgi vadisini imzaladı

 

Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında növbəti İmza günü keçirildi. Bu dəfə tanınmış şair Qəşəm İlqar Ruhdaş özünün yeni çapdan çıxmış “Sevgi vadisi” adlı kitabı ilə oxucularla görüşə gəlmişdi. İmza günündə şairin yaxınları, qələm dostları bir araya gəlmişdilər.

Tədbiri Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq, iştirakçıları salamladı və bildirdi ki, İmza gününün bu kitab mağazasında keçirilməsi maraqlı bir ənənəyə çevrilib: “Məqsəd kitaba ötən illərdə olan marağı bərpa etmək, həm də müəlliflərə kitabın satışında müəyyən köməklik göstərməkdir. Burada keçirilən tədbirlərdə elə gün olub ki, müəllifin yüz-yüz əlli kitabı satılıb. Bu ənənəni bu gün mənim çox yaxşı tanıdığım, hörmət bəslədiyim şair Qəşəm İlqar davam etdirir”.

Müəllifi bu münasibətlə təbrik edən R.Məcid tədbirə aparıcılıq etmək üçün publisist Əli Rza Xələfliyə söz verib

Ə.R.Xələfli Q.İlqar yaradıcılığı haqqında geniş danışıb, onun poeziyasının mövzu rəngarəngliyilə bağlı misallar gətirib.Sonra söz müəllifin yaxın dostu Akif Qəhrəmanlıya verildi. O, dostu haqqında ürəkdolusu çıxış edərək bildirdi ki, Q.İlqarın poeziyası ilk növbədə səmimiliyi və təbiiliyilə seçilir.

Çıxışçılardan Fazilə xanım Q.İlqarı qəlbi insan sevgisilə dolu, poeziyasının mayası bəşəri məhəbbətdən yoğrulan bir şair kimi tanıdığını söylədi.

Soylu Atalının çıxışında önə çəkdiyi fikir bu oldu ki, tədbir üçün daha münasib bir məkan seçmək olardı: “Biz bu dəyərli şairin 60 illik yubileyini “İnam” evimizdə keçirmişdik. O, həmişə diqqət mərkəzində olmağa layiq bir insandır. Hesab edirəm ki, bu gün Qəşəm İlqarın hisslərinin, duyğularının və yaradıcılığının bayramıdır”.

Elman Safruh da öz çıxışında S.Atalının dediklərinə dəstək verdi. O da müəllifin şəxsiyyəti və yaradıcılığı barədə yüksək fikirlər söylədi: “Qəşəm yüksək insani keyfiyyətləri ilə seçilən şairdir”.

Tədbirin sonunda Qəşəm İlqar Ruhdaş çıxış edərək, mərasimə qatılanlara minnətdarlığını bildirdi, “Sevgi vadisi”ni alanlar üçün kitablar imzaladı.

Xatırladaq ki, Q.İlqarın indiyədək “Həsrət yolları necə uzunmuş”, “Biz də uşaq olmuşuq”, “Üçüncü dünyanın sakinləri” və başqa kitabları nəşr edilib.

 

 

Vüsal NURU

 

525-ci qəzet.- 2009.- 8 oktyabr.- S.7.