Uzaq... yaxın Finlandiya

 

Bu ölkənin adı çəkiləndə, yəqin ki, oxucuların əksəriyyətinin yadına sauna və taxtadan inşa edilən fin evləri düşür, bir də təbii ki, “Nokia” mobil telefonları. Amma Finlandiya təkcə sadaladıqlarımdan ibarət deyil. Dünya xəritəsində qolları yuxarıda rəqs edən (SSRİ ilə Qış müharibəsində işğal olunan torpaqları ilə bir ”qolunu” itirmiş) sehrli şimal gözəli Finlandiya ilə oxucularımızı yaxından tanış etmək istərdim. Bu ölkədə yaşadığım zaman ərzində gördüyüm alışılmamış hadisələr, xüsusilə də finlərlə aramızdakı maraqlı tarixi bağlantılar məni bu yazını yazmağa sövq etdi.

 

ƏN ÖNƏMLİ KÖRPÜ – DİL

 

Yazının adı təsadüfən seçilməyib. Finlandiya bizə çox uzaq bir ölkə kimi görünsə də, bəzi tədqiqatlara görə, finlərlə biz türklərin bağları mövcuddur. Finlər Skandinaviya yarımadasının yerli, əzəli sakinləri deyillər. Onların əcdadları təxminən 11000 il bundan öncə sonuncu buzlaşma dövründən sonra bu torpaqlarda məskunlaşıblar. Amma finlərin hardan gəldikləri ilə bağlı suala tarixçilər birmənalı şəkildə cavab verə bilmirlər. Bir çox tarixçinin gəldiyi qənaətə əsasən, finlərin əcdadı olan tayfalar Qərbi Sibir çöllərindən, Ural dağlarından bu yerlərə köç ediblər. Bu qənaətin əsasında finlərin mənsub olduqları fin dili dayanır. Belə ki, fin dili Ural dilləri ailəsinin fin-uqor qrupuna daxildir. Bu dil ailəsinin türk dillərinin daxil olduğu Altay dilləri ailəsi ilə qohumluğu barədə elmi mübahisələr XIX əsrin əvvəllərindən etibarən, yəni təxminən iki əsrdən bəri davam etməkdədir. Bu mülahizəni ilk dəfə eston dilçisi F.İ.Videman irəli sürüb və fin alimləri arasında da onun tərəfdarları mövcuddur. Bəzi dilçi alimlər, o cümlədən rus filoloqu N.S.Trubetskoy həm türk, həm də fin dilini eyni dil ailəsinə, yəni Ural-Altay dil ailəsinə daxil ediblər. Hələ 1925-ci ildə Trubetskoy “Rus mədəniyyətində Turan elementi haqqında” adlı əsərində yazırdı: ”Şərqi slavyanlar (yəni ruslar-G.İ.) ilk vaxtlarda hazırkı Rusiyanın yerləşdiyi nəhəng ərazilərin yalnız kiçik bir hissəsində yaşayırdılar. Onlar Baltik və Qara dənizi birləşdirən çay hövzələrini əhatə edən qərb torpaqlarında məskən salmışdılar. Müasir Rusiyanın yerləşdiyi nəhəng ərazilər isə ”Turan” adı ilə tanınan ”Ural-Altay” tayfaları tərəfindən məskunlaşdırılmışdı. Bəhs edilən coğrafi məkanın tarixində bu tayfaların şərgi slavyan, yəni rus tayfaları ilə müqayisədə rolu daha böyük olmuşdu. Hətta monqol hökmranlığına qədər Rusiyanın Avropa hissəsində yerləşən Turan dövlətləri (volqa-kamsk bolqarlarının və xəzərlərin şahlıqları) varyaq ruslardan daha güclü idi”. Trubetskoy ”Turan” və ya digər adı ilə Ural-Altay xalqlarına 5 xalq qrupunu daxil edir: fin-uqorlar (finlər, estonlar, korellər, loparlar, mordva, çeremis, Perm finləri və uqorlar, yəni macarlar, voqullar, ostyaklar, tamamilə ruslaşmış merya, muroma, meşera xalqları) və samoyedlər. Daha sonra türklər - osmanlı türkləri, krım, kazan tatarları, azərbaycanlılar, meşeryaklar, balkarlar, qaraçaylar, kumıklar, başqırdlar, qırğızlar, türkmənlər, özbəklər, altaylar, yakutlar, çuvaşlar, uyqurlar, bir sıra qədim, nəsli kəsilmiş xalqlar - xəzərlər, volqa-kamsk bolqarları, qıpçaqlar, kumanlar. Daha sonra bu xalqlara Trubetskoy Monqolustan monqollarını və Rusiyadakı kalmık və buryatları və son olaraq mancurları daxil edir. Fin dili Ural qrupunun Fin-Uqor qolunun fin dilləri qrupuna, Türkcə isə Altay dil qrupunun Türk dilləri qolunun Oğuz altqrupuna daxildir. Ural dilləri Şimali Sibir əsilli, Altay dilləri isə Cənubi Sibir əsillidir. Hazırda şimalda Norveçdən tutmuş Sibirdə Ob çayı və cənubda Dunay çayı sahillərinə qədərki böyük bir ərazidə 25 milyondan artıq insan Ural dil qrupuna daxil olan dillərdə danışır. Lakin bu dillərə mənsub olan xalqlardan yalnız 15 milyon macarın, 5 milyon finin və 1 milyon estonun müstəqil dövləti mövcuddur. Digər xalqlar ya Skandinaviya və Baltikyanı dövlətlərdə milli azlıq kimi, yaxud da əsas etibarilə Rusiyanın tərkibində formal muxtar quruma sahiblənib yaşayırlar. Rusiyanın ucsuz-bucaqsız ərazilərində, öz tarixi torpaqlarında minilliklər boyunca yaşayan bu xalqların əksəriyyəti artıq rus dili və mədəniyyətinin hegemon təsiri altında assimilyasiyaya uğramışlar.

Fin dilçisi M.Ryasanen ”Ural-Altay dil qohumluğu haqqında” adlı məqaləsində ural və altay dillərinin oxşar cəhətlərinin geniş təhlilinə yer vermişdir. Bu sahədə onun və digər dilçi alimlərin irəli sürdükləri müxtəlif fərziyyələri ümumiləşdirdikdə fin-uqor və türk dillərinin oxşar cəhətləri ortaya çıxır: sait səslərdəki harmoniya, qrammatik cinsin olmaması, sözönlərinin olmaması, sözlərin hallanması zamanı sondan şəkilçi qəbul etməsi və s. Şəxs əvəzliklərində I şəxs - mən - fincə min, II şəxs sən - sin, sual əvəzlikləri kim - kuka, kimin - kenen. Əslində sintaksis, morfoloji bənzərliklər həddindən artıq çoxdur, amma zənnimcə daha geniş təhlil artıq başqa bir yazının mövzusudur. Ona görə bəzi sözlərdəki maraqlı oxşarlıqlara diqqət çəkmək istərdim. Açılış - avaus; açık - auki; duyğu - tunne; duyulmaq, kulaklanmak (türkcə) - kuulua; dün, öylen (türkcə) - eilen; sis, duman - savu; dokuz, doksan - yhdeksin; sekiz, seksen - kahdeksan; sıvı, duru - sula; ayrı - eri; kuyu, çukur - kolo; çoktan - joko; töre - tapa; çatı - katto; ayrılık - ero; alan - ala; altdan - alta; su - vesi; soy - suku; gəlin - kely; kazımak- kaivaa; kürk - turkki; olmak - olla, meşə - metse və s. Bunlarla yanaşı bəzi sözlərin etimoloji kökü eynidir. Məsələn, kənd - fincə kyle, fincə kereje- məhkəmə sözü türk dilindəki gerçək sözü ilə bağlıdır. Fincə koti - ev - özbəkcə kota (otaq, ev) sözü ilə bağlıdır. Finlandiyanın şimalında yaşayan saamların dilində buldo - küt balta deməkdir və dilimizdəki balta sözü ilə bağlıdır. Osmanlı türkcəsində istiqamət bildirən ”doğu” və ”batı” günəşin doğuşu və batışı ilə əlaqəlidir. Eyni şəkildə fin dilində də ite - şərq demək olub itee sözünün tərcüməsi açılmaq, doğmaq deməkdir. Fin dili ilə eyni dil qrupuna daxil olan çox sayda xalqlar finlərdən çox-çox uzaq ərazilərdə hazırkı Rusiyanın ucsuz-bucaqsız torpaqlarında yaşamaqda davam edirlər. Bu faktın özü də bu xalqlar kimi finlərin də bir zamanlar eyni ərazilərdə türkdilli xalqlarla yaxın qonşuluqda yaşadıqlarını, lakin minlərlə il öncə Skandinaviyaya köçdüklərini təsdiq edir.

 

EVİ - VƏTƏNİ FİNİN ALINMAZ QALASIDIR...

 

Finlərin mentalitetinə xas olan bəzi cəhətlər onları türkdilli xalqlara yaxınlaşdırır. Yaşlı finlərin söylədiklərinə görə, əvvəllər fin ailələrində yaşlı və gənc nəsil arasında subordinasiya və bəlli ölçüdə çəkinmə mövcud idi. Belə ki, valideynlərin yanında kişi öz övladını çox öpüb əzizləməzdi, evə qonaq gəldiyi zamanlarda uşaqların böyüklərdən öncə masa arxasına keçib əyləşməsi yol verilməz hal idi və s. Bundan əlavə finlərdə Sibirdə yaşayan türkdilli xalqlarda da mövcud olan şamanlıq çox geniş yayılmışdı. Xasiyyət etibarilə çox təmkinli və səbrli insanlar olan finlər bütün tarix boyu vətən torpaqları təhlükəyə məruz qaldıqda mərd bir cəngavər kimi yurdun müdafiəsinə qalxmışlar. Hər bir fin üçün evi onun qalasıdır və evinə, vətəninə, milli adət-ənənələrinə bağlılıq finləri xarakterizə edən cəhətlərdir. Amma uzaq Ural dağlarından Skandinaviyaya köçən finlər zamanla qonşuları olan norveçlər, isveçlər və estonlarla çox qaynayıb-qarışmışlar. Xüsusən son onilliklər ərzində xarici ölkələrdən bu ölkəyə axın edən xaricilərin hesabına və finlərin özlərinin də dünyaya daha geniş bir şəkildə ”ayaq açması” nəticəsində artıq burda qərbləşmə meylləri özünü bariz bir şəkildə göstərməkdədir. Başqa sözlə qloballaşma başqa xalqlar kimi finlərə də öz mənfi təsirini göstərmişdir. Yuxarıda adı çəkilən filoloq Trubetskoy fin və türkdilli xalqları milli mədəniyyətləri baxımından müqayisə edərək çox maraqlı nəticələrə gəlmişdir. Onun fikrincə psixoloji və mədəni cəhətdən hər halda fin-uqorlar türkdilli xalqlardan daha passivdirlər. Belə ki, türk dili lüğətlərinə baxılsa türkdilli xalqların yaxın qonşularından deyil, mədəniyyətinin təsirinə bilavasitə məruz qaldıqları hansısa ”uzaq” bir xalqdan söz qəbul etdikləri görünür. Belə xalqlar əsas etibarilə ərəblər və farslar olmuşlar. Lakin türklərin dilinə yaxın qonşuları yunanlardan, slavyanlardan keçən söz, demək olar ki, yoxdur. Tam əksini fin-uqor xalqlarında müşahidə etmək olar. Onlar təmasda olduqları bütün xalqlardan sözlər əxz etmişlər. Lakin başqa xalqlara güclü təsir göstərib mədəniyyətini, söz xəzinəsini təlqin edərək qəbul etdirən türklərdən fərqli olaraq fin-uqor dilli xalqlardan başqa xalqların dillərinə keçən söz sayı barmaqla sayılacaq qədər azdır.

 Türkçülüyün ən fədakar tərənnümçüsü və təbliğatçılarından olan şair Məmməd İsmayıl çıxışlarının birində maraqlı bir məqama toxunub: ”...Türklər Asiyadan Avropaya köç edərkən keçdikləri yollar boyu bəzi sözləri, kəlmələri yollarda itirə-itirə getmiş və unutmuşlar. Ona görə də hazırda Anadolu türkcəsində olmayan bəzi sözlər Orta Asiya, Uyğur, Azərbaycanda türklərinin lüğət tərkibində öz əzəli təmizliyini qoruyub saxlaya bilmişdir”. Bu fikrin qüvvəti olaraq tam əminliklə demək olar ki, minlərlə il öncə türklər kimi finlər də Asiyadan Avropaya (hətta türklərdən fərqli olaraq bir az da uzağa - Skandinaviyaya) köç etdikləri zaman sahib olduqlarından nələrisə itirmiş və yeni torpaqlarda qonşu xalqların mədəniyyətlərinin təsirinə məruz qalmışlar. Bu, tamamilə normal tarixi bir prosesdir.

 Finlər barədə deyilənlərdən sonra indi də bir qədər onların məmləkəti olan Finlandiya barədə söz açmaq yerinə düşərdi. Bizim Finlandiya kimi tanıdığımız məmləkəti finlər ”Suomi” adlandırırlar. Bir versiyaya görə, bu ad iki sözün ”suo” - bataqlıq və ”maa” - ölkə sözlərinin vəhdəti olub, ”bataqlıqlar ölkəsi” deməkdir. İkinci versiyaya görə isə, minlərcə il öncə bu torpaqlara köç etmiş ”sum” tayfasının adı ilə bağlıdır. Finlandiya bir deyil iki rəsmi dövlət dilinə malik olan nadir ölkədir. Ölkədə fin və isveç dili rəsmi dildir. AB-nin üzvü olan Finlandiya günümüzdə Avropanın həyat səviyyəsi baxımından ən inkişaf etmiş dövlətlərindən biridir. Skandinaviya yarımadasının şərq hissəsində yerləşən Finlandiya füsunkar təbiətə malikdir. Ölkə başdan-başa meşələrlə örtülüdür. Ölkə ərazinin 75 faizi meşələrin, 10 faizi isə su hövzələrinin payına düşürsə, bu ölkənin bütövlükdə ucsuz-bucaqsız təbii bir park olduğunu təsəvvür etmək çətin deyil. Finlandiyanı göllər diyarı da adlandırırlar. Bu, təsadüfi deyil. Ölkədə 190000-ə yaxın göl var. Finlandiyanı Baltik dənizi tərəfdən, yəni cənubdan üzük qaşı kimi əhatə edən adaların sayı isə 180000-ə çatır. İnsanın ruhunu oxşayan yamyaşıl meşələr tez-tez yağan yağışlarla qidalanır. Şimalda yerləşməsi bu ölkədə soyuq və qarlı qışları labüd edir. Ölkənin cənub ərazilərində qar 70-75 gün yerdə qaldığı halda şimalda, yəni Laplandiyada torpaq ildə 220-225 gün qalın qar örtüyünün altında uyuyub yazın gəlişini gözləyir. Uşaqların sevimli nağıl qəhrəmanı olan Şaxta Babanın evi Laplandiyadadır. İnanmayanlar buyurub öz gözləri ilə görə bilərlər. Sözsüz ki, bu, ölkəyə qış aylarında turist cəlb etməyin yollarından biridir. Finlandiyaya qış aylarında əməlli-başlı turist axını olur. Ölkə xizək sürməyə, Laplandiyada təbiətin möcüzəsini - səmada Şimal parıltısını izləməyə gələnlərlə, məşhur fin saunasında tərləyib, buzlu göldə sərinləmək istəyənlərlə dolub daşır. Sanki Yaradan şimalda yaşayıb uzun qış axşamları və gecələrindən sıxıla-sıxıla yazı səbirsizliklə gözləyən finlərə haqsızlıq olmasın deyə başqa bir təbiət möcüzəsi bəxş edib. Yayı qısa ömürlü olsa da, yay gəlincə hər kəsin görmək istədiyi gözəlliyə bürünür Finlandiya. Qışda günortadan sonra saat 4-də düşən erkən axşamın əvəzinə yayda finlər gecələri heç yatmaya da bilərlər. Çünki məşhur, unudulmaz ”bəyaz gecələr” başlayır. Finlandiyanın şimalında yay ərzində 73 sutka günəş qüruba enmir. Cənubda yaşayanlar bütün 24 saat boyunca günəşdən feyziyab olan şimaldakılar qədər şanslı olmasalar da, cənubda günəş gecə boyunca cəmi bir neçə saatlıq üfüq arxasına çəkilir.

 

 

(Ardı var)

 

Gülzar İSMAYIL,

hüquq elmləri namizədi

 

525-ci qəzet.- 2009.- 8 oktyabr.- S.4.