Xalq yazıçısı Anar güneyli
ziyalılarla görüşüb
Dünya Azərbaycanlıları
Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili
Sabir Rüstəmxanlının dəvəti əsasında
Kanada Qələm Təşkilatının keçmiş sədri
Rza Bərahəninin başçılığı ilə
ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və
başqa ölkələrdə yaşayan, əslən
Güney Azərbaycandan olan 12 tanınmış
soydaşımız ölkəmizdə səfərdədir. Oktyabrın 5-də qonaqlar Milli Azərbaycan
Tarixi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
muzeylərində olublar, oktyabrın 6-da isə
Yazıçılar Birliyində (AYB) qurumun sədri, xalq
yazıçısı Anarla görüşüblər.
AYB-nin mətbuat xidmətindən verilən məlumata görə,
görüşdə S.Rüstəmxanlı güneyli
ziyalıları Anara təqdim edib, qonaqlara görkəmli
yazıçının həyat və
yaradıcılığı barədə ətraflı məlumat
verib. Görüşdə çıxış edən AYB sədri
güneyli-quzeyli Azərbaycan mövzusunun ədəbiyyatımızda
aparıcı xətlərdən olduğunu vurğulayıb:
“Neçə illər ərzində vətəndən kənarda
yaşayan güneyli soydaşlarımızın dərdlərinə
şərikik. Mənim düşüncəmə görə,
Azərbaycan türklərinin öz hüquqlarını əldə
etməsinin başlıca və bəlkə də yeganə
yolu ədəbiyyatdan keçir”.
Birlik sədri qurumun mətbuat
orqanlarının qapılarının güneyli
ziyalıların üzünə həmişə
açıq olduğunu bildirib.
Görüşün
sonunda AYB sədri R.Bərahəniyə AYB-nin fəxri
üzvlük vəsiqəsini təqdim edib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 8 oktyabr.- S.7.