YazıçıCəfər Cabbarlını xatırlayıb

 

XÜSUSİ BURAXILIŞIN BAŞQA BİR SAYI İSƏ GÖRKƏMLİ ŞAİR MƏMMƏD İSMAYILIN 70 İLLİYİNƏ HƏSR EDİLİB

 

Oğuz eliqəzetininYazıçıxüsusi buraxılışının yeni saylarından biri böyük dramaturq Cəfər Cabbarlının 110 illik yubileyilə bağlı hazırlanıb. Qəzetin ilk səhifəsində C.Cabbarlının Azərbaycan bayrağına həsr etdiyi şeir verilib. Sonrakı səhifələrdə Cəfər Cabbarlının anası Şahbikə xanımın rəsmi məşhurAnaşeiri, həmçinin dramaturqun ailəsi sənət dostları ilə çəkdirdiyi fotolar öz əksini tapıb.

Nəşrdə Cəfər Cabbarlının həyat yoldaşı Sona xanıma yazdığı iki məktub xüsusi maraq doğurur. R.Rza, M.Hüseyn, M.Davudova, M.Əlili, S.Rəhman, M.İbrahimov, M.Arif, Ə.Nazim, Elçin, M.Mərdanov, Ş.Abbasov, M.Ələkbərli, İ.Hidayətzadə, İ.Dağıstanlı, Ə.Vəliyev və bir çox başqalarının görkəmli sənətkar haqqında fikirləri buraxılışda öz əksini tapıb. S. Vurğunun “Böyük ədib”, M.Müşfiqin “ Şairin ölümü”, M. Arazın “Cəfər yolu”, C. Xəndanın “Cəfər Cabbarlıya”, B.Vahabzadənin “Cəfər Cabbarlı”, İ.Səfərlinin “Cəfərim mənim”, R.Zəbioğlunun “Cəfər Möcüzədir”, B. Aruslunun “Türk oğlu” və Ə.Kürçaylının “Böyük sənətkar” şeirləri ölməz dramaturqun xatirəsinə həsr olunmuş poetik nümunələrdir. C.Cabbarlı ilə bağlı A.Tuqanovun, Türkmənistanın xalq yazıçısı B.Kerbabayevin və V.F.Zalesskinin də fikir və xatirələri diqqəti çəkir.

 C.Cabbarlının gənclik illərindən, onun Nuru Paşa ilə dostluğundan və qardaşı qızı Mələk xanımdan bəhs olunan, Şəhla Gündüzün qələmə aldığı “Qızcığaz” mənzum hekayəsi və Asif Rüstəmlinin dramaturqun məhbusluq həyatını əks etdirən “Yenidən məhbəs həyatı” başlıqlı məqaləsi də bu nəşrdə işıq üzü görüb.

Dramaturqun ailə üzvlərindən həyat yoldaşı Sona xanımın və qardaşı qızı Mələk xanımın xatirələrilə yanaşı, buraxılışda C.Cabbarlının məşhur “Ölkəm” şeiri və “Oğuz eli”nin baş redaktoru, şair-publisist Azər Abdullanın bu əsərə dahi bəstəkar Asəf Zeynallının bəstələdiyi romansla bağlı fikirləri verilib.

“Yazıçı”nın digər bir sayı isə görkəmli şair Məmməd İsmayılın 70 illik yubileyinə həsr edilib. On dörd yaşında bədii yaradıcılığa başlayan M.İsmayılın əsərləri indiyədək əllidən çox dilə tərcümə olunub. şairin əsərləri türk, rus, ingilis, fransız, alman, macar, ispan, ərəb, belarus, ukrayna, monqol, çex, özbək, tacik, tatar və başqa dillərdə işıq üzü görüb. İndiyə qədər 100-dən çox məqaləsi dünyanın müxtəlif ölkələrində çıxan kitab və jurnallarda çap olunub. 20-dən çox ssenarisinə sənədli film çəkilib. M.İsmayıl hazırda Türkiyənin Çanaqqqala universitetində çalışır.

Buraxılış mərhum prezident Əbülfəz Elçibəyin 1999-cu ildə şairə ünvanladığı məktubla açılır açılır. Elçibəy M.İsmayılın “milli ruhumuzun bədii tərənnümündə, bütöv Azərbaycan məfkurəsinin ruhlara aşılanmasında, türk ədəbiyyatı, dil və mədəniyyətinin bütövləşməsi yolunda” çəkdiyi zəhmətləri yüksək qiymətləndirib.

Dərgidə Əkrəm Əylisli, İsa Qəmbər, Vaqif Səmədoğlunun şairə 60 yaşı tamam olanda ünvanladıqları təbriklərin mətnləri də verilib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı M.İsmayılı “Xəyalımda ucalan dost heykəli” adlandırıb: “Məmməd İsmayılla tanışlığımızın, dostluğumuzun ömrü 30 ildən artıqdır. Məmməd İsmayılın istedadı tonlarla qumu yuyandan sonra qalan qızıl qırıntılarına bənzəmir. O, anadan şair doğulub, ilhamı saf qızıl külçəsidir”. Məmməd İsmayılın şeirlərini “tale yazıları” adlandıran S.Rüstəmxanlı onların duatək oxunduğunu qeyd edib.

Vaqif Bayatlı Odər M.İsmayılın Azərbaycanın ən dəyərli şairləri sırasında olduğunu vurğulayıb.

Mərhum şair Akif Səməd M.İsmayılı “Türkün şairi” kimi xarakterizə edib. Şair Ramiz Rövşən “Hələ yaşamağa dəyər bir az da” yazısında qələm dostunu təbrik edib və ən çətin anlarında onun poeziyasından güc aldığını bildirib: “Ən çətin anlarda, təkcə özgələrdən yox, özümüzdən də əl üzdüyümüz məqamlarda adamın dadına yenə hansısa bir söz, bir misra çatır. Sənin şah misran kimi: “Hələ yaşamağa dəyər bir az da...

”Xalq şairi Bəxtiyar Vahabzadə M.İsmayılın şeirlərinin “ağıla deyil, hissə yönəldiyi” qənaətindədir: “Ağıla yönələn şeirləri açmaq üçün həmin şeirlərin müəllifi olub, müəllifin özü kimi həyəcanlanmaq, vəcdə gəlmək lazımdır”.

Buraxılışda M.İsmayılın çex şairi Duşan Jvaçek, çuvaş yazarı Yuri Semender, şairin tələbəsi Hüseyn Mərdanla olan yazışmaları da yer alıb.Buraxılışda millət vəkili Aqil Abbas, professorlar Nizami Cəfərov, Tofiq Hacıyev, şairlər Azər Abdulla, Barat Vüsal və başqaları M.İsmayıl poeziyasının və şəxsiyyətinin ucalığından söz açıblar.

“Yazıçı”nın bu sayında həmçinin yubilyar şairin artıq dillər əzbərinə çevrilmiş “Yaman darıxmışam səninçün ana”, “Şairləri susmayan bir vətən basılmayıb”, “Unutduğun yerdəyəm”, “Hələ bir kimsənin yoxdu xəbəri”, “Gedərsən, məchula yol gedər gedən”, “Deyərsiz”, “Bütün qapılar qapalı”, “Sonuc”, “Tanrı bilər”, “Uğur gözləyirsən”, “İçimdə qışlayan dərd”, “Bu xalq çəpik çalmaq öyrənir hələ” kimi şeirlərinə yer verilib.

Buraxılışda M.İsmayılla bağlı müxtəlif illərdə çəkilmiş fotolar da var.

 

 

Sevinc MÜRVƏTQIZI,

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2009.- 9 oktyabr.- S.7.