Təfəkkürlü duyğuların işığı
MƏŞHUR TELEOPERATOR ELDAR MƏMMƏDOVUN YARADICILIĞI
BARƏDƏ NAXIŞLAR
Teleməkanların bol olduğu
dövrdə çağdaş
tamaşaçının seçimi
çoxdur. O, ürəyinə yatan
kanalda könlünü,
zövqünü oxşayan
verilişə baxır.
İlk növbədə
kadrların görümü
ruhuna tumar çəkirsə əlindəki
pultun düyməsini basıb kanalı dəyişmir. Gözünü
oxşayanı ruhuna, qəlbinə hopdurmağa
çalışır. Həmin
gözoxşamanın ilkin
şərti isə peşəkar operatorun zövqlü işi ilə bağlıdır,
yəni kadrın parlaq cazibəsindən asılıdır.
Milli televiziya məkanında
Ana televiziya əzəmətini ləyaqətlə qoruyub
saxlayan AzTV-də çağdaş tələblərlə
işləməyi bacaran, müasir texnoji prinsipləri mənimsəmiş
kifayət qədər yaşlı və gənc operatorlar var.
Gündən-günə bu sənətçilərin peşəkarlıqları
artmaqda və sıraları genişlənməkdədir. Ancaq
mənim üçün onların arasında
yaradıcılığı, axtarışları, konkret
çəkilişləri ən çox ruhuma, duyğuma
xoş təsir bağışlayanı Eldar Məmmədovdur.
Nəyə görə?
İstəyirəm ki, onun sənətkarlıq xüsusiyyətlərinin
müəyyən prinsiplərini qavradığım dərəcədə
oxuculara, başqa sözlə, qəzeti oxuyacaq
tamaşaçılara çatdırım.Eldar Məmmədovun
həssas duyumu var. O, tamaşanın ümumi ahəngini, hadisələrin
inkişafı prosesində vəziyyətlərin dəyişən
sürət-ritmini dəqiq tutur. Həmin sürət-ritmə
uyğun olaraq onun kamerasının obyektivi lentə
aldığı kadrların hərəkət tempini tənzimləyir.
Məhz buna görə də onun lirik səhnələrdən
psixoloji ovqata, psixoloji dərinlikdən dinamik faciə ahənginə
keçidlərində yüksək peşəkarlıq
duyulur. Bu məqamlarda Eldar Məmmədovun seçdiyi rakus-planlar
(operatorun kadra baxım bucağı) estetik səlistliyi və
görüm cazibədarlığı, formanın fikir dərinliyi
ilə seçilir.
Eldar Məmmədovun
fundamental işləri əsasən məşhur telerejissor
Ramiz Həsənoğlu ilə yaradıcılıq ünsiyyətində
olub. Təkcə AzTV-də deyil, geniş mənada Azərbaycan
tele-məkanında ilk monumental-romantik teletamaşanın
yaranması məhz bu iki sənətkarın adı ilə
bağlıdır. Bu iki məsləkdaş, sənətdaş
biri rejissurada, digəri operator işində fundamental tamaşa
janrını Azərbaycan Televiziyasında cilalayıb
formalaşdırıblar. Günü bu gün də onun
poetika göstəricilərini zənginləşdirməkdə
və yeni estetik prinsiplərlə dərinləşdirməkdədirlər.Hansısa
yeni bir yaradıcılıq işinə başlayanda Eldar Məmmədov
rejissorun fikirlərinə diqqətlə, maraqla və
böyük ehtiramla qulaq asır. Kənardan baxana elə gəlir
ki, o, sadəcə qulaq asır. Lakin uzun illərin
müşahidəsindən cəsarətlə deyə bilərəm
ki, həmin anda Eldar eşitdiyi hadisələri
kamerasının gözləri ilə görə-görə
həmkarını dinləyir. Mizarxası və ilkin mizan məşqlərində
Eldar hər obrazın danışığına xüsusi
maraq göstərir və hər aktyorun ifa tərzinin spesifik səciyyələrinə,
onun hərəkət plastikasına dərindən yiyələnməyə
çalışır. Bu çalışmaqla da iş
prosesində kamerasının hərəkət
trayektoriyasını təxminən müəyyənləşdirir
və planları (orta, iri, daha iri) hansı keçidlərlə
və hansı ritmdə dəyişəcəyini yəqinləşdirir.
Həmin cəhət Eldar Məmmədovun peşəkarlıq
vərdişidir və onun yaratığı
yaradıcılıq üslubunun, fərdi dəst-xəttinin
incə xüsusiyyətlərindən biridir.Dekorasiyalar qurulur
və artıq çəkiləşlərə
hazırlıq prosesi başlayanda Eldar Məmmədov
üçün məkanda sərbəst gəzişmə
başlayır. O, əsas kameranın nöqtələrini
müəyyənləşdirir, həmin yerdən kadrların
necə görünəcəyini dürüstləşdirir. Məhz
buna görə də Eldar Məmmədovun çəkilişlərində
əsrarəngiz fəza genişliyi və məkan
sonsuzluğu (davamlı məkan) var. Yada salaq: “Ordan-burdan”
tamaşası pavilyonda çəkilib. Lakin rakurslar elə
seçilib ki, biz XX əsrin ilk on ilindəki Bakının
xarakterik küçələrində və meydanlarında
real hadisələri dərin psixoloji ovqatla izəyirik.Televiziyada
adi bir verilişin, xüsusi ilə də tamaşaların,
tamaşa-filmlərin çəkilişində işıq
problemi yaranır. Etiraf edək ki, nə teatrlarımızda, nə
də televiziyamızda peşəkar işıqçılar
qədərincə deyil. Televiziyada həmin işləri əsasən
quruluşçu opreator görür. Onların da arasında
peşəkarlıqla işıq qura bilənlər barmaqla
hesablanacaq qədər azdır. Həmin azlığın
arasında Eldar Məmmədov öncüldür və onun
öncüllüyü neçə-neçə
tamaşanın və ədəbi-bədii verilişin psixoloji
ovqatını görünən kadrlarda ustalıqla tənzimləyir.
Şəxsən mənim aparıcısı olduğum müəyyən
verilişlərimdə məkanın işıqlarını
Eldar Məmmədov qurursa, böyük inam və şövqlə
hər şeydən əmin oluram və fikrimi yalnız öz
danışığıma yönəldirəm. Bilirəm ki,
iki, bəzən üç, hətta dörd (arabcıq-kamera)
kameranın hamısı lazımi nöqtədə qoyulub və
bəs deyən işıqla təchiz edilib.
Eldar işıqların
xarakterinə də dərindən bələddir. O, həssas
rəssam duyğusu ilə hiss edir ki, qırmızı
işığı yaşılla kəsmək hansı effekti
verər. Və ya sarı işığa yuxarıdan göy
şüalar yönəldəndə nə yaranır. Yaxud,
qaranlıqda ənginlik yaratmaq üçün qara fona
hansı nöqtədən hansı işıq yönəlməlidir
və həmin projektorların gözlüyü nə dərəcədə
qapanıb-açılmalıdır.Deyə bilərlər ki,
bütün bunlar Eldar Məmmədovun peşəkarlıq təcrübəsi
ilə bağlıdır. Razıyam. Amma gəlin etiraf edək
ki, studiyada Eldardan da yaşlı və stajlı işçilər
çalışırlar. Lakin Ramiz Həsənoğlu kimi
teletamaşa rejissoru, geniş həcmli ədəbi-bədii
verilişlərin rejissor və redaktorları Eldar Məmmədovla
işləməyə üstünlük verirlər. Çünki
Eldar Məmmədovda dediyimiz keyfiyyətlərlə
yanaşı, geniş təxəyyül, nəzəri biliyi təcrübə
ilə qovuşdurmaq səriştəsi, lirik duyğu, təfəkkürlə
düşünmək, mahiyyəti idrakla qavramaq, məkana
qanadlı obrazlılıq vermək məharəti vardır. Özü
də bütün bunlar günü-gündən daha da kamilləşir,
müdrikləşir, əzəmətləşir.Eldar Məmmədovun
bir gözəl keyfiyəti də var, o xasiyyəti operator
dostumuza Tanrı əta eləyib, özünün sevimli bəndəsi
kimi.
Eldar Məmmədovun
çöhrəsində könül açan, göz
oxşayan səmimiyyət nuru var. Bu səmimiyyət onun daxili
paklığının, mehribanlığının,
dostcanlılığının və sadəliyinin
yaraşığıdır.
Onu tanımayan
tamaşaçı birdən elə başa düşər
ki, Eldar hər şeylə tez barışandır. Əsla!
Onun xarakterində sənətin aliliyinə, sənətin
müqəddəsliyinə ehtiramla yoğrulmuş sərtlik də
var. Həmin sərtlik qeyri-peşəkarlıq duyulan məqamlarda
üzə çıxır və Eldar Məmmədovun, necə
deyərlər, “iki ayağını bir başmağa geyinməsi”
sayəsində qüsurlara balta çalınır, həqiqətə
çıraq tutulur.Xarakterindəki bu səimimiyyəti,
bü xeyirxahlığı, illər boyu yaratdığı zəngin
yaradıcılıq səcərəsi imkan verir ki, biz Eldar Məmmədovu
həm ümumi, həm orta, həm də iri planda görə
bilək. Mən isə məşhur operator Eldar Məmmədovun
dostu kimi, yaradıcılığına ehtiram bəslədiyim
bir sənətkar kimi onu həmişə daha iri planda görmək
arzusu ilə yazıma nöqtə qoyuram.
İlham RƏHİMLİ
525-ci qəzet.- 2009.- 9 oktyabr.- S.7.