İnzibati Xətalar Məcəlləsinə teleradio yayımı ilə bağlı bənd əlavə olunsun

 

MÜSAHİBİMİZ MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ SƏDRİ NUŞİRƏVAN MƏHƏRƏMLİDİR.

 

- Azərbaycan teleməkanında şou-biznes xarakterli verlişlərin həddən artıq çoxalması sevindirici hal deyil. Yəni bu cəmiyyətdə gənc nəslin tərbiyyəsinə çox mənfi təsir göstərir. Xüsusən gənc nəslin daha ucuz əməyə meylini artırır. Bu heç yaxşı hal deyil. Ümumiyyətlə, verilişlərdə keyfiyyət aşağıdır. Tamaşaçı marağı çox aşağıdır. Bunun da həm obyektiv, həm subyektiv səbəbləri var. Çünki tamaşaçı marağı ona görə azalıb ki, bizdə kabel şəbəkəsi çox inkşaf edib. Çanaq antenaları vasitəsilə insanlar dünyadakı ən yaxşı kanallara baxır bu da təbii bir prosesdir. Əvvəllər əgər 3 saat öz kanallarımıza baxırdılarsa, indi xarici kanallara baxırlar. Buna görə insanların yerli telekanallara marağı azalıb. Bizim kanallar çalışmalıdır ki, verilişlərini keyfiyyətli etsinlər, amaşaçılarımız da lazım olan informasiyaları öz kanallarımzdan alsınlar.

- Mətbuat yazır ki, hazırkı vəziyyətin yaranmasında azadlığın olmamasıdır? İddia olunur ki, ictimai-siyasi verilişlərin azlığı buna səbəb olub....

- Xeyr, bu, yanaşma doğru deyil. İnsanlar özlərinə nəyləsə bəraət qazandırırlar. Əsalində reallıq belə deyil. Efirin müəyyən bir hissəsi yalnız siyasi xəbərlərlə bağlıdır. Digər hissə isə digər tipli verilişlərə aiddir. Bunun bədii filmləri, müsiqili-əyləncəli verilişləri var. Burda söhbət şou-biznesdən gedir. Hazırda hamını narahat edən məsələ bayağı şou-biznes nümunələri, aparıcıların Azərbaycan dilini, tariximizi, ədəbiyyatımızı bilməməsidir. Telekanallarımızda efirə çıxan verilişlərdə aparıcıların ədəbi dildə deyil, küçə ləhcəsində danışmasıdır. Aparıcılar özlərinə bu cür vasitələrlə tamaşaçı toplamaq istəyirlər. Amma ədəbi dili qorumaq xatirinə bunlar olmamalıdır. Televiziyaya yalnız biznes marağı kimi baxmaq olmaz. Televiziya radio sahəsində çalışanlar çox ciddi məsuliyyət hiss etməlidirlər.

- Nuşirəvan müəllim, akademik Ramiz Mehdiyevin bu yaxınlarda “Azərbaycan” qəzetində dərc olunan məqaləsində Milli Televiziya və Radio Şurasının monitorinqinin nəticələri də öz əksini tapıb. Efirdə şou verilişlərin xüsusi çəkisinin çox olması gənclərin mənəviyyatına mənfi təsir edir. Bugünkü vəziyyətin yaranmasın səbəbləri sizə məlumdurmu?

- Burda bir sıra səbəblər var. Bunlardan biri reklam uğrunda mübarizədir. Kanallar arasında sağlam rəqabət olmalıdır. Telekanallar bir-biri ilə mübarizə apararkən daim çalışırlar ki, elə verilişlər hazırlasınlar ki, reytinq toplasınlar. Bu verilişlər əsasən şou xarakterlidir. Yəni bizdə reytinqi daha çox şou proqramlar toplayır. Nəticədə telekanallar şou proqramlar hazırlamaq uğrunda mübarizə aparırlar. Maarifçilik xarakterli verilişlərin reytinqi sıfır dərəcəsindədir. Bunun başqa bir səbəbi bizdə reytinq ölçən şirkətlərin fəaliyyətidir. Reklam verən şirkətlər seçimlərini bu reytinq şirkətlərinin arayışları əsasında edirlər. Ən çox pay alan da şou xarakterli verilişləri olan kanallardır.

- Telekanallarda ictimai-siyasi verlişlərin artırılması mümkündürmü?

- Bu da mümkündür. Akademik Ramiz Mehdiyevin məqaləsində çox gözəl vurğulanır ki, ictimaiyyəti narahat edən mövzular efirdə çox azdır. Bu məsələlər özəl kanallarda yoxdur. Yalniz İctimai Televiziyada belə verilişlərə rast gəlmək mümkündür.

- Qanunvericilikdə televiziyaların fəaliyyətinin tənzimlənməsi üçün hər hansı dəyişiklik gözlənilirmi yaxud buna ehtiyac varmı?

- Biz çalışmırıq ki, problemlərin hamısını inzibati yolla həll edək. Televiziya, radio yaradıcı sahədir. Burada məsuliyyət həmin sahədə çalışan insanların üzərinə düşür. Biz İnzibati Xətalar Məcəlləsinə yalnız bir maddənin əlavə olunmasını təklif etmişik. BizimTeleviziya radio yayımı haqqındaqanunda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlər əksini tapıb. Amma bunun pozulmasına qarşı hər hansı sanksiya yoxdur. Biz təklif edirik ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı bənd əlavə olunsun. Ancaq bu, bir təklifdir. Çünki milli-mənəvi dəyərlərlə bağlı ekspertlərin arasında müəyyən fikir ayrılığı var. Bu isə müəyyən mübahisələrə gətirib çıxarır. Bəzən bir insanın etdiyi hərəkət bir qrup insan tərəfindən normal qarşılanır, digər qrup tərəfindən normal qarşılanmır. Ona görə belə məsələrdə bir az həssas olmaq lazımdır.

- Radiolarda da problemlər mövcuddur. Bəzi aparıcılar öz mövqelərini dinləyiciyə sırımağa çalışır. - Radiolarda, xüsusən tok-şou xarakterli verilişlərdə mövzuların seçilməsi bərbad haldadır. Bəzən radiolarda müzakirələrdə milli mentalitetimizə uyğun olmayan mövzular çıxarırlar. 18-20 yaşlı oğlan pultun arxasında oturur, məsuliyyətini dərk etmədən danışır. Biz bununla bağlı radiolara xəbərdarlıq etmişik.- Rəhbərlik etdiyiniz qurum təzə yarananda televiziyalar tövsiyələrinizə etinasız yanaşırdılar. İndi durum necədir?- Hər təzə yaranan qurumu əvvəlcə ciddi qəbul etməyə bilərlər. Təbii ki, televiziyalar üzərlərində hansısa nəzərətin olmasını istəmirdilər. Amma indi reallığı qəbul edirlər.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2009.- 9 oktyabr.- S.5.