Uzaq... yaxın Finlandiya
TƏBİƏT, İNSAN, TƏSİR
və ƏKS-TƏSİR
(Əvvəli
ötən sayımızda)
Minilliklər boyunca sərt
təbii şəraitlə, iqlimlə yaşamaq uğrunda
aparılan inadlı mücadilə finlərin xasiyyətində
silinməyən izlər buraxıb. Finlandiyanin torpaqları
qayalıqlardan ibarətdir. Finlər qayaları dəlib
yaşayış məskənləri, sənaye obyektləri, ən
müasir infrastruktur quraraq, ən ucqar meşələrin ən
sıx guşəsində belə hər cür şəraitə
malik komfortlu evlərdə yaşamaq imkanına sahib olublar. Arı
kimi zəhmətkeş olan fin insanının bu əzmi və
dəyanəti insanda istər-istəməz qibtə
doğurur. Finlər təkcə zəhmətsevərlikləri
ilə yox, tamamilə rüşvətdən, qohumbazlıq və
tayfabazlıqdan uzaq bir dövlət qurduqları ilə fəxr
edə bilərlər. Həm də elə bir dövlət ki,
onun qanunvericilik, icra və məhkəmə orqanlarından
tutmuş sıravı poçtuna və ya xəstəxanasına
qədər bütün strukturları dürüstlük,
şəffaflıq və ən başlıcası insan
faktoruna hörmət və qayğı prinsipləri əsasında
fəaliyyət göstərir. Bu təsadüfi deyil.
Çünki dürüstlük, əxlaqlılıq, yalan və
dolandırıcılıqdan uzaq durmaq fin insanıni xarakterizə
edən ən təməl ünsürlərdir. Yeri gəlmişkən,
finlərə xas olan digər xüsusiyyətlərə
toxunmadan keçmək düzgün olmazdı. Finlər
şifahi edilən razılaşmaya rəsmi sənəd qədər
əhəmiyyət verirlər. Ona görə də verilən
söz dəyərlidir. Hətta yazılı sənəd
verilsə belə, şəxsin sənədə
atdığı imza istənilən rəsmi dövlət
orqanında keçərlidir, artıq hansısa notariat
kontorunda onun möhürlə təsdiq edilməsinə ehtiyac
yoxdur. Çünki Finlandiyada insana güvən və etibar
var. İnsan hüquqlarına hörmət və Finlandiyada
yaşayan bütün millətlərin nümayəndələrinə
bərabər hüquqların tanınması əsas prioritetlərdəndir.
Finlandiyada yaşayan bütün xalqların uşaqlarına
öz ana dillərində təhsil almaq və oxuduqları məktəbdə
mənsub olduqları dinin əsaslarını öyrənmək
imkanı yaradılır. Hətta uşaq
bağçasına və ya məktəbə gedən
müsəlman uşaqlara İslam dininin şərtlərinə
müvafiq olaraq donuz ətindən bişirilmiş yeməklər
verilmir. Yeri gəlmişkən qeyd edim ki, azərbaycanlı
uşaqlara da Azərbaycan dilini ayrıca
açılmış sinifdə azərbaycanlı müəllimin
rəhbərliyi altında tədris olunur. Finlandiyada yaşayan
romanların, başqa adla, qaraçıların bu ölkədəki
statusu maraqlıdır. Sayca təxminən 10 min nəfər
olan romanlar 500 ildir bu torpaqlarda yaşayırlar. Onlar öz adət-ənənələrini
qoruyub yaşatmaları üçün dövlətdən hər
cür dəstək alırlar. Roman qadınları iki əsrdən
bəri stilini qoruyan uzun qara məxmər paltarlar geyinirlər.
Bu, onların milli geyimi olub geyinilməsi roman qadını
üçün məcburidir. Lakin belə bir paltarın
parçası və tikilişi çox baha başa gəldiyindən,
romanlar isə əsas etibarilə əhalinin aztəminatlı
təbəqəsinə mənsub olduqlarından dövlət
onlara bu məqsədlə pul vəsaiti ayırır. Zənnimcə,
bu nümunələr Finlandiyada insana, onun hüquq və
azadlıqlarına necə yüksək səviyyədə dəyər
verildiyinin sübutudur. Stabillik, təhlükəsizlik və
düzən fin cəmiyyətini xarakterizə edən ən
ümdə cəhətlərdir. Finlərlə ilk
BİR İNSAN AZ, MİLYON
İNSAN ÇOX DEYİL...
Finlandiya dəfələrlə yaxın qonşusu Rusiyanın başlatdığı müharibələrdən əziyyət çəkmişdir. 1939-1940-cı illərdə SSRİ ilə Qış müharibəsi və 1941-1944-cü illərdə Davamedici müharibələrin nəticəsində Finlandiya Kareliya ərazisini itirmişdir. Əhalisi o zaman cəmi 3 milyon olan Finlandiya sayca özündən onlarla dəfə artıq olan rus ordularına qarşı ölüm-dirim mübarizəsinə qalxmış və çox böyük insan itkisi və itirilmiş torpaqların bahasına olsa belə müstəqilliyini əldən verməmişdir. Tarixi mənbələr göstərir ki, o müharibələrdən sonra elə bir fin ailəsi tapmaq olmazdı ki, qurban verməmiş olsun. XX əsr Finlandiya tarixi bu ölkənin müqəddəratında misilsiz xidmətləri olan Marşal Karl Qustav Emil Mannerheymin adı ilə bağlıdır. İsveçdilli zadəgan ailəsindən olan Mannerheym hərbi təhsilini və zabit kimi ilk hərbi təcrübəsini Rusiya imperiyasının ordusunda əldə etmişdi. Mannerheym kiçik bir şimal ölkəsi olan Finlandiyanın maraqlarını böyük dövlətlərin maraqları ilə uzlaşdırmağı bacaran mahir bir dövlət xadimi idi. O, Rusiyadakı bolşevik inqilabının əleyhinə idi, lakin rus mentalitetinə yaxşı bələd olduğundan Rusiyanın böyük bir dövlət kimi gücünü lazımi dərəcədə dəyərləndirirdi. 1939-cu ilin payızında Sovet İttifaqı Finlandiyaya hücum etdiyi və Qış müharibəsinin başladığı zaman Mannerheym Finlandiya əhalisini sayca qat-qat üstün olan düşmənə qarşı azadlıq mübarizəsinə qaldırdı. Çox ağıllı və uzaqgörən siyasətçi olan Mannerheym Qış müharibəsindən sonra hərbi cəhətdən tamamilə zəifləmiş vəziyyətdə olan Finlandiyanın təkbaşına SSRİ-yə qarşı dirəniş göstərməsinin imkansız olduğunu bildiyi üçün Davamedici müharibə zamanı Almaniyanın hərbi köməyini qəbul etmişdi. Lakin Almaniyanın təklifi ilə II Dünya müharibəsində Leninqradın blokadasında fəal iştirak etməkdən və Murmansk dəmir yolunu bağlamaqdan imtina etmişdi. Almaniya Finlandiyanın yardımı ilə Leninqradın zahiri dünya ilə əlaqəsini tamamilə kəsmək istəyirdi. Mannerheym isə Almaniya ilə müttəfiq olduqlarına və Sovet İttifaqı tərəfindən müharibəyə cəlb olunduqlarına baxmayaraq belə bir ağıllı və humanist addım atmışdı. 1944-cü ildə Sovet İttifaqı Finlandiyaya qarşı geniş miqyaslı hücuma başladığı zaman Mannerheymin fin ordusunun baş komandanı və ölkənin yeni seçilmiş prezidenti kimi siyasi bacarığı və məharəti sayəsində Finlandiya müharibədən nisbətən az itkilərlə çıxmağı bacardı. Mannerheymin siyasi lider kimi xidmətləri fin xalqı tərəfindən unudulmur. Siyasi lideri fetişləşdirmək və bütləşdirməkdən uzaq olan finlər Mannerheymi layiq olduğu səviyyədə sevir və yad edirlər.
Finlandiyada qonşu İsveçlə müqayisədə daha az azərbaycanlı yaşayır. Finlərin ölkəmiz barədə məlumatı çox azdır. Bəzi finlər heç Azərbaycanın harada yerləşdiyini belə bilmirlər. İki ölkə arasındakı iqtisadi, siyasi və mədəni əlaqələr 2005-ci ildə Finlandiyanın prezidenti Tarya Halonenin Azərbaycana və 2008-ci ildə Azərbaycanın prezidenti İlham Əliyevin Finlandiyaya rəsmi səfərlərindən sonra genişlənməyə başlamışdır. Finlandiya xüsusən tikinti sektorunda qabaqcıl texnologiyası ilə Azərbaycanın hazırki quruculuq prosesində iştirak edir. Ümidvarıq ki, Finlandiya ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr bundan sonra daha da inkişaf edəcək və bu iki ölkənin insanlarının bir-birini daha yaxından tanımaq imkanı olacaq.
Gülzar İSMAYIL,
hüquq elmləri namizədi
525-ci qəzet.- 2009.- 9
oktyabr.- S.2.