Min yol mənə söylər...
(Hekayə)
“Kitabi-Dədə Qorqud”Atamın xatirəsinə ithaf edirəm
Qazaxdan
Tiflisə aparan yolda birdən-birə leysan tökdü. Sonra
yağmur başladığı kimi də kəsildi və
ardınca qatı-boz duman gəldi.Elə bir duman ki,
bıçaq çəksən izi qalardı.Duman əvvəlcə
Yağlıcadan enən yağış suyuna yüklənib
Kaxaber dərəsinə endi, az keçmiş
şişib-köpürüb ətrafa yayılmağa
başladı. Yağış kəsəndən cəmi on-on
beş dəqiqə sonra duman avtobusda mənimlə
yanaşı oturmuş 45-50 yaşlarındakı gürcü
arvadının sifət qırışlarınacan
dolmuşdu. Arvad indi yaşından xeyli cavan
görünürdü. Avtobusun pəncərələrinə
sanki pərdə çəkmişdilər. Bayıra baxmaq istəyən
öz əksindən başqa heç nə
görmürdü.
- Mən belə sürmək yoxdu,
haydi gözlə görək!
- Şofermiz İliko
onsuz da bayaqdan addımla irəliləyən avtobusu yolun
qırağına çəkib, qapıları
fıshafısla açdı.
- Belə getməkdən
gözləmək yakşi.
- Sıxdı dumanların,
dağlar.
- Arxa oturacaqdan yoğun
kişi səsi eşidildi. Öncə avtobusdan İlikonun
özü düşdü. Ani sükutdan sonra səs-küy
avtobusu başına götürdü və adamlar bir-bir,
iki-bir avtobusdan tökülüşməyə
başladılar. Axırda avtobusda yalnız gürcü
arvadıyla mən qaldıq.
O, keçid tərəfdə
oturmuşdu deyə onun düşməyini, ya da heç
olmasa, çəkilib mənə yol verəcəyini gözləyirdim.
Ancaq arvad müqəvva kimi gözlərini məchul bir
nöqtəyə zilləyib oturmuşdu. Sanki burada baş verənlərin
ona aidiyyatı yox idi. Arvadın diqqətini çəkmək
üçün yerimdə bərk-bərk qurcalandım,
ayağa durub keçidə sarı meylləndim. Onun heç
tükü də tərpənmədi.
- Kalbatono... şeicleba... erti cuti...
- Bildiyim gürcü
sözlərininin qol-qabırğasını
sındıra-sındıra üzümü arvada tutdum. Üstəlik
əl hərəkətlərilə çıxmaq istədiyimə
işarə elədim. Ancaq bundan da bir şey
çıxmadı. Arvad elə bil tökmə daşdan idi, qəsdən
mənim yoluma dikmişdilər. Bir xeyli beləcə məəttəl
qaldım, neyləyəcəyimi kəsdirə bilmirdim. O, ənənəvi
qara gürcü paltarındaydı. Başındakı
çalmanı gözlərinin üstünəcən çəkmişdi.
Başdan-ayağa qara geyinmiş bu cür arvadlara
Gürcüstanda tez-tez rast gəlirsən. Onlar adətən
ibadət adamları olurlar və bizim möminlərdən fərqli
olaraq, o qədər də ünsiyyətcil deyillər.- Kalbatono...şeicleba...
Ondan səs-səmir
çıxmadı. Fikirləşdim ki, yaşlı
adamdı, yol yorğunudu, qoy dincəlsin.
“Sən Ərəbzəngi ol, mən
də Dəli Hasan” - başqa yolla çıxmağı qərara
aldım. Dirsəyimlə kreslonun söykənəcəyinə
mətərislənib ayağımı geriyə
aşırdım və atılıb keçidə
düşdüm. Bu zaman dizim zərblə arvadın
oturduğu kresloya dəydi...və oturacaq
yırğalanınca heç gözləmədiyim bir hadisə
baş verdi. Əvvəlcə arvadın başı yana əyildi,
daha doğrusu, qatlandı, sonra bədəni doxsan dərəcə
bucaq altında ani bir qövs çizərək düz
ayağımın altına düşdü. Arvadın
başı taqqıltıyla döşəməyə dəydi.
Bu o qədər sürətlə
baş verdi ki, əl yetirməyə belə macal tapmadım. Bir
anlığa it kimi peşiman olduğumu hiss etdim. Dərhal əyilib
onun yerdən qalxmasına kömək eləmək istədim,
ancaq gözlərindəki qeyri-adi ifadəni görüncə
quruyub qaldım. Parçadan düzəldilmiş kukla kimi
yöndəmsiz bir tərzdə atılıb-qalmış
arvadın gözləri ocaq yerini xatırladırdı. Bu
gözlərin işığı çoxdan
sönmüşdü... Arvadın alnının dərisi
sıyrılmışdı, burnunun üstündə
çapıq əmələ gəlmişdi. Ancaq
yaralarından bir damcı da olsun qan
çıxmamışdı.
Əl-ayağım
küməşdi, bir müddət beləcə hərəkətsiz
arvadın üzünə baxa-baxa qaldım. Onu elə bil
hardasa görmüşdüm, kiməsə
oxşadırdım. Ancaq harada? Kimə? Bu dəqiqələrdə
hafizəmi toparlaya bilmirdim. Handan-hana özümə gəlib
var gücümlə qışqırdım:- İliko,
sadaxar... şeni İliko, özünü yetir!İliko
tükü yandırılmış nağıl personajı
kimi bir göz qırpımında yanımda peyda oldu. Ardınca
sərnişinlər də içəri təpildilər. Qələbəlik
yarandı. İrəli dürtülə bilməyənlər,
ayaqlarının ucuna qalxıb, avtobusun pəncərələrindən
içəriyə boylanmağa
çalışırdılar.
- Nolub, bico, ilanmı
vurdu, nədi?
- Nəfəsi
tıncıxmış İliko qolumdan tutub gözlərimin
içinə dikildi. Mən gözlərimlə adda-budda
qoyulmuş barxananın arasında yumalanıb yatan arvada
işarə elədim. İliko başını mən
göstərdiyim səmtə çöndərdi və cəld
aşağı çöməlib arvadın
başını yerdən qaldırdı.
Onun üzünə zənnlə
baxdıqdan sonra:
- Olan, bu
ölmüş, mərc gəlirəm, ölmüş! -
dedi. - Mollasız olub.
- Bunlarda molla yoxdur,
ölünü keşiş ağırlayır.
- Fərqi nədir,
keşiş olsun.
- Fərqi çoxdur.
- Heç bir fərqi
yoxdur.
- Görəsən
hardan gəlirmiş?
- Şəhər
adamına oxşamır
- Fərqi nədir?
- Polisə xəbər vermək
lazımdır.
- Fərqi nədir?İliko
arvadın ta ombasınacan qalxmış ətəyini düzəltdi
və dikəlib oturacağa əyləşdi. Səs-küy
yatdı. İndi hamı gözünü onun ağzına
dikib nə deyəcəyini gözləyirdi. Çünki,
birincisi, İliko gürcüdür, hər halda o bir
gürcü ölüsüylə necə davranmağı
bizdən yaxşı bilər. İkincisi də, beynəlxalq marşrutlarda işləyən
avtobus şoferləri qeyri-rəsmi kamandor statusuna malikdir; bu
yollarda saqqal ağartmış adamlardır, belə hallarda
onların sözünün üstünə söz söyləmək
yüngülməcazlıqdan başqa bir şey deyil.
İlikodan səs çıxmadığını görən
“fərqinədir” sivişib irəli çıxdı.- Gəlin,
meyiti eşiyə çıxaraq, fərqi nədir, arvad
ölüb qurtarıb.
- O heç kəsdən cavab
gözləmədən arvadın ayaqlarından
yapışdı. Ancaq ölüb qurtarıbsa, niyə onu
mütləq eşiyə çıxartmalıyıq,
burasını demədi. Bir saniyə sonra adamların hərəsi
arvadın bir yerindən yapışmağa
çalışırdı, elə bil, bu
bürüşük qadın cəsədi yox, dəyirman
daşıydı. Köməkləşib
meyiti yerə düşürdük.
Hər şeyə “fərqi
nədir?” deyə cavab verən kişi bir ayağından məyub
olduğundan arvadın cəsədi havada neft buruğu kimi
qalxıb-enirdi. Meyiti avtobusdan üç-beş addım
aralı otluğa uzatdılar, onun ətrafında yas yerlərinə
xas boşuna bir hərəkətlilik yarandı. Meyit artıq
arvadların ixtiyarına keçmişdi. Burada onun bərələ
qalmış gözlərini sığadılar və
üzünü kiminsə yırtıq-deşik kəlağayısıyla
örtdülər. Hamıdan çox canfəşanlıq eləyən
arvadlardan birisi vaysınmağa başladı. Ancaq səsinə
səs verən olmadığından bir az
mızıldanıb kiridi. lll - Rəhman və Rəhim olan
Allahın adıyla, de: pənah aparıram insanların rəbbinə,
insanların ixtiyar sahibinə, insanların tanrısına,
insanların ürəklərinə vəsəvəsə
salan, Allahın adı gələndə isə qaçıb
gizlənən şeytanın şərindən, o şeytan
ki, cinlərdən də olur, insanlardan da...
...Çəkilib getmək
əvəzinə get-gedə qatılaşan dumanda azıb, ta
buralaracan gəlib-çıxmış bir fıstıq
ağacı gördüm. Fıstıq buraların
ağacı deyildi. Kaxaberin yörəsində fıstıqla
rastlaşmaq Başkeçidin dağlarında xurma
ağacı görmək kimi bir şeydi. Təəccübümü
gizlətmədən ağacla salamlaşdım. Bu sabitqədəm
ağacı yolundan sapdıran dumanın qüdrəti
içimi lərzəyə gətirdi. Keçib ağacın
altında oturdum. Kürəyimi onun yer-yerdən qabıq
qoymuş gövdəsinə söykədim və gözlərimi
yumdum. Bu terra-inkoqnitoda oturub, suya doymuş süngər kimi
öz kölgəsinə çəkilmiş dünyanın səslərini
dinşəməyə başladım. - Rəhman və Rəhim
olan Allahın adıyla, de: pənah aparıram sübhün rəbbinə,
yaratdıqlarının şərindən, zülmətə
bürünməkdə olan gecənin şərindən, ovsun
oxuyub düyünlərə üfürən qadınların
şərindən və bir də, paxıllığı
tutanda paxılın şərindən...Meyitin baş tərəfindəki
təpəcikdə dayanıb dua verən orta yaşlı
kişi də mənə kimisə xatırladırdı.
Ümumiyyətlə, bu
dəqiqələrdə mənə elə gəlirdi ki,
bütün bu baş verənləri haçansa
yaşamışam. Ard-arda düzülüb keçən
duman topalarının arasından görünən səhnələr
gerçək bir revyüyə bənzəyirdi. Kişi surələri
oxuyarkən üzünü daha çox toplaşanlara tuturdu;
yəni sizi də belə bir gün gözləyir. Ortalığa
düşən meyit, oxunan surələr məni axirət
haqqında düşüncələrə sövq etdi. Taytıya-taytıya
mənə yaxınlaşan topalı görüb fikirləşdim
ki, görəsən bu yazıq qıl körpüsünü
necə keçəcək? Topal sanki məni görmədi,
ağacın arxa tərəfinə keçib özünü
boşaltdı, səkə-səkə qayıdıb orda-burda
kol-kos kimi bitmiş adamlara qarışdı. Yanımdan
ötüb keçərkən məyubun cib telefonu otluğa
düşdü. Fikri-zikri adamların yanında olduğundan
bunun fərqində olmadı. Mən də üstünü
vurmadım. Nəyimə lazımdı?! Bir azdan telefona zəng
gəldi, telefon öz sahibini bu yerlərin məşhur
bardı Topal Teymurun yoğun, xırıltılı səsilə
çağırmağa başladı:Bir kisə kartof
aparırdım BakıyaYolda müfəttiş tutub aldı
Abrımız yollarda qaldıSağ ol, Azərbaycan, hee-huu...Məndən
dostlara salam söylə. Çto za fiqnya, ya ne poymu?Ya,
kardeşim, olurmu böylə?Avtobusa adam kimi girdik, o tərəfdən
farş kimi çıxdıqpul verdik, oğraş kimi
çıxdıqSağ ol, Azərbaycan, hee-huu...Məndən
dostlara salam söylə. Çto za fiqnya, ya ne poymu?Ya,
kardeşim, olurmu böylə?..Topal Teymur ikinci bəndi bitirər-bitirməz
telefon öz sahibinə qovuşdu və mahnının səsi
kəsildi.
- Alyoo!.. Alyoo! Alloou...işləmir
zəhrimar!
- Sahibi telefonu
döş cibinə qoydu, əlilə üstündən
dönə-dönə yoxladı və ona zilləmiş
baxışların altında xəcalətlə
qımışaraq, - tutmur.
Evdən zəng eləyirdilər,
- dedi....Bəlkə əvvəlki ömrümdə mən
balıq olmuşam? Bu üzü mənə tanış gələn
adamlar da balıq olublar? Bizi onlarla bir akvariuma
salıblarmış?
Hər halda, bizim indi qərarlaşdığımız
məkan gerçək bir akvariumu xatırladırdı. Bəlkə
usanmadan, saatlarla akvarium balıqlarını seyr etmək həvəsim
də ötən ömrümün gizli xatiratıyla
bağlıdır? Akvariumdakı balıqlara baxarkən həmişə
içimi soyuq bir gizilti bürüyür. Bir anlığa
özümü onların yerində hiss edirəm, bu zaman nəfəsim
darıxır, dünyam qaralmış kimi olur. Divarları
şüşədən olan qazamat... Ətrafda
allı-güllü dünya...Bir vaxtlar
düşünürdüm ki, görəsən, bu
balıqların ciyəri niyə vərəm bağlamır,
ürəkləri nədən partlamır, nə əcəb
dəli olmurlar, heç olmasa dil açıb fəryad etmirlər?
Sonralar bir ixtioloq tanışımdan öyrəndim ki, deməzsənmi,
onların yaddaşı cəmi-cümlətanı
üç saniyədir. Üç saniyə! Onlar dörd
saniyə öncə nə baş verdiyini heç
xatırlamırlar da. Bu səbəbdən də heç bir təcrübələri
yoxdur. Təcrübəsiz adamdan nə anşırıb, nə
kəsdirəcəksən? İnstinkt, üstəgəl bu
üç saniyə, onların özlərini idarə etmələri
üçün bəs eləyir. Dediyim ixtioloqla Londonun məşhur
Hayd-parkında tanış olmuşdum. Londona adamın yolu min
ildə bir dəfə düşür. Odur ki, səfər
yoldaşım sənətkar Alik Çobanişviliylə
Dumanlı Albionun bu daima sisli şəhərini eninə-boyuna
gəzməyi qərara almışdıq. Günlərin
birində gəzə-gəzə gəlib Hayd-parka
çıxdıq. Bilməyənlər üçün deyirəm:
Hayd-parkın özəlliyi ondadır ki, burada hökumətin,
parlamentin, hətta kraliçanın adresinə
ağzını yum, gözünü aç. Gözün
üstə qaşın var deyən olmayacaq. İskəndərin
dəlləyinin quyusu kimi bir yerdir. Gözəlliyi göz
oxşayan geniş parkın ən yaraşıqlı yerlərində
nitq söyləyən kim, çəmənlikdə oturub dincələn
kim. Ayaq saxlayıb natiqlərdən birinin sözlərinə
qulaq verdik. Britaniyanın yadplanetlilər tərəfindən
idarə olunmasından danışırdı. Bar-bar
bağırırdı. Getdikcə mal peyini kimi
qızışırdı. Deyirdi ki, humanoidlər zavallı
ingilislərin üzərində təcrübə
aparırlar. Hamını elliklə üsyana
çağırırdı. İnsafən dinləyiciləri
də az deyildi. Ondan bir az aralıda, başı göydən
nəm çəkən qocaman palıdın altında
başqa birisi Britaniya hökumətinin xarici siyasətini
asıb-kəsirdi. Parkın xudmani köşələrinin
birində isə bir zənci
çıxışçıya rast olduq. Onun
aksiyasının anturajı diqqətimizi çəkdiyindən
oturub dinləməyə başladıq. Zənci evdən
özüylə gətirdiyi böyük bir tribunaya qalxmışdı.
Qarşısında bir tabut vardı. Tabuta uzadılmış
mulyajın sinəsinə
“Tabuyabu xalqı”
yazılmış plakat qoyulmuşdu.
- Əziz Tabuyabu xalqı! Canım-qardaşım!
- Zənci üzünü mulyaja
tutub hüznlü səslə deyirdi, - sənə deməmişdimmi,
xəbərdar etməmişdimmi ki, haram loxma yemə,
rüşvət vermə, rüşvət alma, sabunlanıb hər
dəlmə-deyiyə girmə. Deməmişdimmi ki,
ayıbdır, qohum var, qonşu var, nə deyərlər?
Çox dedim, az
eşitdin. Adam olmadın, ola bilmədin. Əziz xalqım, sənin
halına acımaqdan savayı əlimdən nə gəlir? Göz
yaşlarımı tuta bilmirəm, ürəyim
parçalanır, keşkə gözlərim kor olaydı, sənin
bu gününü görməyəydim...
“Tabuyabu xalqı”
qulağını yapırdıp uzanmışdı
özüyçün. Zəncinin doğrudan-doğruya sellənən
göz yaşları heç eyninə də deyildi. Bəlkə,
bu xalqın öz bildikləri vardı, bəlkə də
ingilis dilini bilmirdi, ona görə. Zənci isə xalis ingilis
dilində danışırdı. Beləcə Tabuyabu
xalqının ağılalmaz mərifətlərini
sadalaya-sadalaya bir xeyli ağlayıb-sıtqadıqdan sonra zənci
bir qədər toxtayan kimi oldu. Gözlərini alabəzək dəsmalıyla qurulayıb
tribunadan endi və bir az aralıda saxladığı
maşınına doğru getməyə başladı. Ancaq
sanki yerin altından peyda olan polis nəfəri onu haqladı, nəzakətlə
qolundan tutub xahiş elədi ki, mulyajı və tribunanı da
özüylə götürsün. Zənci
könülsüz geriyə döndü. Aliklə mən, onun
zorlandığını görüb, köməyə gəldik.
Şeyləri maşına qoyduqdan sonra onunla bir qədər
söhbətləşdik.
Adam Tabuyabudan
çoxdan, lap uşaqlıqdan çıxıbmış.
İxtisasca ixtioloq imiş, dinib-danışmayan məxluqlar
üzrə mütəxəssis. Amma uzaqlardakı vətəninin
halına ağlamağı bir növ özünə vərdiş
eləyibmiş. Nə isə, deyəsən, mətləbdən
uzaqlaşdıq. Söz sözü çəkir,
üzrlü sayın....Arvadın şey-şüyünü
eşələyib pasportunu tapdılar. Tiflisin girəcəyindəki
Soğanlıq kəndində yaşayırmış. Bu kənd
düz yolumuzun üstündə yerləşirdi. İliko
pasportu diqqətlə gözdən keçirdikdən sonra
götürüb polisə zəng elədi; bəs hal bu, qəziyyə
bu. Fıstıq
ağacından Başkeçidin rayihəsi gəlirdi. Mən
ağaca yaslandıqca o da mənə qısılırdı.
Üstündən xeyli keçmiş duman çəkilməyə
başladı, gəldiyi yolla daldalı geriyə
qayıtdı.Duman seyrəlincə Yağlıcanın təpəsindən
sallanan əyri-üyrü yolun Kaxaberin dibinə
düşüb çilməçilik olduğunu
gördüm.
Uzaqdan ququ quşunun səsi
eşidildi: haydı, yola düzəlin, buralardan
daşının, buralardan daşının, uzaqlara
daşının...Fısdığın
qol-budağını sındırıb eksklüziv tabut
düzəltdilər və cəsədi onun üstünə
uzatdılar. Ağaca qahmar çıxmaq istəsəm də
binəva mərhumun xatirinə dinmədim. Arvadın meyitini təzədən
avtobusa qoyduq. İliko
motoru işə saldı.
Hamı dinməz-söyləməz
avtobusa mindi, mən də fısdıq ağacıyla
halal-hümmət eləyib, öz yerimə oturdum. Fısdıq
ağacı başını yelləyib avtobusdan
uzaqlaşdı. lllKürreyi-ərzdə ən təkmil
keçirici insan olduğundan sözün sürətinin
yanında elektrik yükü hərəkətsizdir demək
olar. Üstəlik, qara xəbər tez duyulur - biz
Soğanlığa yetişəndə artıq hamı
ayaqdaydı. Bizi kəndin girəcəyində bir polis, bir təcili
yardım maşını və bir yığın adam
qarşıladı. Avtobus dayanınca orta yaşlarında bir
qadın adamlardan ayrılıb, özünü meyitin
üstünə saldı və:
- Of, Məryəm, of,
of! Ah, Məryəm, ah! - deyə göz yaşları
axıdaraq dil deməyə başladı. O biri arvadlar da ona
qoşuldular. Mənə maraqlı gələn o idi ki, Məryəmi
ağlayanların hamısı azərbaycanlılardı.
“Təcili yardım”dan enən həkim tələsmədən gəlib meyitin üzünə salınmış örtüyü azacıq qaldırdı, gözucu nəzər salıb, başını yırğaladı. Həkimlər dəftər-qələmlərini çıxarıb, maşının kapotu üzərində nəsə yazıb-pozdular və çıxıb getdilər. Kiçik bir soruşdurma apardıqdan sonra polis də onların yolunu tutdu. Yerdə qalanlar avtobusa doluşdu və biz kəndin içiylə getməyə üz qoyduq. Yol boyu arvadlar sızıldaşır, ağı deyirdilər. Hər evin öz qibləsi var; hər millət öz ölüsünü bir cürə ağlayır. Bizim mərhumların həyat hekayətini bilmək istəyirsinizsə, onların üstündə deyilən ağıları dinləməyiniz yetər. Şifahi ədəbiyyatın bu dolu-dolu axan qolu bizi alıb götürdü. Dil deyib ağlayan Məryəmin yeganə baldızıymış. Məlum oldu ki, Məryəm cavanlığında adla çağırılan gözəllərdən imiş. Əsli-zatı olan bir gürcüyə nişanlı olduğu halda Soğanlıqlı yetim bir azərbaycanlıya aşiq olub. Qoşulub qaçıb. Ancaq bu sevdası ona baha başa gəlib. Ata-anası başda olmaqla bütün qohum-əqrəba ondan üz döndərib. Məryəmlə əri bir kümə qaralayıblar Soğanlığın kənarında. İçinə köçüblər. Talesiz Məryəmin görəcəkləri isə hələ irəlidəymiş. Bir neçə ildən sonra əri sağalmaz mərəzə tutulub, ölüb. Ondan gözünün ağı-qarası bir oğlu qalıb. Allah ümidinə böyütdüyü oğlundan da yarımayıb Məryəm. Nadürüstün biriymiş, zavallı qadın onun əlindən dad çəkirmiş. Oğlu iyirmi beş yaşlarında evi tərk eləyib, tay-tuşuna qoşulub gedib Bakıya. Burda da dinc oturmayıb, Bakı evlərindən birini qarət eləyərkən yaxalanıb. Məryəm hər iki-üç aydan bir Bayıl türməsində cəza çəkən oğlunu yoluxmağa gedirmiş... Beləcə, bu onun Bakıya son gedişi olub. Necə deyərlər, sağ gedib, salamat qayıtmayıb. Avtobus yavaş-yavaş Məryəmin evinə yaxınlaşdı. Soğanlıq kəndi Tiflisə bitişikdir demək olar. Marneuliyə, Başkeçidə baxanda burada xeyli zəngin insan yaşayır. Yol boyu düymələnib düzülmüş artırmalı evlər, asfalt döşənmiş qapılar burada ən azından orta sinfə mənsub adamların yaşadığına işarədir. Məryəmin evinə gəlincə... Alçaqdan tikilmiş bu ev uşaq rəsmlərini xatırladırdı. Bir qapısı vardı, iki pəncərəsi. Evin üstündən nazik tüstü borusu ucalırdı. Kiçik həyət yaşıllığa qərq olmuşdu. Pəncərələrin önünə rəngbərəng güllər bitirmiş dibçəklər qoyulmuşdu. Həyətdə ins-cins gözə dəymirdi. Meyiti həyətə düşürdük. Paltarını dəyişmək və səliqəyə salmaq üçün onu içəriyə götürdülər. Onu avtobusdan düşürən kimi çıxıb getmək ədəbdən deyildi. Odur ki, həyət qapısının ağzında bir müddət ayağımızın birini götürüb birini qoymalı olduq. İçəridən ağlaşma və şivən səsi gəlirdi. Bu arada kilsə zəngi vurmağa başladı. İki cingiltili-qısa, bir uzun-uğultulu zəng səsi; bu, Soğanlığın sakinlərindən birinin artıq fani dünyanı tərk etdiyini bildirirdi. Dumandan əsər-əlamət qalmamışdı. Çəpərin üstündə iki qumru tüklərini pırpızladıb bərkdən cikkildəyir, bir-birinə şövqlə öz sevgilərini izhar eləyirdilər. Bir azdan yas çadırını gətirdilər. Həyət daracaq olduğundan onu elə yolun ortasında qurdular. Biz də əl-ayaq verdik... Bir saat sonra Tiflisdən Başkeçidə aparan avtobusda oturmuşdum. Avtobusa əyləşən kimi bərk yorğunluq hiss elədim və kresloda yerimi rahatlayıb gözlərimi yumdum. Bir də Başkeçidin dolamasına çatanda ayıldım. Avtobus ağır-ağır uğuldayır, üzüyuxarı dırmaşdıqca səsini başına atıb nərildəyirdi. Avtobusun radiosundan həzin musiqi sədaları eşidilirdi. Ruhu oxşayan qaibanə səs maşının uğultusuna qarışıb onu da həlim biçimə salır, melodik çalarlar verirdi. Keçmişlərdən gələn qocaman bir kişi səsi pəsdən oxuyurdu:hər kim ki, bu rüsxar ilə bir çin səni görə,səni görə,min yol mənə söylər gözün var, nəzərin var,nəzərin var... Buralardan ta qonşu ölkələrin sərhəddinəcən yaylalar baş alıb gedir. Pəncərədən baxıb, quzu otaran bir oğlanın fit çalaraq bizə əl elədiyini gördüm. Atamın çox sevdiyi Dağlarcadan şeir misralarını xatırladım: “Mən üçüncü Halim, həşmətli və müqqəddəs, padişahlar padişahı, mənim bəyaz əllərimdən başlar, təbəəmin sabahı”. Onun dağlar və tanrılar haqqında dedikləri yadıma düşdü; yer üzündə bütün xalqların tanrıları dağlarda yaşayır. Yunanlarınkı Olimpdə, hindlilərinki Kaylasda, türklərinki Xan Tenqridə... Oğul-uşağın çoxdan moskvalara, bakılara dağılmasına baxmayaraq, atamın nə üçün sonacan buraları tərk etmədiyi mənə bir anda ayan oldu. Olsun ki, tanrıların qonşuluğundan çıxmaq istəməyib sadəcə. Gördüklərini qoyub görəcəklərinin ardınca getmək istəməyib. Gözlərimin önündə atamın qıyıq gözlü, hiyləli gülüşü canlandı, istər-istəməz dodaqlarım qaçdı...Bahar Başkeçidə bir az gec gəlir - Tiflislə bu yerlərin arasında hardasa on beş-iyirmi gün fərq var. Yaz başı qol-budağı başdan-başa tumurcuq tökmüş ağaclar sözlü adamlara oxşayırdılar. Amma əsl sözlü adam mən idim, çünki iyirmi gün irəlini görüb gəlmişdim. Dolamanı aşmağa az qalmış, yemişan ağacının yanında təkrar gözlərimi yumdum və ürəyimdə altmışacan saydım. Bu mənim özüm üçün çoxdan müəyyənləşdirdiyim ritual idi. Gözlərimi açanda evimizin qızılı-qırmızı kirəmitli taxtapuşu göründü və ev birdən-birə yerindən qopub bizə sarı götürüldü...
27 iyul-5 avqust, Gürcüstan
Etimad
BAŞKEÇİD
525-ci qəzet.- 2009.- 10 oktyabr.-
S.28-29.