Cəmil müəllimin atalığı

 

“Duyğular” silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən, siyasi sistem üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlik, əsəb gərginliyi, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn edə, özümlə qara torpağın altına apara bilməzdim, xalqım üçün qoruyub saxlamalı, yazılı halda ona təhvil verməliydim. Və bunun üçün səni seçdim, əziz oxucum. Olsun ki, gələcəkdə də bu silsiləm ucbatından qınağına, tənqidinə də məruz qallam. Axı milli mentalitetimizin bir üzü də var ki, gərək düşünüb - daşındığın duyğuların böyük bir qismini dilinə gətirməyəsən. Əlbəttə, bəzi məqamları mən də nəzərə alacam. Amma ümumilikdə götürəndə yox. Silsiləmin baş məqsədi belədir; düzü-düz, əyrini-əyri. Yəni səmimi.Ağır, çox ağır illərim, aylarım idi. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirsəm də heç yanda işə götürmürdülər. MK-nın müvafiq şöbəsindən mənə demişdilər təyinatın azaddır, get özün-özünə iş tap.

Təbii ki, redaksiyalarda. İş nə gəzirdi. Cəmi-cümlətanı beş-altı qəzet, bir dənə də Dövlət Teleradio Verilişləri Komitəsi vardı ki, oralarda da ştatlar çoxdan zəbt olunmuşdu. Mənə qalırdı onlardan birində ştatdankənar müxbir kimi çalışmaq. Mən əlbəttə ki, Azərbaycan radiosunu seçdim. Çünki hələ tələbəlik illərində orda təcrübə keçmiş, meylimi oraya salmışdım. Bir də ki, radionun qonorarı digər KİV-dən çox olurdu deyə əyər-əskiyimi düzəltməyə imkan verirdi. Beləcə iki il radionun kandarını qabar edəndən, bəzi qohumlarım demiş “avaralandıqdan” sonra nəhayət ki, baxtım üzümə güldü. Radio efirində səslənən bir süjetimi oradakı jurnalist dostlarım o ki, var təriflədilər. Hətta yaşlı qələmdaşlarımdan da xeyli xoş sözlər eşitdim. Həvəsə düşüb həmin süjetin əsasında bir az da geniş məqalə yazıb “Bir bağ düşüncəsi” başlığı ilə o dövrün ən oxunaqlı qəzetlərindən sayılan “Azərbaycan gəncləri” nə təqdim elədim.

 1970-ci il idi. Qəzetin “Ədəbiyyat və İncəsənət” şöbəsinə Fikrət Qocadan sonra tələbəlik dostum Məmməd Orucu müdir təyin eləmişdilər. Yazıya yüngülcə əl gəzdirib baş redaktor Cəmil Əlibəyova təqdim edər. Açığı yazıdakı üslubumun o dövrün ənənəvi jurnalistikayla tərs mütənasib olduğundan işıq üzü görəcəyinə o qədər də inanmırdım. Amma sən demə becə yerə bədgüman olmuşammış. Bir də baxdım məni görən təbrik edir. Məqaləm gözəl tərtibatla, “hörmətli şriftlə”, özü də ən oxunaqlı səhifədə “Azərbaycan gəncləri” vasitəsilə oxucuların ixtiyarına verilmişdi. Sonradan öyrəndim ki, həmin məqaləyə görə oxuculardan qəzetin məktublar şöbəsinə külli miqdarda təşəkkür məktubları gəlib. Və bir də çoxlarının dilindən eşitdiyimdir ki, o yazı həmin illərin avanqard yazılarındanmış...“Duyğular silsiləsi”ndən olan bu yazımın ilk cümləsi belə idi: “Ağır, çox ağır illərim, aylarım idi”.

 Qısaca bu barədə.Məsələ burasındaydı ki, mən ADU-nu bitirən il, 1968-ci ildə atam bir səhvi (əslində mənim gələcək firavanlığım uğrunda yapdığı bir fədakarlıq) ucbatından ömrünün ahıl çağında həbs edilmişdi. Jurnalistika aləmində ilk addımlarım beləcə qəzaya, ağır sınağa məruz qalmışdı və elə iş tapa bilməməyimin də başlıca səbəbi bu idi. İlk bədxahlarım da əmələ gəlmişdi. Sevinirdilər, “İntiqamın ulduzu söndü” deyirdilər. Deyirdilər ki, daha onu kommunist partiyası sıralarına keçirməyəcəklər. Partiyacı olmayan jurnalistdən jurnalist olmaz və s...“Bir bağ düşüncəsi” mənim mətbuat aləmində ilk iri həcmli, həm də bir müəllif kimi daxili dünyamdan xəbər verən ilk məqaləm idi. Fikirləşirdim bundan sonra məni görməyə, duymaya bilməzlər. Ən çox da Azərbaycan radiosundan umurdum. Çünki ta əzəldən oranı özümə həyan bilmiş, özümü, imkanlarımı yalnız efir vasitəsiylə ifadə edə biləcəyimə inanmışdım. Haqqüçünə orda çalışan əməkdaşlardan Rauf İsmayılov, Tofiq Rüstəmov, Valid Sənani, Mailə Muradxanova, Vaqif Əlixanlı məndən ötrü yuxarı instansiyalara xahişlərdə bulunmuşdular da. Amma yox, daş qayaya rast gəlmişdi. Üstəlik həmin günlərdə işə girmək üçün çox vacib bir sənədi də itirdim. AZ.TV-nin kadrlar şöbəsinin rəisi Lətif Məlikovun əlində bu da bir arqument oldu. Sonra...Sonra lap hind kinolarındakı kimi birdən günəş doğdu, üfüqlər əlvan rəngə boyandı.

 Dostum Məmməd Oruc mənə telefon açıb kəkələyə-kəkələyə (şakəri belədir) dedi: “D-d-d- durma g-gəl, C-c-əmil müəllim s-s-səni a-axtarır”.Həmin gün 1970-ci ilin fevral ayının bilmirəm neçəsiydi. Onu bilirəm ki, 25 yaşa təzəcə qədəm qoymuşdum.Getdim və məni Cəmil müəllimin kabinetinə ötürdülər. Və... beşcə dəqiqənin içərisində oldum “Azərbaycan gəncləri” qəzetinin əməkdaşı. Tərcümeyi-halımda hər şeyi olduğu kimi yazdım. Yazdım ki, atam dustaqdır, filan sənədim də itib. Amma Cəmil müəllim bunları biləndə dedi ki, jurnalistikaya belə şeylərin dəxli yoxdur. Əksinə sən öz işinlə, yazılarınla sübut etməlisən ki, atanın layiqli övladısan və sənin kimi oğlanın da atası o yerlərə layiq deyil. O ki qaldı sənəd məsələsi, onun da üstünə düş, nə lazım olsa köməyimizi əsirgəməyəcəyik.

Cəmil müəllim məni bircə yazımdan oxuya bilmişdi....Böyük, səsli-küylü şəhərin qoynunda arxasız-dayaqsız dolaşan bir gənc idim. Universiteti bitirəndən od ağzına düşmüşdüm sanki. Anamın rayondan göndərdiyi cüzi pulla keçinir, bəzən ondan da imtina edir, ora-bura yazdıqlarımdan aldığım qonorardan həm də ev kirəsi verirdim. Çox ağır günlər idi. Dəfələrlə böyüyüb boya-başa çatdığım İsmayıllıda çıxan yerli qəzet redaksiyasına gedib iş istədim. Alınmadı. Yenə ümidimi Bakıya - redaksiyaların cəmləşdiyi məkana bağladım. Burda da haraya üz tutdumsa burnumdan vurub qaytardılar. Ta 1970-ci ilin fevralınacan...Və mən Cəmil müəllimin xeyir-duasıyla qaynar jurnalist qazanına - bir qəzetin tribunasından öz zəkaları, püxtə qələmləriylə Azərbaycan gəncliyinin mənəvi tərbiyəsində misilsiz rol oynamış Camal Qaryağdı, Zeynal Babayev, Mürşüd Dadaşov, Sona Bağırova, Davud Abdulkərimov, Abdulqəni kimi qələm ustalarının mühitinə atıldım. Uğurlar, nöqsanlar, qələbələr, bəzən də məyusluq gətirən məqamlarla dolu bir ömür başlandı. Bir vaxt mühazirələrdə haqlarında eşitdiyim əsil qəzetçilərlə, qurğuşun qoxulu mətbəə dünyasıyla, oxucu məktublarıyla redaksiyaya axışan ölkə gəncliyinin istək-arzuları, gileyi, narazılıqları, çətinlikləriylə üzbəsurət tanış oldum.

Və bir də böyük, istedadlı, bir sıra hallardasa mürəkkəb bir kollektivə yüksək səriştə ilə rəhbərlik edən Cəmil Əlibəyovun baş redaktorluq keyfiyyətlərini yaxından izləyə bildim. O, bütün varlığıyla sevimli işinə qapılmışdı. Redaksiyanı birinci evi sanır, qanıyla, canıyla o evin səadəti uğrunda çarpışırdı. Gecədən xeyli keçənəcən kabinetində əyləşib mətbəədən gələcək sabahkı qəzeti gözləyər, qollarına qara qolçaq taxıb bir-bir həmin qəzetin səhifələrini nəzərdən keçirər, bütün səhvləri təshih edəndən sonra çapına imza atardı. Cəmil müəllim bütün hallarda “Azərbaycan gəncləri”nin profilinə riayət edir, qəzetin özəlliyini qoruyur, dərc olunan materialların digər qəzetlərdəkindən seçilməyinə çalışırdı. Ayrı-ayrı əməkdaşların hər birinin potensial gücünü yaxşı bilir, o baxımdan da onlara tapşırıqlar verir, işlədir, bir yerdə dayanıb durmağa imkan vermir, yaxşı mənada sıxıb sularını çıxarırdı. Beləcə, arı çiçəklərdən bal aldığı kimi hər bir işçisinin qələmindən ən saf, hərarətli, problemlərin çözümüylə yüklü yazıların üzə çıxmasına nail olurdu. Cəmil müəllim baş redaktoru olmaqla həm də qəzetin baş ideoloqu idi. Ölkə gəncliyi ilə bağlı qəzetə yol tapan layihələrin elliyinin müəllifi məhz o olurdu. Cəmil müəllimlə işləmək, onun jurnalist paklığı, əl təmizliyi, vicdan tamlığı barədə verdiyi təlimləri dinləmək xoş idi. Redaksiyadakı mənəvi atmosfer o qədər ürəkaçan idi ki, iş vaxtının haçan bitdiyini bilməz, ertəsi günün başlanmasını səbirsizliklə gözlərdik. Bu gün artıq ahıl çağlarını yaşayan onlarla deməzdim, yüzlərlə ziyalımızın, ömrünü qələmə həsr edən istedadlı media nümayəndələrinin ilk hamisi, xeyirxahı, düzgün yol göstərəni olmuş Cəmil müəllimlə nə zamansa bir dam altında çalışmağımdan hədsiz qürur duyur, o günləri həyatımın ən şərəfli məqamları sanıram.

İnsan olan kəsin həyatda bir atası olar. Mənim iki atam var. Birincisi 1933-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Texnikumunun klub rejissorluğu şöbəsini bitirmiş, Hüseyn Caviddən, Hacıağa Abbasovdan, Rza Darablıdan dərs almış, rayonumuzun mədəni həyatında zaman-zaman yadda qalan xidmətləri olmuş, 1977-ci ildə İsmayıllıda M.F.Axundov küçəsindəki öz əlinin zəhmətiylə ucaltdığı mülkdə dünyasını dəyişən Alı Kərbəlayı Mehdi oğludur, ikincisi isə Füzulinin Dədəli obasından çıxmış, yüzlərlə, minlərlə gəncə atalıq eləmiş, jurnalistika aləmində ilk “çörək verənim”, imzası ilə ilk redaksiya vəsiqəsi aldığım, Azərbaycanın jurnalistika fəzasında danılmaz xidmətləri olan, mənim aləmimdə çağımızın ən peşəkar, istedadlı mühərriri, qəzetçisi sandığım Cəmil Ədil bəy oğlu Əlibəyov.Hər ikisinin önündə sayğı və şükranlarımla baş əyir və etiraf edirəm: heç zaman borclarından çıxa bilməyəcəm.

 

 

1 oktyabr 2009

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.25.