Şeir Şərqdən doğur. Şərqdən
də Şərqdə.
Hərdən Günəş
də
A.Tarkovski haqqında
“525-ci qəzet”də gedən yazıma, ondan çevirmələrimə
“Şairi sakitcə məhvetmə növbəsinə duranlar ən
sonda əfv növbəsinə qaçırlar”
başlığını qoymuşdum. “525”də və
“Cult.az”da bu çevirmələrin hörmətli müzakirəçilərinin
qeydlərini gec də olsa oxuduqdan sonra istedadlı
oxucularımızın, həm də bir çox
tanınmış ədiblərimizin çoxunun bizim orta səviyyədənkənar
(heç bir səviyyədən yuxarı yox, sadəcə kənar,
yana) bir qədər mürəkkəb sistemə yerli-yataqlı
diqqət etməyə həvəs göstərmədiklərinə
bir daha əmin oldum. Həm də çox adam elə bilir ki,
bir az xeyir-dua verilmiş, bir az da lənətlənmiş,
hamının sevdirməkdən çox, sevilmək istədiyi
bu dünya o adam özü cəmiyyət içinə
çıxdığı gündən başlayır. Ona görə
də hamıya ibtidai-icma quruluşunun dərslərini vermək
çamadanı götürüb Bakını fəth etməyə
gələn hər birimizə vətən borcu kimi
görünür. Ancaq, dostlar, xəbəriniz olsun, Rusiya
bataqlıqlardan və meşələrdən çoxdan
çıxıb, Lomonosov dövründən də bir
neçə yüz il keçib. Azərbaycan da, deyəsən, XXI əsrin
ilk onilliyini bitirməkdədir.
Çox istedadlı
şairlə çox pulsuz adam, çox dəli adam sözlərinin
eyni anlamda anlaşıldığı, hamının pulsuz
olmasa da, heç olmasa bir az dəli olduğu bir məmləkətdəyik.
Mənsə təkcə bu məmləkətdə yox,
bütün dünyada, bütün Göyüzünün
altında Poeziyanı ümumi ədəbiyyatdan
ayırıram. Çünki əsl poeziya dəhşətli
dərəcədə heç bir zaman heç nəyin,
heç kimin ola bilməyəcəyi qədər Ruhi və
İlahilikdir. Ədəbiyyatın qalan sahələri ruhi
olmaqla yanaşı, heç kəsin xətrinə dəyməsin,
həm də bir az cismanidir.
Poeziyanın əsas ruhi
və insani qatlarını keçib gedə bilsək (bu barədə
gələcəkdə “Postsufizmdən Şərqdən də
Şərqə keçid”də danışacağam)
duyarıq: Göyüzündən gələn bütün
Kitablar, o cümlədən “İncil” İlahi başlanğıcların
əlifbalarıdır. Bu başlancıqlar bizə məlum
olan, olmayan kainatın hər yerində, hər anında bu
gün də sonsuz sayda baş verməkdədir. Onların
sonrakı inkişafı, düşüncədə, ən
çox da ruhda yaratdıqları hər bir böyük sənətkar,
həm də böyük oxucular üçün daim möhkəmlənən,
yerüzündən göyüzünə yox,
göyüzündən yerüzünə ucalan bünövrə,
özül rolunu oynayır. Bu özül hər an
göyüzündən tikilə-tikilə yerüzünə
doğru gəlir. Hər adamçün bir ayrıca.A.Tarkovski
də öz ruhi sistemini, öz “İncilini” yaratmağa cəhd
edib. O şeirində “Kitabı qurtardım, nöqtəni
qoydum” deyən, yazan anda (bütün yazdıqlarını
insan əvvəl öz ürəyində deyir)
şüuraltı şəkildə nə
yaratdığını duyub, deyib. İlkinözül,
bünövrə - “İncil” onun özünün, oğlunun
yaratdıqları sistemlərlə yan-yana, can-cana həm
İlahivari, həm də Tarkovskivari bir ahəng təşkil
edir. Belə anlarda Allah öz icazəsi və iradəsiylə
uzun-uzun illər çox-çox əzablara qonaq etdiyi, ancaq
ruhən heç bir zaman sarsılmayan, sınmayan, ona üz
tutub yalvarmayan, şikayətlənməyən
övladlarına - Allahın əzabkeş əziz bəndələrinə
bəzən Allahın özü kimi yazmaq şansını
verir. Ancaq nə etməli, bunları ən ağıllı, hətta
ən yüksək düşüncəli adamlar yox, ancaq
İlahinin məsləhət bildiyi, hətta bir az da
özündən uzaqlara atdığı fədakar həyatı
yaşayanlar, yaşaya-yaşaya Tanrının və
dünyanın yükünü, əzablarını azaldanlar,
sularla, quşlarla, ağaclarla bir sevgidən yarananlar, kimin
harada yaşamağından asılı olmayaraq eyni anda eyni
sözdən olanlar tam duya bilərlər.Həm də
çoxlarına elə gəlməsin ki, Allahın
yaratdığı insan Allah qarşısında tamamilə
acizdir. Bu məsələ elmi və dini kitablarda
yazıldığından da qat-qat mürəkkəbdir və
orda acizlik haqqında danışmaq çay
qırağında oturub səhra haqqında danışmaq
kimidir.
“MƏN ADAMLARI, QUŞLARI BİRGƏ OXUYAN” BİR NƏĞMƏNİN
SON HECASIYAM
Neçə vaxtdı
kainat adlı sükut və səssiz sevgilər dənizinin
tam dibindəydim. Heç özümü də eşitmirdim.
Elə indi də gördüyüm kimi hamını bir az dəcəl,
bir az fağır, bir az da cığal uşaqlar kimi görməkdəydim.
Ancaq hörmətli “Cult.az” saytında məni tənqid etməklə
yeni ədəbi nəsillər qarşısında
öyünmələr, Azərbaycanın tanınmış
xanım yazarları Bəsti Əlibəyliyə, Nərgiz
Cabbarlıya qarşı ifadələr (istər tənqid et,
istər sev, xanım xanımdır) “525”də ədiblərin
bir-birini aşağılama cəhdəri yazılanlara cavab verməyə
məcbur etdi.
Əziz dostlar, mən
Tarkovskidən sətri yox, yəni, variantlarla, söz-söz,
ifadə-ifadə, misra-misra yox, bədii tərcümə
etmişəm, əsas ruhu saxlamışam, daha doğrusu, bu bədəndən
çıxan ruhun azadolması, ruhi çevrilməsidir.Əsas
qeydlərinizə toxunacam. Ön sözün tez bitməsindən
danışanlara çatdırıram ki, yazımın tam
şəkli “525-ci qəzet”də gedib. Lütfən, baxa bilərsiniz.Soneti
sonet şəklində çevirməyə gəldikdə isə
mən orijinalda, sonetə ən yaxın olan milli formanı
seçmişəm. Rus dili Hind-Avropa dilləri, bizim dilimiz isə
dünya dilləri içində yeganə ahəng qanunu olan
türk dilləri ailəsinə daxildir. Sonetin sonunda
üç misralıq bəndlər bizim ahəng qanunu tələb
edən milli formada bitmir, yarımçıq təsiri
bağışlayır. Mənim çevirməmdə həssas
oxucular həm milli, həm də sonet formasını, həm
iç-içə, həm də yan-yana duya bilərlər. Əminəm,
hamı bilir, əsas forma deyil, tərcümə olunan dildə
ruhun saxlanması, sözlərin bir-birinin yanında rahatca,
sevgiylə dayanmaları, nəfəs
almalarıdır.Şeirdə “bludnıy sın” siz təklif
etdiyiniz kimi “azğın oğul” kimi çevrilə bilməz.
Bu, bəlkə də başqa şairin şeirində siz deyən
kimi ola bilərdi, ancaq Tarkovskini diqqətlə oxuduqdan sonra
duyuruq ki, “azğın oğul” ifadəsi Tarkovski şeiri
üçün çox sərt və amansızdır. Böyük
şairlərin hər ifadəsində həmişə onun
taleyi gizlənir. A.Tarkovski isə daha çox
bağışlayan, hətta hər şeyi olmamışdan əvvəl
bağışlayanlardan olub. Həm də burda onun öz
oğlunun anasından körpəykən ayrılmasını
da nəzərə almaq gərək, hətta oğlu
qarşısında şüurun dərinliklərində gizlənmiş
günah da var.”Azğın” şəkilində çevirmə
yuxarıda qeyd etdiyim bütün “İncil”ləri, o cümlədən
Tarkovskinin “İncil”İnin ruhunu zədələyə bilərdi.
Nisbətən mülayim olan “yolunu azmış oğul” da bunu
vermir. Sənətkar nə qədər böyük olarsa, o qədər
mərhəmətli, şəfqətli, bağışlayan
olur. İfadə bütün dini, ruhi kitablarda dahageniş mənalı,
daha tez bağışlamağa imkan verən “günahkar” kimi
götürülüb. Mən də bunu həm də Tarkovski
“İncil”ində gedən əsas sözlərdən biri kimi
götürmüşəm.“Cult.az”da təklif olunan “köynəyi
sıyırmaq” ifadəsi heç cür yaramır. Bu köynək
əslində köynək deyil, əvvəlki bənddəki
“Canım qabığını dəyişənəcən”
misrası ilə bağlıdır (həm də burda
canım əvəzinə ruhum ola bilməz, çünki
canın qabığı duyulur, ancaq ruhun qabığı
olmur).
“Sıyırmaq” da yaramır, dilimizdə
bu ifadə daha çox “qabığını dəyişmək”
kimi gedir. İnsan da təbiətin bir
parçasıdır.İlan qabığını dəyişir,
ağac qabığını dəyişir və s. deyildiyi
kimi. Daha bir qeydiniz haqqında: Tənha gəzən peyğəmbər.
Bu, şeirdə yoxdur, şeirin ruhundan doğur. Onu xalq
içində təsəvvür etsək, o, peyğəmbərə
yox, daha çox Leninə oxşayar. O hətta bir az da
şairin özüdür. Bu daha poetik və ruhi ifadədir. Mən
bunu belə gördüm, şairə, şeirə ən
yaxın olan variantı seçdim, sonda şeirin ruhundan
doğan “can kitabıyam”ı, əlavədə o fədakar, əzablı,
şikayətsiz həyatı duymaqdan, yaşamaqdan doğur.Bu
məqamda məqalələrdən birində özünü
realist bilən bir çoxlarının dahi kimi tanımaq istəmədiyi
M.Füzuliyə isə başqa yöndən yanaşmaq gərək.
Hətta o, məşhur “Şikayətnamə”də
də şikayət etmir. Həm də qeyd edim ki, bizim
hansısa birimizin Füzulini tənqid etməyimiz
üçün M.F.Axundovun yazdıqlarının,
gördüyü işlərin heç olmasa onda biri səviyyəsində
nəyəsə nail olmalıyıq.Bu yerdə qeyd etməliyəm
ki, hamının bir-birinə tərif yağdırdığı,
onlarla “dahi”nin fəaliyyət göstərdiyi bu cəmiyyətdə
- dahilər ölkəsində müəllif yalan-doğru,
yaxşı-pis bir xeyli adamı tənqid edib, ədəbi aləmi
bir qədər hərəkətə gətirdi. Çoxlarının
şəxsi mülkiyyətə çevirmək istədiyi
böyük həqiqəti hamının olduğu tək görməsi
yaxşıdır.
YALANXANA,
YALTAQXANA. ƏN SADƏSİ 9 MİLYONLUQ YATAQXANA
Bir mühüm məqamı
da qeyd etmək istəyirəm. Bizdə dünya ədəbiyyatıyla
bağlı çox zaman rusca tərcümələrə,
rus ədəbi dərgilərində gedən məqalələrə
müraciət edirlər. Dostlar, XIX əsr çoxdan
ötüb, indi rus ədəbiyyatı dünyanın
apacı yox, demək olar ki, yedək ədəbiyyatıdır,
elə ədəbi tənqidi də. Soljenitsinlər, Sorokinlər
çoxdan oxunmuş bayatılardır. Biz bəzən orta səviyyəli
yəhudi ədəbiyyatçılarının
dolanışıq yeri olan “Voprosı literaturı” dərgisini
və buna bənzər nəşrləri çox
şişirdirik. Həm də xarici dillərdən ruscaya
çevirmələri. Vaxtilə şotland, ingilis şairi
R.Börnsü dilimizə çevirərkən bəzi arxaik
şotland, ingilis sözlərinə görə
S.Marşakın tərcümələrinə müraciət
etdim. İlk tanışlıqdan heyrət elədim. Marşak
sadəcə olaraq orijinalı bir qırağa atıb
özündən şeirlər toqquşdurub. Başqa tərcümələrin
çevirmələri də cansız və ölüydü.
XX yüz il ingilis şeirinin ən nəhəngi sayılan
T.Eliotun da rusca bəxti gətirməyib, orijinalla
tutuşdurduqda gördüm ki, onu yaxşı
anlamadıqları üçün ağıllarına necə
gəldi çeviriblər. Ruhsuz, cansız. Bunlar mənim
şəxsən rastlaşdığım misallardır. Ona
görə dünya ədəbiyyatından ruscaya poeziya tərcümələrinə
mən çox etibar eləmirəm. Düzdür,
yaxşı tərcümələr bizdəkindən
çoxdur, ancaq nəzərə alsaq ki, 70 il bütün
SSRİ rus dilinə, rus mədəniyyətinə işləyib,
bu, əlbəttə, çox azdır.
Bizdən xarici dillərə
çevirmələrə gəldikdə isə hələ
rahat olmamalıyıq, uzun illərdi müəyyən işlər
görülüb, görülməkdədir. Ancaq bu çox
azdır. Elə lap bu son günlərdə iki böyük
nasirimizin Afaq Məsudun və Kamal Abdullanın əsərlərinin
Atlantik okeanın o üzünə keçməsi
mühüm ədəbi hadisələrdir. Kamal Abdullanın
Braziliyada kitabının çıxması, Latın
Amerikası fəthi Azərbaycan türkcəsindən portuqal
dilinə ilk tərcümə kitabı kimi yəqin ki, ədəbiyyat
tariximizə düşəcək.Amerikanın (neçənci
dəfədir) Kamalı və Afaqı nəşr etməsi
göstərir ki, artıq biz Amerikanı kəşf etmirik,
Amerika bizi kəşf edir və Azərbaycan ədəbiyyatının
içərilərinə doğru irəliləyir. Bu mənada
Amerikanın və bütün dünyanın Azərbaycanı
tam zəbt etməsini arzulayırıq.Məni burda başqa
bir şey düşündürür, mətbuatda mədəniyyətimiz
üçün çox mühüm olan bu iki uğurlu hadisə
haqqında ancaq xırda informasiyalar getdi (Tanınmış
şairimiz Salamın Kamalla söhbətini nəzərə
almasaq). Ancaq yaxşı yox, biabırçı bir şey
olsaydı, yəqin ki, qəzetlərdə səhifə-səhifə,
sütun-sütun onlarla yazı getmişdi. Təəssüf
ki, biz bir millət olaraq hələ ki, bir-birimizin
uğurlarına sevinməyi, onu hamıya
çatdırmağı, sevdirməyi yox, bir-birimizi təhqir
etməyi daha yaxşı bacarırıq. Bəlkə də
bu, tarixdən, müstəmləkə olmağın acı nəticələrindən
irəli gəlir. Bu məqamda mənim hamını hamıya
sevdirmə cəhdlərimə gülənlər özlərinə
gülür.
Mən filan adamda
yaxşı cəhətləri niyə az görürəm -
sualını öz-özünə vermək günün ən
aktual sualı olmalıdır.Hələ ki, biz beləyik, hətta
çoxumuzun içində belə olmağımızla
bağlı daxili bir nadan məğrurluğu da var.
Ən sonda qeyd edim ki,
ofisləri, küçələri, yolları hər il daha
çox işıqlanan, ancaq elə həmin sürətlə
də çox qəlblərin qaranlıqlaşdığı
bu məmləkətdə hamının hamıda gözəl
olanları kəşf etməyini, sevməyini, bu gözəllikləri
başqalarına da sevdirməyini arzulayıram.
Vaqif Bayatlı ODƏR
525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.24.