İlk azərbaycanlı kinoaktrisa İzzət Orucovanın 100 illiyi qeyd olunub

 

Muzey Mərkəzində ilk azərbaycanlı kino aktrisası İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Tədbiri Mədəniyyət və Turizm Nazirliyi Dövlət Film Fondu ilə birgə təşkil edib. Gecədə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və başqaları İ.Orucovanın həyat və fəaliyyətindən söz açıblar: “1909-cu ildə Bakı şəhərində dünyaya göz açan İzzət Orucova mənalı ömür yaşayıb. Tələbə olarkən filmə çəkilməsi, baş rolda oynaması, əsl sənətkar kimi yaddaqalan obrazlar yaratması onun böyük istedadından xəbər verirdi”.

Tədbirdə çıxış edənlər İ.Orucovanı ciddi axtarışlardan sonra görkəmli dramaturq Cəfər Cabbarlı tərəfindən kino üçün kəşf olunduğunu vurğulayıblar. “Sevil” və “Almaz” bədii filmlərində baş rolun ifaçısı, Azərbaycanın ilk milli kino aktrisası, görkəmli kimyaçı alim, akademik İ.Orucovanın həyatının insan fəaliyyətinin iki ən mühüm sahəsi olan elm və incəsənətlə bağlılığını çıxışlarında vurğulayanlar sonralar onun həyatını bütünlüklə Azərbaycan elminin inkişafına sərf etdiyini önə çəkiblər. Tədbirdə sənətkarın çəkildiyi “Sevil” və “Almaz” filmlərindən parçalar, həmçinin ailə albomundan şəkillər nümayiş etdirilib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.23.