Elçinin “Mahmud və
Məryəm” romanı
Türkiyədə ekranlaşdırılır
Xalq yazıçısı Elçinin
məşhur “Mahmud və
Məryəm” romanı
illərin sınağından
çıxmış xoşbəxt
taleli əsərdir.
Sovet ideologiyasının
hökm sürdüyü
bir dövrdə -
1982-ci ildə yazılmış
bu roman ideoloji və coğrafi sərhədləri
adlayaraq neçə-neçə nəslin sevimli kitabı olub. “Mahmud və Məryəm” bir çox xarici dillərə tərcümə edilərək
nəşr olunub, səhnələşdirilərək teatr səhnələrində
göstərilib, oxucuların
və tamaşaçıların
dərin rəğbətini
qazanıb, xüsusi elmi araşdırmaların
mövzusuna çevrilib.
“Mahmud və Məryəm”
qardaş Türkiyədə də dəfələrlə nəşr
edilib, 1997-ci və 2003-cü illərdə ilin ən çox
satılan 10 kitabı sırasında yer alıb.
Roman Türkiyədə ilk dəfə
1993-cü ildə doktor İldəniz Kurtulanın çevirməsində
“E yayınları” nəşriyyatı tərəfindən nəşr
olunub. 1994-cü ildə romanı “Milli Kitabxana Basınevi” nəşr
edib.
“Mahmud və Məryəm”
1997-ci ildə doktor Əli Duymazın yeni çevirməsində
qardaş ölkənin ən qədim və nüfuzlu nəşriyyatlarından
olan “Ötüken”də çapdan çıxıb.
Bundan sonra roman həmin
nəşriyyatda dəfələrlə yenidən nəşr
edilib. Ümumilikdə isə “Ötüken” nəşriyyatı
Elçinin “Ağ dəvə” və “Ölüm
hökmü” romanlarını, eləcə də,
bütün hekayə və povestlərini çap edib.“Mahmud və
Məryəm” 2001-ci ildə “Çağdaş dünya ədəbiyyatı”
seriyasından “Everest” nəşriyyatında çap olunub. Əsər
Türkiyənin bir sıra universitetlərində, o cümlədən
Ərzurum Atatürk, İstanbul Memar Sinan və Fateh universitetlərində
elmi tədqiqata cəlb edilib. Eyni zamanda, roman Fateh universitetinin
sənət fakültəsində səhnələşdirilib
və universitetlərarası teatr festivalının qalibi
seçilib. Bugünlərdə isə Türkiyənin ən
tanınmış kino şirkətlərindən olan “24 Kare
Film” “Mahmud və Məryəm” romanı əsasında bədii
film çəkmək üçün müqavilə
imzalayıb. Film FİYAB-ın (Film Yapımçıları
Məslək Birliyinin) dəstəyi ilə çəkiləcək.
Şirkətin sahibi və filmin prodüsseri Sevda
Kayğısız bu barədə deyib: “Türk
dünyasının böyük yazarı Elçinin “Mahmud və
Məryəm” romanı əsasında film çəkmək
bizim çoxdankı arzumuz idi. Mən çox xoşbəxtəm
ki, nəhayət, bu arzu reallaşır. “Mahmud və Məryəm”
filminin çəkilişi bizim indiyə qədərki ən
böyük layihəmizdir. Film Ərzurumda, Qarsda və Azərbaycanda
çəkiləcək, texniki çəkilişlər isə
Almaniyada aparılacaq. Çəkiliş tam şəkildə
2010-cu ildə başa çatacaq. Noyabr ayında isə
Ankarada, İstanbulda və Bakıda filmin qala-nümayişləri
keçiriləcək. Filmin yaradıcı heyətində məşhur
türk sənətçiləri ilə bərabər,
Elçinin təklifi ilə bir sıra görkəmli Azərbaycan
sənətkarları da iştirak edəcəklər. Şübhəsiz
ki, bu film Azərbaycan-Türkiyə mədəni əlaqələrinin
daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. Film
haqqında biz ABŞ, Fransa, Yaponiya kimi ölkələrin məşhur
prokat qurumlarına məlumat göndərmişik və
artıq həmin qurumlar “Mahmud və Məryəm”lə
maraqlandıqlarını bildiriblər. Almaniyada isə bu roman
çox məşhurdur. “Mahmud və Məryəm”in alman
dilində üç nəşri var. Buna görə də
Almaniyanın böyük prokat qurumları bu filmə
xüsusi maraq göstərirlər. “Mahmud və Məryəm”
filmi Azərbaycan və türk dillərində səsləndirilməkdən
əlavə, ingilis, fransız və alman dillərinə də
dublyaj ediləcək. Biz bu filmin 2010-11-ci illərdə 20
ölkədə nümayiş etdiriləcəyini nəzərdə
tutmuşuq”.
HÜSNİYYƏ
525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.23.