Sevinc MürvətqızınınSən sevgidən yuxarısanadlı ilk kitabı nəşr olunub

 

Bu yaxınlardaVektorNəşrlər Evində Gənc Ədiblər Məktəbinin üzvü, qəzetimizin əməkdaşı, şairə Sevinc MürvətqızınınSən sevgidən yuxarısanadlı ilk kitabı işıq üzü görüb. Kitab 2008-ci ildə müəllifinVektorBeynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülməsi münasibətilə sözügedən mərkəz tərəfindən nəşr edilib.

Kitab Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Mən Sevincə inanıram” adlı önsözü ilə açılır. Birliyin katibi zəhmət tələb edən çətin yaradıcılıq yolunun yolçusu olmaq istəyən Sevinc Mürvətqızına inandığını qeyd edib: “İnanıram ki, onun şeirləri, hekayələri getdikcə daha da təkmilləşəcək, o, bu sənətin sirlərinə daha dərindən bələd olacaq”. R.Məcid gələcəkdə S.Mürvətqızının timsalında Azərbaycan ədəbiyyatının layiqli təmsilçisini görəcəyinə əminliyini ifadə edib: “İlk kitab həm də ədəbiyyata daxil olmaq üçün bir vəsiqə, pasportdur. İnanıram ki, Sevincin ilk kitabını oxuyanlar qətiyyən təəssüflənməyəcəklər, sonadək maraqla oxuyacaq, onun maraqlı duyğular aləminə qədəm qoyacaqlar”.

Kitabda toplanan şeirlər “O dünya Tanrının ən gözəl şeiridir” və “Mənə mələk deyərdin” bölümlərində oxuculara təqdim olunub.

Nəşrdə həmçinin S.Mürvətqızının “Bağlı qapıların ardı”, “Həbsxana maşınından səsləniş”, “Yanılma”, “Qəssabxana” hekayələri də yer alıb.

“İlk kitabın Sevinci” bölümündə isə ölkənin tanınmış ədəbiyyat adamlarının şairənin yaradıcılığı haqqında müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş məqalə və rəyləri toplanıb. Bu sırada Fikrət Sadığın “Seir hələ ölməyib”, Bəhmən Vətənoğlunun “Şairlik öyrənilmir, haqdan gəlir”, Əsəd Cahangirin “İlk kitabın Sevinci”, Tofiq Abdinin “Sevinc şairliyi ciddi yaşam tərzi kimi qoruyur”, Səlim Babullaoğlunun “Bir şeirin Sevinci”, Qərib Mehdinin “Mümkünsüzlük” məqalələri ilə yanaşı, Əli Əmirli, , Firəngiz İdrisqızı, Fərqanə Mehdiyevanın S.Mürvətqızının bədii yaradıcılığı haqqında fikir və düşüncələri təqdim olunub. Sevinc Mürvətqızı 1982-ci ildə Rusiyanın Krasnodar vilayətində dünyaya gəlib. 2004-cü ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. 2000-ci ildən şeir və hekayələri dövri mətbuatda , almanaxlarda dərc olunur. 2006-cı ildən etibarən “525-ci qəzet”in yazarıdır.

 

 

Günel Musayeva

 

525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.22.