İnsanlar insanlara inanmadılar...

 

(esselər)

 

Bilirəm, siz kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyəyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...

Bu inam itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn, insanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı...

 İnsanlar radioya inanmadılar, eşitdikləri səsin yiyəsini görmək istədilər, televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.İnsanlar adi telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər.

“Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünyanı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur......İnsanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar, robotlar yarandı.İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar, hərdən Günəş adamları aldatdı.

Ulduzla, Günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar heç saata da düz-əməlli inana bilmədilər, gah irəli qaçır, gah geri qalırdı.İnsanlar gözlərinə inanmadılar, gözlər də insanları aldatdı və nəticədə eynəklərimiz yarandı.İnsanlar inanmadılar ki, torpaq xəzinədir. Və onu qazıb qızıl çıxardılar, boyunlarına asdılar, barmaqlarına taxdılar.

Qorxdular ki, yerdə qalsa, o da çürüyüb məhv olar...

İnsanlar göylərə inanmadılar. Uçub gedib göyləri gəzdilər. Amma sonra məyus olaraq Yerə qayıtdılar. Tapdıqları işlərinə yaramadı.

İnsanlar İsaya inanmadılar, çarmıxa çəkdilər. insanlar ancaq Allaha inandılar, amma düşünmədilər ki, Allah da öz lütflərini İsa kimi bəndələri vasitəsi ilə insanlara ötürür. İndi isə onun, İsanın nə vaxtsa gələcəyinə inanırlar.Milyon illik bir bəlaya - EŞQƏ inanmadılar insanlar.

İnsanlar Qeysə inandılar, amma ondan daha çox sevən Məcnuna inanmadılar, dəli dedilər...İnsanlar Allaha sözlə qovuşdular, sözlə müraciət etdilər, amma sözə inanmadılar, sözə gəlmədilər.

Nəticədə müqavilələr yox, müharibələr oldu...İnsanlar insanlara inanmadılar və sığorta şirkətləri yarandı...

İnsanlar Allaha inandılar, amma səhər duran kimi yuxularını da yozmağı unutmadılar. İnsanlar alın yazılarına inanmadılar və falçılar yarandı.İnsanlar ayaqqabılarına görə ayaq ala bilmədilər. İnsanları ayaqları apardı, amma beyinləri əmr edən yerə. Allah ona görə ayağı aşağıda yerləşdirib. Ayaq həmişə başın quludu. Ona görə yazıq ayağa inanan yoxdu...

 Amma bizi inandığımız yerə ayaqlarımız aparır.Atalar çox şey dedilər, hətta bir kitablıq sözlər danışdılar. Amma övladlar öz bildiklərini etdilər. Oğullar atalarına inanmadılar... Hər gələn özündən əvvəlkinə inanmadı, onu inkar etdi, amma sonra özü də inkar olundu... Qoy yadımdaykən bunu da deyim ki, “Atalar sözləri” kitabı təkcə kitab deyil, o həm də babalarımızın etdiyi səhvlərin toplusudur...

Təəssüf...Nənələrimiz qoyunlara sayaçı sözləri yazdılar. Eyni ritm və qafiyə sistemi ilə də babalarımıza eşq bayatıları qoşdular.

Təəssüf...Yuxular bizim istədiklərimiz, reallıqsa istəmədiklərimizdi.İnsanlar insanlara hələ də inanmırlar. Bir ömür boyda təəssüf...İnsanların başlarına düşən daş yarımçıq qalmış evlərinə yarımadı. Ona görə başımıza düşən daşlara inanmadıq, amma başdaşılarına yaman inandıq...Yalanlar televizordan gözümüzə, radiodan qulağımıza, havadan burnumuza girdi. Amma biz yenə evi yanan çobanın evinə tərəf öz parçımızda su daşıyırıq. Biz yalanlara yaman inanırıq....Dünyaya gəldi, yerüzündə yaşadı, torpağa getdi. Niyə görəsən, böyükdən balacaya doğru gedir həyat.. Hər birimiz həm də özümüz boyda təəssüfük...

Hə, dostlar, Heminquey çalmayacaq “Əcəl zəngini”, əcəl zəngini Əzrail çalacaq. Ona görə də, bir-birimizi sevək, bir-birimizi aldatmayaq...

Atamızın adını oğlumuza qoymaqla biz öz varlığımızın müddətini uzada bilmərik. Biz öz varlığımızın, mövcudluğumuzun müddətini bir-birimizə inanaraq, bir-birimizi aldatmayaraq artıra bilərik...

 

 

Fərid HÜSEYNOV

 

525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.20.