Cənnət hissi
Cütləşmək və qovuşmaq
kimi bir-birindən fərqli anlamlar sevginin varlığını,
yoxluğunu göstərir.
Cütləşmək yalnız insana xas deyil,
qovuşmaq isə yalnız insana xasdır. Hansı böyük şair, yazıçı sevgini çardağa atıb? Dünya poeziyasının
ulu babası - adəmi Homer sevginin bir şəhəri
yıxacaq qədər
böyük və qüdrətli hiss olduğunu yazdı. Bir yol açdı
şeirə, sevgiyə...
Bu yolun hara uzandığını
heç birimiz bilmirik hələ də...Bir qadın
sevə bilməyən
kişi, bir kişi sevə bilməyən qadın nə adlanır? Gəlib o yerə
çıxmışıq ki, şairlər sevgidən, sevgi də şairlərdən
utanır. Leyli ilə Məcnun dünyada Nizamidən çox tanınır. Nizaminin vətənindəsə
sevginin olmadığından
danışılır, yazıb
pozanlar sevgidən yazmadıqlarıyla lovğalanır.
Gorun çatlasın,
Nəsimi! Sən insanı böyük, sevgini ali sayırdın.
İnsan sevə bilmir daha Nəsimi.
Gör insan nə gündədir. Gəl gör o haralara yuvarlanıb.Amma yenə də Nazim Hikmət
kimi ideologiya şairinin qadınına yazdığı gözəl
şeirlər var dünyada... Xoş gəldin qadınım... məmləkətim kimi əsir və yoxsuldur otağım...
Yaşamaq ümidli bir işdir, sevgilim. Yaşamaq səni sevmək kimi ciddi bir
işdir .Bunu ancaq içi çox böyük olan bir kişi,
bir şair yaza bilərdi...
Çox sevgili biri...
Sevgi şüur hadisəsi deyilsə
o refleksdir, instinktdir. Sevgi ağılla, şüurla, dərklə,
dərketməylə bağlı anlayışdır. Və əksər
sağlam beyinlərdə bu hadisə baş verir. Bu
yaxınlarda bir cavan oğlanın-gənc ədiblərdən
birinin sevgi şeirləri yazmadığını və
oxumadığını ədəbaz-ədəbaz dediyini
eşitdim. Bu uşağı həmən yaxalamağa macal
tapmadım. Anidən yoxa çıxdı. Ona deyəcəkdim
ki, oğlum, başın çıxmayan mövzulara elə
girişməsən yaxşıdır. Onsuz da bütün
ölkə bilmədiyi işlərlə məşğuldu.
Sevgi sən bildiyin şey deyil. Azərbaycanda yazan pozan adamlar
ağızlarına gələndən yazıb özlərini
ciddi işlə məşğul adam kimi aparırlar. Sən
ol onlardan biri. Sevgidən yazma. Bu ağılla sevgidən nə
yazıb, nə oxuyacan? Bir tərəfdən milləti də
qınamıram. Sevgi cənnət hissidir. Cəhənnəmdə
nə sevgi?Elə düşünməyin ki, ətrafda bu qədər
predmeti, dünyada bu qədər olayı qırağa qoyub
bütün günü sevgilinizin hüsnü-camalından
yazmağın tərəfindəyəm. Yox əşşi...
Amma yaşadığınız evin önündəki
çinarın gözəlliyini görə biləcək,
sabah günəşinin qəlbinizə nə qədər
yaxın və məlhəm olduğunu anlayacaq, yediyiniz
çörəyin dadını duyacaq,
doğmalarınızın istisində ovunacaq-sevəcək qədər
qəlbiniz yoxdursa onda heç olmasa susun...
O ki, qaldı zamana, bəli,
əsr başqa, dövr başqadır. Bunun da öz sevgisi var. Hünər istəyir yazmağa, hünər.
Amma hardan? Hamı Nizami olmur...Höte, sən ki, yan-yörəndəki şairi, filosofu, mifi qoyub böyük
Nizamiyə şeir yazmısan, halal olsun qələminə.
Söz verirəm, həmişə
sənin şeirlərini
oxuyacam. Höte yazır: “ kitabların
ən maraqlısı
məhəbbət kitabıdır.
Dünyada məhəbbəti sənin kimi gözəl yazan olmadı, ey böyük şair”.Sevgi niyəsizdirsə o nəsə
başqa bir hissdir - bağlılıq,
öyrəncə, nə
bilim, sevgidən başqa hər şey. İnsan sevirsə onun
mütləq bu niyəyə bir cavabı var. Və ümumi götürsək
hər kəs üçün “o” hamıdan
başqadır. Hərənin bir “o”su var.
“O”su olmayan adamlara ürəyim
ağrıyır. Özüm də bu “o”suzluğa düşəndə
darıxıram. Mütləq bir sevgilim olmalıdır mənim,
mütləq. Sevgi allah kimi həmişə başı
üstündədirsə insanın, insan nə xoşbəxtdir.
Allah və sevgi bir-birinə o qədər oxşar və qohum
anlayışlardır ki, şəxsən mən onları
ayırd edə bilmirəm. Mənim tanrım
sevgidir...Tanrıçılıq çox qədimdir, bu
aydın. Teistlər allaha inananlardır. Tanrı deyəndə
nəyi gözünün qarşısına gətirdiyini bilməyən,
qəlbində yaranan hissin nə olduğunu anlamayan teistlər
bir az düşünməlidirlər. Məncə, tanrı
konkret canlanma yaratmalıdır təsəvvürdə. Bir əfsanədə
yazılmışdı ki, tanrı
yaşadığımız materiyanın - havanın, suyun,
torpağın tərkibindədir. Bu eynən şərbətin
şirin olduğunu yalnız içdiyimiz zaman
anlamağımıza bənzəyir. Tanrı gözlə
görünməz. Belə çıxır ki, o, dad
anlayışıdır. Tanrını dadmalıdır insan. Tanrı
duyğuyla bağlı anlamdır. Duyğu insanda müəyyən
təəssürat yaradır. İnsan içdiyi şərbətin
dadını yalnız duymur, bu duyğu onun beyninə siqnal
ötürür. İnsan onun şirin olduğunu həm də
anlayır. Deməli, Tanrıyla insan arasında instinktiv
bağlılıq ola bilməz. Onlar mütləq bir-birini dərk
etməlidir. O zaman əzbər sözlərlə dualar edən
adam nə işlə məşğuldur?! Tanrıçılıq
insan instinktinin ağıla keçid mərhələsində
yaranıb. Min illərdir insan eyni yerdə ayaq döyür. Tanrı
ağıl hadisəsi ola bilmir. Deməli o hələ sevgiyə
çevrilməyib. Dostum danışır ki, Almaniyada kilsəyə
getmişdim, orda gözəl bir qadınla tanış oldum. Azərbaycanda
məscidə getmişdim, Almaniyadan aldığım
ayaqqabılarımı oğurladılar. Bu da sizə sevgi? Sevgi
olmayan yerdə Allah nə gəzir?!Azərbaycanda qadınla
kişi bir-birinə düşmən olub. Və yaş
keçdikcə azərbaycanlıya elə gəlir ki, onun sevmək
haqqı məhdudlaşıb, hətta yoxdur. Sevgi isə, bayaq
dediyim kimi, şüur hadisəsidir və yaşla-zamanla ona
münasibət daha kamil, daha ağıllı və daha rahat
olur.
Qocaldıqca insan daha çox
sevgiylə dolur.
Yaşa dolduqca o ögey nəfəsləri, səsləri
dərhal eşidir, duyur. Cavanlığında görmədiyi hər
şeyi görür, gördüklərini görmür.
Evinin önündəki çinar
daha cazibəli, yediyi çörək daha qiymətli, doğmalar daha doğma gəlir. Əvvəldən yığdığı bütün insanları çıx-daş edir.
Öncələrdəki kimi adamlar həyatında bir qəlbində başqa yerdə olmur. Hərə onun qəlbindəki yeriylə həyatındakı
yerinin eynisini tutur. Bir qadın oğluna
deyir ki, mən niyə səni elə belə heç nədən sevməliyəm.
Sevdir özünü mənə.
Anayla övlad arasındakı sevgi də ağıl
hadisəsinə çevrilməlidir.
O təbiidir ki, qadınlarda analıq instinkti var. Doğdu doğmadı o həmişə kiminsə
qayğısını çəkməlidir.
Və əksər qadınlarda bu hal uşağa
qədər kişiylə
münasibətdə baş
verir. Uşağa qədər qadın
öz kişisinin qayğısını çəkir.
Uşaqdan sonra bu hiss azalır. Qadın qayğıçəkmə instinktini
büsbütün uşağa
xərcləyir.
Qayğıçəkmə
instinkti dərketməyə çevrilməsə övladla
valideyn arasında çox böyük fəlakətlər
baş verə bilər. Ana övladını təkcə
doğduğu üçün deyil, həm də daha nə
üçünsə sevsə yaxşıdır. Uşaq
heç nədən sevildikcə onun eqosunun yalnız bir tərəfi
inkişaf edir. Özünü sevmə. Özünü cəmiyyətdə
və ailədə təsdiq etmək hissi, ailəsinin
qayğısını çəkmək onlara yarımaq hissi
demək olar ki, inkişaf etmir. O düşünür, mən
onsuz da mənəm. Və özünü sevdirmək
üçün heç bir iş görmür. Cinslər
arasındakı sevgi də beyinə sığmalıdır.
Kimisə boş yerə sevdinsə yandın. Siz heç vaxt
bir-birinizi anlamayacaqsız. Arada ağıl bağlılığı
yoxdur çünki. Sevgi insandan qədimdir.
Yağışların dənizlərə sevgisiylə
başlayıb həyat. Həyat insana qədər çox yol
keçib. Çox yerdən keçib. Sevgi insandan əbədidir.
Bizdən də sizdən də. Leyliylə Məcnunun sevgisi
bizim hamımızdan qalıcıdır. 100 illərdir
yaşayır. Bizdən sonra da yaşayacaq... Bəlkə də
Nizamini də yaşadan Leyliylə Məcnunun sevgisidir, kim
bilir... Əgər sizin iş-gücünüz bütün
bunlardan daha böyükdürsə, o başqa...
Aysel ƏLİZADƏ
525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.20.