Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli ötən şənbə
sayımızda)
Hörmətli oxucular,
ötən məqalədə Milli Kurikulum barədə bir
sıra mülahizələrimi Sizinlə
bölüşmüşdüm. Bu məqalədə həmin
konseptual sənədlə bağlı fikirlərimi davam etdirmək
istərdim.
Milli Kurikulum sənədi məntiqi
ardıcıllığa əsaslanan və bir-birini üzvi
şəkildə tamamlayan struktura malikdir. Belə ki, Milli
Kurikulumda ümumi təhsilin hər bir səviyyəsinin məqsədləri,
məqsədlərə uyğun olaraq təlim nəticələri,
sonra isə təlim nəticələrinin
reallaşdırılmasına xidmət edən fənlər
müəyyən olunmuşdur. Bu proses aşağıdakı
sxemdə aydın təsəvvür edilir:
Göründüyü
kimi, nəticəyönümlülük prinsipi əsas
tutulmaqla Milli Kurikulumda təlim nəticələri tədris
edilən fənlərdən əvvəl müəyyən
edilmişdir. Bunun əsas mənası odur ki, yeni yanaşmaya
görə təlim nəticələri fənlərə
görə deyil, əksinə, fənlər təlim nəticələrinə
görə təyin olunur. Yəni tədris olunan fənlər
əvvəlcədən müəyyənləşdirilmiş
təlim nəticələrinin reallaşdırılması
üçün bir vasitə rolunu oynayır.Milli Kurikulumda
eyni zamanda hər bir təhsil səviyyəsində tədris
edilən fənlərin vaciblik baxımından əsaslandırılması
və həmin təhsil səviyyələri üzrə
ümumi təlim nəticələri öz əksini
tapmışdır. Fənnə aid ümumi təlim nəticələri
bilavasitə təhsil səviyyəsi üzrə müəyyən
olunmuş bu və ya digər konkret təlim nəticəsinin
həyata keçirilməsinə yönəlmişdir. Məsələn,
ibtidai təhsil səviyyəsi üzrə Milli Kurikulumda 10
ümumi təlim nəticəsi müəyyən
edilmişdir. Onlardan birinin ayrı-ayrı fənlər üzrə
konkret təlim nəticələri ilə əlaqəsinə,
reallaşma vəziyyətinə diqqət yetirək:Bu
nümunədən də aydın görünür ki, təlim
nəticələri işlənib hazırlanarkən
“şagirdlər nələri bilməlidir” yox, “nələri
bacarmalıdır” tələbi əsas tutulmuşdur. Belə
yanaşma heç də təlim prosesinin vacib elementlərindən
olan nəzəri biliklərin rolunun azaldılması demək
deyildir. Bilik bütün dövrlərdə inkişafın hərəkətverici
qüvvəsi olmuşdur. Lakin o biliklər faydalı hesab
edilir ki, insan bunlarsız ötüşə bilmir, real həyatda
tətbiq edilir, insanda zəruri bacarıqların
formalaşmasına xidmət edir.
Milli Kurikulumdan irəli
gələn tələblər əsasında
hazırlanmış fənn kurikulumları 2007-ci ildə təsdiq
edilmiş və məlum olduğu kimi, 2008-2009-cu dərs ilindən
etibarən tətbiqinə başlanmışdır.Fənn
kurikulumlarında məzmun istiqamətləri, onun mahiyyətinin
açıqlanması xüsusi yer tutur.
Əgər Milli
Kurikulumda hər fənnə aid təlim nəticələri təhsil
səviyyələri çərçivəsində müəyyənləşdirilmişdisə,
fənn kurikulumlarında hər bir sinif üzrə ayrıca təsbit
edilmişdir. Fənlərin məzmununun vahid bir istiqamətdə
deyil, ümumi məqsədə xidmət edən
ayrı-ayrı məzmun xətləri üzərində
qurulması fənn kurikulumlarının diqqətçəkən
cəhətlərindən biridir. Məzmun xətləri hər
bir fənn üzrə şagirdlərin əldə edəcəyi
təlim nəticələrini, bilik və bacarıqları
daha aydın təsəvvür etmək və onları sistemləşdirmək
məqsədi daşıyır. Məzmun xətlərinin səciyyəvi
xüsusiyyəti həm də onların dəyişkən
olmaması, sabit qalmasındadır. Yəni bunlar konkret fənn
üzrə təlim kursunu əvvəldən axıra qədər
müşayiət edir. Başqa sözlə, onları
böyük standartlar da adlandırmaq olar. Məsələn,
ana dili təlimi üçün 4 məzmun xətti - dinləyib-anlama
və danışma, oxu, yazı, dil qaydaları; riyaziyyat təlimi
üçün 5 məzmun xətti - ədədlər və
əməllər, cəbr və funksiyalar, həndəsə,
ölçmələr, statistika və ehtimal məzmun xətləri
təyin olunmuşdur. Kurikulumlarda hər bir məzmun xəttinin
müvafiq təhsil səviyyələri daxilində məqsəd
və vəzifələri əsaslandırılıb ümumi
təlim nəticələri verilmiş, onların əsasında
da konkret siniflər üzrə əsas və alt-standartlar
formalaşdırılmışdır. Əsas standartlar da
ümumi nəticələri əks etdirdiyindən, bir qayda
olaraq, dəyişməz qalır. Alt-standartlar isə sinifdən-sinfə
doğru inkişafı əks etdirdiyindən dəyişir və
məzmun etibarı ilə mürəkkəbləşir. Aşağıdakı
nümunədə ana dili fənninə aid “Dinləyib-anlama və
danışma” məzmun xətti çərçivəsində
nəzərdə tutulan bacarıqların siniflər üzrə
inkişafına diqqət yetirək:Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, təlim nəticələrinin
standartlar formasında təqdim olunması təhsilimizdə
yeni hadisədir. Standartların yaranması ilə ümumi təhsilin
məzmunu optimallaşmış, öyrədiləsi və mənimsədiləsi
biliklərin, bacarıqların həddi müəyyən
olunmuş, təhsilin məzmununa lüzumsuz, zəruri əhəmiyyət
kəsb etməyən məsələlərin daxil edilməsinin
qarşısı alınmışdır. Məzmun və fəaliyyət
istiqamətlərindən ibarət tərtib olunmuş
standartlar ölçülən xarakterə malik olduğundan
şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsinə
real şərait yaratmış, təhsil pillələri
üzrə tələbatları əks etdirən vasitəyə
çevrilmişdir.
Təhlil göstərir
ki, istər Milli Kurikulumda, eləcə də hər bir fənn
kurikulumunda məzmun standartları konkret fənn üzrə
bilik dairəsinin müəyyənləşdirilməsi ilə
yanaşı, şagirdlərə müasir cəmiyyətdə
qəbul edilən yetkin insan üçün lazım olan
keyfiyyətlərin formalaşmasına yönəlmişdir. Məsələn,
nitq və ünsiyyət mədəniyyətinin, əməkdaşlıq,
birgəfəaliyyət, problem həlli, tənqidi
düşüncə, tədqiqatçılıq, tətbiqetmə
bacarıqlarının aşılanması bütün fənn
kurikulumlarında əsas məqsədlərdən biri kimi nəzərdə
tutulur. Kurikulumların məntiqinə görə, məsələn,
bu gün riyaziyyat təlimi, sadəcə olaraq, riyazi
anlayışların, məsələ və misalların,
inteqralların həlli yollarının öyrədilməsi
ilə məhdudlaşa bilməz, ən azı ona görə
ki, təhsil alan şagirdlərin heç də hamısı
gələcəkdə riyaziyyat sahəsində fəaliyyət
göstərməyəcəkdir. Ancaq riyaziyyat təlimi vasitəsilə
formalaşdırılan məntiqi təfəkkür, analiz və
sintez, mühakimə, təsnifetmə, çevik nəticəçıxarma,
tətbiq bacarıqları hamı üçün eyni dərəcədə
vacibdir. Yaxud ana dili, ədəbiyyat fənlərinin vəzifəsinin
dilə aid təriflərin, qaydaların əzbərlədilməsindən,
yazıçıların həyat və
yaradıcılığının, onların bəzi əsərlərinin
öyrədilməsindən ibarət olduğunu
düşünmək yanlış yanaşmadır. Ana dilini,
ilk növbədə, milli təfəkkürün təşəkkülü
vasitəsi kimi qiymətləndirmək lazımdır. Firudin bəy
Köçərlinin sözləri ilə desək, “Ana dili
millətin mənəvi diriliyidir”. Şagirdlərdə
doğma dilə məhəbbət oyadılması, onların
bu dildə səlis, aydın, obrazlı danışa bilməsi,
dilin geniş imkanlarından səmərəli istifadə etmələri,
yazı və oxu mədəniyyətinə yiyələnməsi
dil təliminin başlıca məqsədidir ki, bütün
bunlar müvafiq fənn kurikulumunda nəzərdə
alınmışdır. Eləcə də ədəbiyyat fənninin
məzmunu şagirdlərdə sözə, söz sənətinə
həssas münasibət yaradılmasını, mütaliə
vərdişləri və obrazlı təfəkkür
formalaşdırılmasını, bədii əsərlərin
nümunəsində təhlil, müqayisə, mühakimə
vərdişləri aşılanmasını təmin etməlidir.
Əslində, indiyədək mövcud olan dərsliklərdə
müxtəlif bədii əsərlərin təhlilinin verilməsi
ziyanlı bir haldır, çünki belə vəziyyət
şagirdlərin müstəqil fikir yürütmək, öz
mülahizələrini bildirmək imkanlarını heçə
endirir. Güman edirik ki, yeni kurikulumun tələbləri bu
cür halların aradan qaldırılmasına səbəb
olacaqdır.
Məzmunla bağlı fikirləri
ümumiləşdirərkən xüsusi vurğulamaq istərdim
ki, kurikulumlarda həyati bacarıqların, milli-mənəvi
keyfiyyətlərin aşılanmasının prioritet istiqamət
kimi nəzərə alınması bu sənədlərin
şəxsiyyətyönümlü xarakterini bir daha təsdiq
edir. Fənlərin məzmununun şəxsiyyətyönümlülük
prinsipi əsasında hazırlanması şagirdlərdə təhsilə
marağı artırır, potensial imkanlarına inam
yaradır. Beləliklə də, təhsil
inkişafyönümlü proses nəticəsində artıq
insanın həyatı üçün vacib olan dəyərə,
dəyərlər sisteminə çevrilir.Təhsilin məzmununa
müasir baxış və yanaşmalar, heç şübhəsiz,
tədris prosesində “müəllim-şagird” münasibətlərini,
istifadə olunan təlim strategiyalarını da əsaslı
surətdə dəyişir. Bu gün təhsil ictimaiyyəti
“müəllim-şagird” münasibətlərini pedaqoji əməkdaşlıq
mənasında qəbul edir. Təhsilin məzmununun nəticə,
şəxsiyyət və şagirdyönümlülük
prinsipləri əsasında qurulması bu əməkdaşlığa
daha dönməz xarakter verir, şagird və müəllim fəaliyyətinin
bir-birinə olan nisbətini müəyyənləşdirir. Kurikulumlardan
irəli gələn tələblərə görə
bugünün müəllimi sinifdə daha çox istiqamətverici
rol oynamalıdır., şagirdləri düşünməyə,
araşdırmalar aparmağa, müstəqilliyə sövq etməlidir.
Əgər müəllim uşaqların düşünmək
səlahiyyətlərini əllərindən alıb
bütün məsələlərə özü
aydınlıq gətirərsə, bu halda təhsil yeknəsək
və faydasız bir prosesə çevrilər. Belə vəziyyətin
baş verməməsi üçün müəllim
müasir tələbləri dərindən dərk etməli,
qarşıya qoyulmuş məqsədlərə çatmaq
üçün çevik və mütərəqqi dərs
formalarından, təlim strategiyalarından yerli-yerində
istifadə etməyi bacarmalıdır.İnkişaf etmiş
ölkələrin təhsil müəssisələrində
sınaqdan çıxarılıb vətəndaşlıq
hüququ qazanmış təlim strategiyaları ölkəmizdə
hələ ötən əsrin 90-cı illərindən etibarən
tətbiq olunmağa başlanmışdır. Fəal interaktiv təlim metodları adlanan
bu strategiyaların təbliği və tətbiqi sahəsində
qabaqcıl təhsil müəssisələrimizdən olan
Bakı Avropa Liseyinin rəhbərliyi və pedaqoji kollektivi əhəmiyyətli
rol oynamışdır. Onların səyi və təşkilatçılığı
sayəsində Bakı şəhərində və bir
sıra bölgələrdə müəllimlər
üçün treninqlər, öyrədici kurslar təşkil
olunmuş, pilot layihələri həyata keçirilmişdir.
Son zamanlar UNİSEF-in Azərbaycandakı Nümayəndəliyi
də fəal təlimin məktəblərimizdə tətbiqi
ilə bağlı xeyli iş görmüş, Təhsil
Nazirliyi ilə işgüzar əlaqələr
qurmuşdur.Bütün bunların faydası yeni kurikulumlarla fəaliyyətə
başlanan dövrdə daha çox hiss edilmişdir. Belə
ki, müəllimlərin bir qismi bu prosesə psixoloji cəhətdən
hazır olduqlarını nümayiş etdirmişlər.Bununla
belə, hesab edirəm ki, yeni kurikulumlarla iş prosesində ən
zəruri amillərdən biri kimi bütün müəllimlərin
fəal təlim metodlarından istifadə bacarıqlarına
yiyiələnməsi indiki vaxtda mühüm vəzifələrdəndir.
Çünki kurikulumlarda ifadə olunmuş nəticə
standartlarının təlim prosesində reallaşması
statik deyil, dinamik fəaliyyət tələb edir. Bu dinamikliyi
isə yalnız fəal təlim metodları vasitəsilə təmin
etmək olar.Yeri gəmişkən, bir məsələyə
də toxunmağı vacib bilirəm. Fəal təlim
metodları ilə iş prosesində müəllimlərin
bunlara yaradıcı yanaşması çox önəmlidir. Çünki
təlim metodları standart xarakteri daşıya bilməz. Təlim
zamanı məqsəddən asılı olaraq hər bir
müəllim həmin metodları təkmilləşdirə,
onlara hansısa əlavələr edə, yaxud tamamilə fərqli
metodlar müəyyənləşdirə bilər. Əsas məsələ
odur ki, bu metodlar təlimin maraqlı qurulmasına, müvafiq
standartların reallaşmasına, qarşıya qoyulan məqsədlərin
həyata keçirilməsinə əhəmiyyətli dərəcədə
xidmət etmiş olsun.
(ardı
var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasınıntəhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.10-11.