“1984”ün 60 yaşı

 

60 il bundan əvvəl, 1949-cu ilin yayında Londonun “Secker and Warburg” nəşriyyatında Corc Oruell təxəllüsü ilə tanınan ingilis yazıçısı Artur Erix Bleyerin “1984” romanı (orijinaldakı adı “Nineteen Eighty-Four” – “Min doqquz yüz səksən dörd”) çap olunmuşdur. Böyük Britaniyanın “Tayms” jurnalı əsərin ilk nəşrinin ildönümü münasibəti ilə özünün redaksiya məqaləsində “1984”ü son altmış ildə dünyanın beş qitəsində ingilis dilində yaranan ədəbiyyatın ən diqqətılayiq nümunəsi adlandırmışdır. ABŞ-nın “Newsweek” dərgisinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri isə Corc Oruellin romanının Lev Tolstoy, Ceyms Coys, Vladimir Nabokov,Uilyam Folkner, Ralf Ellison, Virciniya Vulf, Homer, Ceyn Ostin və Dante Aligyerinin əsərləri ilə birlikdə “dünyanın on ən mühüm kitabı” sırasına daxil etməyə əsas vermişdir. Həm də “1984” bu onluqda “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutur. Müqayisə üçün deyək ki, dünyanın “yüz ən mühüm” kitabı sırasında Markesin əsərləri 17-ci, “İncil” 41-ci, Şekspir isə 49-cu yerləri bölüşmüşdülər.

Altmış il ədəbiyyat üçün çox böyük tarix olmasa da, “1984” antiutopiyasının zamanın sınağından çıxdığını əminliklə söyləmək mümkündür. Roman indiyə qədər 70-dən çox dilə tərcümə olunub. Bu bir müəllifin eyni əsərinə müraciət baxımından ingilis ədəbiyyatı üçün rekord göstərici sayılır. Dünyada totalitarizm təfəkkürü qaldıqca təbii ki, “1984” də öz aktuallığını itirməyəcəkdir.

1956 və 1984-cü illərdə roman əsasında iki dəfə eyni adlı film çəkilmişdir. Hazırda Böyük Britaniyada romanın üçüncü ekranlaşdırılmasına hazırlıq gedir.

Corc Oruell romanına nə üçün belə qəribə ad seçmişdir? Bədii əsər adı üçün o qədər də məqbul görünməyən bu rəqəmlərin arxasında hansı simvolika, hansı kod gizlənmişdir? Niyə başqa bir tarix yox, məhz 1984? Əslində müəllif romanını “Avropada sonuncu insan” adlandırmaq istəyirdi. Əsərin qəhrəmanı-Partiyadan fərqli düşünən və Böyük Qardaşın iradəsinə qarşı çıxmaq istəyən Uinston Smitin həyat yolu və faciəli aqibəti bu adın seçilməsinə kifayət qədər məntiqi zəmin yaradırdı.

 Lakin kitabın çapı ərəfəsində Corc Oruell ilkin variantdan imtina edərək “1984” adı üzərində dayanmalı olmuşdu. Buna həm ciddi, həm də o qədər də ciddi səslənməyən müxtəlif səbəblər göstərirlər.

 Bir versiyaya görə “1984” adı əsər üzərində işin başı çatdırıldığı 1948-ci illə bağlıdır və sadəcə rəqəmlərin-yəni 8 ilə 4-ün yerinin dəyişdirilməsi yolu ilə əldə olunmuşdur.

Digər versiyaya görə müəllif əsər üzərində düşünməyə başladığı tarixin (1944-cü il) üzərinə 40 (Moiseyin yəhudiləri Misir əsarətindən xilas etdikdən sonra səhrada gəzdirdiyi müddət) gəlməklə romanın adı yaranmışdır. Üçüncü bir versiya romana ad kimi “1984” tarixinin seçilməsini Böyük Britaniyada sosialist hərəkatının-Fabian cəmiyyətinin 100 illik yubileyi (cəmiyyət 1884-cü ildə təsis edilmişdi) ilə əlaqələndirir. Digər versiyalar da mövcuddur.

Romanın naşiri Frederik Varburqa göndərdiyi 22 oktyabr 1948-ci il tarixli məktubda Corc Oruell “Avropada sonuncu insan” və “1984” adları arasında tərəddüd hissi keçirdiyini, seçim qərarı verməkdə çətinlik çəkdiyini yazırdı. Naşir kimi bazarın tələblərini yaxşı bilən F.Varburq oxucuların diqqətini cəlb etmək üçün daha gözlənilməz ad seçilməsi üzərində israr eləmişdi.

Nəticədə romandakı Böyük Qardaş, teleekran, fikir cinayətləri, ikifikirlilik, yeni dil və s. surət və anlayışlar kimi 1984 rəqəminin özü də simvolik mahiyyət qazanmış və rəmzə çevrilmişdi. Altmış ildən bəri fikirlərə hakim kəsilən “1984”ü janr-üslub və mövzu baxımından orijinal adlandırmaq o qədər də düzgün olmazdı. Corc Oruelldən əvvəl də, sonra da müxtəlif müəlliflər antiutopiya janrına və totalitarizm mövzusuna müraciət etmişdilər. Onların sırasında Oldos Hakslinin “Heyrətamiz yeni dünya”, Yevgeni Zamyatinin “Biz”, Karen Boyun “Kallogen”, Rey Bredberinin “Forengeyt 451” əsərlərinin adlarını çəkmək mümkündür. Tanınmış rus yazıçısı Yevgeni Zamyatinin (1884-1937) satirik antiutopiyanın ilk və parlaq nümunələrindən sayılan “Biz” (“Mı”) romanı 1920-ci ildə çapdan çıxmışdı. Həyatını mühacirətdə başa vuran müəllifin əsərində Sovet Rusiyasının timsalında bəşəriyyətin başı üzərindən asılmış təhlükə-bolşevik totalitarizmi öz orijinal bədii əksini tapmışdı. Avropa və Amerikada dəfələrlə nəşr olunan roman yazıçının vətənində təxminən yetmiş illik fasilədən sonra, yalnız 1988-ci ildə işıq üzü görmüşdü.

 Zamyatinin romanında “Vahid Dövlət” adlandırılan totalitar cəmiyyətdə yaşayan mühəndis D-503-ün (burada insanların ad və soyadları yoxdur, onlar yalnız nömrələrlə işarələnirlər) həyatı təsvir olunur. Bu dövlət Xeyirxah adlı rəhbər tərəfindən idarə edilir. Onun sakinləri isə robotları xatırladır. Onlar hər gün “Dövlət qəzetini” oxuyur, Mühafizlər Bürosunun nəzarəti altında yaşayır, şüşə divarlı mənzillərinin kandarından kənarda baş verən hadisələrlə maraqlanmırlar. Cəmiyyətə müxalif mövqe tutan İ-300 adlı qızla tanış olana qədər bu həyat tərzi mühəndis D-500 üçün tamamilə məqbul görünür. Sonra isə hər şey sürətlə dəyişir.

 Qeyd etmək lazımdır ki, Corc Oruell rus həmkarının romanı ilə yaxşı tanış idi. Hətta 1946-cı ildə ingilis mətbuatında Zamyatinin əsəri haqqında ayrıca resenziya ilə çıxış etmişdi. 1944-cü il fevralın 17-də B.Struveyə göndərdiyi məktubda isə yazırdı: “Siz diqqətimi haqqında daha əvvəllər eşitdiyim “Biz” romanına cəlb etdiniz. Belə kitablar məni çox maraqlandırır, özüm də əvvəl-axır yazacağım bu tipli oxşar bir kitab üçün qeydlər aparıram”.

“1984” romanında da Zamyatinin əsərində olduğu kimi, Sovet İttifaqının və Stalin rejiminin timsalında totalitar təfəkkürün, totalitar üsul-idarənin təsviri əsas yer tuturdu. Lakin bununla bir sırada siyasi baxışları etibarı ilə özünün demokratik sosialist olduğunu bəyan edən Corc Oruell romanın heç bir halda bütünlüklə sosializm sisteminə və ideyalarına qarşı çevrilmədiyini də xüsusi nəzərə çarpdırırdı. Ölümündın bir neçə ay əvvəl, 1949-cu il iyulun 25-də Fransua Hensona ünvanladığı məktubda Oruell bu məsələyə aydınlıq gətirərək yazırdı: “Sonuncu romanım sosializmə, habelə tərəfdarı olduğum Britaniya Leyboristlər partiyasına hücum kimi qəbul edilməməlidir. Mən kommunizm və faşizmin törətdikləri özbaşınalıqları göstərməyə çalışmışam. Kitabda yer alan səhnələrin Britaniyada cərəyan etməsinə gəldikdə isə bununla ingilis dilli irqin mahiyyət etibarı ilə başqalarından daha yaxşı olmadığını və əleyhinə ardıcıl mübarizə aparılmadığı təqdirdə totalitarizmin hər yerdə qələbə çalacağını diqqətə çatırmaq istəmişəm”.

Romandakı hadisələr 1984-cü ildə, totalitar Okeaniya dövlətinin əyalət şəhərlərindən olan Londonda cərəyan edir. Yer kürəsinin üçdə birini əhatə edən, öz tərkibində Şimali və Cənubi Amerikanı, Böyük Britaniyanı, Cənubi Afrikanı, Avstraliya və Okeaniya adalarını birləşdirən bu fövqəldövlət özü kimi iki digər totalitar rejimlə-Avrasiya və İstasiya ilə daimi rəqabət aparır. Avrasiyanın tərkibinə Rusiya, kontinental Avropa və Türkiyə, İstasiyanın tərkibinə isə Çin, Hindistan və Yaponiya daxildir. Şimali Afrika, Orta Şərq, habelə Cənub-Şərqi Asiya “mübahisəli ərazilər”, üç supergüc arasında bitib-tükənmək bilməyən silahlı münaqişə və qarşıdurma mənbəyidir. Hər üç dövlət lazımi şərait yarananda müharibənin nəticələrindən öz xeyrinə istifadə etmək üçün aramsız silahlanırlar. Müharibə yeni ərazilərin işğalı üçün deyil, daha çox yeni işçi qüvvələri əldə etmək məqsədi ilə aparılır. İşçi qüvvəsi isə öz növbəsində daha geniş miqyaslı silahlanmaya, yeni ərazilərin və yeni kölələrin ələ keçirilməsinə imkan yaratmalıdır.

Corc Oruellin təsvir etdiyi Okeaniya sərt və amansız qanunlarla idarə olunur. Vətəndaşların heç bir hüququ, yaxud şəxsi həyatı mövcud deyildir. Piramidal quruluşa malik Okeaniya cəmiyyəti Daxili Partiya və Kənar Partiya üzvlərindən, habelə həqarətlə prol adlandırılan proletariatdan-yoxsul təbəqədən ibarətdir. Piramidanın zirvəsində dayanan, dar oliqarxik dairədə birləşərək hakimiyyətin bütün qollarını nəzarət altında saxlayan Daxili Partiya əhalinin 2 faizini, əsas işi onun məqsədlərinə dilsiz-ağızsız və kor-koranə xidmətdən ibarət olan Kənar Partiya 13 faizini, müasir kölələr olan prollar isə 85 faizini təşkil edirlər. Kənar Partiyanın az qala dilənçi vəziyyətində yaşayan üzvlərindən fərqli olaraq Daxili Partiya mənsublarının həyatları yüksək standartlara uyğun şəkildə təmin edilir. Onlar gözəl mənzillərdə yaşayır, az tapılan ərzaqlarla təmin olunurlar. Ölkənin sərvətləri üzərində nəzarət bütünlüklə Daxili Partiyanın əlində cəmlənmişdir. Okeaniyada ölkənin şəriksiz lideri olan Böyük Qardaşın (Big Brother) kultu hakimdir. Vladimir Mayakovskinin “Partiya ilə Lenin, İki qardaşdır əkiz”misraları eyni ilə Böyük Qardaşa da aid edilə bilər. Çünki o da partiya ilə eyniləşib, partiyanın təcəssümünə çevrilib.

Okeaniya dövlətçiliyinin tarixi Böyük Qardaşla başlayır. Qazanılan bütün uğurların müəllifi və səbəbkarı Böyük Qardaşdır. Bütün küçə və meydanlar, idarə və müəssisələr, hətta yaşayış evləri onun portretləri ilə bəzədilmişdir. Şəhərin bir neçə yerində nəhəng heykəlləri ucaldılmışdır. Sakinlər ayaq basdıqları hər yerdə Böyük Qardaşın sərt və sınayıcı nəzərlərini öz üzərlərində hiss edirlər. “Böyük Qardaş sənə baxır!”- Okeaniya əhalisini daim təqib edən əsas fikir budur! Əslində yalnız əsərdə adı çəkilən, özü isə heç bir konkret epizodda görünməyən Böyük Qardaş öz vətəndaşlarını amansız nəzarət altında saxlayan, daim təqib edən dövlət başçılarının ümumiləşdirilmiş obrazına çevrilmişdir. 1998-ci ildə dövlət, yaxud şirkət tərəfindən vətəndaş hüquqlarının kobud şəkildə pozulmasına görə “Böyük Qardaş mükafatı” təsis edilmişdir.

Hakimiyyət dörd əsas nazirliyin əlində cəmlənmişdir. Bunlar Sülh Nazirliyi (Ministry of Peace), Həqiqət Nazirliyi (Ministry of Truth), Sevgi Nazirliyi (Ministry of Love) və Rifah Nazirliyindən (Ministry of Plenty) ibarətdir. Nazirliklərin adları ilə funksiyaları arasında diametral əkslik mövcuddur. Belə ki, Sülh Nazirliyi münaribə məsələləri ilə, Həqiqət Nazirliyi yalan və tarixin saxtalaşdırılması ilə, Sevgi Nazirliyi ictimai asayişin təmin edilməsi və yad fikirlilərin təqib olunması ilə, Rifah Nazirliyi son dərəcə məhdud resursların bölüşdürülməsi ilə məşğuldur. Bir sıra tədqiqatçıların fikrincə, romanın əsas qəhrəmanları Uinston Smitlə Culiyanın çalışdıqları Həqiqət Nazirliyinin prototipi bir zamanlar Corc Oruellin özünün əməkdaşı olduğu Böyük Britaniya İnformasiya Nazirliyi idi.

Ölkə əhalisi, əsasən də Daxili və Kənar Partiya üzvləri üzərində total nəzarət teleekran (Telescreen) vasitəsi ilə həyata keçirilir. O, hər yerdə-mənzillərdə, idarələrdə, əsas və küçə və meydanlarda quraşdırılmış bir kanallı televiziya və videokameradan ibarətdir. Televiziya bütün gün ərzində təbliğati verilişlər, yaxud bəsit şoular göstərir. Videokameranın fasiləsiz çəkilişləri nəticəsində isə ölkə sakinlərinin sifətlərinin ifadəsindən tutmuş danışıqlarına qədər hər şeyi izləmək, yaddaşa köçürmək və lazımi məqamda fakt kimi istifadə etmək mümkündür. Prollar (proletariat) öz hüquqsuzluq və miskinlikləri ilə mövcud quruluş üçün təhlükə yaratmadıqlarından onların mənzillərində teleekran quraşdırılmır. Daxili Partiya üzvləri teleekranı gün ərzində yarım saat söndürmək hüququna malikdir. Okeaniyanın dövlət ideologiyası ingilis sosializmidir (English Socialism). Lakin onun klassik sosializm anlayışına heç bir dəxli yoxdur. Marksizm və elmi kommunizmin əsas prinsipıəri Rusiyada təhrifə uğradığı kimi sosializm də totalitar rejim şəraitində özünün ilkin mahiyyətini tamamilə itirmişdir. İdeologiyanın, dövlət idarəçiliyinin, bütünlükdə siyasi təfəkkürün başlıca prinsipi ikifikirlilikdir (Doublethink). İkifikirlilik bir-birini qarşılıqlı şəkildə istisna edən iki əks fikrə eyni zamanda inanmaq, yaxud ideoloji zərurət yarandığı anda ağın qara, qaranın isə ağ olduğunu sübuta yetirmək bacarığıdır. Partiyanın “Müharibə-sülhdür”, “Azadlıq-köləlikdir”, “Cəhalət qüvvədir” kimi əsas şüarları da bu prinsip əsasında formalaşdırılmışdır. İkifikirlilik utanmadan, həyasız şəkildə yalan danışmaq, az əvvəl dediyin fikri yerli-dibli inkar etmək, verdiyin vədlərə çox asanlıqla arxa çevirmək, bir sözlə, əxlaqi meyar və prinsiplərə heç bir əhəmiyyət vermədən situasiyaya uyğunlaşmaq və onu öz xeyrinə dəyişdirmək bacarığıdır. Totalitar rejim Ondərlərinin mütləq əksəriyyəti üçün səciyyəvi olan bu cəhəti Corc Oruell romanında yüksək bədii və fəlsəfi inandırıcılıqla əsaslandıra bilmişdir.

Okeaniyada ən ciddi təqib olunan və sərt cəzalandırılan cinayət fikir cinayətidir (Thoughtcrime). Burada söhbət hər hansı cinayət əməlinin törədilməsindən deyil, sadəcə onun haqqında düşünməkdən gedir. Məsələn, əgər partiya üzvü Böyük Qardaş haqqında xoşagəlməz bir şey fikirləşirsə, artıq cinayətə yol vermiş olur. Ona görə də partiya gələcək perspektivdə qarşısına ümumiyyətlə fikirləşməyin özünü aradan qaldırmaq məqsədi qoymuşdur. Romanın intellektual personajlarından biri olan Saymın dediyi kimi, “fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq-şüursuz olmaq deməkdir”.

 Fikir cinayətlərinin aşkara çıxarılması Fikir Polisinin (Thought Police) səlahiyyətinə daxildir. Lakin Fikir Polisi günahkarları sadəcə cəzalandırmaqla kifayətlənmir. Hər şeydən əvvəl “cinayətkara” səhv yolda olduğu başa salınır. Yalnız törədilmiş “cinayətin” səmimi etirafından sonra “cani” edam kürsüsünə göndərilir. Qeyri-səmimilik göstərənlər üzərində “iş” isə onlar tam kondisiyaya yetişənə qədər davam etdirilir. Nəticədə “fikir cinayətkarları” partiyanın prinsiplərini ürəkdən qəbul edir və özləri özlərinə edam cəzası istəyirdilər. Bəzilərini isə hətta “səhvlərini başa düşmək” və könüllü şəkildə edam kürsüsünə qayıtmaq üçün müvəqqəti azadlığa da buraxırdılar. Beləliklə, sistem sadəcə tövbə yolu tutmayan “fikir cinayətkarlarından” intiqam almırdı, onları öz inancları ilə birlikdə məhv edirdi.

Nəhayət, Okeaniyanın dövlət siyasətində mühüm tərəflərindən biri də yeni dildir (Newspeak). Yeni dil “sözdə ifadəsi olmayanı əməldə də törətmək mümkün deyildir” prinsipi əsasında işlənib hazırlanır. Romanda artıq XI nəşri haqqında söz açılan Yeni dil lüğətinin əsas məqsədi fikrin hüdudlarını mümkün qədər daraltmaqdır. Ona görə də yeni dil mütəxəssisləri mövcud ideologiyaya yad olan fikir və anlayışları luğətdən çıxarmaq üçün dildə aramsız ixtisarlar aparırlar. Hər bir ixtisar uğur sayılır, çünki sözlər nə qədər azalırsa, fikirləşmək imkanları da bir o qədər minimuma enir. Yeni dilin başqa bir strateji məqsədi isə fikir cinayətlərinin qarşısına sipər çəkməkdir. Yuxarıda xatırlatdığım Saymın dediyi kimi, “cinayətkar fikirləri ifadə etmək üçün dildə sadəcə olaraq heç bir söz qalmayacaq”. Qalan sözlər isə yalnız Böyük Qardaşın və partiyanın vəsfinə xidmək edəcəkdir. Beləliklə, insan totalitar rejim üçün ən yararlı vəziyyətə-mağara təfəkkürü səviyyəsinə qayıdacaqdır.

Artıq yuxarıda qeyd etdiyim kimi, romanın əsas qəhrəmanı Həqiqət Nazirliyində çalışan Uinston Smitdir. Bütün fəaliyyəti keçmişin məhvinə, tarixin dəyişdirilməsinə yönələn bu Nazirlikdə həqiqət axtaran yeganə insan bəlkə də Uinstondur. O, Kənar Partiyanın üzvüdür. “Böyük təmizləmə” dövründə valideynlərinin hər ikisini itirib. Qatı partiya təəssübkeşi olan, intim qadın-kişi münasibətləri haqqında da şüarlarla danışan xanımından ayrılıb. Koridor sistemli, bir otaqlı mənzildə yaşayır. Ətrafı bürümüş yoxsulluq və səfalət ondan da yan keçməmişdir. Pis geyinir, pis qidalanır, daim ehtiyac içərisində çırpınır. Eyni zamanda yaşayışın günü-gündən yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi haqqında gecə-gündüz teleekrandan axıb gələn nağılları dinləməli olur. Uinston yalanın, saxtakarlığın, yaltaqlıq və riyakarlığın sarmaşıq kimi cəmiyyət həyatının bütün sahələrini bürüdüyünü görür. Təbii ki, birbaşa Böyük Qardaşın özünə gedib çıxan bütün bu bəlalara qarşı mübarizədə isə o, tənha və köməksizdir.

 Əslində, Uinston hər hansı mübarizə haqqında da fikirləşmir. Bu, Don Kixotun yel dəyirmanları ilə vuruşmasından da ağılsız və nəticəsiz, sonu labüd ölümlə bitən bir addım olardı. Uinston sadə bir suala cavab axtarır. Bilmək istəyir ki, insanların həyatı həmişəmi çağdaş Okeaniya cəmiyyətindəki kimi miskin və fərəhsiz olub? Həmişəmi cəmiyyət indiki kimi bütün dəyərlərə arxa çevirərək yaddaşsız, keçmişsiz və gələcəksiz yaşayıb? Partiyanın insanların həyatını kökündən dəyişdirməsi ilə bağlı deyilənlər həqiqətə nə dərəcədə uyğundur? Partiyaya qarşı mübarizə aparan gizli Qardaşlıq cəmiyyəti həqiqətəndəmi mövcuddur? Çıxış yolu varmı?

 Suallarına cavab almaq üçün Uinston heç bir mənbəyə üz tuta bilmir. Çünki özünün də fəal iştirakı ilə keçmiş aramsız olaraq məhv edilir. Romanda deyildiyi kimi, “Bütün sənədlər ya saxtalaşdırılıb, yaxud da məhv edilib. Bütün kitablar yenidən yazılıb. Şəkillər yenidən çəkilib. Heykəllər, küçə və meydan adları dəyişdirilib. Və bu proses fasiləsiz davam edir. Tarix artıq dayanıb. Partiyanın daim haqlı olduğu əbədi indiki zamandan başqa heç bir zaman mövcud deyil”.

Uinston heç olmazsa öz tarixini və öz həqiqətlərini yaşatmaq üçün gündəlik yazmaq qərarına gəlir. Lakin tezliklə bunun da əslində labüd məhvə aparan zəif və məqsədsiz özünütəsəllidən başqa bir şey olmadığını anlayır. Uinston Kənar Partiyada və prollar arasında hələ də yaşamaqda olan tarixin tək-tük canlı şahidləri ilə ünsiyyət qurmaq, keçmiş haqqında indiki kitablarda yazılanlarla onların xatirələrini, canlı şahidliklərini tutuşdurmaq istəyir. Lakin bu adamların da artıq yaddaşsızlıq xəstəliyinə tutulduqlarının şahidi olur.

 Özü kimi Həqiqət Nazirliyinin Ədəbiyyat Departamentində çalışan Culiya ilə tanışlıqdan sonra Uinstonun həyatı dəyişir. Onlar teleekranların yumulmayan gözü, gizli mikrafonların qapanmayan qulağı qarşısında tam gizli şəkildə də olsa, yeni və fərqli bir həyat yaşamağa çalışırlar. Yalnız ikisinə aid fikirləri, hərəkətləri ilə etirazlarını ifadə etməyə çalışırlar. Bunun bir stəkan suda fırtına qoparmaqdan və özünü labüd ölümə sürükləməkdən başqa bir şey olmadığını bilsələr də, fərqli yaşam tərzinə şirniklənirlər. Nəticədə ikisi də Fikir Polisinin əlinə düşür.

Fikir Polisi yalnız fərqli düşüncələri ilə partiyaya qarşı çıxan Uinstonla Culiyanı sadəcə edam etməklə kifayətlənmir. Daxili Partiyanın üzvü, Uinstonun xəyalən özlərinə gizli həmfikir saydıqları O`Brayenin rəhbərliyi altında aparılan müdhiş, ən başlıcası isə elmi-psixoloji əsaslara söykənən istintaq-işgəncə prosesi nəticəsində onlar Sevgi Nazirliyinin hamının canına qorxu salan binasını tamamilə dəyişmiş halda, artıq Böyük Qardaşa məhəbbət hissi ilə tərk edirlər. İkisi də Çingiz Aytmatovun məşhur manqurtuna çevrilirlər. Bütün inancları və hissləri öldürülür, sonradan öz xoşları ilə edam kürsüsünə qayıtmaları üçün ruhsuz, hissiz, cansız müqəvvəalar kimi hələ bir müddət də yaşamalarına icazə verilir.

Julia ilə Uinstonun təmiz hisslərdən qaynaqlanan münasibətləri faciə və tam yadlaşma ilə başa çatır. Partiyanın qəddar cəza maşını yeganə istəkləri yalnız özlərinə məxsus kiçik dünyada sadə, yalan və riyakarlıqdan uzaq ömür yaşamaq istəyən bu iki insanı yadlaşdırır, dəhşətli qarşılıqlı laqeydlik və nifrət həddinə çatdırır. Bu mənada Corc Oruellin romanı təkcə siyasi antiutopiya deyil, həm də sözün həqiqi mənasında dünyanın kədərli məhəbbət romanlarından biri sayıla bilə.

Yuxarıda “1984” adının özündə hansısa simvolik, magik bir məna daşıdığını qeyd etmişdim. Sonralar bu adi tarix kommunist ideologiyası ilə mübarizənin simvoluna çevrildi. Vaxtı ilə SSRİ-dən qovulmuş sovet dissidenti Andrey Amalrikin Qərbdə populyar olan kitabını “Sovet İttifaqı 1984-cü ilə qədər mövcud olacaqmı?” adlandırmasının özündə də müəyyən mistika elementləri yox deyildir. Həqiqətən də, Konstantin Çernenkonun gülünc hakimiyyəti ilə yaddaşlara köçən 1984-cü il keçmiş SSRİ üçün sonun başlanğıcına çevrilən il sayıla bilər. Sovet ideoloqları o qədər də ağılsız adam deyildilər. Bu romanın partiya və quruluş üçün, bütünlükdə insana nifrətə, zora, yalana, saxtakarlıq və məddahlığa əsaslanan hakimiyyət üçün necə ciddi təhlükə mənbəyi olduğunun yaxşı başa düşürdülər. Ona görə də Corc Oruellin romanı keçmiş SSRİ-də və sosializm sistemi ölkələrində qadağan olunmuşdu. Uzun illər boyu Qərbin solçu dairələri də bu əsəri fəal şəkildə baykot edirdilər. Lakin zaman keçdikcə, “1984”-ün həm Stalin tərəfindən bayağılaşdırılmış kommunizm ideyalarına, həm də vəhşi Qərb kapitalizminə eyni dərəcədə zərbə olduğu fikri daha çox vətəndaşlıq qazanmağa başlamışdı. Maraqlıdır ki, “1984”ün rus dilinə ilk rəsmi tərcüməsi yalnız “aşkarlıq epoxasının” başlanması ilə mümkün olmuşdur. Amma o da maraqlıdır ki, hətta aşkarlıq və yenidənqurma dövründə də roman birdən-birə mərkəzə yol tapa bilməmiş, Moldovada rus dilində nəşr edilən “Kodrı” məcmuəsinin 1988-ci il saylarında işıq üzü görmüşdü. (Eyni ilə yazıçının digər bir məşhur əsəri- “Heyvanıstan” romanı da ilk dəfə həmin ildə Latviyadakı rusdilli “Rodnik” məcmuəsində çap olunmuşdu). Lakin bundan təxminən 30 il əvvəl, 1959-cu ildə isə əsər yalnız məhdud sayda oxucular üçün rus dilinə tərcümə olunaraq “məxfi” qrifi ilə çap edilmişdi Keçmiş Sov.İKP MK-nın İdeologiya şöbəsinin tövsiyəsi və rəhbərliyi altında hazırlanan həmin nəşr Corc Oruellin öz təbiri ilə deyilərsə, yalnız Daxili Partiya üzvləri-mərkəzi orqanların məsul əməkdaşları üçün nəzərdə tutulmuşdu. Bir müddət sonra bu tərcümə “samizdata”da yol tapa bilmişdi. 1962-ci ildə isə yenə də İdeologiya şöbəsinin sifarişi ilə rus dilində başqa bir qapalı nəşr-ingilis ədəbiyyatşünası Riçard Ruenin “Corc Oruell. Qaliblər düşərgəsindən qaçan adam” kitabı işıq üzü görmüşdü. Hər iki nəşr sovet ideoloqlarını Qərbdə get-gedə daha geniş yayılmaqda və özünə çoxsaylı pərəstişkarlar toplamaqda olan Oruell yaradıcılığına qarşı mübarizədə səfərbər etmək məqsədi daşıyırdı. Ötən əsrin otuzuncu illərində sovet ideologiyası Oruellin simasında öz müttəfiqlərindən birini görür, hətta onunla əməkdaşlığa can atırdı. Lakin İspaniyadakı vətəndaş müharibəsindən sonra yazıçının Sovet İttifaqlna və kommunist ideologiyasına sərt mənfi münasibəti körpülərin yandırılması ilə nəticələndi. Oruell mümkün müttəfiqdən qatı düşmənə çevrildi. Yenə də Sov.İKP MK İdeologiya şöbəsində ingilis yazıçısı haqqında hazırlanmış məxfi arayışda deyilirdi: “Corc Oruell mahiyyət etibarı ilə sovet cəmiyyətinə satira olan “Heyvanıstan” və “1984” romanları ilə şöhrət qazanmışdır. Təsadüfi deyildir ki, “1984” burjua müəlliflərinin, antisovet təbliğatı aparan görkəmli siyasət və dövlət xadimlərinin, iqtisadçıların, filosofların, jurnalistlərin masaüstü kitabına çevrilmişdir”. Qadağa bu əsərlərə və Oruell şəxsiyyətinə marağın daha da artmasına səbəb olmuşdu.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ana dilimizdə çapı nəzərdə tutulan 150 cildlik dünya ədəbiyyatı nümunələri sırasına Corc Oruellin seçilmiş əsərləri də daxil edilmişdir. Müəllifin proqram mahiyyətli yaradıcılıq nümunələrindən biri - “Animal farm”-“Heyvanıstan” romanı iki il bundan əvvəl mənim orijinaldan tərcüməmdə “Azərbaycan” jurnalında dərc edilmişdir. Təvazökarlıqdan uzaq olsa da, kitaba qarşı soyuq və laqeyd münasibətin hökm sürdüyü cəmiyyətimizdə bu əsərin oxucular, ilk növbədə isə gənclər arasında müəyyən əks-səda doğurduğunu məmnunluq hissi ilə qeyd etmək istərdim. Tərcümənin tam şəkildə bir sıra saytlara yerləşdirilməsi, habelə ayrı-ayrı bloqlarda geniş müzakirəyə çıxarılması bunun əyani sübutu sayıla bilər.

Artıq Corc Oruellin əsas əsərini – “1984”ü də ingilis dilindən azərbaycancaya çevirmişəm. Ümidvaram ki, roman tezliklə 150 cildlik dünya ədəbiyyatı kitabxanası seriyasında çap olunacaq və çağdaş Azərbaycan oxu mədəniyyətində öz layiqli yerini tutacaq. Bir mütərcim kimi mənim üçün xüsusi ilə əlamətdardır ki, Azərbaycan dilinə tərcümə bütünlükdə məşhur romanın türk dillərinə ilk tərcüməsi olacaqdır. Çünki hazırda yalnız “1984”ün Türkiyə türkcəsinə tərcüməsi üzərində iş gedir.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.8-9.