Azərbaycandakı 7 muzeyin veb-saytının təqdimatı olub

 

“YENİ EKSPONATLARIN ALINMASI İLƏ BAĞLI GÖRÜLƏN İŞLƏR YETƏRLİ DEYİL”

 

Ötən gün Muzey Mərkəzində Azərbaycanda fəaliyyət göstərən yeddi muzeyin veb-saytının təqdimat mərasimi keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə hazırlanan veb-saytlar (Heydər Əliyev adına Muzey - www.muzey-park.az , Cəfər Cabbarlının Ev Muzeyi - www.cabbarli.az , Cəlil Məmmədquluzadənin Ev Muzeyi - www.memmedquluzade.az , Əzim Əzimzadənin Ev Muzeyi - www.ezimzade.az , Nəriman Nərimanovun xatirə muzeyi - www.nerimanov.az , Məmməd Səid Ordubadinin xatirə muzeyi - www.ordubadi.az , Azərbaycan Dövlət Din Tarixi muzeyi - www.dintarixi.az) haqqında ətraflı məlumat verilib. Saytlarda muzeylərin fəaliyyəti ilə bağlı geniş məlumatlar, fotolar, maraqlı video lentləri yerləşdirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hazırlanan veb-saytları yüksək dəyərləndirdiyini qeyd edib və bu işin davamını arzulayıb: “Bu, çox təqdirəlayiq bir işdir. Ancaq muzeylərimizin işini bununla yekunlaşdırmaq olmaz. Bugünkü durum elədir ki, muzeylərimiz fəaliyyətləri ilə öz maliyyə durumlarını həll edə bilmirlər. Muzeylərə baxmağa çox az insan gəlir və bu da az biletin satılmasına gətirib çıxarır. Ümid edirik ki, bu saytların yaradılması problemi qismən də olsa aradan qaldıracaq”. Nazir muzeylərə yeni eksponatların alınmasının da bu gün üçün vacib məsələlərdən olduğunu vurğulayıb: “Bu problem son bir neçə ildə qismən həll olunsa da, görülən iş yetərli deyil. Eləcə də hər muzeyin özünəməxsus suveniri hazırlanmalıdır”. Nazir çıxışında həmçinin Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən İçərişəhərin, Muğamın, Qobustanın, Aşıq sənətinin və Novruz bayramının UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi Azərbaycan üçün çox böyük uğur olduğunu nəzərə çatdırıb: “Əgər bir neçə il əvvəl ancaq İçərişəhər bu siyahıya daxil edilmişdisə, bu gün artıq siyahı genişlənib. Sözsüz ki, bu iş dayandırılmayacaq, siyahının daha da uzanmasına çalışacağıq”.

Nazirin fikrincə, bu gün aşıq sənətinin geniş yayıldığı Qazax, Gədəbəy, Ağstafanın bu sənətin təqdimatına tam hazır olması sual altındadır: “Aşıq sənəti artıq UNESCO-nun Mədəni İrs Siyahısına salınıb. Sözsüz ki, bundan sonra bu sənətə maraq daha da artacaq. Ancaq bu gün aşıq sənətinin daha çox yayıldığı zonalar bu sənəti daha yüksək şəkildə göstərməyə hazırdırmı? Bu suala müsbət cavab verilməsi üçün fəaliyyət genişləndirilməlidir”.

Ə.Qarayev çıxışında həmçinin oktyabrın 13-dən Bakıda start götürəcək İslam ölkələri mədəniyyət nazirlərinin toplantısında bir sıra vacib məsələlərin müzakirə olunacağını bildirib. Nazirin sözlərinə görə, həmin məsələlər arasında Azərbaycanın işğal altında olan torpaqlarında dağıdılmış mədəni-tarixi abidələr haqqında da danışılacaq.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 13 oktyabr.- S.7.