Efir məkanı şou-biznesin yaratdığı
mənəvi böhrandan
qurtulmalıdır
Bəşər cəmiyyəti inkişafın
elə yüksək sosiomədəni mərhələsinə
adlayıb ki, bu gün müasir
dövlətin və ya xalqın inkişafını informasiyasız
təsəvvür etmək
çətindir. Tarixən çox
dəyərli əmtəə,
qiymətli sərvət
sayılan informasiya müasir qloballaşma dövründə sivil toplumun mütərəqqi
inkişafının ən
vacib ünsürlərindən
birinə çevrilir.
İctimai həyatın
bütün sahələri
üzrə operativ məlumatların “qəbulu”
müasir insan cəmiyyətinin
zəruri mənəvi-fizioloji və sosial tələbatlarından
biri kimi özünü göstərir.
Bütün dünyada elektron
kütləvi informasiya
vasitələrinin - internet
şəbəkəsinin, ənənəvi
və rəqəmsal radio-televiziya sistemlərinin,
eləcə də digər interaktiv audiovizual vasitələrin
sürətli inkişafı
“informasiya seli”nin insanın taleyində, onun yaşam tərzində mühüm rol oynadığını bir
daha qabarıq göstərir. İctimai fikrə təsir imkanları baxımından
televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən
daha yüksəkdə
dayanır. Televiziya və radio hər
evə, ailəyə daxil olub, insanların
gündəlik həyatının
ayrılmaz tərkib hissəsinə çevrilib.
Bəs, bu gün ictimai
rəyə daha geniş təsir imkanlarına malik teleradio şirkətləri
cəmiyyət qarşısındakı
sosial öhdəliklərinin,
peşə davranışı
xüsusiyyətlərindən doğan vəzifələrin,
nəhayət, milli qanunvericilikdən irəli
gələn tələblərin
öhdəsindən hansı
səviyyədə gəlirlər?
Azərbaycanın efir məkanının
ürəkaçan olmayan müasir reallıqları fonunda bu
ritorik sualları da birmənalı cavablandırmaq çətindir.
Ölkədəki demokratik və liberal şəraitin nəticəsi
kimi son 10 ildə yaranmış özəl televiziya və
radio kanalları bu gün proqram siyasəti ilə bağlı
dərin böhran keçirir, üstəlik bu böhranın
özünü qabarıq göstərən mənəvi təzahürlərini
cəmiyyətə ötürür, özləri də fərqinə
varmadan mənəvi aşınma, milli-mənəvi, dini,
mental dəyərlərdən uzaqlaşma kimi neqativ prosesin
vaçitəçilərinə çevriliblər. Cəmiyyətin
yüksək milli ideallar uğrunda səfərbər edilməsində,
xalqın özünəməxsusluğunu şərtləndirən
dəyərlərin gənc nəslə aşılanmasında,
yüksək bədii-estetik zövqün, musiqi duyumunun
formalaşmasında, insanların maariflənməsində,
obyektiv informasiya təminatında həlledici rol oynamalı
olan televiziyaların əksəriyyətində bu gün tamam
fərqli mənzərə hökm sürür. Bir vaxtlar
jurnalist tədqiqatları, sənədli filmləri, müəllif
proqramları, analitik, maarifləndirici verilişləri ilə
böyük nüfuz qazanmış Azərbaycan
televiziyalarının bu gün bütün mahiyyəti ilə
primitiv tamaşaçı zövqünə (əslində
zövqsüzlüyünə) hesablanan
“şou-qalmaqallar”ının, ikrah hissi doğuran səviyyəsiz
“maqazin” proqramlarının ümidinə qalması, ciddi
maarifləndirici mövzulardan uzaqlaşması doğrudan da
acınacaqlı mənzərədir. Əlbəttə, bazar
münasibətləri şəraitində müəyyən
telekanalların sırf kommersiya maraqları baxımından
çox sayda şou-proqramlara yer verməsi ilk baxışda bəlkə
də təbii görünə bilər. Əslində,
telekanalların fəaliyyəti ilə bağlı hər
zaman aktual olan ictimai müzakirələrdə
“şoularsız televiziya” tezisinə heç vaxt rast gəlinmir.
Müasir televiziyada şou verilişlərinin olması tamamilə
təbiidir. Narahatlığın kökündə, əslində,
bu verilişlərin efir vaxtının böyük bir qismini zəbt
etməsi, ümumi səviyyə baxımından
aşağı olması, qalmaqal yaratmaq məramı ruhunda
köklənməsi, kütləvi tamaşaçı
zövqünü korlaması, ən başlıcası, milli-mənəvi,
əxlaqi-etik dəyərlərlə bir araya
sığmamasıdır. Kommersiya maraqlarına hesablanan bu
bayağı və primitiv verilişlərin sayının
getdikcə artması cəmiyyətin mütərəqqi
inkişaf harmoniyasına zərbə vurur, mənəvi-əxlaqi
dəyərlərin deqredasiyası prosesini sürətləndirir,
gənc nəsildə yüngül həyat tərzinə
marağı artırır.
Acınacaqlı hal
burasındadır ki, bir vaxtlar cəmiyyətin qətiyyən
qəbul etmədiyi yabançı davranış,
düşüncə, geyim tərzi, bir sözlə, xalqın
tarixən formalaşmış mental dəyərləri ilə
bir araya sığmayan kosmopolit dəyərlər tədricən
cəmiyyət üçün adiləşdirilir. Konservativ
ruhlu orta və yaşlı nəsildə neqativ təzahürlərə
qarşı müqavimət gücü nisbətən möhkəm
olsa da, uşaq və yeniyetmələr, eləcə də gənclər
zaman keçdikcə telekanalların ictimai şüura sırıdığı
bu “yeniliklər”ə tədricən uyğunlaşmağa
başlayırlar. Bu gün Azərbaycan telekanallarının gənc
və yeniyetmə tamaşaçılarının
timsalında milli kökdən, düşüncə tərzindən
və psixologiyadan, adət-ənənələrdən
uzaqlaşan bir nəsil yetişdirilməsi istiqamətindəki
“fəaliyyətləri” böyük təhlükədən xəbər
verir. Çoxlarının o qədər də ciddiliklə fərqinə
varmadığı bu proses, əslində, xalqın genefonduna,
milli “Mən”inə, özünəməxsusluğuna
tuşlanan silaha bənzəyir.
Ulu öndər Heydər Əliyevin
böyük müdrikliklə müəyyənləşdirdiyi
azərbaycançılıq ideologiyası milli-mənəvi,
əxlaqi dəyərlərə bağlı azərbaycanlı
obrazı yaratmağa xidmət etdiyi halda, telekanallarda bu prosesin
sanki əksinə yönəlmiş dağıdıcı
dalğaya rast gəlirik. Telekanalların daha çox gəlir əldə
etmək, qazanmaq niyyəti əgər cəmiyyətin
sağlam düşüncə tərzinə, mənəvi
ovqatına, gənc nəslin psixologiyasına, ümumən mənəvi
idealların ucuzlaşmasına gətirib
çıxarırsa, buna heç bir halda haqq qazandırmaq
olmaz. Bu günlərdə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “Azərbaycan” qəzetində işıq üzü
görmüş “Azərbaycanın efir məkanı: problemlər
və vəzifələr” məqaləsi respublikamızın
efir məkanın müasir problemlərini, üstün və
qüsurlu cəhətlərini açıb göstərməklə
yanaşı, aktuallığı, peşəkar və obyektiv
yanaşma tərzi, analitik təhlili ilə cəmiyyətdə
müsbət rezonans, əks-səda doğurub. Telekanallardan cəmiyyətə
sırınan mənəvi ucuzlaşmaya, yeknəsəkliyə,
milli olmayan düşüncə və həyat tərzinə əsl
vətəndaş, ziyalı və peşəkar filosof kimi münasibətini
ifadə edən akademik Ramiz Mehdiyev dərin araşdırma və
təhlilə əsaslanan bu məqaləsində həm də
yaranmış vəziyyətdən çıxış
yollarını göstərmişdir.
Azərbaycan telekanallarının
müasir acınacaqlı durumunu kifayət qədər
dolğun, obyektiv və peşəkarlıqla canlandıran
görkəmli akademik ümumən cəmiyyəti narahat edən
neqativ təzahürlərə də kəskin iradını
ifadə edib. Məqalədə kifayət qədər peşəkarlıqla
diqqətə çəkilən məsələləri
televiziya kanallarının problemlərinə elmi-konseptual
baxış kimi də dəyərləndirmək olar.
Akademik “Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr” məqaləsində
ölkə televiziyalarının milli-mənəvi dəyərlərin
təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin
müzakirəsi, vətənpərvərlik, uşaqların və
yeniyetmələrin intellektual inkişafı ilə
bağlı verilişləri təqdir etməklə
yanaşı, efir məkanında aşağı səviyyəli,
keyfiyyətsiz əyləncə və şou-biznes verilişlərinin
çəkisinin artmasını haqlı olaraq ictimai
narahatlıq doğuran məsələ kimi səciyyələndirir.
Məqalədə bu neqativ prosesi doğuran obyektiv və
subyektiv səbəblər də təhlil süzgəcindən
keçirilmiş, yaranmış vəziyyətin dolğun mənzərəsi
verilmişdir: “Son illər dünyada kinoindustriya,
şou-biznesin güclü inkişafı telekanalların
proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes
sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar.
Televiziya kanalları həmin təbəqəni cəlb etmək
üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və
müğənnilər, şou-biznes nümayəndələrinin
də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə,
daha çox reklam olunmağa ehtiyacları var. Deməli,
qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq
açmasına və daha çox efir vaxtı zəbt etməsinə
şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq
nümayəndələri ilə yanaşı, istedadsız,
lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi
ehtiyacı olan şəxslər teleefirə can atır və
onların bir qismi müxtəlif vasitələrlə istəklərinə
nail olurlar. Təbii istedadları, peşəkarlığı
olmayan belə şəxslər daha çox
bayağılıq, açıq-saçıq
danışıq və geyim tərzi ilə özlərini
tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan
telekanallarında özünü qabarıq şəkildə
büruzə verən problemlərdən biridir. Nəticə
etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz
şou-biznes verilişlərinin sayı artır”. Akademik Ramiz
Mehdiyev Milli Televiziya və Radio Şurasının
apardığı həftəlik monitorinqin nəticələrinə
istinadən telekanallarda şou-xarakterli verilişlərin faiz
nisbəti ilə artdığını da narazılıqla
qeyd edir: “Milli Televiziya və Radio Şurasının
telekanallarda apardığı həftəlik monitorinqin nəticələri
göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni (“Xeyir ola”,
“Çal-çağır şou”, “Yağ kimi”, “10-lar”,
“Perfomans”, “106 house”, “Tam sərbəst-solo”, “ATV maqazin”, “Kim
kimdir”, “Yeni ulduz” verilişləri), “Lider” telekanalı 16,4%-ni
(“Maşın şou”, “Qızıl pillə”, “Kim, harada, necə”,
“Cavaba sual var”, “Solo”, “Dostum”, “Ən” verilişləri), “Xəzər”
telekanalı 12%-ni (“Nar star”, “Ulduzlu xəzər”, “Mix şou”,
“Ay Zaur” verilişləri), “ANS” telekanalı 11,3%-ni (“Günəbaxan”,
“Çərşənbə axşamları Tural ilə”, “El
bilir ki”, “Toylar kraliçası” verilişləri), “Space”
telekanalı isə 8%-ni (“Bazar”, “Bazar+”, “Komedi-şou”, “Azəri
star” verilişləri) şou-biznes verilişlərinə həsr
edir. Göründüyü kimi, ATV kanalında şou-biznes
verilişlərinin faizi daha çoxdur”. Ailə-məişət
mövzularından uzağa getməyən, dedi-qodulara, vulqar
söhbətlərə geniş yer verən bəzi şou
proqramların qonaqlarının əksəriyyətinin
şou-biznes nümayəndələri olması da tamamilə
başadüşüləndir. Doğrudur, həmin
verilişlərə qonaqların hansı prinsiplərlə dəvət
olunmasının görünməyən tərəfləri də
var. Ümumən isə, istedadı, səsi, ifa tərzi,
yüksək daxili mədəniyyəti ilə deyil, milli-mənəvi
və əxlaqi dəyərlərlə uzlaşmayan
bayağı, şit hərəkətləri, cəmiyyətə
açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu
davranış tərzi, vulqar leksikonu, intellektual kasadlığı,
qalmaqal yaratmaq “məharəti” ilə seçilən
şou-biznes nümayəndələrinin efirdə
hökmranlıq etməsi bəzi əyləncəli
verilişlərin mahiyyətindən irəli gəlir. Tamaşaçı
zövqünü və dünyagörüşünü zəhərləyən
bu verilişlərin böyük əksəriyyətində nə
üçün müğənnilərin, şou-biznes
nümayəndələrinin aparıcılıq etməsinin səbəblərini
başa düşmək də çətin deyil: belələri
əxlaqi davranış və düşüncə komplekslərindən
tamamilə uzaq olmaqla, tamaşaçı rəyini nəzərə
almır, ictimai qınaq və narazılıqlardan çəkinmir.
Üstəlik, istədikləri cür danışmaqla və
yüngül hərəkətlər etməklə,
aparıcılıq etdikləri verilişi guya
populyarlaşdırmaq istəyirlər. Həmin verilişlərin
əksəriyyətində “ssenari” və məqsəd isə,
adətən, bir olur: şou-biznes nümayəndələrini
bir-birinə qarşı ittihamlara, təhqirlərə
sövq etmək, hədyanlarını efirdə nümayiş
etdirmək və bu cür cılız üsulla auditoriya
toplamaq...Ümumiyyətlə, televiziya işi ilə
birbaşa əlaqəsi olmayan təsadüfi şəxslərin
aparıcılıq etməsinə yasaq qoyulmasının, deyəsən,
vaxtı çatıb. Ən azından, bir həqiqəti dərk
etmək lazımdır ki, aparıcılıq edən
müğənni heç zaman obyektiv, vicdanlı, tərəfsiz
ola bilməz. Onlar bu və digər formada sponsorlardan, sponsor
qismində çıxış edən şirkətlərdən
asılı vəziyyətdədirlər. Üstəlik, əksər
müğənnilərin dünyagörüşü, savadı,
nitqi, səviyyəsi onlara aparıcılıq etməyə
imkan vermir.
Bu gün Azərbaycanda
telekanalların sayı o qədər çox olmasa da,
onların nümayiş etdirdiyi maqazin və şou verilişlərinin
əksəriyyəti bir-birini təkrarlayır. Bəzi
telekanallar tamaşaçı marağını cəlb etmək
üçün yeni mövzular axtarıb tapmaq əvəzinə
plagiatlığa yol verir, hətta müəllif
proqramlarının oxşarını yaratmaqdan belə çəkinmirlər.
Tanınmış şou-biznes nümayəndələrinin
yüngül, dəbdəbəli həyat tərzinə -
bahalı mənzillərinə, evlərinə, geyimlərinə
həsr olunmuş eyni ssenarili verilişləri bu baxımdan
xüsusi qeyd etmək olar. Mənzillərində, bağ evlərində
çəkilən, istedadın,
yaradıcılığın deyil, dəb-dəbəli və
harın həyat tərzinin təbliğinə yönələn
bu verilişlərdə müğənnilərin qarderobundan
tutmuş hamam əşyalarına qədər - nə varsa,
ikrahdoğurucu bir şəkildə efirdə nümayiş
olunur. Belə bir şəraitdə efir məkanında əxlaqla
əxlaqsızlıq arasında sərhədlərin
götürülməsi, televiziya və radioların “ailə
televiziyası”, “ailə radiosu” statusunu itirməsi, bir sözlə,
mənəviyyatsızlığın baş alıb getməsi
olduqca üzücü və təəssüf doğuran
haldır. Telekanalların mətbəx mövzusunda - müxtəlif
yeməklərin hazırlanması qaydalarından bəhs edən,
əksərən canlı yayımlanan verilişləri də
özünün yeknəsək məzmunu ilə
tamaşaçını sıxır. Bu verilişlərin
aparıcıları kimi, əksərən qonaqları da
kulinariya kimi məsuliyyətli bir peşənin incəliklərindən
xəbərsiz olurlar. Canlı efirdə qayğanaqdan başqa
heç bir yeməyi hazırlaya bilmədiyini etiraf edən
şou-biznes nümayəndəsinin evdar qadınlara bu sahədə
dərs keçmək istəyi isə kifayət qədər
gülünc mənzərə yaradır. Sanki bu gün bəzi
telekanallarımız maarifçilik missiyalarını yemək
reseptlərinin təqdimatı ilə bitmiş hesab edirlər.
Şou-biznesdə qazanılmış sərvətin efirdə
bu cür formada təbliğ edilməsi cəmiyyətdə
sosial çətinlikləri olan insanların
narazılığına səbəb olmaqla yanaşı, asan
yolla pul qazanmaq həvəsinə düşən müəyyən
gənclərin psixikasına da mənfi təsir göstərir.
Şou-biznesin asan yolla pul qazanmağa imkan verən,
firavanlığa aparan bir vasitə kimi ictimai şüura
sırınması da dözülməz haldır. Təəssüflər
olsun ki, bu dolayı təbliğat həyata yetkin
baxışı hələ formalaşmayan gənc nəslin
dünyagörüşündə mənfi izlər də
buraxır. Bu gün səsi oldu-olmadı, “SMS”
yarışı üzərində köklənən musiqi
müsabiqələrinə düşmək, “ulduza”
çevrilib varlanmaq eşqi ilə bəzi telekanalların
qarşısında az qala baş yaran bəzi gəncləri və
yeniyetmələri görmək doğrudan da xoşagəlməz
mənzərədir. Onların böyük əksəriyyətini
həmin verilişlərə istedadları deyil, nəyin
bahasına olursa olsun, şou-biznes nümayəndəsinə
çevrilmək istəkləri gətirib
çıxarır. Müasir qloballaşma dövründə
hər bir xalqın milli-mənəvi dəyərlərini, mədəniyyətini,
əxlaqını, dünyagörüşünü qoruyub
saxlaması son dərəcə vacib və aktualdır. Xoş
örnək, nümunə kimi xüsusi vurğulamaq olar ki,
Heydər Əliyev Fondu son beş ildə bu istiqamətdə
çox mühüm layihələri uğurla həyata
keçirir, milli mədəniyyətimizi, adət-ənənələrimizi,
düşüncə tərzimizi mənfi təsirlərdən
hifz etməyə çalışır. Fondun təşəbbüsü
ilə 2005, 2007 və 2009-cu illərdə kökü qədimlərə
gedən muğam sənətinin təbliğinə xidmət
edən musiqi müsabiqələrinin keçirilməsi, habelə
bu günlərdə milli folklorumuzun ayrılmaz hissəsi olan
aşıq musiqisinin və Novruz bayramının YUNESKO-nun
“qeyri-maddi irs” siyahısına salınması da deyilənləri
bir daha təsdiqləyir.Televiziyalarda özünü
qabarıq göstərən əsas problemlərdən biri də
bayağı, yeknəsək, yalnız çəkildiyi
ölkənin milli mentalitetinə uyğun olan, Azərbaycan
xalqının dünyagörüşü, mentaliteti, əxlaqı,
adət-ənənələri, dini inancları ilə bir araya
sığmayan, açıq-saçıq səhnələrlə
zəngin teleserialların nümayiş etdirilməsidir. Təəssüf
ki, bəzən şou-biznesdən nisbətən uzaq olan, ciddi
verilişləri ilə tanınan, cəmiyyətdə müəyyən
rəğbət qazanan telekanallar da bu mərəzdən
qurtula bilməyiblər. Səhər və axşam
saatlarında efiri Cənubi Amerika xalqlarının mentalitetini
nümayiş etdirən bu seriallarla doldurmaq həmin kanallara əsla
başucalığı gətirmir. Əminliklə demək
olar ki, bu teleseriallarların heç biri Azərbaycan gəncinin
mənəvi cəhətdən zənginləşməsinə,
kamil şəxsiyyət kimi formalaşmasına xidmət etmir.
Belə olduğu halda, yüngül
dünyagörüşünü əks etdirən həmin
filmləri xüsusi təbliğatla cəmiyyətə
nümayiş etdirməyin nə mənası var? Problem əgər
“efir setkası”nı doldumaqdırsa, daha intellektual, elmi, tarixi
sənədli filmlər nümayiş etdirmək, Azərbaycanın
zəngin mədəniyyəti, adət-ənənələri,
tarixi, ədəbiyyatı, elmi və s. haqqında maarifləndirici
filmlər hazırlamaq doğrudanmı çətindir?
Ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqının ən mühüm mənəvi
dəyərlərindən hesab etdiyi İslam dini, habelə,
İslam əxlaqı üçün təhqirlərlə
dolu olan “Klon” serialının son dövrdə telekanallar tərəfindən
dəfələrlə nümayiş etdirilməsi isə
dözülməz haldır. Əhalisinin 95 faizinin İslam
dininə sitayiş etdiyi və İslamın simvolik rənginin
dövlət bayrağında yer aldığı bir ölkədə
telekanalın bu seriala “rəğbət”ini anlamaq çətindir.
Bu hal Azərbaycan dindarlarının haqlı qəzəbinə
səbəb olur.Ümumiyyətlə, son illərdə
telekanallarda fundamental jurnalist araşdırması əsasında
hazırlanan, aktual problemlərə həsr olunan filmlər və
ya verilişlər son dərəcə azdır. Azərbaycan
telekanallarının əksəriyyətində savadlı,
yüksək intellektli, peşəkar kadrlar
çalışdığı halda, bu sahədə
yaranmış boşluğun səbəblərini izah etmək
çətindir. Əlbəttə, bu bir həqiqətdir ki,
bazar iqtisadiyyatı şəraitində belə ciddi
verilişlərə sponsorluq etmək istəyən şirkətlər
son dərəcə azlıq təşkil edir. Lakin müasir
televiziyanı bütün mahiyyəti ilə gəlir əldə
etməyə meyilli biznes strukturuna çevirmək də olmaz.
Cəmiyyətin maariflənməsinə, intellektual-mənəvi
yüksəlişinə xidmət edən proqramların, sənədli
filmlərin daxili imkanlar hesabına maliyyələşdirilməsi
daha məqsədəuyğun olar. Açıq demək
lazımdır ki, Azərbaycanın son illər əldə
etdiyi böyük iqtisadi uğurların, hüquqi dövlət,
vətəndaş cəmiyyəti quruculuğu yolunda atılan
addımların, qlobal enerji-kommunikasiya layihələrinin təbliğinə,
ictimaiyyətə tam dolğunluğu ilə
çatdırılmasına yönəlmiş verilişlərin,
sənədli filmlərin hazırlanmasına da ciddi maraq
duyulmur. Müharibə şəraitində yaşayan,
torpaqlarının 20 faizi işğal altında olan, təxminən
1 milyon vətəndaşı qaçqın və məcburi
köçkün kimi yaşayan Azərbaycanda hərbi-vətənpərvərlik
verilişlərinin də azlığı kifayət qədər
narahatlıq doğuran məqamdır. Doğrudur, indi telekanalların
əksəriyyətində hərbi xarakterli proqramlar var.
Bununla belə, gənclərin hərbi-vətənpərvərlik
ruhunda köklənməsinə, müxtəlif silahlar,
döyüş sursatı, hərbi texnika haqqında dolğun
təsəvvürünün, bilgilərinin
formalaşmasına xidmət edən verilişlərin hazırlanması
da ümumi işin xeyrinə olardı. Bundan başqa,
telekanallarda uşaq verilişlərinin sayının
çoxaldılması, dini maarifləndirmə işinin
aparılmasına xidimət edən habelə, yüksək
peşəkarlıq tələb edən analitik-siyasi
verilişlərin hazırlanması da günün aktual tələbləri
kimi meydana çıxıb. Fikrimizcə, bu baxımdan
İctimai Televiziyanın hazırladığı
proqramların əhəmiyyətini xüsusi vurğulamaq
lazımdır. Ümumiyyətlə, bu televiziyanın bir
çox verilişləri səviyyəsinə, ictimai əhəmiyyətinə,
milli-mənəvi dəyərlərə bağlı
olmasına görə fərqlənir. Televiziya və radiolarda
Azərbaycan dilinin normalarının pozulması ilə
bağlı nümunələrlə hər dəqiqə
rastlaşmaq mümkündür. Açığı, bu
gün efir məkanında özünü qabarıq göstərən
ciddi problemlərdən biri də elə məhz budur. Bu
gün televiziyalarda aparıcılıq edən gənclərin
böyük əksəriyyəti ana dilini o qədər də
səlis bilmir, tələffüz zamanı tez-tez kobud səhvlərə
yol verirlər. Bəzi kanallarda xəbərlər
proqramlarının aparıcı-diktorlarının
intonasiyasının Azərbaycan dili üçün səciyyəvi
olmadığını da dərhal sezmək olur. Sanki
başqa bir xalqın nümayəndəsi Azərbaycan dilində
danışır və tez-tez əcnəbi sözlərdən
istifadə edir. Televiziya verilişlərinin müğənni,
aktrisa, aktyor və digər qeyri-peşəkar
aparıcılarının da nitqlərində tez-tez jarqonlara,
ara sözlərinə, əcnəbi sözlərə təsadüf
olunur. Radiolarda bu baxımdan vəziyyət lap
acınacaqlıdır. Özlərini diqqət mərkəzindən,
ictimai qınaqdan kənarda qalmış kimi hiss edən radio
aparıcıları, sözün həqiqi mənasında, hədlərini
aşırlar. Onlar efirdə istədikləri kimi
danışır, ikrah doğuran səslər
çıxarır, zarafatlaşır, üstəlik efirə
qoşulan dinləyiciləri ələ salmaqdan belə çəkinmirlər.
Oların müzakirə mövzusu kimi dinləyicilərə təklif
etdiyi mövzuların böyük əksəriyyəti əxlaqi
dəyərlərlə, milli mentalitetlə bir araya
sığmır. Radionun canlı efirinə buraxılan təsadüfi
insanların söylədikləri sərsəm fikirlər,
küçə ifadələri insanı dəhşətə
gətirir. Telekanallarda yayımlanan xəbərlərin
ümumi məzmununu əks etdirən titrlərdə də Azərbaycan
dilinin normaları kobud surətdə pozulur. Bu titrlərdə
sözlərin yazılışında kobud səhvlərə,
qrammatik yanlışlıqlara yol verilir. Qaçan sətirlərlə
canlı efirə verilən xəbərlərdə də bu
cür səhvlərə tez-tez rast gəlmək
mümkündür. Fikrimizcə, telekanalların xəbər
verilişlərinə rəhbərlik edən peşəkar
jurnalistlərin bu vəziyyəti aradan qaldırmaq
üçün bir qədər diqqətli olması yetərlidir.
Son illər bəzi telekanalların milli mentalitetə və əxlaqa
vurduğu ən böyük zərbələrdən biri də
qaçan sətirlər vasitəsilə SMS-lərin
yayımlanmasıdır. Bəri başdan bildirək ki, əsasən
elan və reklam xarakteri daşıyan, gəlir əldə etməyə
hesablanan bu SMS-lərin bir saatda 12 dəqiqədən artıq
yayımlanması “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə ziddir. Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu məsələyə
də xüsusi toxunaraq yazır: “Həmin SMS-lərin məzmunu
ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr
göstərir ki, qaçan sətirlərdə günün
istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə
zidd məzmuna malik informasiyalar verilir”.Günün istənilən
vaxtında canlı olaraq yayımlanan, məzmunu ciddi
yoxlanılmadan efirə buraxılan bu SMS elan və
yazışmaların məzmunu tamaşaçını hiddətləndirməyə
bilməz. Azərbaycan tamaşaçısı bu üzdəniraq
elanlarda bir-birilə tanış olmaq üçün yer təyin
edənlərdən tutmuş, müxtəlif ev əşyalarını,
hətta böyrəyini satmaq istəyənlərə qədər
müxtəlif adamlara rast gəlir. Nə yaxşı ki,
artıq ATV kanalının rəhbərliyi akademik Ramiz
Mehdiyevin son məqaləsindən sonra efirdə onlayn SMS-ləri
və daha bir neçə şou xarakterli verilişi
dayandırmaq barədə qərar qəbul edib. Ciddi problemlərdən
biri də telekanallarda nümayiş olunan reklamlarla
bağlıdır. Əlbəttə, biz Azərbaycanda çəkilən
bir çox reklamların mövzu, ideya baxımından bəsit,
primitiv olmasının, tamaşaçıda əks reaksiya
doğurmasının üzərində xüsusi dayanmaq istəmirik.
Əsas problemlərdən biri də budur ki, həmin reklam
çarxlarının əksəriyyətində ədəbi
dilin normaları pozulur, leksikonumuza uyğun gəlməyən əcaib
sözlər, ifadələr işlədirlər. Məsələn,
“Sprite” sərinləşdirici içkisinin reklamında -
“susuzluğuna etibar et”, “Jacobs - monarx” qəhvəsinin
reklamında - “Zövqətir qüvvəsi”, “Snickers”
şokaladının reklamında - “dayanma snikerslə”, “Bounty”
şokoladının reklamında isə - “cənnət xəzzi”
kimi ifadələr buna əyani misal ola bilər. Bunlar reklamla
bağlı problemlərin heç də hamısı deyil.
Telekanallar gəlir əldə
etmək naminə bəzən “Reklam haqqında” Azərbaycan
Respublikasının qanunlarına da məhəl qoymur, müxtəlif
dərman preparatlarının reklamı ilə məşğul
olurlar. Bu azmış kimi, qadağan olunmuş saatlarda
tütün məmulatlarının, spirtli içkilərinin
də reklamına rast gəlinir. Belə halların
qarşısının alınması üçün Milli
Televiziya və Radio Şurası da öz imkanlarından istifadə
etməlidir. Ümumiyyətlə, Milli Məclisin deputatı
kimi bu fikirdəyəm ki, Şuraya efir məkanındakı
problemlərə qarşı daha kəsərli mübarizə
aparmaq üçün əlavə imkanlar
yaradılmalıdır. Bir çox dövlətlərdə -
uzağa getməyək, kifayət qədər demokratik
dövlət kimi tanınan Türkiyədə telekanalların
qanunla müəyyən edilmiş yayım tələblərini
pozması ciddi sanksiyalarla qarşılanır. Televiziya və
radio yayımını tənzimləyən xüsusi dövlət
qurumu bəzən hansısa televiziyanın, radionun müəyyən
müddətə bağlanması ilə bağlı qərar
qəbul edir.
Fikrimcə, Azərbaycan
Milli Televiziya və Radio Şurasına da qanunvericiliklə belə
bir imkan yaradılmalıdır. Təqdirəlayiq hal kimi
vurğulamaq olar ki, Azərbaycanın əksər kanalları
hazırda bütün respublika ərazisində
yayımlanırlar. Lakin bəzən Azərbaycanın sərhədyani
bölgələrində qonşu dövlətlərin
telekanallarının efir məkanımıza ideoloji təcavüzü
hallarına geniş rast gəlirik. Xüsusən də Cənub
və Qərb bölgələrində qonşu ölkələrin
televiziyalarının milli efir məkanına qanunsuz
yayımı və mənfi təsiri daha qabarıq duyulur. Doğrudur,
bu texniki problemin həlli üçün Rabitə və
İnformasiya texnologiyaları Nazirliyi son illərdə bir
sıra mühüm tədbirlər həyata
keçirmişdir. Fikrimizcə, mühüm ideoloji-siyasi
mahiyyət kəsb edən bu problemin tamamilə aradan
qaldırılması üçün bütün
mümkün vasitələrdən istifadə
olunmalıdır. Respublikamızın efir məkanında fəaliyyət
göstərən teleradio kanallarına xatırlatmaq istərdim
ki, “Televiziya və radio yayımı” haqqında Azərbaycan
Respublikası Qanununun 3-cü maddəsinə əsasən “...
milli-mənəvi dəyərlərin qorunması, peşə
etikasına və əxlaq normalarına riayət edilməsi,
proqramların keyfiyyətliliyi...” Teleradio fəaliyyətinin əsas
prinsiplərindəndir. Şübhəsiz, televiziya və radio
kanalları ilə bağlı problemlərə bütün
aparıcı dövlətlərdə rast gəlinir. Azərbaycanda
mövcud olan problemlərin böyük bir qismi isə sırf
keçid dövrünün səciyyəvi xüsusiyyətləri
ilə bağlıdır. Reklam bazarının lazımi səviyyədə
inkişaf etməməsi, televiziyalar arasında ixtisaslaşma
prosesinin başa çatmaması, peşəkarlıq problemləri
və digər məsələlər telekanalların üzərinə
düşən missiyanı tam mənada həyata keçirməsinə
mane olur. Mövcud problemlərdən biri də telekanalların
fəaliyyətinə ictimai nəzarət mexanizmlərinin
mövcud olmamasıdır. Əminik ki, zaman keçdikcə,
telekanallarımız onların ictimai nüfuzuna, peşəkarlıq
səviyyəsinə xələl gətirən cılız
kommersiya layihələrindən uzaq qaçacaq,
yaradıcı axtarışları, mövzu rəngarəngliyi,
informasiya və maafriləndirmə keyfiyyətləri ilə
tamaşaçıların görüşünə gələcəklər.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
525-ci qəzet.- 2009.- 13 oktyabr.- S.4-6.