Əsirlikdən qayıdanların ağrılı xatirələri

 

TANINMIŞ HƏRBİ JURNALİST VAHİD MƏHƏRRƏMOVUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

 

Müharibə qədim zamanlardan bu günə qədər daima bəşəriyyəti sarsıdan, insanlara dəhşətlər yaşadan qorxunc fəlakətdir. Müharibə! Bu sözü səsləndirmək kifayətdir ki, insanın gözləri qarşısına yanğın, dağıntı, uşaqların çığırtısı, anaların ərşəyə qalxan ah-naləsi, göz yaşları gəlsin. İnsanlar hələ tayfa, qəbilə şəklində yaşadıqları dövrlərdə gedən müharibələrdə qalib gələn tərəf məğlub olanın var-dövləti ilə yanaşı, insanlarını da ələ keçirərək istismar edirdi. Əsirlik, işgəncə altında istismar davam edərək dövrümüzün bu gününə gəlib çıxdı. Müharibələrdə axıdılan qanlar, məhv olmuş və viran qalmış yurd-yuva, əsir düşmüş insanlar onlara edilən işgəncə göz önünə gəldikcə insan bütün varlığı ilə özünü o dağıdılmış məkanda, əsir düşənlərin yerində olmadığı üçün Allaha şükür edir. Eyni zamanda, əsirlərin taleyini düşündükcə vahimələnir. Ürəyində düşmənə qarşı kin-küdurət alovlanır.

Birinci və İkinci Dünya müharibələrində milyonlarla insan, o cümlədən yüzminlərlə azərbaycanlı əsirlik həyatının ağrılarını yaşamalı olub.

Təəssüf ki, “Müharibə”, “Əsirlik”, “Girovluq” sözləri Azərbaycanda 1988-ci ildən başlayaraq yenidən tez-tez işlənməyə başladı. Qarabağ uğrunda gedən qanlı müharibələr xalqımıza ağır yaralar, sağalmaz zədələr vurdu. Torpaqlarımızın 20 faizi erməni daşnakları tərəfindən işğal olundu. Əsir düşən soydaşlarımıza olmazın işgəncələr verib, təhqir edən, ələ salan mənfur düşmənlərimiz bundan sanki zövq duyurdular. Bu mövzuda çoxlu kitablar yazılıb. Bu kitablarda əsirlərin başına gətirilən müsibətlər öz əksini tapıb. Bu yaxınlarda işıq üzü görən Azərbaycan Yazıçılar Jurnalistlər Birliyinin üzvü Vahid MəhərrəmovunErməni əsirliyindən dönənləradlı kitabı bu qəbildən olan nəşrlərdəndir. Oxuculara təqdim olunan kitabda Qarabağ müharibəsi zamanı müxtəlif illərdə ayrı-ayrı bölgələrdə qanlı döyüşlər zamanı erməni işğalçıları tərəfindən əsir götürülmüş min cür əzab-əziyyətə, olmazın zülmə məruz qalmış həm mülki, həm hərbçi soydaşlarımızın ağrılı-acılı xatirələrinə, başlarına gətirilən dəhşətli hadisələr geniş yer ayrılıb. Kitaba yazdığıƏzabkeş insan yaşantılarının toplusuadlı önsözdə tanınmış tədqiqatçı Qafar Çaxmaqlı bu hadisələri oxuyarkən insanın hansı hissləri keçirdiyi barədə fikirlərini oxucularla bölüşüb: “Vahid MəhərrəmovunErməni əsirliyindən dönənlərkitabını vərəqləyərkən insanın ilk keçirdiyi hiss - özünü həmin əzaba müsibətli günlərə düçar olmuş əsirlərin yerinə qoyması olur. Onların yerində hər birimiz ola bilərdik bizim heç birimizə ermənilər tərəfindən fərqli münasibət olmayacaqdı. Çünki ermənilər tərəfindən millətimizin hər bir fərdinə düşmən kimi baxılır”. Q.Çaxmaqlı müəllifin bu kitabı yazarkən çəkdiyi zəhməti yüksək qiymətləndirib: “Hərbi jurnalist Vahid Məhərrəmov bu kitabı hazırlayarkən çox əziyyət çəkib.

Əsirləri - əzabkeş insanları tapıb görüşüb, onların iztirablarını özü də yaşayıb. Əziyyəti isə hədər getməyib. Ortaya bu insanların əsirlikdə çəkdiklərini geniş şəkildə əks etdirən fundamental bir toplu qoyub”.Əsirlikdən qayıtmağı möcüzə adlandıran müəllif V. Məhərrəmov kitab üzərində işləyərkən əsirlikdən qayıdan insanlarla səmimi söhbətlərini əks etdirməklə yanaşı, onların keçirdikləri iztirabları yenidən bu insanlarla yaşayıb. Erməni əsirliyindən qayıdan insanlardan bir neçəsinin dediklərilə tanışlıq yetər ki, bu mənzərə barədə aydın təsəvvür yaransın.

Əliyev Şahruz Əmirxan oğlu başına gətirilən faciəli günlərdən danışaraq, yanındakı insanlara və özünə edilən işgəncələri belə xatırlayır: “Əsirlikdə Rafiq adlı bir əsirin başını kəsdilər. Rafiq kişi kimi döyüşmüşdü, kişi kimi də öldü. O, heç kimə yalvarmadı, aman diləmədi. Ölümdən əvvəl onun çöhrəsində heç qorxu hissi də yox idi”.

Keçmiş döyüşçü Mikayıl İsmayılov müəllifin “Sizə yemək-içmək verirdilər” sualına belə cavab verib: “Özləri yeyib-içirdilər, mənə heç nə vermirdilər. Möhkəm acsam da, daşnaklardan çörək istəməyi şənimə sığışdırmırdım”.

Bu sətirlər həm ermənilərin qəddarlığını, həm də azərbaycanlı əsirlərin mərdliyini ifadə etmək baxımından çox ibrətamizdir.

İnanırıq ki, V.Məhərrəmovun bu kitabı ciddi maraqla qarşılanacaq, gələcəkdə bu istiqamətdə yeni nəşrlərin ortaya çıxmasına təkan verəcək.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 14 oktyabr.- S.7.