Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı açılıb

 

Ötən günGülüstansarayındaBakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransına start verilib. Dünyanın 45-dən çox ölkəsindən 200-dən çox iştirakçının qatıldığı tədbirQurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. İlk çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdül-Əziz Osman Tuveycri konfransı açaraq təşkilatçılığa və qonaqpərvərliyə görə başda ölkə başçısı İlham Əliyev olmaqla Azərbaycan xalqına təşəkkür edib. Baş direktor mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa böyük töhfələr verdiyini çıxışında önə çəkib. Ə.Ə.O.Tuveycri çıxışında islamın müqəddəs abidələrinə qarşı törədilən qəsdlərin, insanlığa qarşı yönələn antihumanist hərəkətlərin birgə əməkdaşlıq nəticəsində aradan qaldırılmasının vacibliyini çıxışında qeyd edib.

Liviyanın Mədəniyyət İdarəsinin baş komitəsinin sədri Nuri əl-Humeydi islam ölkələrinin əməkdaşlığında əsas məqsədin dünyada sülhün bərqərar olması, rifahın, tərəqqinin artırılması olduğunu bildirib: “Biz xarici əlaqələrimizi nəzərdən keçirməliyik. Hazırda dünyada müsəlmanların mövqeyi gərgindir. Bu gərginliyi aradan qaldırmaq üçün biz birgə əməkdaşlıq etməli, səylərimizi birləşdirməliyik”.Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında konfransın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Prezidentin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda səslənən fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin siyasətində islam dünyası ilə əməkdaşlıq prioritet istiamətlərdən biridir”. Ə.Qarayev ölkəmizin İSESKO ilə əməkdaşlığının inkişafında hər iki tərəfin qarşılıqlı təşəbbüslərinin mühüm rol oynadığını qeyd edərək sözügedən təşkilatın dəstəyi ilə “Bakı -İslam mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin paytaxtımızda il boyunca bayram kimi qeyd olunduğunu diqqətə çatdırıb. Azərbaycan dövlətinin öz imkanlarından istifadə edərək mədəniyyət sahəsində islahatlar həyata keçirdiyini önə çəkən nazir müzakirələrdə islam irsinin qorunması məsələrinin üzərində dayanılması vacibliyindən danışıb: “İslam irsinin qorunması tariximizə və bu günümüzə verdiyimiz dəyərdir. Biz bunu birlikdə etməliyik. Azərbaycan dövləti öz daxili siyasətində islam mədəniyyətinə aid bütün abidələrin, tarixi irs nümunələrinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyəli tədbirlər həyata keçirir. Təəssüflər olsun ki, biz bu tədbirləri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində keçirə bilmirik”. Nazir çıxışında həmin ərazilərdə olan bütün muzey, məscid, abildərin dağıdılmasına diqqəti yönəldərək həmin mədəniyyət nümunələrinin təkcə Azərbaycan xalqına deyil, bütün islam dünyasına, ümumən bəşəriyyətə aid olduğunu vurğulayıb: “Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Biz bu kimi məsələlərə bu prizmadan yanaşmalı, birgə tədbirlər həyata keçirməliyik”. Bununla bağlı Ə.Qarayev konkret təkliflə çıxış edib: “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında islam mədəniyyətinə aid abildələrə qarşı vandalizm fəaliyyətləri pislənməli və konfransın yekun sənədində bununla bağlı müvafiq bəndlər öz əksini tapmalıdır. Əminəm ki, islam ölkələri həmişə olduğu kimi bu təklifin qəbul edilməsində həmrəylik nümayiş etdirəcəklər”. İslam ölkələri ilə bütün sahələrdə əməkdaşlığın Azərbaycan dövləti üçün maraqlı olduğunu nəzərə çatdıran nazir konfransda mədəni turizm və mədəniyyətlərarası dialoq məsələlərinin müzakirəsinin, bununla bağlı səsləndiriləcək təkliflərin, təşəbbüslərin xalqlarımız və ölkələrimiz arasında yeni imkanların açılmasına təkan verəcəyinə əminliyini ifadə edib.

 Qısa fasilədən sonra keçirilən “Dialoq və mədəni müxtəlifliyin təşviqi” istiqamətində “Bakı prosesi: sivilizasiyalar arasında dialoqa yeni çağırış” mövzusunda dəyirmi masada üzv ölkələr arasında mədəni sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılıb.

Dəyirmi masa ideyası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilmiş Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülüb və həmin konfransda əsası qoyulan “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, sözügedən konfransda Şimali Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən Ərəb Respublikası, Tatarıstan, Başqırdıstan, Tuva Respublikası, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri-prezidentin müşaviri, Oman Respublikasının kral ailəsinin üzvü, mədəniyyət naziri-şahzadə, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra Universitet və Akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri iştirak edir. Həmin gün keçirilən ilk işçi sessiyasında konfrans bürosuna dair sənədin seçilməsi, iştirakçı nümayəndəliklərin başçılarının bəyanatları və üzv dövlətlərin İslam dünyası üçün mədəni strategiyanın həyata keçirilməsi sahəsindəki səyləri barədə məruzələri dinlənilib. Konfrans çərçivəsində Heydər Əliyev Fondunda görüşün təşkili, Muğam Mərkəzində konsertin və digər tədbirlərin təşkili nəzərdə tutulub. Konfrans oktyabrın 15-də işini yekunlaşdıracaq.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 14 oktyabr.- S.7.