“Türkiyə səfərimiz
protokolların imzalanması ilə bağlı narahatlıqdan
irəli gəlir”
GÜLTƏKİN HACIBƏYLİ: “TÜRKİYƏ
MİLLİSİNİN AZARKEŞİ KİMİ
TÜRKİYƏ-ERMƏNİSTAN QARŞILAŞMASINDA AZƏRBAYCAN
BAYRAĞINI DALĞALANDIRMAQ İSTƏRDİM”
Ötən şənbə
İsveçrənin Sürix şəhərində Türkiyə
ilə Ermənistan arasında məlum protokolların
imzalanması mərasi keçirildi. Qeyd edək ki,
protokolların imzalanması Azərbaycan rəsmilərində,
siyasilərində, parlamentarilərində,
bütövlükdə ölkə ictimaiyyətində
böyük narazılığa və
narahatçılığa səbəb oldu. Elə bu
narazılıqdan, narahatçılıqdan irəli gələrək
bir qrup azərbaycanlı millət vəkili - Səməd
Seyidov, Əli Hüseynov, Nizami Cəfərov, Gültəkin
Hacıbəyli, Rövşən Rzayev, Qənirə
Paşayeva, Fəzail Ağamalı, Əkrəm Abdullayev,
Mübariz Qurbanlı, Asəf Hacıyev və Qüdrət Həsənquliyev
dünən bir neçə günlüyə qardaş
Türkiyəyə səfərə düşüblər.
Yola düşməzdən öncə isə Milli Məclisin
(MM) Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədr müavini Gültəkin
Hacibəyli “525”in əməkdaşı ilə söhbətində
bildirib ki, millət vəkillərinin qardaş Türkiyəyə
səfəri sözügedən ölkə və Ermənistan
arasında məlum protokolların imzalanması ilə
bağlıdır: “Bildiyiniz kimi, oktyabr ayının 10-da
ABŞ dövlət katibi Hillari Klintonun, o cümlədən
Rusiya, Fransa, İsveçrə xarici nazirlərinin, Avropa
İttifaqı təhlükəsizlik və xarici siyasət
üzrə ali komissarının, Avropa Şurası Nazirlər
Komitəsinin sədrinin vasitəçiliyi və
iştirakı ilə Türkiyəylə Ermənistan
arasında iki protokol imzalandı. Həmin protokollardan biri
diplomatik münasibətlərin qurulmasına, digəri isə
qarşılıqlı əməkdaşlığın
inkişafına dair protokol idi. Onu da qeyd edim ki, təxminən
bir neçə aydan bəri idi Türkiyəylə Ermənistan
arasında protokolların imzalanması ilə bağlı
danışıqlar, müzakirələr gedirdi və
etirazlara baxmayaraq, sonda məlum imzalanma mərasimi
reallaşdırıldı. Heç şübhəsiz ki, bu
protokolların imzalanması hər bir sıravi azərbaycanlını
qayğılandırdığı kimi, biz millət vəkillərini
də narahat etməyə bilməzdi. Əlbəttə, biz
qardaş türk millətimizin ən qədim və ən
böyük dövləti olan Türkiyəyə, onun rəsmilərinə
güvənirik. Türkiyənin baş naziri cənab Rəcəb
Tayyib Ərdoğanın, Türkiyə Cümhuriyyətinin
cümhur başqanı Abdulla Gülün, Türkiyə
Böyük Millət Məclisinin sədri Mehmet Əli
Şahinin dəfələrlər verdikləri, səsləndirdikləri
bəyanatlara inanırıq və əminik ki, qardaş
Türkiyə dövləti, bu ölkənin dövlət rəsmiləri
heç vaxt Azərbaycanı, Azərbaycan türklərini
darda qoymayacaq, hər zaman olduğu kimi, bundan sonra da Azərbaycana,
Azərbaycan türklərinə dəstək olacaq. Ancaq istənilən
halda millət vəkilləri olaraq qardaş Türkiyəyə
səfərimiz narahatçılığımızı bir
daha Türkiyə siyasətçilərinə, rəsmilərinə,
parlamentarilərinə çatdırmaqdan, bundan sonra hansı
addımlar atıla bilər, proseslər hansı məcrada
inkişaf edə bilər və edəcək, bütövlükdə
Azərbaycan xalqının narahatlığı nədən
ibarətdir, bu kimi məsələlərlə bağlı
türkiyəli həmkarlarımızla, bu ölkənin
siyasiləri ilə birgə fikir mübadiləsi aparmaqdan ibarətdir.
Bununla yanaşı, səfərimiz millət vəkilləri
olaraq, seçicilərimizin bu məsələ ilə
bağlı narahatçılığını Türkiyə
ictimaiyyətinə, siyasilərinə çatdırmaqdan,
Türkiyə-Ermənistan əlaqələrinin Türkiyə,
Azərbaycan, bütövlükdə ümumtürk mənafeləri
baxımından hansı sonuclara gətirib
çıxaracağını bir daha birlikdə dəyərləndirməkdən
ibarətdir. Belə demək mümkünsə, bu səfər
protokolların imzalanması ilə bağlı narahatlıqdan
irəli gələn, yaranan bir səfərdir. Bu yerdə bir məqamı
da vurğulamaq istəyirəm ki, biz Türkiyəyə
inanmasaq, güvənməsək, etibar etməsək belə
bir səfəri reallaşdırmarıq. Biz onu da bilirik ki,
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
kifayət qədər ciddi, xarizmatik bir siyasətçidir və
heç şübhəsiz, o, dönə-dönə təkrar
etdiyi sözlərə, verdiyi vədlərə axıradək
əməl edəcək”. Bu baxımdan, millət vəkili
Türkiyəyə böyük maraq və inamla yola
düşdüklərini söyləyib.
“Düşünürük ki, Türkiyədə Azərbaycan
ictimaiyyəti və seçicilərində yaranan
narahatçılığı çatdırmaqla
yanaşı, həmçinin Dağlıq Qarabağ məsələsinin
həlli ilə bağlı bir daha qardaş dövlətin rəsmilərinin,
siyasilərinin mövqelərini eşitməyə, Türkiyənin
bu məsələdə atacağı addımlarla
bağlı məsələhətləşmələr
aparmağa nail ola biləcəyik”, - deyə G.Hacıbəyli
sözlərinə əlavə edib.
Bəs, görəsən, Türkiyə
Böyük Millət Məclisi necə, məlum
protokolları ratifikasiya edəcəkmi? G.Hacıbəyli buna
inanmaq istəmədiyini dilə gətirib: “Türkiyə
Böyük Millət Məclisi müstəqil bir ali qanunverici
orqandır, qurumdur və heç kim onun işinə
qarışa, təsir göstərə bilməz. Bu
baxımdan düşünürəm ki, Türkiyə
parlamenti özü bu məsələ ilə bağlı
müstəqil qərar verəcək. Ancaq bununla belə,
protokolların ratifikasiya edilməsini də istisna etmək
olmaz”.
Ümumiyyətlə, protokollar qardaş dövlətin parlamenti tərəfindən ratifikasiya olunarsa və bunun məntiqi davamı olaraq Türkiyə-Ermənistan sərhədləri açılarsa, bundan daha çox kim, hansı tərəf - Türkiyə, yoxsa Ermənistan qazanmış olar və olacaq? Millət vəkilinin bildirdiyinə görə, təbii ki, bundan qazanan Ermənistan olacaq. Bu, daha çox Ermənistanın xeyrinə olan bir məsələdir: “Onu da qeyd edim ki, ermənilər, Ermənistan bu protokolları supergüclərin, o cümlədən ATƏT Minsk qrupuna həmsədrlik edən dövlətlərin təzyiqi, təkidi ilə imzaladı. Əslində, ermənilər, Ermənistan zəngin dövlətçilik tarixinə malik bir xalq, dövlət deyil. Bu dövlət Rusiya tərəfindən qədim Azərbaycan torpaqları hesabına yaradılmış bir dövlətdir və yarandığı gündən də Rusiyanın vassalıdır. Heç də təsadüfi deyil ki, dəfələrlə Rusiyanın rəhbər şəxsləri Ermənistanı özlərinin for-postu adlandırıblar. Elə Qarabağ münaqişəsi də məhz Rusiya tərəfindən yaradılıb və bugünədək də öz həllini tapmayıb. Məhz indi Rusiyanın marağındaydı ki, Türkiyə ilə Ermənistan arasında məlum protokollar imzalansın. Onu da yaxşı bilirsiniz ki, Bu gün Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılı vəziyyətdədir və belə demək mümkünsə, Rusiya Ermənistanı öz çiyinlərindən atmaq üçün öz for-postunu belə bir protokola imza atmağa məcbur etdi. Heç şübhəsiz, protokolların imzalanması və gələcəkdə sərhədlərin açılması ilə Ermənistan iqtisadiyyatı da iflic vəziyyətindən qurtara bilər. Bu isə yuxarıda qeyd etdiyim kimi, ilk növbədə Ermənistanın havadarı olan Rusiyanın işinə yarayır. Bir sözlə, bütün hallarda Rusiya heç zaman Ermənistandan əl çəkməyəcək və onu əlindən buraxmayacaq. Ancaq bir məqamı da bildirmək istəyirəm ki, Cənubi Qafqaza barış, sülh başqa yerdən - nə Rusiyadan, nə Qərbdən gələcək. Cənubi Qafqaza sülh, barış Türkiyədən gələ bilər və gələcək. Biz Qarabağ məsələsinin ədalətli həllinə yalnız və yalnız ümumtürk birliyi, həmrəyliyi, Türkiyə ilə Azərbaycanın bir yerdə olması, birgə addımlaması ilə nail ola bilərik və nail olacağıq. Buna heç kimin şübhəsi olmasın”. Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün Türkiyənin Bursa şəhərində Türkiyə və Ermənistan milliləri arasında futbol üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində növbəti qarşılaşma olacaq. Belə olan təqdirdə, görəsən, şəxsən G.Hacıbəyli bir millət vəkili olaraq həmin oyunu izləmək üçün Bursa stadionuna gedəcəkmi və orada Azərbaycan bayrağını dalğalandıracaqmı? Millət vəkili bununla bağlı ilk öncə qeyd edib ki, çox güman səfər qrafikləri gərgin olacaq. Yəni, həmin bu oyunu izləmək üçün vaxtı qalacaq-qalmayacaq, onu indidən deməsi çox çətindir: “Ancaq şəxsən mən özüm qardaş Türkiyə millisinin azarkeşi kimi həmin oyunu canlı izləmək üçün Bursaya getmək və orada Azərbaycan bayrağını dalğaılandırmaq istərdim. Çalışacağam ki, məhz bu istəyimi reallaşdırım. Bu yerdə qeyd edim ki, həmin görüşdə Azərbaycan bayrağının dalğalandırılmasına Bursa şəhər rəhbərliyi tərəfindən qoyulan qadağa da heç cür anlaşılan və qəbuledilən deyil. Türkiyənin ay-ulduzlu, qırmızı rəngli bayrağı Azərbaycan türkləri üçün əziz, doğma olduğu kimi, üçrəngli Azərbaycan bayrağı da Türkiyə, türklər üçün bir o qədər doğmadır, əzizdir. Bu baxımdan, həmin qarşılaşmada Azərbaycan bayrağının dalğalandırılması da daha məqsədəuyğun olardı”.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2009.- 14 oktyabr.- S.5.