Xalq şairi Məmməd Arazın xatirə gecəsi keçirilib

 

Oktyabrın 13-də Məmməd Arazın doğum günü ilə əlaqədar xalq şairinin xatirə gecəsi təşkil edilib. Gecədə M.Arazın həyat fəaliyyəti haqqında danışılıb qeyd olunub ki, şairin qələmə aldığı poeziya nümunələri onun istedadı, mənəvi aləmi şəxsiyyəti haqqında ətraflı məlumat verir. Tədbirdə şairin həkim dostu Cəfər Quliyev M.Araz əsərlərinin fəlsəfi mahiyyətindən danışıb. O, Azərbaycanın ən layiqli övladlarından olan M.Arazın adının hər zaman ehtiramla anılmasının, yubileylərinin keçirilməsinin vacibliyini qeyd edib.

 Sabir Rüstəmxanlı şair haqqında xatirələrini dilə gətirərək, onun Azərbaycan poeziyasında ciddi bir rezonans doğurduğunu bildirib: “Məmməd Araz Azərbaycan ədəbiyyatında bütöv bir epoxadır. Xalqımız, türk dünyası bu qüdrətli şairi unutmayacaq, onun şeirləri millətimiz var olduqca yaşayacaq”.Zəlimxan Yaqub bildirib ki, M.Araz yaradıcılığı müasir Azərbaycan poeziyasının seçilən bir səhifəsidir. O, şairin şeirlərində hər bir bəndin fəlsəfi mənası olduğunu və insanı düşünməyə sövq etdiyini dilə gətirib: “Məmməd Araz bilirdi ki, Tanrının vətənimizə verdiyi dərdlər daşlara, qayalara hopub. Buna görə şair daşlar, qayalar haqqında yazıb. Məmməd Araz bu torpağa, millətə yaxın olduğu üçün onun şerlərində millətin görmək istədikləri əks olunub. Onun böyüklüyü də elə bunda idi. Əgər Qarabağda zəfər çalmaq istəyiriksə, dünyada söz sahibi olmaq istəyiriksə, mütləq Məmməd Arazı öyrənməliyik. Məmməd Arazın “Salamat qal” şeiri aşıq havası ilə dərin vəhdət təşkil edir. Buna görə də, Aşıqlar Birliyinin sədri olaraq təklif etmişəm ki, bu əsər təşkilatımızın himni olsun və olacaq da”.Tədbir muğam ustalarının və tanınmış müğənnilərin ifasında konsert proqramı ilə davam etdirilib.Xatırladaq ki, görkəmli şair, tərcüməçi və publisist Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb.

Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib.

1957-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub, əməkdar mədəniyyət işçisi (1978), əməkdar incəsənət xadimi (1984), Azərbaycanın xalq şairi (1991) fəxri adlarına, “İstiqlal” ordeninə layiq görülüb.1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. 1993-cü ildən onun adına “Məmməd Araz” mükafatı təsis olunub. 2004-ci ilin dekabrında Bakıda dünyasını dəyişib.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2009.- 15 oktyabr.- S.7.