Azərbaycan şairləri Qaracaoğlan Şəlalə Şeir Axşamlarına qatılıblar

 

Türkiyənin Tarsus şəhərində VIII Ənənəvi Beynəlxalq Qaracaoğlan Şəlalə Şeir Axşamları keçirilib. Tarsus bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir hər il olduğu kimi Tarsus şəlaləsinin Qaracaoğlan parkında gerçəkləşib. Müxtəlif ölkələrdən yazar aşıqların qatıldığı tədbiri giriş sözü ilə açan Tarsus bələdiyyə sədri Bürhanettin Kocamaz beynəlxalq bir tədbirə ev sahibliyi etməkdən şad olduğunu bildirib: “Xalqın düşüncələrini xalqın ağzıyla axtaran, keçmişimizlə gələcəyimiz arasında bir körpü rolunu oynayan Qaracaoğlanımızı onun vətənində yaşatmaqdan çox məmnunuq”. Bələdiyyə sədri çıxışında türk mədəniyyətinə xidmət etməkdən qürur duyduğunu açıqlayaraq belə tədbirlərin ümumtürk mədəniyyətinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Bu beynəlxalq tədbirin keçirilməsində əsas məqsədin xalq şeirini yaşatmaq olduğunu bildirən B.Kocamaz türk dünyasının tanınmış ədəbiyyat, saz-söz adamlarının Qaracaoğlan vətənində özlərini doğma hiss etdiklərinə inandığını qeyd edib.

Tədbirdə çıxış edən professor Hayretdin İvgin çıxışında bütün türk dünyasının şairi hesab olunan Qaracaoğlanın xatirəsinin əziz tutulmasından məmnunluğunu dilə gətirib və ortaq türk mədəniyyətinin böyüklüyündən, zənginliyindən söz açıb. Tədbirdə işrtirak edən digər türkdili şair və aşıqlarla görüşdən məmnunluğunu söyləyən H.İvgin gələcəkdə qardaş ölkələr arasında əlaqələrin genişlənməsinə ümid bəslədiyini vurğulayıb.

Pofessor Nail Tan belə tədbirlərin türkdilli ölkələrin mədəni əlaqələrinin inkişafında, qardaş ölkələrin daha da yaxınlaşmasında böyük rol oynayacağına əminliyini ifadə edib.

Şeir axşamında Azərbaycandan xalq şairi Zəlimxan Yaqub, “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezidenti, şair Elçin İsgəndərzadə, Xətai rayon bələdiyyəsinin sədri Arif Abbasov iştirak ediblər. Mərasimə Əfqanıstan, Tatarıstan, Başqırdıstan, Almaniya, Rumıniya, Belçika, Kosova, İraq, Şimali Kipr Türk Cümhüriyyəti, Krım, Makedoniya, Özbəkistan, Qazaxıstan və İrandan da türkdilli şair və aşıqlar qatılıblar.

Tədbir zamanı Azərbaycanın xalq şairi Z.Yaquba Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz Medalı təqdim olunub. O bu medala türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə layiq görülüb. Xatırladaq ki, indiyədək bu medalla təltif olunanlar sırasında tanınmış siyasi-ictimai xadimlərdən, ədəbi simalardan Süleyman Dəmirəl, Çingiz Aytmatov, Nadırbek Alımbekov, İhsan Doğramaçı, Hayrettdin İvgin, Rauf Denktaş, Nursultan Nazarbayev, Muxtar Şaxanov və başqalarının adları var. Tədbirdə çıxış edən Z.Yaqub deyib: “Azərbaycanın qardaşı - doğma Türkiyədə olmağımdan çox şadam. Səkkizinci Ənənəvi Beynəlxalq Qaracaoğlan Şəlalə Şeir Axşamlarında iştirak etməyim mənə xüsusi zövq verdi. Burada müxtəlif ölkələrdən gəlmiş türk şair və aşıqları ilə görüşlər məni çox sevindirdi, fərəhləndirdi. Qaracaoğlan bu gün həm şair, həm də böyük bir türk oğlu kimi bizim güvənc yerimizdir. İnanıram ki, onun xatirəsinə həsr olunan bu şeir axşamları bizim digər türkdilli ölkələrlə daha sıx əlaqələr qurmağımıza yardım edəcək. Fəxr edirəm ki, böyük dövlət xadimlərinin və görkəmli ədəbiyyat adamlarının layiq görüldüyü bu medal mənə də nəsib oldu. Bunun üçün məni bu mükafata layiq görən akademiyanın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.

 Z.Yaqubun mərasimdə səsləndirdiyi, Behcət Kamal Çağların xatirəsinə ithaf etdiyi “Tarsusun şəlaləsi” şeiri iştirakçılar tərəfindən hərarətlə qarşılanıb. Şeir axşamında E.İsgəndərzadə də çıxış edərək Z.Yaquba təmsil olunduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz medalının verilməsini təkcə xalq şairinə deyil, Azərbaycan ədəbiyyatına göstərilən ehtiram əlaməti kimi dəyərləndirib. O, Z.Yaqubun xalq ruhu ilə yoğrulmuş poeziyasının təkcə Azərbaycanda deyil, qardaş ölkələrdə də sevildiyini vurğulayıb. E.İsgəndərzadə Zəlimxan Yaqubun şair hayqırtısı ilə əfsanəvi şəlalənin zümzüməsinin bir-birinə qarışaraq Türk Dünyasının himni kimi səsləndiyini poetik misralarla ifadə edib. Şeir axşamlarında müxtəlif ölkələrin təmsilçiləri olan şair və aşıqlar zəngin və maraqlı proqram təqdim ediblər.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 15 oktyabr.- S.7.